Məhkəmə qərarları › İş №2(1-8)-861/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-861/2026

04.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-861/2026 04.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh (“xxxx” Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): deliktdən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (“xxxx” ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Cavabdeh Cavabdeh təqsiri ucbatından (“Haval-H9” markalı **-KY-*** nömrəli avtomaşını park etmək üçün sürücülük vəsiqəsi olmayan azyaşlı oğluna etibar etməsi və bu zaman avtomaşın arxaya verilərkən iddiaçının maşınına dəyib onu əzməsi) ##.##.2023-cü il tarixdə saat 17:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı İddiaçı özünə məxsus “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə maddi ziyan dəymişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (“xxxx” ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan “VOLVO S 90” markalı, Az **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə cavabdehin təqsirli hərəkəti nəticəsində dəymiş zərərin aradan qaldırılması məqsədi ilə tələb olunan 8958,82 manat, keçmiş müddət ərzində avtomobilin ödənilməmiş 4 aylıq icarə haqqına görə 6976,76 manat, hüquqi yardım üçün vəkilə ödədiyi 200 manat və dövlət rüsumu olaraq ödədiyi 140 manat, ümumilikdə isə toplam olaraq 16275,58 manat pul vəsaitinin cavabdeh Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Iddia onunla əsaslandırılmışdır ki, “Haval-H9” markalı **-KY-*** nömrəli avtomobilin mülkiyyətçisi Cavabdeh avtomobilini idarə etmək üçün sürücülük hüququ olmayan, yetkinlik yaşına çatmayan şəxsə vermiş, bu səbəbdən qəza baş vermişdir. Cavabdeh Inzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsinə əsasən 180 manat cərimə edilmişdir. Eyni zamanda qəzanı törətmiş X2 yetkinlik yaşına çatmayan şəxs olduğundan mülki iş üzrə cavabdeh qismində onun qanuni nümayəndəsi tanınır. Belə olan halda həmçinin qəzanın baş verməsinin digər səbəbkarı kimi də hazırkı iş üzrə cavabdeh qismində Cavabdeh tanınmalıdır. Baş vermiş hadisə zamanı ona məxsus “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 13958,82 manat zərər dəymişdir. X1 MMC-nin “Volvo Servis” tərəfindən verilmiş ##.##.2023-cü il tarixli qüsur aktı də təsdiq edir. Zərərin 5000 manat hissəsi icbari sığorta şirkəti tərəfindən ödənilmiş, qalan 8958,82 manat hissəsinin ödənilməsi cavabdeh tərəfindən dəfələrlə tələb olunsa da, bir nəticə olmamışdır. Həmçinin “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilini ##.##.2022-ci il tarixli ** saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi əsasında “xxxx” MMC-nə hər ayı 1744,19 manat olmaqla 2 il müddətinə icarəyə vermişdir. Qəza baş verəndən sonra cavabdeh tərəfindən ödəniş vaxtında həyata keçirilmədiyindən avtomobil təmir edilməmiş və ona ödənilən icarə haqqı dayandırılmışdır. Artıq 4 aydan artıq bir müddədir ki, avtomobilə görə icarə haqqı ödənilmir, yəni ona 6976,76 manatdan artıq zərər də icarə haqqına görə vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1097.1, 1115-ci maddələrinə əsasən iddianın təmin olunması xahiş olunur.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia qismən təmin edilərək, Cavabdeh 7615 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

5. Məhkəmə iddiaçı tərəfin və cavabdeh tərəfin iddiaya olan dəlillərinə qiymət verərək hesab etmişdir ki, hər bir halda cavabdeh tərəfin məhz hüquq pozuntusu nəticəsində (yol-nəqliyyat hadisəsi) iddiaçının avtomobilinə zərər vurulması faktı mövcuddur və cavabdeh tərəf bu zərərin sığorta şirkəti tərəfindən tamamilə aradan qaldırılmasını bildirməsi ilə yanaşı, həmçinin bu qəzanın ehtiyatsızlıqla əhatə olunan təqsirli hərəkət olmaqla real olaraq vurulmuş ziyanı ödəməyə hazır olmalarını da qeyd etmişdir. Lakin cavabdeh tərəf iddiaçı tərəfin təqdim etdiyi qüsur aktının və buna dair verilmiş ekspertiza rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan mötəbər sübutlar təqdim etmədiyindən, cavabdehin ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillərinin ehtimal xarakterli olmasını nəzərə alaraq hesab edir ki, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Cavabdeh tərəfin təqdim etdiyi “xxxx” MMC-nin qiymətləndirmə rəyində göstərilənlər inandırıcı olmamaqla dəymiş ziyanın real vəziyyətini (məbləği) əks etdirmir.

