Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-860/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2022-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya Bank tərəfindən cari hesabına ##.##.2023-ci il tarixdə ##.##.2028-ci il tarixədək illik 26% olmaqla istehlak məqsədləri üçün 20.000 manat kredit verilmiş və həmin vəsait Cavabdeh kartına köçürülmüşdür.
2. Bankın ##.##.2024-cü il tarixli maliyyə arayışına əsasən X2 Banka ödənilməmiş 19.833,50 manat əsas, 4.543,51 manat faiz, 213,82 manat cərimə borcu vardır.
3. “xxxx” KB ASC-nin Cavabdeh ünvanladığı ##.##.2024-cü il tarixli bildirişin surətindən görünür ki, sonuncuyu öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı “xxxx” KB ASC (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh (bundan sonra- cavabdeh) Bankın xeyrinə 19.833,50 manat əsas, 4.543,51 manat faiz, 213,82 manat cərimə borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ##.##.2022-ci il tarixdə müvafiq ərizəni imzalayaraq Bankın rəsmi internet səhifəsində yerləşdirilən ##.##.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olmuş və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmişdir.
6. Ümumi Ofertanın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq, iddiaçı tərəfindən cavabdehin cari hesabına ##.##.2023-ci il tarixdə ##.##.2028-ci il tarixədək illik 26% olmaqla, istehlak məqsədilə 20.000 manat kredit verilmiş və həmin məbləğ cavabdehin ödəniş kartına köçürülmüşdür. Kredit məbləğinin hesaba köçürülməsi, həmin vəsaitdən istifadə və ödənişlərin aparılması, o cümlədən aparılmış ödənişlərin silinmə qaydası Hesabdan çıxarışda əks olunmuşdur. Ümumi Ofertanın 20.9-cu bəndinə əsasən, müştəri kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə, “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40% miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.
7. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli ekspert rəyinə əsasən tərəflər arasında bağlanmış ##.##.2021-ci il tarixli Ümumi oferta müqaviləsinin yuxarıda göstərilən bəndləri üzrə illik faiz dərəcəsi dəqiq göstərilmədiyindən, eyni zamanda hesabdan çıxarış məlumatlarında olan ##.##.2023-cü il tarixli kredit müqaviləsi iş materiallarında mövcud olmadığından, cavabdehin iddiaçı Banka 19.833,50 manat əsas, 4.543,51 manat faiz borcunun, 213,82 manat cərimənin olmasını müəyyən etmək mümkün olmamışdır.
8. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli ekspert rəyinə əsasən, iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdehin iddiaçı Banka sualda soruşulan tarixlərə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən edilmişdir, o cümlədən: ##.##.2024-cü il (iddia ərizəsinin verildiyi tarix) tarixə: əsas borc 19.833,33 manat, faiz borcu 4.941,18 manat; ##.##.2025-ci il (ekspertizanın təyin olunduğu tarix) tarixə: əsas borc 19.833,33 manat, faiz borcu 7.662,75 manat; ##.##.2025ci il (rəyin tərtib edildiyi tarix) tarixə: əsas borc 19.833,33 manat, faiz borcu 8.278,68 manat. Qeyd edilir ki, tərəflər arasında imzalanmış kredit müqaviləsinin yuxarıda qeyd olunan şərtlərinə əsasən kredit müqaviləsinin müddəti qeyd edilmiş tərəflər arasında imzalanmış kredit müqaviləsində cərimə bəndi nəzərdə tutulsa da, təqdim olunmuş iş materiallarında cərimə hesabı üzrə silinmələri özündə əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyi üçün cavabdehə sualda soruşulan tarixlərə cərimə borcu hesablanmamışdır.
9. Xaçmaz Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddia təmin edilərək, cavabdehdən əsas borca görə 19.833,50 manatın, faizə görə 4.543,51 manatın, cəriməyə görə 213,82 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
10. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh ##.##.2022-ci il tarixdə müvafiq ərizəni imzalamaqla Bankın rəsmi internet səhifəsində yerləşdirilmiş ##.##.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmişdir. Ümumi Ofertanın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehin cari hesabına ##.##.2023-ci il tarixdə ##.##.2028-ci il tarixədək illik 26% olmaqla istehlak məqsədləri üçün 20.000 manat krediti cavabdehin ödəniş kartına köçürmüşdür.
11. Məhkəmə ##.##.2024-cü il tarixli məktubundan müəyyən etmişdir ki, cavabdehin iddiaçıya 19.833,50 manat əsas, 4.543,51 manat faiz, 213,82 manat cərimə borcu vardır.
12. Məhkəmə Bankın cavabdehə ünvanldığı ##.##.2024-cü il tarixli bildirişə münasibətdə qeyd etmişdir ki, cavabdehə öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, borc məbləğini tərəflər mübahisələndirmədiyindən, borc məbləğinin qaytarılmasını sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür.
14. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 739.1, 385.1, 442, 445.2.1, 445.3, 448.1, 449.4-cü maddələrinə, “AR Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyinə, habelə MPM-nin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat
15. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edələrək, 4.543,51 manat faiz və 213,82 manat cərimə borcunun silinməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə onu aldatmaqla bağlandığından, o, bunun əsassız və etibarsız olduğunu hesab edir. Bank əməkdaşının imzalatdırdığı sənəd tamamilə başqadır. Bu qədər çox şişirdilmiş faiz və cərimə borcunun yazılması ədalətsizlikdir. Bank faizlərlə onları çıxılmaz vəziyyətə salmış, məhkəmə isə bankın şişirdilmiş faizlərlə olan iddia ərizəsini təmin etmişdir. Məhkəmə ədalətli olmayan və qanuna müvafiq qərar qəbul etməmiş, onun hüquqlarını pozmuşdur. Məhkəmə qeyri-obyektiv və ziddiyətli qətnamə çıxarmışdır. Hesablanan və yazılan faiz borcu həddindən artıq çoxdur və həmin məbləği ödəməsi imkansızdır. Hesab edir ki, əsassız yazılan 4.543,51 manat faiz, 213,82 manat cərimə tam olaraq silinməlidir. Məhkəmə ədalətli araşdırma hüququnu pozmuş və onun hüququnun bərpa olunmasına kömək etmək əvəzinə, sübutları araşdırmamışdır.
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakimlər Lalə Rəhimli sədrlik edən, məruzəçi, Ayaz Mahmudov və Afiq Hüseynzadə) apellyasiya şikayəti qismən təmin edilələk, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi “4.543,51 manat faiz borcunun tutulması” hissəsində dəyişdirilərək, faiz borcunun məbləği 2.394,91 manat müəyyən edilmiş və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
18. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh ##.##.2022-ci il tarixdə müvafiq ərizəni imzalamaqla “xxxx” KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş ##.##.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmişdir. Ümumi Ofertanın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehin cari hesabına ##.##.2023-ci il tarixdə ##.##.2028ci il tarixədək illik 26% olmaqla istehlak məqsədilə 20.000 manat kredit ayrılmış və həmin krediti cavabdehin ödəniş kartına köçürmüşdür. Kredit məbləğinin hesaba köçürülməsi, həmin vəsaitdən istifadə və ödənişlərin aparılması, o cümlədən aparılmış ödənişlərin silinmə qaydası hesabdan çıxarışda öz əksini tapmışdır. Ümumi Ofertanın 20.9-cu bəndinə əsasən müştəri“ kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 % miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bankın xeyrinə 19.833,50 manat əsas, 4.543,51 manat faiz, 213,82 manat cərimə olmaqla, cəmi 24.590,83 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdehin iddiaçı Banka sualda soruşulan tarixlərə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunmuşdur, o cümlədən: ##.##.2024-cü il tarixə: əsas borc üzrə 19.833,33 manat, faiz borcu üzrə 4.941,18 manat. ##.##.2025-ci il tarixə: əsas borc üzrə 19.833,33 manat, faiz borcu üzrə 7.662,75 manat. ##.##.2025-ci il tarixə: əsas borc üzrə 19.833,33 manat, faiz borcu üzrə 8.278,68 manat. Qeyd edilmişdir ki, tərəflər arasında imzalanmış kredit müqaviləsinin yuxarıda qeyd olunan şərtlərinə əsasən kredit müqaviləsinin müddəti bitmədiyi üçün hazırkı tədqiqat zamanı həmin tarixə hesablama aparılmamışdır. Bundan başqa, qeyd edilmişdir ki, tərəflər arasında imzalanmış kredit müqaviləsində cərimə bəndi nəzərdə tutulsa da, təqdim olunmuş iş materiallarında cərimə hesabı üzrə silinmələri özündə əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyi üçün cavabdehə sualda soruşulan tarixlərə cərimə borcu hesablanmamışdır.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmayarq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilməlidir. Belə ki, faiz borcu sadə riyazı üsulla hesablandığından xüsusi bilik tələb etməmişdir, ona görə də iş üzrə ekspertiza təyin edilməsinə zərurət müəyyən olunmamışdır.
22. Beləliklə, mülki iş materiallarında olan Bankın cavabdehə ünvanlandığı ##.##.2024-cü il tarixli bildirişi ilə cavabdehə öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmişdir. ##.##.2024-cü il tarixli məktubdan müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya 19.833,50 manat əsas, 4.543,51 manat faiz, 213,82 manat cərimə borcu vardır. Göstərilən tarixlər, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilməsi barədə bildirişlə maliyyə arayışının tərtib olunduğu arasında 5 ay fərq olmuşdur.
23. Məhkəmə kollegiyası işin mübahisəsiz hallarına münasibətdə qeyd etmişdir ki, cavabdehə borc illik 26% olmaqla verilmişdir. Belə olan halda aylıq faiz məbləği (4.156,71: 12=429,72) 429,72 manat təşkil etmişdir.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı bank tərəfindən cavabdehə 2.148,60 manat faiz məbləği artıq müəyyən olunmuşdur. Çünki, 429,72 manat aylıq faiz məbləği 5 ay müddətində, yəni borcun ödənilməsi barədə bildirişin göndərildiyi tarixdən arayışın tərtib olunduğu tarixədək artıq olaraq hesablanmışdır (429,72x5=2.148,60).
25. Beləliklə, ekspertin müəyyən etdiyi faiz məbləği iddiaçının tələb etdiyi məbləğdən çox olduğuna görə məhkəmə kollegiyası qeyd etmişdir ki, son hesablama tələb edilən faiz məbləğinə münasibətdə aparılmalı və cavabdehdən tutulmalı olan faiz borcu 2.394,91 manat (4543.51-2148.6=2394.91) müəyyən edilməli və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 385.1, 442, 445.2.1, 448.1, 448.2, 449.4, 462.1, 739-cü, habelə MPM-nin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilərək, 19.000 manat əsas borcun yenidən hesablanaraq 14.550 manat müəyyən edilməsi, habelə 2.354,91 manat faiz və 213,82 manat cərimə borcunun silinməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə ədalətli olmayan və qanuna müvafiq qərar qəbul etməmiş, onun hüquqlarını pozmuşdur. Məhkəmə qeyri-obyektiv və ziddiyətli qətnamə çıxarmışdır. Hesablanan əsas və faiz borcu həddindən artıq çıxmışdır və onun həmin məbləği ödəməsi imkansızdır. Apellyasiya məhkəməsinin qətnaməsi ilə razı deyil. İşin mübahisəsiz hallarına görə cavabdehə borc illik 26% olmaqla verilmişdir. Belə olan halda aylıq faiz məbləği 429,72 manat təşkil etmişdir. Qeyd olunanlara əsasən apellyasiya məhkəməsi o, qənaətə gəlmişdir ki, 2.148,60 manat faiz məbləği artıq müəyyən olunmuşdur. Çünki, 429,72 manat aylıq faiz məbləği 5 ay müddətində, yəni borcun ödənilməsi barədə bildirişin göndərildiyi tarixdən arayışın tərtib olunduğu tarixədək artıq olaraq hesablanmışdır. Ekspertin müəyyən etdiyi faiz məbləği iddiaçının tələb etdiyi məbləğdən çox olduğuna görə kollegiya hesab etmişdir ki, son hesablama tələb edilən faiz məbləğinə münasibətdə aparılmalı və beləliklə də cavabdehdən tutulmalı olan faiz borcu 2394.91 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya məhkəməsi də, işə düzgün qiymət verməmiş, müqavilənin cavabdehi aldatmaqla bağlandığını bank əməkdaşının cavabdehə dediyi ilə imzalatdırdığı sənəd tamamilə başqa olduğunu, əsas borcun 19.000 manatdan daha az olduğunu, şişirdilmiş faiz və cərimə borcunun yazılmasını tam olaraq nəzərə almamışdır. Bank cavabdehi əsassız iddiası ilə çıxılmaz vəziyyətə salmış, məhkəmə isə bankın şişirdilmiş iddiasını təmin etmişdir. Məhkəmə ədalətli olmayan və qanuna müvafiq qərar qəbul etməmiş, cavabdehin hüquqları pozulmuşdur. Lakin məhkəmə bank əməkdaşının ona dediyi ilə imzalatdırdığı sənəd tamamilə başqa olmasını, cavabdehin borcu hər ay artıq ödəmiş və ödədiyi kreditin əsas məbləği ödənişləri çıxılmadan cavabdehə 19.000 manat əsas borc və bu qədər çox şişirdilmiş faiz və cərimə borcunun yazılmasını nəzərə almamışdır.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası
30. Maddə 60. Həssə İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
33. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
35. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
36. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
37. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Madə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
47. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
48. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi
49. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
50. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
51. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh ##.##.2022-ci il tarixdə müvafiq ərizəni imzalamaqla Bankın rəsmi internet səhifəsində yerləşdirilmiş ##.##.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmişdir. Ümumi Ofertanın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehin cari hesabına ##.##.2023-ci il tarixdə ##.##.2028-ci il tarixədək illik 26% olmaqla istehlak məqsədilə 20.000 manat kredit ayrılmış və həmin kredit cavabdehin ödəniş kartına köçürülmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.
52. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilməlidir. Belə ki, faiz borcu sadə riyazı üsulla hesablandığından, xüsusi bilik tələb etməmişdir, ona görə də iş üzrə ekspertiza təyin edilməsinə zərurət müəyyən olunmamışdır.
53. Mülki iş materiallarında olan Bankın cavabdehə ünvanlandığı ##.##.2024-cü il tarixli bildirişlə cavabdehə öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmişdir. ##.##.2024-cü il tarixli məktubdan görünür ki, cavabdehin iddiaçıya 19.833,50 manat əsas, 4.543,51 manat faiz, 213,82 manat cərimə borcu vardır. Göstərilən tarixlər, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilməsi barədə bildirişlə maliyyə arayışının tərtib olunduğu tarix arasında 5 ay fərq olmuşdur.
54. Apellyasiya məhkəməsi işin mübahisəsiz hallarına münasibətdə qeyd etmişdir ki, cavabdehə borc illik 26% olmaqla verilmişdir. Belə olan halda aylıq faiz məbləği 429,72 manat təşkil etmişdir. Belə olan halda, Bank tərəfindən cavabdehə 2.148,60 manat faiz məbləği artıq hesablanmışdır. Çünki, 429,72 manat aylıq faiz məbləği 5 ay müddətində, yəni borcun ödənilməsi barədə bildirişin göndərildiyi tarixdən arayışın tərtib olunduğu tarixədək artıq olaraq hesablanmışdır.
55. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ekspertin müəyyən etdiyi faiz məbləği iddiaçının tələb etdiyi məbləğdən çox olduğuna görə, son hesablama tələb edilən faiz məbləğinə münasibətdə aparılmalı və cavabdehdən tutulmalı olan faiz borcu 2.394,91 manat müəyyən edilməli və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi
Q ə r a r a aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.