Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-863/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı QSC (bundan sonra- iddiaçı) ilə Cavabdeh (bundan sonra- cavabdeh) arasında ##.##.2024-cü il tarixdə bağlanmış “Karta dair xidmətlərin göstərilməsi” müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə, “X3 My Card” debit növlü kart hesabı açılmaqla ona debet kart təqdim edilmişdir. Həmin münasibətlər çərçivəsində cavabdeh ##.##.2024-cü il tarixli ərizədə iddiaçı tərəfindən tərtib edilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olduğunu və onları qəbul etdiyini göstərmiş, habelə həmin ərizədə istifadə edilmiş anlayışların “Bank Xidmətlərinin Göstərilməsi haqqında müqavilənin Ümumi Şərtləri” ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Eyni zamanda, cavabdeh ərizə/müqavilə və ya istənilən digər öhdəlikləri üzrə banka ödəməli olduğu vəsaitin, o cümlədən göstərilmiş bank xidmətlərinə görə xidmət haqqının və bank hesabına səhvən mədaxil edilmiş məbləğlərin ödəmə tarixindən etibarən onun bankdakı hesablarından birtərəfli qaydada bankın xeyrinə silinməsinə etiraz etmədiyini bəyan etmişdir.
2. ##.##.2024-cü il tarixə cavabdehin debit növlü kart hesabından 42.357 manat məbləğində pul vəsaiti məxaric edilmişdir.
3. ##.##.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə iddiaçı tərəfindən cavabdehə “X2 My Card”dan istifadə edilməklə aparılmış əməliyyat nəticəsində overdraft üzrə ##.##.2024-cü il tarixə 41.758,45 manat məbləğində borcun yarandığı bildirilmiş və yaranmış borcun 3 iş günü ərzində ödənilmədiyi təqdirdə borcun məcburi qaydada alınması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir.
4. İddiaçının ##.##.2024-cü il tarixli maliyyə arayışına əsasən ##.##.2024-cü il tarixə qeyd edilən debit kartı üzrə 41.758,40 manat məbləğində borc yaranmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə ##.##.2024-cü il tarixli müqavilə üzrə overdraft nəticəsində yaranmış 41.758,45 manat borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 215,27 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli karta dair xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən, cavabdehin sifariş ərizəsinə əsasən onun adına “X3 My Card” debit növlü kart hesabı açılmış və müvafiq nömrəli kart cavabdehə təhvil verilmişdir. Kartın və PİN kodun cavabdeh tərəfindən alınması təsdiq olunur. 2024-cü ilin aprel ayından etibarən kart vasitəsi ilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı texniki overdraft nəticəsində, yəni istinad olunan kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyat aparılmışdır. Belə ki, texniki overdraft nəticəsində artıq məbləğdə aparılan əməliyyat 41.758,45 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh overdraft nəticəsində yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən ##.##.2024-cü il tarixli məktubla xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Tərəflər arasında bağlanmış yuxarıda qeyd edilən ərizəyə əsasən, cavabdeh bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmçinin cavabdeh ərizə və ya istənilən digər öhdəliklər üzrə banka ödəməli olduğu vəsaitin, o cümlədən göstərilmiş Bank Xidmətlərinə görə xidmət haqqının və bank hesabına səhvən mədaxil edilmiş məbləğlərin ödəmə tarixindən etibarən onun Bankdakı hesablarından birtərəfli qaydada Bankın xeyrinə silinməsinə etiraz etmədiyini bəyan etmişdir. “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”nin əsas anlayışlar bəndinin 1.95-cı bəndinə əsasən, texniki (icazə verilməmiş) overdraft - tərəflər arasında overdraftın təqdim edilməsi barədə razılaşma olmadığı halda, kart istifadəçisi tərəfindən kart vasitəsilə kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyatların aparılmasıdır. “Overdraft nəticəsində yaranmış borc bu Müqavilənin 5.9-cu bəndinə əsasən, overdraft nəticəsində borc yarandıqda müştəri həmin borcun 3 iş günü ərzində banka geri qaytarılmasını təmin etməlidir. Həmin müqavilənin 5.10-ci bəndinə əsasən overdraft nəticəsində yaranmış borc ümumi şərtlərin 5.10cu bəndində nəzərdə tutulmuş müddətdə banka qaytarılmadıqda, yaranmış borc üzrə bank müştəriyə illik 25 faiz dərəcəsi ilə faizlar hesablaya bilər. Bu halda müştəri yaranmış borcu hesablanmış faizlərlə birlikdə ən geci 30 təqvim günü ərzində Banka ödəməlidir. Faizlərin hesablanması borc tam ödənilən günə qədər davam edir.
7. Cavabdeh iddiaya etibaz edərək göstərmişdir ki, X1 adlı tanışının xahişi ilə Bankdan kart almışdır və həmin kartı özü istifadə etmədən Rövşən Əliyevə vermişdir. Rövşən Əliyev yeznəsi Tapdıq adlı şəxslə iş birliyi quracaqdı. O, kartdan hər hansı pul çəkməmişdir. Buna görə də ona qarşı yönəlmiş bu tələb əsassızdır.
8. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Banka aid aparılmış əməliyyatlara dair prosessinq sistemində cavabdehin adına açılmış kart hesabı üzrə ##.##.2024-cü il tarixdə 42.357,30 manat dəyərində texniki overdraftın yaranmasına dair rəqəmsal qeydlər aşkar olundu. Eyni zamanda qeyd olunan məbləğin “M10” üzərindən məxaric olunması aşkar olundu. Banka məxsus prosessinq sistemi üzrə əldə edilən qeydlərə əsasən yaranmış overdraft üzrə borcdan ##.##.2024- cü il tarixdə 599,70 manat geri mədaxil olunmuşdur. Yaranmış texniki overdraft üzrə borcdan 599,70 manat geri mədaxil olunduqdan sonra 41.757,60 manat qalıq borcun olmasına dair bankın aparılmış əməliyyatlara dair prosessinq sistemində rəqəmsal qeydlər müəyyən olundu.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddia qismən təmin edilərək, texniki overdraft nəticəsində yaranmış 41.757,60 manat borc məbləğinin və 215,27 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh heç bir əsas olmadan və özünə məxsus olmayan pul vəsaitlərini bankdan almaqla iddiaçının hesabına əsassız varlanmışdır. Ona görə də 41.757,60 manat borcun tutulması hissəsində iddia təmin edilməli və iddia qalan hissədə təmin edilməməlidir.
11. Cavabdehin bank kartının onun adına formal qeydiyyata alınmaqla faktiki olaraq onun istifadəsində olmadığına dair etirazlarına gəldikdə isə məhkəmə qeyd etmişdir ki, bank kartının iddiaçının könüllü bağladığı müqaviləyə əsasən onun adına rəsmiləşdirilməsi və kartın ona təhvil verilməsi iş materialları ilə təsdiq olunduğundan, pul vəsaitlərinin onun deyil üçüncü şəxs təfərindən nağdlaşdırılması iddia tələbinin rədd edilməsi üçün əsas deyil.
12. Belə ki, hazırki iddia cavabdehin üçüncü şəxsin hərəkətləri nəticəsində məruz qaldığı maddi ziyanın müəyyənləşdirilməsi ilə deyil, tərəflərin arasında bağlanmış bank kartı müqaviləsi əsasında cavabdehin yarandığı overdraft öhdəlikləri (overdraft nəticəsində alınmış pulun geri qaytarılması) ilə bağlıdır.
13. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 385.1, 462.1, 1091.1, 1091.2-ci, habelə MPM-nin 14.2, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, formal olaraq tərəflər arasında kartın alınması və istifadəsi ilə bağlı müqavilə bağlansa da, bu şəxsin çatmaq istədiyi hüquqi nəticəni və həqiqi iradə ifadəsini əks etdirməmişdir. Yəni şəxsdən bu kartın alınmasını digər şəxslər istəmiş və burada da həqiqi niyyət həmin şəxslərin bu kartlardan öz bizneslərində edilən ödənişlərin fiziki şəxs kartlarına yönləndirilməsi və əsas niyyət olaraq vergi öhdəliklərindən yayınması olmuşdur. Onun bu haldan məlumatı olmamış və ümumiyyətlə həmin şəxslərin biznesləri ilə əlaqəsi olmamışdır. O, yalnış tanışlıqdan irəli gələn motivi əsas tutaraq debit kartını almış və dərhal həmin şəxslərə təhvil vermişdir. Bunun sübutu olaraq Korrupsiyaya Qarşı Mübarizə İdarəsində onun faktiki zərərçəkmiş şəxs kimi tanındığı araşdırma işini göstərmək olar. Hətta bununla bağlı o, həmin İdarəyə çağrılmış və ondan şikayət ərizəsi alınmışdır. Həmin İdarədə o daxil olmaqla yüzlərlə belə şəxslərin adlarına alınmış kartlarla bağlı araşdırma gedir. Yəni bu şəxslərin adlarına kartlar aldıran şəxslər mütəşəkkil qaydada hərəkət ediblər. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə vəkil sorğusu təqdim edilsə də, nə təsdiq nə də inkaredici bir cavab verilməmişdir. Həmçinin, məhkəmə tərəfindən verilən sorğu da cavabsız qalmışdır. Lakin faktiki olaraq həmin araşdırmanın getməsi tam həqiqətdir. Göründüyü kimi, mübahisə üzrə həmin əqdin etibarsızlığını yoxlamaq məhkəmənin vəzifəsidir. İş materiallarından göründüyü kimi məhkəmə öz səlahiyyətlərindən lazımınca istifadə etməmiş və sorğusuna mənfi və müsbət cavab almadan iş üzrə qətnamə qəbul etmişdir ki, bu ədalətlilik prinsipini pozmuşdur.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən, məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın hər hansı formada (tam və ya qismən) rədd edilməsinə əsaslar yoxdur.
18. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə istinadən ilk növbədə qeyd etmişdir ki, karta (mövcud vəziyyətdə debet) dair xidmətlərin göstərilməsindən irəli gələn müqavilə münasibətləri ##.##.2024-cü il tarixdə məhz iddiaçı ilə cavabdeh arasında yaranmış və onlardan başqa hər hansı digər şəxs bu müqavilənin tərəfi qismində çıxış etməmiş, bununla bağlı “X3 My Card” debit növlü kart hesabı cavabdehin adına açılmış və müvafiq nömrəli debet kartı məhz ona təqdim edilmişdir. Cavabdeh özü də iddiaçı tərəfindən kartın şəxsən ona təhvil verilməsindən sonra bu kartı üçüncü şəxsə (şəxslərə) ötürdüyünü bildirir. Bununla belə, hüquqi nəticə etibarı ilə cavabdeh həmin müqavilə üzrə onunla iddiaçı arasında öhdəlik münasibətləri yarandıqdan sonra, həmin müqavilənin şərtlərinə uyğun olaraq onun adına açılmış debet hesabını, habelə bu hesabdan istifadə edilməsi imkanını yaradan debet kartını üçüncü şəxsin (şəxslərin) sərəncamına vermişdir.
19. İddiaçının bu barədə məlumatlı olması, habelə cavabdehin bu barədə iddiaçını xəbərdar etməsi halı müəyyən edilmir. Belə olan halda, cavabdehin iddiaçı ilə müqavilə münasibətlərinə məhz bu niyyətlə daxil olması həmin müqavilənin formal bağlanması kimi qiymətləndirilə bilməz və bu baxımdan müqavilənin etibarsız hesab edilməsi üçün əsas yaratmır. Bu müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı digər əsas da müəyyən edilmir. Bu səbəbdən apellyasiya şikayətinin bu qəbildən olan dəlilləri əsassızdır və təmin edilə bilməz.
20. Məhkəmə kollegiyası iddiaçı tərəfindən tələb edilən məbləğlə bağlı qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə aralarında yaranmış müqavilə münasibətləri çərçivəsində tanış olaraq qəbul etdiyi “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”nin 5.9- cu bəndində Overdraft və ya Chageback nəticəsində yaranmış borcun müştəriyə bu barədə bank tərəfindən məlumat verildikdən sonra müştərinin həmin borcun 3 iş günü ərzində banka geri qaytarılması vəzifəsi müəyyən edilmişdir. Lakin sənədin yuxarıda göstərilən adından da göründüyü kimi, bu müddəa bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərti kimi təsbit edilmişdir. Bu da öz növbəsində həmin müddəanın birmənalı şəkildə tərəflər arasında yaranmış müqavilə münasibətlərinə də tətbiq edilməsini şərtləndirmir. Bu hal ümumi şərtlərin 1-ci bəndində əks etdirilmiş əsas anlayışlarla da təsdiq olunur.
21. Belə ki, bu bənddə overdraftın (1.80 yarımbənd), habelə texniki overdraftın (1.95-ci yarımbənd) anlayışı verilmiş və overdraft – kart hesabında olan pul vəsaitinin kartdan istifadə etməklə aparılan əməliyyatlar üçün kifayət etmədikdə, həmin əməliyyatların icrası üçün tələb olunan vəsaitin çatışmayan hissəsinin müqavilə ilə razılaşdırıldığı təqdirdə bank tərəfindən ödənilməsi kimi, texniki (icazə verilməmiş) overdraft isə tərəflər arasında overdraftın təqdim edilməsi barədə razılaşma olmadığı halda, kart istifadəçisi tərəfindən kart vasitəsi ilə kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyatların aparılması kimi müəyyən edilmişdir.
22. Başqa sözlə, belə bir əməliyyatın aparılmasının mümkünlüyü müqavilə ilə razılaşdırılmadan asılı edilmişdir. Lakin iddiaçı aralarında yaranmış müqavilə münasibətləri çərçivəsində belə bir əməliyyatların aparılmasının razılaşdırılmadığını bildirir, məhkəmə kollegiyası tərəfindən bunun əksi müəyyən edilmir. Bu baxımdan həmin münasibətlər çərçivəsində iddiaçı tərəfindən cavabdehə hüquqi nəticə etibarı öhdəlikdən kənar pul verilmişdir ki, həmin vəsait də iddiaçı tərəfindən məhz əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
23. Bununla belə, məhkəmə kollegiyası məhkəmə muhasibat ekspertizası üzrə aparılmış ekspert tədqiqatı nəticəsində AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli ekspert rəyini mötəbər sübut kimi qəbul edib vurğulamışdır ki, cavabdeh hüquqi nəticə etibarı ilə hər hansı qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına 41.757,60 manat məbləğində pul əldə etmiş və sonuncuya məxsus olan bu məbləğ hesabına əsassız olaraq varlanmışdır.
24. Bu səbəbdən həmin məbləğ iddiaçının tələbi ilə əsassız varlanma qaydalarına uyğun olaraq cavabdeh tərəfindən geri qaytarılmalıdır. Bu da öz növbəsində bu məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını şərtləndirir. Bu baxımdan birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmuşdur.
25. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 324.1, 324.4, 390.1, 337.1, 386.1, 439.4, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci, habelə MPM-nin 14.2, 77.1, 217.1, 217.3, 217.4, 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış ##.##.2024cü il tarixli karta dair xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən, cavabdehin sifariş ərizəsi əsasən onun adına “X3 My Card” debit növlü kart hesabı açılmış və müvafiq nömrəli kart cavabdehə təhvil verilmişdir. Lakin bu müqavilə sırf formal xarakter daşımış, bu cavabdehin çatmaq istədiyi hüquqi nəticəni və həqiqi iradə ifadəsini əks etdirməmişdir. Yəni, şəxsdən bu kartın alınmasını digər şəxslər istəmiş və burada da həqiqi niyyət həmin şəxslərin bu kartlardan öz bizneslərində edilən ödənişlərin fiziki şəxs kartlarına yönləndirilməsi və əsas niyyət olaraq vergi öhdəliklərindən yayınması olmuşdur. Cavabdehin bu haldan məlumatı olmamış və ümumiyyətlə həmin şəxslərin biznesləri ilə əlaqəsi olmamışdır. Cavabdeh, yalnış tanışlıqdan irəli gələn motivi əsas tutaraq debit kartını almış və dərhal həmin şəxslərə təhvil vermişdir. Bunun sübutu olaraq Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cavabdehin faktiki zərərçəkmiş şəxs kimi tanındığı araşdırma işini göstərmək olar. Hətta bununla bağlı cavabdeh, həmin İdarəyə çağrılmış və ondan şikayət ərizəsi alınmışdır. Həmin İdarədə cavabdeh daxil olmaqla yüzlərlə belə şəxslərin adlarına alınmış kartlarla bağlı araşdırma gedir. Yəni bu şəxslərin adlarına kartlar aldıran şəxslər mütəşəkkil qaydada hərəkət ediblər. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə vəkil sorğusu təqdim edilsə də, nə təsdiq nə də inkaredici bir cavab verilməmişdir. Həmçinin, məhkəmə tərəfindən verilən sorğu da cavabsız qalmışdır. Lakin məhkəmə öz sorğusunda israrla olmamış və İdarə tərəfindən sorğunu cavabsız qalmasına biganə yanaşmışdır. Halbuki məhkəmə sorğularının cavablanması hər kəs üçün məcburidir və iş üçün əhəmiyyətli olan halların müəyyənləşdirilməsi üçün vacib rol oynayacaqdır. Həmçinin nəzərə alsaq ki, mübahisə üzrə həmin əqdin etibarsızlığını yoxlamaq məhkəmənin təbii vəzifəsidir, bu halda da müqavilənin etibarsızlığına səbəb olan halı aydınlaşdırılmalı idi. Bununla Bakı Apellyasiya məhkəməsində olan icraat zamanı cavabdeh tərəfindən vəsatət verilsə də təmin edilməmiş və müvfaiq İdarəyə sorğu göndərilməsindən imtina edilmişdir. Lakin maraqlı tərəf bundan ibarətdir ki, məhkəmə qətnamə ilə birlikdə xüsusi qərardad qəbul edərək cinayət tərkibinin olması ehtimalı əsasında araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərmişdir və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ##.##.2026-ci il tarixində verilən cavab məktubunda bu kimi kartlardan istifadə edilməsi ilə bağlı cinayət işinin başlanması təsdiq edilmiş və işin aparılması üçün “Kiber cinyətkarlıqla Mübarizə Baş İdarəsinə” göndərildiyi bildirilmiş və hazırkı sözügedən kartla da bağlı işin digər göndərilən işlərlə bir icraatda birləşdirilərək aidiyyət üzrə göndərilmişdir. Cavabdeh tərəfindən Kiber cinyətkarlıqla Mübarizə Baş İdarəsinə dərhal zərərçəkmiş şəxs qismində tanınması üçün ərizə verilsə də hələ ki həmin İdarəyə dəvət edilməmişdir. Göründüyü kimi məhkəmə icraatında olarkən bu faktın təsbit edilməsi üçün müvafiq vəsatətlər təmin etməmişdir lakin məhkəmə aktı qəbul etdikdən sonra xüsusi qərardad qəbul etmişdir ki, bu da cavabdehin müdafiə imkanlarını xeyli məhdudlaşdırmışdır. Hesab edirik ki, cavabdehin həmin iş üzrə zərərçəkmiş şəxs kimi tanınması iddiaçı ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün ciddi əsasdır lakin işə baxan məhkəmələr bu halın müəyyənləşdirilməsi üçün heç bir hərəkət etməmişlər və işin hərtərfli aparılması prinsispini pozaraq öz səlahiyyətlərindən passiv “istifadə” etmişlər.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 324.1 Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
30. Maddə 324.4 Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
31. Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
32. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
33. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
34. Maddə 439.4 Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
35. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
36. Maddə 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
37. Maddə 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
38. Maddə 1093.1 Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər
39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi
50. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
51. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
52. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında ##.##.2024-cü il tarixdə bağlanmış “Karta dair xidmətlərin göstərilməsi” müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə, “X3 My Card” debit növlü kart hesabı açılmaqla, ona debet kart təqdim edilmişdir. Cavabdeh ##.##.2024-cü il tarixli ərizəsində iddiaçı tərəfindən tərtib edilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olduğunu və onları qəbul etdiyini göstərmişdir. ##.##.2024-cü il tarixə cavabdehin debit növlü kart hesabından 42.357 manat pul vəsaiti məxaric edilmişdir.
53. Apellyasiya məhkəməsi cavabdehin dəlillərinə istinadən ilk növbədə qeyd etmişdir ki, karta (mövcud vəziyyətdə debet) dair xidmətlərin göstərilməsindən irəli gələn müqavilə münasibətləri ##.##.2024-cü il tarixdə məhz iddiaçı ilə cavabdeh arasında yaranmış və onlardan başqa hər hansı digər şəxs bu müqavilənin tərəfi qismində çıxış etməmiş, bununla bağlı “X3 My Card” debit növlü kart hesabı cavabdehin adına açılmış və müvafiq nömrəli debet kartı məhz ona təqdim edilmişdir. Cavabdeh özü də iddiaçı tərəfindən kartın şəxsən ona təhvil verilməsindən sonra bu kartı üçüncü şəxsə (şəxslərə) ötürdüyünü bildirir. Bununla belə, hüquqi nəticə etibarı ilə cavabdeh həmin müqavilə üzrə onunla iddiaçı arasında öhdəlik münasibətləri yarandıqdan sonra, həmin müqavilənin şərtlərinə uyğun olaraq onun adına açılmış debet hesabını, habelə bu hesabdan istifadə edilməsi imkanını yaradan debet kartını üçüncü şəxsin (şəxslərin) sərəncamına vermişdir.
54. İddiaçının bu barədə məlumatlı olması, habelə cavabdehin bu barədə iddiaçını xəbərdar etməsi halı müəyyən edilmir. Belə olan halda, cavabdehin iddiaçı ilə müqavilə münasibətlərinə məhz bu niyyətlə daxil olması həmin müqavilənin formal bağlanması kimi qiymətləndirilə bilməz və bu baxımdan müqavilənin etibarsız hesab edilməsi üçün əsas yaratmır. Bu müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı digər əsas da müəyyən edilmir. Bu səbəbdən apellyasiya şikayətinin bu qəbildən olan dəlilləri əsassızdır və təmin edilə bilməz.
55. Apellyasiya məhkəməsi iddiaçı tərəfindən tələb edilən məbləğlə bağlı qeyd etmişdir ki, tərəflər arasında yaranmış müqavilə münasibətləri çərçivəsində tanış olaraq qəbul etdiyi “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”nin 5.9- cu bəndində Overdraft və ya Chageback nəticəsində yaranmış borcun müştəriyə bu barədə bank tərəfindən məlumat verildikdən sonra müştərinin həmin borcun 3 iş günü ərzində banka geri qaytarılması vəzifəsi müəyyən edilmişdir. Lakin sənədin yuxarıda göstərilən adından da göründüyü kimi, bu müddəa bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərti kimi təsbit edilmişdir. Bu da öz növbəsində həmin müddəanın birmənalı şəkildə tərəflər arasında yaranmış müqavilə münasibətlərinə də tətbiq edilməsini şərtləndirmir. Bu hal ümumi şərtlərin 1-ci bəndində əks etdirilmiş əsas anlayışlarla da təsdiq olunur.
56. Belə ki, bu bənddə overdraftın (1.80 yarımbənd), habelə texniki overdraftın (1.95-ci yarımbənd) anlayışı verilmiş və overdraft – kart hesabında olan pul vəsaitinin kartdan istifadə etməklə aparılan əməliyyatlar üçün kifayət etmədikdə, həmin əməliyyatların icrası üçün tələb olunan vəsaitin çatışmayan hissəsinin müqavilə ilə razılaşdırıldığı təqdirdə bank tərəfindən ödənilməsi kimi; texniki (icazə verilməmiş) overdraft isə tərəflər arasında overdraftın təqdim edilməsi barədə razılaşma olmadığı halda, kart istifadəçisi tərəfindən kart vasitəsi ilə kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyatların aparılması kimi müəyyən edilmişdir.
57. Başqa sözlə, belə bir əməliyyatın aparılmasının mümkünlüyü müqavilə ilə razılaşdırılmadan asılı edilmişdir. Lakin, iddiaçı aralarında yaranmış müqavilə münasibətləri çərçivəsində belə bir əməliyyatların aparılmasının razılaşdırılmadığını bildirir, apellyasiya məhkəməsi tərəfindən bunun əksi müəyyən edilmir. Bu baxımdan həmin münasibətlər çərçivəsində iddiaçı tərəfindən cavabdehə hüquqi nəticə etibarı öhdəlikdən kənar pul verilmişdir ki, həmin vəsait də iddiaçı tərəfindən məhz əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
58. Bununla belə, apellyasiya məhkəməsi ##.##.2025-ci il tarixli ekspert rəyini mötəbər sübut kimi qəbul edib vurğulamışdır ki, cavabdeh hüquqi nəticə etibarı ilə hər hansı qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına 41.757,60 manat pul əldə etmiş və sonuncuya məxsus olan bu məbləğ hesabına əsassız olaraq varlanmışdır.
59. Bu səbəbdən həmin məbləğ iddiaçının tələbi ilə əsassız varlanma qaydalarına uyğun olaraq cavabdeh tərəfindən geri qaytarılmalıdır. Bu da öz növbəsində bu məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını şərtləndirir. Bu baxımdan birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmuşdur.
60. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.