6. Məhkəmə həmçinin qeyd etmişdir ki, avtomaşına fiziki olaraq baxış keçirmədən qoyulmuş suallar əsasında qiymətləndirmə aparmış “xxxx” MMC sözügedən avtomobilə dəymiş maddi zərərin 14706 manat civarında olmasını müəyyən etmişdir. Lakin sözügedən MMC-nin müəyyən etdiyi məbləğ iddia tələbində göstərilən məbləğdən artıq olduğu üçün məhkəmə iddiada göstərilən tələblər üzrə nəticəyə gəlinməsini mümkün saymışdır.

7. Beləliklə də, məhkəmə 2019-cu il buraxılışlı “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcinin avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12615 manat olmasını və sığorta şirkəti tərəfindən ziyanın 5000 manat hissəsinin ödənilməsini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 7615 manat tutulmalıdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097.1 və 1115-ci maddələri ilə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın qismən təmin olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin tələbə daxil olan ziyan hissəsindən biri kimi iddiaçı avtomaşını “xxxx” MMC-yə icarəyə verməsini, hər ay icarə haqqı olaraq 1744,19 manat icarə haqqı olmaqla 4 aylıq təmir müddətində ona əldən çıxmış fayda qismində 6976,76 manat ziyan dəydiyini göstərmişdir. Iddia bu hissədə Icarə müqaviləsinin asılı şəxslər arasında iddia tələblərini süni artırmaq məqsədilə yazılması birinci instansiya məhkəməsində müəyyən edildiyindən rədd edilmişdir. Lakin buna baxmayaraq, saxta sənəd tərtib olunması, vəzifə səlahiyyətlərindən sui-istifadə halları olması, sübutları saxtalaşdırma faktları (Cinayət Məcəlləsinin 294, 308, 313-cü maddələri) üzrə tələb etməyinə baxmayaraq xüsusi qərardad qəbul edilməmişdir. Avtomobilin həmin MMC-də təmir olunmadığı, bu qüsur aktı üzrə hansı təmir işləri görülməsi və dəyərinin ödənilməsi barədə təsdiqedici sübutlar təqdim olunmadığı halda, birinci instansıya məhkəməsi bu aktı işin hazırlıq mərhələsindən işin mübahisəsiz halı kimi qiymətləndirmişdir. Halbuki, məhkəmə mülki mübahisəni obyektiv araşdırsaydı, aşağıdakı səbəblərdən həmin qüsur aktına tənqidi yanaşardı: Qüsur aktında 2019-cu il buraxılışlı “Volvo S90” markalı avtomaşının qəza nəticəsində əzilmiş detallarının dəyəri təzə - əvvəllər əzilib düzəlməmiş detal qiymətləri ilə göstərilmişdir. Qəza günü sığorta əməkdaşının çəkdiyi fotoşəkillərdən aşıq-aydın həmin detalların örtük rənginin altında şpatlevka işləmələri olması aydın görünür və görüntülər iş materiallarınaa əlavə olunmaqla böyüdülmüş şəkildə işə baxan hakimə təqdim edilmişdir. Bundan başqa, AR DIN BDYPI nin *-**-**/*-****** saylı məktubundan görünür ki, 2019-cu il buraxılışlı “Volvo S90” avtomaşını həmin qəzaya qədər ##.##.2021-ci il tarixdə Bakı şəhəri, G.Mehdiyev küçəsində "Mitsubishi" markal, **-CS-*** dövlet qeydiyyat nişanlı avtomobillə, ##.##.2021-ci il tarixdə Bakı şəhəri, Heyder Əliyev prospektinde "isuzu" markalı, **-JK-*** dğviet qeydiyyat nişanlı yük avtomobili ilə, ##.##.2022-ci il tarixde Bakı şəhəri, Akademik H.Əi yev küçesinde "BMW" markalı **-LB- *** dovlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla 3 dəfə yol nəqliyyat hadisələrinin iştirakçısı olmuş, həmişə zərər çəkmişdir. Yəni iddia tələbində qeyd olunan ziyan məbləği təzə detallara aid olsa da, həmin sənədlərdən və fotoşəkillərdən görünür ki, əzilmiş detallar təzə detallar olmamışdır. Nəzərə alınsa ki, əvvəllər əzilib düzəlmiş həmin detallar indi də dəyişilmədən bərpa oluna bilərdi, iddianın şişirdilməsi açıq aydın anlaşılar. Birinci instansiya məhkəməsi obyektiv olsaydı, BDYPI-nin *-**-**/*-****** saylı məktubunu və hadisə günü çəkilmiş foto və video görüntüləri işin mübahisəsiz halı kimi qiymətləndirərək, mübahisənin həlli istiqamətində doğru qərarlar qəbul edərdi. 2019-cu il buraxılışlı “Volvo S90” avtomaşını hadisəyədək 3 dəfə toqquşma hadisəsində olub və 4 il istismar olunub. Təbii ki, belə avtomaşının həmin hadisələr fonunda və istismar prosesində mexaniki hərəkət hissələri aşına bilər və dəyişilməli ola bilər (bu da böyük sual altındadır, çünki iddiaçı iddiasının həmin hissəsini sübut etməmiş, avtomaşının bu hissələrinin dəyişilməsi və dəyərinin ödənilməsi barədə təsdiqedici sübutları məhkəməyə təqdim etməmişdir), bu o demək deyil ki, həmin hissələr məhz ##.##.2023-cü il tarixdə olan qəzada aradan qaldırıla bilməcək dərəcədə zədələnmişdir. “xxxx” MMC-nin qüsur aktında böyük hissəni həmin ehtiyat hissələri tutur. Buna isə müvəkkilim heç bir halda cavabdeh ola bilməz. Birinci instansiya məhkəməsində hazırlıq mərhələsində tərəfimizdən verilən vəsatətlərdə bunlar aydın şəkildə yazılmağına, şifahi şəkildə izah olunmasına baxmayaraq hakim iddianı artırmaq məqsədilə ona saxta sənədlər təqdim edən iddiaçının mövqeyindən çıxış etmişdir. Ekspertiza aparılması zamanı iş materialları təqdim edilən ekspert işin mübahisəsiz halı kimi yuxarıda göstərilən halları qəbul edib, dəymiş ziyanın 1320 manat həcmində qiymətləndirir, lakin qətnamədə hakim deyir yox, bunlar düzgün deyil. Həmin qiymət işin mübahisəsiz halları üzrə- foto-video görüntülər, avtomobilin əvvəllər daha 3 dəfə vurulması nəzərə alınmaqla “xxxx” MMC-nin keçirdiyi qiymətləndirmə rəyinə dair Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli rəy üzrə gəldiyi nəticədir və işin halları ilə heç bir ziddiyyət təşkil etmir. Həmin rəydə eyni zamanda xxxx MMC-nin qüsur aktında olan qiymətlərə də münasibət bildirilmişdir. Məsələ ondadır ki, xxxx MMC-nin qüsuraktında göstərilən əzilən detalların həqiqətən yenisi ilə əvəz olunması, eyni zamanda mexaniki hərəkət hissəsi detallarınıın məhz qəza nəticəsində zərər görməsi iddiaçı tərəfindən sübut olunmamışdır (avtomobil xxxx MMC-də təmirolunmaması bildirilmiş, təmirə dair xxxx MMC-nin aktı, hesab-fakturası və ödəniş sənədləri hakim tərəfindən tələb olunsa da təqdim edilməmişdir). Lakin hakim əvvəldən bu qüsur aktını işin mübahisəsiz halı hesab etmişdir. Tərəfimizdən təqdim olunan vəsatətlərdə yuxarıda qeyd etdiyimiz arqumentlərin yoxlanması üçün avtomaşının ekspertə təqdim olunması tələb edilsə də, ekspert bu barədə vəsatət versə də iddiaçı bunu təmin etməmişdir. Səbəb çox sadədir: yenisi ilə əvəz edildiyi iddia edilən detalların əslində yeni olmadığı, dəmirçi tərəfindən bərpa olunduğu, faktiki mövcud olan detalların üzərindəki zavod sıra nömrələrinin avtomaşın istehsal olunduğu vaxtdan həmin avtomaşının üzərində olması, yəni dəyişilmədiyi aşkar olunardı. Iddiaçı tələblərini sübut etmədiyi halda, işə baxan hakim bunu görməzdən gəlmişdir, halbuki dəfələrlə diqqətinə çatdırılmışdır. Beləliklə, deliktlə əlaqədar formalaşmış məhkəmə təcrübəsinə və Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2022-ci il tarixli qərarında göstərilən hallar sübut olunmamışdır: Zərərin mövcud olması (zərərin tam həcmi, detalların yenisi ilə əvəz olunması və çəkilən xərclər iddiaçı tərəfindən sübut olunmamışdır); Təqsirli hərəkət (mövcuddur, tərəfimizdən etiraf edilmişdir); Zərərlə təqsirli hərəkət arasında səbəbli əlaqə (4 il istismar olunmuş və hadisədən əvvəl 3 dəfə vurulmuş avtomaşının müxaniki hərəkət hissələri ilə əməl arasında əlaqə müəyyən olunmamışdır).

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Akif Isgəndərov (sədrlik edən və məruzəçi), Səadət Səlimova və Azad Imanov) apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, yol-nəqliyyat hadisəsindən 4 gün sonra “xxxx” MMC tərəfindən ##.##.2023-cü il tarixli qüsur aktı tərtib edilmiş və bu aktda avtomobilə 13958,82 manat zərər dəyməsi qeyd edilmişdir.

13. Cavabdeh tərəfin təqdim etdiyi “xxxx” MMC-nin ekspert rəyindən görünür ki, “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyat vasitəsinin qüsurları nəzərə alınaraq bərpa-təmiri üçün laxım olan ehtiyat hissələri və işçilik xərcinin ümumi dəyəri 3220 manat təşkil edir.

14. Cavabdeh tərəf “xxxx” MMC-nin verdiyi ##.##.2023-cü il tarixli qüsur aktı ilə razılaşmadığından və dəymiş zərərin iddia olunan məbləğdən daha az olmasına dair müvafiq rəy təqdim etdiyindən məhkəmə tərəfindən yaranmış ziddiyətin aradan qaldırılması məqsədi ilə müvafiq ekspertizalar təyin edilmişdir.

15. Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli rəyi ilə (nəticə hissəsi) İ sual üzrə nəzəri hesablama yolu ilə iş materiallarında “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli qüsur akıtndakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12615 manat müəyyən edilmişdir. Dəyişilməli hissələrin qiyməti 11435,00 manat, təmir bərpa işlərinin qiyməti 1180 manat. II sual üzrə nəzəri hesablama yolu ilə iş materiallarında “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli qüsur akıtndakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Volvo S90” markalı **-GY- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1320 manat müəyyən edilmişdir. Dəyişilməli hissələrin qiyməti 500 manat, təmir bərpa işlərinin qiyməti 820 manat. Qüsur aktında göstərilən ötürücü mexanizmlərin (xodovoyun) diaqnostikası və usta işləri üzrə kifayət qədər məlumat olmadığından həmin təmir-bərpa işləri üzrə qiymətləndirmə aparılmadı. III və IV suallar üzrə: “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisədən sonra təmir olunduğuna görə məhkəmə yol nəqliyyat hadisələri ekspertizası aparılmamışdır.

16. Məhkəmə kollegiyası iddiaçı tərəfin və cavabdeh tərəfin iddiaya olan dəlillərinə qiymət verərək hesab etmişdir ki, hər bir halda cavabdeh tərəfin məhz hüquq pozuntusu nəticəsində (yol-qəza hadisəsi) iddiaçının avtomobilinə zərər vurulması faktı mövcuddur və cavabdeh tərəf bu zərərin sığorta tərəfindən tamamilə aradan qaldırılmasını bildirməsi ilə yanaşı həmçinin də bu qəzanın ehtiyatsızlıqla əhatə olunan təqsirli hərəkət olmaqla real olaraq vurulmuş ziyanı ödəməyə hazır olmalarını da qeyd etmişdir. Lakin cavabdeh tərəf iddiaçı tərəfin təqdim etdiyi qüsur aktının və buna dair verilmiş ekspertiza rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan mötəbər sübutlar təqdim etmədiyindən, cavabdehin ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillərinin ehtimal xarakterli olmasını nəzərə alaraq hesab edir ki, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Cavabdeh tərəfin təqdim etdiyi “xxxx” MMC-nin qiymətləndirmə rəyi obyektiv olmayaraq vurulmuş ziyanla bağlı göstərilənlər inandırıcı olmamaqla yanaşı dəymiş ziyanın real vəziyyətini (məbləği) əks etdirmir.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, avtomaşına fiziki olaraq baxış keçirmədən qoyulmuş suallar əsasında qiymətləndirmə aparmış “xxxx” MMC də sözügedən avtomobilə dəymiş maddi zərərin 14706 manat civarında olmasını müəyyən etmişdir. Lakin sözügedən MMC-nin müəyyən etdiyi məbləğ iddia tələbində göstərilən məbləğdən artıq olduğu üçün məhkəmə iddiada göstərilən tələblər üzrə nəticəyə gəlinməsini mümkün saymışdır.

18. Birinci instansiya məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli ekspert rəyini və ödənilmiş sığorta məbləğini nəzərə alaraq avtomobilə dəymiş ziyanı 7615 manat hissəsində təmin etmişdir.

19. Cavabdeh adı çəkilən ekspert rəyinin birinci instansiya məhkəməsi tərəfindən mötəbər sübut kimi qəbul edilməsi ilə razılaşmamış və apellyasiya şikayətinin əsas dəlili kimi də məhz bu hala istinad etmişdir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini əsassız sayaraq qeyd etmişdir ki, ekspert rəyi kifayət qədər əsaslandırılmışdır və həmin rəydə göstərilən məlumatları şübhə altına almaq üçün hər hansı əsas yoxdur.

21. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1096.2, 1097.1 və 1115-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (vəkil vəkil2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək ziyanın tam həcmini müəyən edən sübutların yenidən qiymətləndirilməsi, məhkəməyə saxta sübutların təqdim edilməsi faktına hüquqi qiymət verilməsi üçün işin apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə tərəfindən vurulmuş ziyanın real həcmi müəyyən edilməmiş, iddiaçının təqdim etdiyi qüsur aktı və digər sənədlər tənqidi qiymətləndirilmədən sübut kimi qəbul edilmişdir. Halbuki, iş materiallarından görünür ki, mübahisəli avtomobil hadisədən əvvəl bir neçə dəfə yol nəqliyyat hadisələrinin iştirakçısı olmuş, dəfələrlə təmir və rəngləmə işləri aparılmışdır. Buna baxmayaraq, məhkəmə əvvəlki zədələri və avtomobilin real bazar dəyərini nəzərə almadan şişirdilmiş məbləğdə zərər müəyyən etmişdir. Eyni zamanda, təqdim etdikləri foto-video materiallara, DIN BDYPI-nin məktubuna və ekspertiza rəylərinə düzgün hüquqi qiymət verilməmiş, cavabdehin vəsatətləri təmin olunmamışdır. Məhkəmə avtomobilin faktiki olaraq ekspert baxışına təqdim edilməməsinə, dəyişdirildiyi iddia olunan hissələrin həqiqətən dəyişdirilib-dəyişdirilməməsinin sübut edilməməsinə baxmayaraq, iddiaçının tələblərini əsaslı hesab etmişdir. Bundan əlavə, sığorta ödənişləri və subroqasiya məsələləri tam araşdırılmamış, iddiaçının əsassız varlanma ehtimalına qiymət verilməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik).

27. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır.

28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

29. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini iş materiallarına əsasən araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə sübutlara tam, obyektiv və hərtərəfli hüquqi qiymət verilməmiş, nəticədə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmayan qətnamə qəbul edilmişdir.

40. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında əsas mübahisə avtomobilə dəymiş ziyanın real həcmi ilə bağlıdır. Iddiaçı tərəfindən təqdim edilmiş “xxxx” MMC-nin ##.##.2023-cü il tarixli qüsur aktında avtomobilə dəymiş zərərin 13958,82 manat təşkil etdiyi göstərilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin həmin akt üzrə apardığı hesablamada isə təmir-bərpa xərci köhnəlmə faizi tətbiq edilməklə təxminən 12615 manat müəyyən olunmuşdur. Digər tərəfdən, cavabdeh tərəfindən təqdim olunmuş “xxxx” MMC-nin rəyində avtomobilin təmir-bərpa xərci daha az məbləğdə qiymətləndirilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli rəyinin II nəticə hissəsində isə iş materiallarında olan məlumatlar əsasında, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə avtomobilin təmir-bərpa xərcinin təxminən 1320 manat təşkil etdiyi göstərilmişdir.

41. Göründüyü kimi, iş üzrə eyni predmetlə bağlı təqdim edilmiş sübutlar və ekspert rəyləri arasında kəskin ziddiyyət mövcud olmuşdur. Lakin apellyasiya məhkəməsi həmin ziddiyyətin aradan qaldırılması istiqamətində zəruri araşdırma aparmamış, bir rəyi digərindən üstün tutmasının səbəblərini konkret hüquqi və faktiki əsaslarla izah etməmişdir. Halbuki cavabdeh tərəfindən iş üzrə avtomobilin hadisədən əvvəl bir neçə dəfə yol-nəqliyyat qəzaəya uğraması, həmin qəzalar nəticəsi olan əvvəlki zədələrin və təmir izlərinin mövcudluğu, dəyişdirildiyi iddia olunan detalların əvvəldən zədələnmiş olması, eləcə də foto-video materiallar və BDYPI məktubu təqdim edilmişdir. Apellyasiya məhkəməsi isə həmin sübutların zərərin həcminin müəyyən olunmasında istifadəsini təmin etməmişdir.

42. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, ekspertiza avtomobilə faktiki baxış keçirilmədən aparılmış, Məhkəmə Ekspertiza Mərkəzi avtomobil hadisədən sonra təmir olunduğuna görə və iddiaçı tərəfindən avtomobil ekspertizaya təqdim olunmadığından ekspertizasının keçirilməsinin mümkün edilmədiyini göstərmişdir. Buna baxmayaraq, məhkəmə avtomobilin faktiki vəziyyətinin müəyyən edilməməsini, dəyişdirildiyi iddia olunan hissələrin həqiqətən dəyişdirilib-dəyişdirilməməsini və təmir işlərinin real həcmini araşdırmadan iş üzrə yekun nəticəyə gəlmişdir.

43. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırkı iş üzrə isə apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar müqayisəli və kompleks şəkildə qiymətləndirilməmiş, ekspert rəyləri arasındakı ziddiyyət aradan qaldırılmadan yekun nəticəyə gəlinmişdir.

44. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə zərərin real həcmi kifayət qədər ziddiyyətli sübutlar əsasında müəyyən edilmiş, tərəflərin təqdim etdikləri və işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlar tam və hərtərəfli araşdırılmala hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə iş materiallarında olan sübutların məcmusu ilə uzlaşmadığından qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

45. Işə yenidən baxılarkən ekspert rəyləri arasındakı ziddiyyət aradan qaldırılmalı, avtomobilin əvvəlki qəzaları və əvvəlki təmir işləri araşdırılmalı, təqdim olunmuş foto-video materiallara və digər sübutlara hüquqi qiymət verilməli, zərərin real həcmi müəyyən edilməlidir.

46. Işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, bundan sonra toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar