Məhkəmə qərarları › İş №2(1-8)-836/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-836/2026

13.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-836/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh (vəkil vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ilə Cavabdeh arasında ** saylı Notariat ofisində bağlanmış ##.##.2023-cü il tarixli 3M-** reyestr nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh ##.##.2023-cü il tarixədək qaytarmaq şərti ilə İddiaçı 10.000 manat borc almışdır.

2. İddiaçı ilə Cavabdeh arasında ** saylı Notariat ofisində bağlanmış ##.##.2023-cü il tarixli 3M-*** reyestr nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh ##.##.2023-cü il tarixədək qaytarmaq şərti ilə İddiaçı 15.000 manat borc almışdır.

3. İddiaçı ilə Cavabdeh arasında ** saylı Notariat ofisində bağlanmış ##.##.2023-cü il tarixli 3M-*** reyestr nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh ##.##.2023-cü il tarixədək qaytarmaq şərti ilə İddiaçı 11.000 manat borc almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 36.000 manat və 198 manat dövlət rüsumunun, cəmi 36.198 manat məbləğində pul vəsaitinin alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan 3 dəfəyə 36.000 manat borc pul almış, müqavilələr yazılı formada bağlanmaqla, Bakı şəhəri 41 və ** saylı notariat ofislərində ## ###### 2023-cü il tarixdə 10.000 manat, ## #### 2023-cü il tarixdə 15.000 manat və ## ##### 2023-cü il tarixdə 11.000 manat məbləğlərdə olmaqla notariat qaydasında təsdiq edilmişdir. Cavabdeh götürdüyü pul vəsaitini elə 2023-cü ildə qaytaracağına dair öhdəlik götürməsinə baxmayaraq, bu günə kimi vədinə əməl etməmişdir. Dəfələrlə, xatırlatmağına baxmayaraq, pulu qaytarmaqdan müxtəlif bəhanələrlə imtina etmişdir. Artıq onu aldatması, müqavilə şərtlərinə riayət etməməsi və mövcud qanunvericiliyin tələblərini pozması şübhə doğurmur. Belə vəziyyətdə pul tələb edilməlidir. Bundan başqa, cavabdehə rəsmi olaraq pretenziya məktubu göndərərək müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini və 36.000 manat məbləğində borcun qaytarılmasını xahiş etmişdir, lakin qarşı tərəf bu günədək mübahisəyə münasibət bildirməmişdir. Bundan əlavə, hazırda mübahisələndirilən müqavilələr üzrə 198 manat dövlət rüsumu ödəməlidir ki, bu hesabla ona 36.198 manat borcu yaranmışdır. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməyərək bu günə kimi müxtəlif bəhanələrlə onun pulunu qaytarmamış, hər dəfə yaxın vaxtlarda qaytaracağını vəd etsə də, sözünə əməl etməmişdir.

6. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməmiş və izahatında göstərmişdir ki, ehtiyacı olduğuna görə iddiaçıdan borc götürmüşdür. İlk borc müqaviləsi fevral ayında 11.000 manat məbləğində bağlanıb. Müqavilə neçə aylıq bağlanıbsa o qədər də faiz hesablanlb. Onlar notariusdan çıxanda o, iddiaçıya 5.500 manat pul vermişdir ki sonra faizlə bağlı problem yaranmasın. Aylıq faiz 1.050 manat pul ödəmiş və pulu qaytaranda iddiaçının kağızına qeyd etmişdir. Axırıncı məbləği 17 sentyabr tarixində 11.500 manat pul verib borcu yekunlaşdırmışdır. Onunla birlikdə olan İradə iddiaçıdan cənədsiz borc götürmüşdü. İddiaçı onun müqaviləsini əsas götürüb onu hədələmişdir ki, “sənin müqavilən var, İradə mənə borcu qaytarmasa onun pulunu səndən alacam.”

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid1 ifadəsində bildirmişdir ki, Gülnar xanımı tanıyır, bir yerdə işləmişlər, iş yoldaşı olmuşlar. Sabir həkimi də şəxsən yox, Gülnar xanımın vasitəçiliyi ilə tanımışdır. Onlar, yəni iş yoldaşları nahar vaxtlarında görüşəndə Gülnar görüşməyə gəlmirdi, pul ödəməyə gedirdi. Yadındadır ki, 2023-cü ilin aprel ayında pulu ödəməyə getmişdi. O, Gülnarın hansı məbləğdə borcu olmasını bilmir və nə qədər ödədiyini də deyə bilmir. Sadəcə, Gülnarın məhz Sabirdən pul götürdüyünü bilir. O, dərman şirkətində işləyir və şirkətdə belə hamı bilirdi ki, Sabir borc pul verir. 2016-cı ildən bu sistemdə işləyir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 ifadəsində bildirmişdir ki, Gülnar xanımı tanıyır. Sabiri şəxsən tanımasa da, Gülnar xanımdan eşitmişdir. Bilirdi ki, Gülnarın borcu var, sıxıntıdadır. Bir gün işdə olan zaman Gülnar ağlamağa başladı və dedi ki, həmin həkim ona zəng edərək, pulu tələb etmişdir. Gülnar isə ona demişdir ki, ödəyə bilmir. İddiaçı da ona əxlaqsız təklif edib. Bu hadisə təxminən 2023-cü ilin 10-11 sentyabr tarixlərində olmuşdur. Onun da Günaya yazığı gəlmiş, baldızından pul alaraq, Gülnara köməklik etmiş, yəni borc vermişdir. Çünki baldızı maşın almaq üçün pul yığırdı və baldızında 10.000 manat məbləğində pul var idi. Həmçinin özünün də pulu var idi, həmin pulun üstünə əlavə etdi. Sentyabrın 17-də 28 May ərazisində Səməd Vurğun parkının yaxınlığında əlbəəl Sabirə borcu verdiyini görmüş, amma heç bir kağız imzalatmamışdır. Sonradan, bankdan pul götürüb onun borcunu da qaytarmışdır. Gülnarın Sabir bəydən borcu nəyə görə aldığını bilmir. Gülnar xanımın həmin ilin iyul ayında hansısa banka borcu olmamışdır.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nuriyeva İradə Oruc qızı ifadəsində bildirmişdir ki, Gülnarı çoxdan tanıyır. Gülnar ona demişdir ki, borcu var. Borcu olduğu şəxs həkim - cərrahdır. Sabir müəllimi tanıyır. Tibb Universitetində onun müəllimi olub, mühazirə demişdir. Ümumiyyətlə Sabir bir çox adama demişdir ki, kim faizə pul istəsə, o, verə bilər. Gülnarın Sabirə borcu var idi. Əvvəlcə zəng edib, borcun qaytarılması üçün vaxt istəmişlər. Sabir bəy razılaşdı. Gülnar gedib “xxxx” ASC-dən kredit götürdü və 2023-cü ilin iyul ayının 2-3 tarixində ADNSU-nun arxasında yerləşən parkda 12.000 manat borcu qaytarmışdır. Hətta həmin vaxt Sabir sənədi də imzalamışdır. Amma Gülnar həmin sənədi Sabirə vermişdir ki, daha borcu ödədiyi üçün həmin sənəd də ona lazım deyil. Bundan əlavə yenə borcu var idi. Onu da sentyabr ayında Günayla qaytarmışlar.

10. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddia tələbi təmin edilərək cavabdehdən 36.000 manat və dövlət rüsumu üçün ödənilmiş 198 manat, ümumilikdə 36.198 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfin vəsatətinə əsasən şahid qismində dindirilmiş şəxslər hər nə qədər də Cavabdeh tərəfindən pulun ödənilməsini bildirsələr, şahid ifadələri ziddiyyətli olmuş, işin faktiki hallarına, habelə bir şahidin bildirdiyi hal digər şahidin bildirdiyi halla eynilik təşkil etməmişdir. Cavabdeh sanki İddiaçı olan borcunu qaytarmasının şahidi olan şahid2 Gülnara borcu ödəməsi üçün pulu özünün verdiyini bildirmiş, cavabdeh isə pulu ödəmək üçün bankdan borc götürməsini qeyd etmişdir. Şahid şahid1 konkret olaraq hər hansı faktın şahidi olmamış, yalnız Gülnardan İddiaçı borcu olmasına və həmin borcu ödəməsinə dair məlumatlı olduğunu bildirmişdir. Şahid şahid1 nə götürülmüş borcun məbləği, nə də qaytarılan pul vəsaitinin məbləğini dəqiq bildirə bilməmişdir. Şahid İradə Nuriyeva sanki cavabdeh tərəfindən iddiaçıya borcun qaytarılmasına şahid olmasını bildirsə də, eynilə ifadəsində Gülnarın yenə borcunun olmasını, qalan məbləği isə Günayın iştirakı ilə ödənilməsini qeyd etmişdir. Ümumiyyətlə, şahid ifadələri tam dolğun olmamış və iş üzrə hər hansı mötəbər sübutla təsbit olunmur. Cavabdehin sanki İddiaçı olan borcunu ödəmək üçün bankdan kredit götürməsinə dair təqdim etdiyi sənədlər onun yalnız bu və ya digər kreditor qarşısında borcunun olmasını müəyyən etməyə imkan verir. Cavabdehin bankla kredit münasibətlərinə daxil olmaqla götürmüş olduğu borcu məhz İddiaçı olan borcunu ödəməsini təsdiq edə biləcək əsas ya İddiaçı etirafı, ya pulun ödənilməsini təsdiq edən qəbz və ya tərəflər arasında məlumatlandırılma qaydasında aparılmış səs və ya video yazı ola bilərdi ki, qeyd edilən sübutların heç biri mövcud deyildir.

12. Məhkəmə sonda qeyd etmişdir ki, beləliklə, iddiaçının maddi hüquq normasının dispozisiya şərtləri ilə uyğunluq təşkil edən və mötəbər sübutlara əsaslanan tələbləri cavabdehin heç bir əsaslı dəlili ilə təkzib edilmədiyindən iddia təmin edilməlidir.

13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445, 445.2.1, 445.2.2, 448.1, 407.2, 529.1, 529.3, 739.1, 739.2-ci maddələri, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 80, 81, 9.1, 9.3, 14.2, 88, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

14. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şahid ifadələri və təqdim edilmiş səs yazıları ilə müəyyən edilir ki, tələb edilən borc ödənilmişdir və borc alan tərəfindən öhdəlik icra edildiyindən iddia rədd edilməlidir. Məhkəmə sübutları prosessual qanunvericiliyin tələbləri baxımından tam, hərtərəfli və qərəzsiz araşdırmamışdır. Həmçinin səs yazılarını sübut kimi sadalasa da, həmin səs yazılarına qiymət verməmişdir. İddianın təmin edilməsi ilə bağlı nəticə şahid ifadələri və səs yazıları ilə birlikdə qiymətləndirildikdə iddianın əsassız olduğu müəyyən edilir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Rəşad Səmədov və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslanırmışdır ki, işin faktiki hallarından görünür ki, Bakı şəhəri 41 və ** saylı notariat ofislərində ## ###### 2023-cü il tarixdə 10.000 manat, ## #### 2023-cü il tarixdə 15.000 manat və ## ##### 2023-cü il tarixdə 11.000 manat notariat qaydasında təsdiq edilməklə cavabdeh iddiaçıdan 36.000 manat borc pul almışdır. Hazırda cavabdeh pulun iddiaçıya ödənilməsini bildirir və bu dəlilini şahid ifadələrinə və səs yazılarına istinad etməklə əsaslandırır.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi şahid ifadələrinə düzgün qiymət vermişdir. Belə ki, şahid ifadələrində Cavabdeh tərəfindən pulun ödənilməsini bildirsələr də, bu ifadələri ziddiyyətli olmuş, işi faktiki hallarına, habelə bir şahidin bildirdiyi hal digər şahidin bildirdiyi halla eynilik təşkil etməmişdir. Belə ki, şahid şahid1 ifadəsində Gülnarın hansı məbləğdə borclu olmasını və nə qədər ödədiyini deyə bilmədiyini qeyd etmişdir. Şahid şahid2 ifadəsində S.Vurğun parkının yanında əlbəəl Sabirə borc verdiyini görmüş, amma heç bir kağız imzalamamışdır. Şahid İradə Nuriyeva da ifadəsində Cavabdeh tərəfindən parkda 12.000 manat borcun qaytarılmasına şahid olmuş, hətta həmin vaxt Sabir sənədi də imzalamışdır. Amma Gülnar həmin sənədi Sabirə vermişdir ki, daha borcu ödədiyi üçün həmin sənədin də ona lazım olmadığını bildirmişdir. Beləliklə, şahid ifadələrinə qiymət verərək onların ifadələrinin ziddiyyətli olmaqla bir-birini tamamlamadığı, hadisələrin ardıcıllığını göstərə bilmədikləri və işin digər sübutları ilə uzlaşmadığı üçün sübut növü kimi qiymətləndirilə bilməz. Həmçinin şahid ifadələri digər sübutlarla (yazılı sənədlər, ödəniş qaimələri, bank köçürmələri, ekspert rəyi və s.) müqayisə edilməlidir. Cavabdeh bununla bağlı apellyasiya şikayətinə hər hansı sübut (qəbz) əlavə etməmişdir. Halbuki onun belə bir sübutunun olması halında onu şikayətinə əlavə etməsi labüd idi.

19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində tələb edilən borcun ödənilməsini bildirməklə tələb edilən borcu qəbul etmiş, lakin həmin vəsaitin qaytarılması barədə mötəbər sübutlar təqdim edə bilməmişdir.

20. Məhkəmə kollegiyası tərəfindən işdə olan səs yazıları dinlənilmiş və həmin səs yazılarında cavabdehin götürülmüş borcun qaytarılmasına dair hər hansı qeyd olmamışdır. Hətta kollegiyanın iclasında da cavabdeh özü də həmin səs yazılarında da iddiaçının etirafının olmamasını qeyd etmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir.

21. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 6.2, 385.1, 386.1, 407.2, 442, 448.1, 529.1, 529.3, 739.1, 739.2-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

22. Qətnamədən cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, şahid ifadələri və təqdim edilmiş səs yazıları ilə müəyyən edilir ki, tələb edilən borc ödənilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, borc alan tərəfindən öhdəlik icra edildiyindən iddia rədd edilməlidir. Məhkəmə sübutları prosessual qanunvericiliyin tələbləri baxımından tam, hərtərəfli və qərəzsin araşdırılmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

24. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissəhissə30. qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.

31. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

32. Maddə 739.2. borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

33. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

40. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

47. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

48. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

49. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair ## #### 2019-cu il tarixli qərarına əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

52. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

53. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

55. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar