Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-833/2026 04.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh1, X1 və X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti, müqavilənin xitamı, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı ASC İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh1, X1 və X2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-**/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı ASC “xxxx” Bank və cavabdeh cavabdeh5 kassasiya şikayətlərinə ## ### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları:
1. Kreditor ASC İddiaçı ilə borcalan cavabdeh5 arasında bağlanmış ##.##.2020-ci il tarixli *************** nömrəli kredit müqaviləsinə əsasən kreditor tərəfindən borcalana 48 ay müddətinə illik 16 faizlə 50000 manat kredit verilmişdir.
2. ASC İddiaçı ilə cavabdeh5 arasında bağlanmış ##.##.2020-ci il tarixli 007209977322520/01/İP nömrəli ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh5 məxsus Gəncə şəhəri Nizami rayonu Qələbə küçəsində yerləşən 0.065 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 155.8 kv.m ümumi, 95.4 kv.m yaşayış, 60.4 kv.m ardımçı sahədən ibarət 3 otaqlı * nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipoteka predmetini qiyməti 110000 manat müəyyən edilmişdir.
3. Kreditor ASC İddiaçı tərəfindən borcalan (ipoteka qoyan) cavabdeh5 ünvanlanmış ##.##.2022-ci il tarixli bildirişə əsasən borcalana kredit borcunun ödənilmədiyi təqdirdə, tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir (xəbərdarlıq məktubunda 26869,55 manat əsas borc, 7981,94 manat vaxtı keçmiş əsas borc, 179,13 manat faiz borcu, 3496,01 manat gecikdirilmiş faiz borcu və 327,32 manat cərimə borcu olduğu göstərilmişdir). İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ASC İddiaçı (bundan sonra “iddiaçı” və “Bank”, yaxud “Borcverən” ) iddia ərizəsi (əlavə ərizə) ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh5 (bundan sonra “cavabdeh” və ya “Borcalan”) ##.##.2020-ci il tarixli 007209977322520/01/İP №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında cavabdeh cavabdeh5 məxsus olan Gəncə şəhəri Nizami rayonu Qələbə küçəsində yerləşən 0.065 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 155.8 kv.m ümumi, 95.4 kv.m yaşayış, 60.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı * nömrəli fərdi yaşayış evinə (bundan sonra “ipoteka predmeti”) tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ##.##.2020-ci il tarixli *************** №-li kredit müqaviləsi üzrə Borcalanın Bank qarşısında 34851,49 manat məbləğində əsas borcu, ##.##.2023-cü il tarixə qədər kreditdən istifadəyə görə hesablanmış 8058.69 manat məbləğində adi faizlər üzrə borcu və ##.##.2023-cü il tarixinə qədər kredit üzrə vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 3862.97 manat məbləğində penya üzrə borcu, cəmi 46773.15 manat və ##.##.2023-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi (zərər), illik 15 faiz dərəcəsi ilə hesablanan penya, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 45 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 210 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra həmin evdə yaşayan cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh1, onların yetkinlik yaşına çatmayan ailə üzvləri X1 və X2 daxil olmaqla ailə üzvləri və digər şəxslərin yaşayış sahəsini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, ipoteka predmetinin ilkin satış qiymətləri məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, borcalan müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir.
6. “xxxx” MMC tərəfindən ##.##.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən 0.065 ha torpaq sahəsinin likvid qiyməti 19.500 manat, ünvan 1 ünvanında yerləşən 0.065 ha torpaq sahəsi üzərində yerləşən * saylı fərdi yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) hazırki bazar qiyməti 128.000 manat, likvid dəyəri isə 115.000 manat təşkil edir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, */**** saylı rəyə əsasən, iddia tələbinin tarixinə, yəni ##.##.2023-cü il tarixinə cavabdehin Banka 34798,85 manat əsas, 7856,81 manat faiz, 3862,97 manat cərimə borcu olmaqla, cəmi borcu 46.518,63 manat təşkil edir.
8. Cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
9. Gəncə Şəhər Məhkəməsinin ## #### 2023-cü il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı «xxxx» Bank İddiaçıəhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh5 və digərlərinə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə” tələbinə dair mülki iş üzrə icraata ipoteka predmetinə tutma yönəldildikdən sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin ipoteka predmetini 1 ay ərzində tərk etmədikləri halda çıxarılmalarına dair hissədə xitam verilməsi qərara alınmışdır. (hakim Xədicə Səfərli)
10. Gəncə Şəhər Məhkəməsinin ## #### 2023-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh cavabdeh5 34798,85 manat əsas borc, 7856,81 manat faiz borcu, 3862,97 manat cərimə borcu olmaqla, cəmi borcu 46518 (qırx altı min beş yüz on səkkiz) manat 63 (altmış üç) qəpik borc «xxxx» Bank İddiaçıəhmdar Cəmiyyətinin xeyrinə tutulması; Cavabdeh cavabdeh5 ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 45 (qırx beş) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 (on) manat, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi qismində 229 (iki yüz iyirmi doqquz) manat 55 (əlli beş) qəpik pulun «xxxx» Bank İddiaçıəhmdar Cəmiyyətinin xeyrinə tutulması; Tələb üzrə tutmanın cavabdeh5 məxsus Gəncə şəhəri, Nizami rayonu, Qələbə küçəsində yerləşən 0.065 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 155.8 kv.m ümumi, 95.4 kv.m yaşayış, 60.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı * nömrəli fərdi yaşayış evinə yönəldilməsi; Gəncə şəhəri, Nizami rayonu, Qələbə küçəsində yerləşən 0.065 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 155.8 kv.m ümumi, 95.4 kv.m yaşayış, 60.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı * nömrəli fərdi yaşayış evinin birliktə ilkin satış qiymətinin 115000 (yüz on beş min) manat müəyyən edilməklə açıq hərracda satılması və əldə olunan vəsait hesabına borcun və xərclərin ödənilməsinin təmin edilməsi; İddianın qalan hissədə təmin edilməməsi; Cavabdeh cavabdeh5 ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakim Xədicə Səfərli)
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bank kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirərək krediti verməsinə baxmayaraq, Borcalan müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, nəticədə icra edilməmiş pul öhdəlilikləri yaranmışdır. Belə olan halda, Bank müqavilə üzrə yaranmış kredit borcunun ödənilməsini tələb etməkdə haqlıdır.
12. Birinci instansiya məhkəməsi mühasibatlıq ekspertizasının rəyinə istinad edərək, rəylə razılaşmış, həmin rəyin əsassız olmasına dair hər hansı sübut təqdim edilmədiyi üçün hesab etmişdir ki, əsas, faiz və cərimə borcuna münasibətdə ekspertiza rəyində göstərilən məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
13. Birinci instansiya məhkəməsi eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlmişdir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən fərdi yaşayış evinə və onun üzərində yerləşdiyi torpaq sahəsinə yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir.
14. Birinci instansiya məhkəməsi müstəqil qiymətləndiricinin verdiyi rəyə əsasən, ipoteka predmetinin ilkin satış qiymətinin 115000 manat müəyyən edilməli olması qənaətinə gəlmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 319.1, 319.5, 319.6, 739.1ci, “İpoteka haqqında” Qanunun 39.3.3, 59.1, 59.3-cü və Mülki Prosessual Məcəllənin 14.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə cərimənin tənasüblüyünü müəyyən edərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Lakin, məhkəmə bankın 5374,10 manat məbləğində penya tələbini 1511,13 manat məbləğində azaldaraq, cəmi 3862,97 manat müəyyən etməklə bunun əksini etmişdir. Buradan da göründüyü kimi, məhkəmə cərimənin tənasüblüyünü müəyyən edərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini deyil, ancaq cavabdehin mənafelərini nəzərə almışdır. Bu hal isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tənasübün müəyyənləşdirilməsinə dair müddəalarının pozulmasını təsdiq edir. Qanunvericiliyin «tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafelərinin, həm də bütün əsaslı mənafelərinin nəzərə alınır» müddəası imperativ xarakter daşıyır və məhkəmə tərəfindən mütləq nəzərə alınmalı idi. Məhkəmə qətnamə qəbul edərkən iddiaçının tələb etdiyi əsas borc məbləğinin (34851,49 manat), adi faizlər üzrə borc məbləğinin (8866,76 manat) və cərimə üzrə borc məbləğinin (5374,10 manat) Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli */**** saylı ekspert rəyində göstərilən məbləğlərdən (əsas borc 34798,85 manat, faiz borcu 7856,81 manat, cərimə borcu 3862,97 manat) çox olmasını nəzərə alaraq ekspert rəyində göstərilən məbləğlərə istinad etməsi ilə bağlı gəldiyi nəticə ədalətli məhkəmə araşdırmasını, eyni zamanda qəbul edilmiş qətnamənin qanuniliyini və əsaslılığını şübhə altına alır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən işdə olan mövcud sübutları tədqiq edərək onlara hüquqi qiymət verməli, ekspert rəyinin yaxud bankın iddia ərizəsinə əlavə etdiyi sənədlərin mötəbər sübut olaraq qəbul edilməsini əsaslandırmalı idi. Lakin, məhkəmə bunu etməmiş və yalnız ekspert rəyində cavabdehin ##.##.2023-cü il tarixə olan əsas borcunun 34798,85 manat, faiz borcunun 7856,81, cərimə borcunun 3862,97 manat təşkil etdiyini göstərməklə kifayətlənmişdir. Hesab edir ki, məhkəmə ekspert rəyində göstərilən adi faizlər və cərimə üzrə borc məbləğlərinin əvvəlki, yəni ##.##.2023-cü il tarixə hesablandığını, əsas borc məbləğinin isə ekspert tərəfindən kredit müqaviləsinin şərtlərinə uyğun hesablanmadığını nəzərə alaraq, ya bank tərəfindən təqdim olunmuş ##.##.2023-cü il tarixli ərizədə göstərilən məbləğ həddində iddianı təmin etməli, ya da ki, yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli idi.
18. Cavabdeh də apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin əsas və cərimə borcunun müəyyən edilməsi hissəsində, həmçinin ipoteka predmetini ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsini xahiş etmişdir.
19. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank tərəfindən tələb edilən həm əsas, həm də faiz borcu həddindən artıq şişirdilmiş olması nəzərə alınmamışdır. Həmin rəydə demək olar, bankın tələb etdiyi ilə üst-üstə düşür. Hesab edir ki, ekspert düzgün rəy verməmiş, əsas və faiz borcunu düzgün hesablamamışdır. Ona görə də bu iş üzrə təkrar mühasibatlıq ekspertizası təyin edilməlidir. Bundan başqa məhkəmə ipoteka predmeti olan Gəncə şəhəri Qələbə küçəsində yerləşən 0.065 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 155.8 kv.m ümumi, 95.4 kv.m yaşayış, 60.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı * nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətini 115000 manat dəyərində müəyyən edərkən haqlı olmamışdır. Çünki həmin evin bugünkü bazar qiyməti azı 150000 manat təşkil edir.
20. Apellyasiya instansiyası məhkəməsi mühasibatlıq və qiymətləndirmə rəyi almışdır.
21. Məhkəmə Ekspertizası Mərkəzinin ## ####### 2025-ci il tarixli */**** nömrəli ekspert rəyinə əsasən hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış ##.##.2020-ci il tarixli *************** nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdehin ekspertiza qarşısında qoyulmuş sual üzrə ##.##.2022-ci il tarixə Banka 34951,94 manat əsas, 2803,93 manat faiz borcu mövcuddur (tədqiqat prosesinin təsvirindən görünür ki, ekspertiza qarşısında qoyulmuş sual üzrə ##.##.2022-ci il tarixə faiz borcu 3603,93 manat hesablanmışdır; qeyd edilən tarixdən sonra 500 manat, daha sonra isə 300 manat ödəniş edilmiş və ekspert həmin məbləğləri nəzərə almaqla (3603,93-500-300=2803,93) faiz borcunu 2803,93 manat məbləğdə göstərmişdir);
22. “xxxx” MMC tərəfindən verilmiş ## #### 2025-ci il tarixli rəyinə əsasən ipoteka predmetinin likvid dəyəri 112000 manat təşkil edir.
23. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 0# ###### 2025-ci il tarixli *(***)- **/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin ## #### 2023-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi «cavabdehdən 34798,85 manat əsas borc, 7856,81 manat faiz borcu, 3862,97 manat cərimə borcu olmaqla, cəmi borcu 46518 (qırx altı min beş yüz on səkkiz) manat 63 (altmış üç) qəpik borcun Bankın xeyrinə tutulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə qismən təmin olunmuş, ## #### 2020-ci il tarixli *************** nömrəli kredit müqaviləsi üzrə 34851,49 (otuz dörd min səkkiz yüz əlli bir manat qırx doqquz qəpik) manat və 3131,25 (üç min bir yüz otuz bir manat iyirmi beş qəpik) manat faiz, ümumilikdə 37982,74 (otuz yeddi min doqquz yüz səksən iki manat yetmiş dörd qəpik) manatın cavabdehdən tutularaq Bankın xeyrinə ödənilməsi, iddianın kredit müqaviləsi üzrə borcun tutulmasına dair qalan hissədə təmin edilməməsi, apellyasiya şikayətlərinin qalan hissədə təmin olunmaması, qətnamənin yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılması, qiymətləndirmə və ekspertiza xərcinin cavabdehdən tutulması qət edilmişdir. (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Şamil Rzaquluyev, Rüfət Məcidov)
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq qeyd etmişdir ki, hazırkı iş üzrə iddia tələbinin kökündə ##.##.2020-ci il tarixli *************** nömrəli kredit müqaviləsi dayanır. Bank məhz həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehdən əsas və faiz borcu tələb edir, borclu da kredit borcunun mövcudluğunu inkar etməyərək yalnız borcun düzgün hesablanmadığını mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində alınan məhkəməmühasibatlıq
25. ekspertizasının rəyini məsələnin həlli baxımından mötəbər sübut kimi qiymətləndirməyərək göstərmişdir ki, Bankın cavabdehə kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə son xəbərdarlıq məktubu ##.##.2022-ci il tarixdə göndərilmişdir. Buna baxmayaraq, ekspert ##.##.2023-cü il tarixə borc məbləğini hesablamışdır. Başqa sözlə, ##.##.2022-ci il tarixdən sonra da faiz və cərimə borcu hesablanmağa davam etmiş və ##.##.2023-cü il tarixə 34798,85 manat əsas, 7856,81 manat faiz, 3862,97 manat cərimə borcunun cavabdehdən tutulması qət edilmişdir. Halbuki, Mülki Məcəllənin 421.3-cü maddəsinə görə, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447 ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
27. Cavabdehə kredit müqaviləsi üzrə borcun tam ödənilməsi barədə son xəbərdarlıq məktubu ##.##.2022-ci il tarixdə göndərildiyindən, Bank artıq həmin tarixdə müqavilənin hissəhissə icrasından birtərəfli imtina etmiş; nəticədə isə həmin vaxtdan tərəflər arasında bağlanmış müqavilə ləğv edilmişdir.
28. Nəzərə almaq lazımdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
29. Şərh edilənləri ümumiləşdirərək apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Bank cavabdehdən kredit müqaviləsinin qüvvədə olduğu vaxtadək, yəni ##.##.2022-ci il tarixədək faiz və cərimə borcu hesablamaq hüququna malik olmuşdur.
30. Apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsinin qüvvədə olduğu tarixə (##.##.2022-ci il) hansı məbləğdə borcun hesablanmasının aydınlaşdırılması məqsədilə apellyasiya baxışı zamanı alınmış rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, rəy əsaslıdır. Çünki ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuşdur. İş üzrə tərəflərin də rəyin qeyri-obyektivliyi barədə hər hansı arqumenti olmamışdır. Bir sözlə, mühasibatlıq ekspertizası rəyinin mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı hal müəyyən edilməmişdir. Lakin, ekspert ##.##.2022-ci il tarixə (kredit müqaviləsinin qüvvədə olduğu tarix) faiz borcunu 3603,93 manat hesabladığı halda, həmin tarixdən sonra ödənilmiş 800 manat vəsaiti nəzərə alaraq (3603,93-500 300=2803,93) rəyin nəticə hissəsində faiz borcunu 2803,93 manat məbləğdə göstərmişdir. Odur ki, kredit müqaviləsinin qüvvədə olduğu ##.##.2022-ci il tarixə faiz borcu 3603,93 manat məbləğdə qəbul edilməlidir.
31. Əsas borc məbləğinə münasibətdə apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, apellyasiya baxışı zamanı alınmış mühasibatlıq ekspertizası rəyi mötəbər sübut olaraq qəbul edilsə də, lakin əsas borc məbləği həmin rəydə göstərilən həddə, yəni 34951,94 manat məbləğdə cavabdehdən tutula bilməz. Çünki Bank hazırkı tələblə məhkəməyə müraciət edərək cavabdehdən 34851,49 manat əsas borc tutulmasını tələb etmişdir. Nəzərə alınmalıdır ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM maddə 218.3). Hazırkı işdə tələbdən kənara çıxmanın müstəsna halı mövcud deyildir. Bu səbəbdən məhkəmənin iddiaçının verdiyi tələbdən kənara çıxaraq borcludan kreditorun tələbindən artıq məbləğdə borc tutması düzgün və əsaslı hesab edilə bilməz.
32. Cərimə məbləğinə münaisbətdə isə apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, Bankın cavabdehə ünvanladığı ##.##.2022-ci il tarixli son xəbərdarlıq məktubunda cərimə borcu məbləği 327,32 manat qeyd edilmişdir. Odur ki, cərimə məbləğinin müəyyənləşdirilməsi zamanı xəbərdarlıq məktubundakı məbləğ əsas götürülməlidir. Çünki, kredit müqaviləsi ##.##.2022-ci il tarixədək qüvvədə olduğundan, Bank həmin tarixədək cərimə borcu hesablamaq hüququna malik olmuşdur. Bununla belə, cavabdehin müqavilə ləğv edildikdən sonra Banka ödədiyi 800 manat vəsait onun cərimə borcundan silinməlidir (800 327,32=472,68). Cərimə borcu bağlandıqdan sonra qalıq 472,68 manat isə faiz borcunun ödənilməsinə hesablanmalı (3603,93-472,68=3131,25 manat) və faiz borcu məbləği 3131,25 manat müəyyən edilməlidir.
33. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması ilə bağlı apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, apellyasiya baxışı zamanı ipoteka predmetinin ilkin (likvid) satış qiymətinin müəyyən olunması üçün iş üzrə qiymətləndirmə təyin edilmiş və alınmış rəylə ipoteka predmetinin likvid dəyərinin 112000 manat olduğu müəyyən edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi qiymətləndiricinin rəyini mötəbər sübut olaraq qəbul etməklə diqqətə çatdırmışdır ki, tədqiqat zamanı əmlakın bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan əmlaka olan tələb və təklifdən, eləcə də digər mənbələrdən əldə edilmiş real bazar məlumatlarından istifadə edilmişdir. Bundan başqa, əmlaka vizual baxış keçirilməklə əmlakın bazar dəyərinə müsbət və mənfi təsir göstərən amillər nəzərə alınaraq onun dəyəri (bazar və likvid) müəyyən edilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəf apellyasiya şikayətinin dəlillərində ipoteka predmetinin dəyərinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş qiymətdən yüksək olduğunu bildirsə də, lakin iş üzrə alınmış və mötəbər sübut kimi qəbul edilmiş qiymətləndirmə rəyi ilə əmlakın ilkin satış qiymətinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş qiymətdən aşağı məbləğdə olduğu müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı alınmış qiymətləndirmə rəyi mötəbər sübut olaraq qəbul edilsə də, lakin ipoteka predmetinin ilkin satış qiyməti həmin rəyə əsasən dəyişdirilə bilməz. Ona görə ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin dəyəri 115000 manat müəyyən edilmiş və ipoteka saxlayan (kreditor) qətnamədən apellyasiya şikayəti verərək əmlakın dəyərinin azaldılmasını məhkəmədən xahiş etməmişdir. İpoteka qoyan ipoteka predmetinin real bazar dəyərinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş qiymətdən yüksək olduğuna əsaslanaraq qətnamədən apellyasiya şikayəti vermişdir. Yəni, apellyasiya baxışının predmetini cavabdehin apellyasiya şikayəti üzrə ipoteka predmetinin dəyərinin məhkəmə tərəfindən müəyyən edilmiş qiymətdən yüksək məbləğdə olub-olmamasının araşdırılması təşkil etmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin əmlaka müəyyənləşdirdiyi qiymətin apellyatorun mənafeyinə daha uyğun olduğunu və iddiaçı təşkilatın həmin qiyməti mübahisələndirmədiyini nəzərə alaraq hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsasında qətnamənin ipoteka predmetinin ilkin (likvid) satış qiyməti ilə bağlı hissədə dəyişdirilə bilməz.
37. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 295, 317.1, 319.1, 385.1, 425.1, 442, 448.1, 449.1, 739.1, 742.1-ci, Mülki Prosessual Məcəllənin 14.1 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
38. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsi və kassasiya şikayətinin verilməsinə görə 161,11 (bir yüz altmış bir manat 11 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli qərarına istinad edərək ##.##.2022ci il tarixli bildiriş əsasında kredit müqaviləsinin həmin tarixdən ləğv edildiyi qənaətinə gəlmiş və bu tarixdən sonra yalnız əldən çıxmış faydanın tələb oluna biləcəyini göstərmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, hazırkı iş üzrə iddia ## #### 2022-ci il tarixdə qaldırılmış və həmin dövrdə hüquqi münasibətlər Konstitusiya Məhkəməsinin ## #### 2009-cu il və ## ###### 2014-cü il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər əsasında tənzimlənirdi. Həmin hüquqi mövqelərə görə, kredit müqaviləsindən irəli gələn mübahisə məhkəmə qaydasında həll olunduqda belə, tərəflər arasında müqavilə münasibətləri davam edir və borcun, faizlərin və maliyyə sanksiyalarının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam vermir. Müqavilə yalnız öhdəliklər tam icra edildikdən sonra qüvvədən düşür. Bu yanaşma Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələblərinə də uyğundur. Həmin maddəyə əsasən, müqavilə öhdəliklərin icrası başa çatanadək qüvvədə qalır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərində də açıq şəkildə göstərilmişdir ki, müqavilə tərəflərin öhdəlikləri tam icra olunana qədər qüvvədədir.
40. Cavabdeh də kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləgv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
41. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətlərinə qarşılqılı etirazlar daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Kassasiya şikayətində iddiaçı qətnaməni iddianını rədd, cavabdeh isə təmin edilən və əmlakın ilkin satış qiymətini təmin edilən hissələrində mübahisələndiriblər. Bu baxımdan kollegiya qətnaməni faktiki olaraq tam yoxlayır.
45. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları da müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Apellyasiya məhkəməsi iddia tələbi və apellyasiya şikayətləri üzrə düzgün nəticəyə gəlib.
48. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
49. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 24-36-cı bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır.
50. Bu baxımdan hazırda qiymət verilməli olan məsələlər kassasiya şikayətlərinin dəlilləridir.
51. Məhkəmə kollegiyası iddiaçının hazırki iddianın ## #### 2022-ci il tarixdə verilməsi və bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli qərarının hazırki işə tətbiq edilməməli olması barədə dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cü maddəsinin VI hissəsinə görə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi haqqında Qanunun 33.1-ci maddəsinə görə də Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 104cü maddəsinin III hissəsində, məhkəmələr isə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsində nəzərdə tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447 ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” olmuşdur.
54. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında onun dərc edildiyi gündən qüvvəyə minməsi göstərilmişdir.
55. Qeyd edilməlidir ki, qanunların şərh edilməsi haqqında Konstitusiya Məhkəməsinin qərarları, barəsində şərh verilən qanunun qəbul edildiyi vaxtdan şərhə uyğun olaraq tətbiq edilməli olmasını nəzərdə tutur. Bundan istisna olduğu halda, qərarın özündə həmin şərhin hansı dövrdə yaranan münasibətlərə şamil olunması barədə xüsusi göstəriş olur.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2023-cü il tarixli qərarında isə onun dərc edildiyi gündən qüvvəyə minməsi göstərilmiş, həmin qərarın hansı dövrdə və ya dövrdən yaranan münasibətlərə şamil olunması barədə xüsusi göstəriş qeyd edilməmişdir. Bu da o deməkdir ki, barəsində şərh verilən qanun qəbul edildiyi vaxtdan şərhə uyğun olaraq tətbiq edilməli idi. Buna görə də iddianın hansı vaxtdan məhkəmənin icraatında olmasından asılı olmayaraq, Konstitusiya Məhkəməsinin istinad edilən qərarındakı hüquqi mövqe hazırki işə düzgün tətbiq edilmişdir.
57. Məhkəmə kollegiyası cavabdehin də kassasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, bu dəlillər borc məbləğinin düzgün olmayaraq yüksək və ipoteka predmetinin ilkin satış qiymətinin düzgün olmayaraq aşağı müəyyən edilməsi barədədir.
58. Cavabdeh eyni dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş, apellyasiya baxışında əldə edilmiş mühasibatlıq ekspertizasının rəyinə və işin hallarına əsasən kredit müqaviləsi üzrə borcun məbləği azaldılmış, ipoteka predmetinin qiymətinin daha yüksək olması barədə dəlillər isə ipoteka predmetinin qiyməti üzrə alınmış qiymətləndirmə rəyi ilə təkzib edildiyi üçün həmin hissədə birinci instansiya məhkəməsinin qərtnaməsi dəyişdirilmədən saxlanmışdır.
59. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdehin kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-**/**** nömrəli iş üzrə # ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.