Məhkəmə qərarları › İş №2(1-8)-905/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-905/2026

12.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-905/2026 12.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): alqı-satqı müqaviləsi, öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi (real zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyən etdi: Işin halları

1. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Changan CS 95” (buraxılış ili 2021-ci il olan (VIN:LS4ASE2A8MJ104741, rəng qara metallik) markalı avtomobil ## #### 2022-ci il tarixli, B-***-AAE-** nömrəli müqaviləyə əsasən İddiaçı 85407 manata satılmışdır. İddiaçı ilkin ödəniş olaraq 9087 manat, icbari sığorta və nömrəyə görə 490 manat və 1 ay 3180 manat cəmi 12757 manat ödəniş etmişdir. Lakin alıcı ödənişləri həyata keçirə bilmədiyi üçün avtomobili satıcıya geri qaytarmış, bu səbəbdən 3600 manat məbləğində pul alıcıya qaytarılmışdır. Avtomobilin likvid dəyəri 66900 manat dəyərləndirilmişdir.

2. Daha sonra sözügedən avtomobil Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ## #### 2022-ci il tarixli, B-***-AAE-** nömrəli müqaviləyə əsasən dəyəri tam ödənildikdən sonra mülkiyyətinə verilmək şərti ilə X1 istifadəsinə verilmişdir. Avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 103110 manat müəyyən edilmişdir. Avtomobilin likvid dəyəri 66900 manat dəyərləndirilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş zərərlərin əvəzi olaraq 9200 manat, illik faiz dərəcəsi 5 olmaqla iki ilə hesablanan 920 manat və 125 manat dövlət rüsumuna görə xərcin əvəzi alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd olunan müqaviləyə əsasən avtomobilə görə cavabdeh MMC-yə 9087 manat pul ödəməklə yanaşı, 490 manat icbari sığorta və nömrəyə görə pul ödəmişdir. Bundan sonra isə 3180 manat da əlavə ödəniş etməklə ümumilikdə 12757 manat pul vermişdir. Sonradan səhhətində yaranmış problemlər ucbatından ödənişlər etmək mümkün olmamışdır. Ona görə də, cavabdeh avtomobil başqa şəxsə satmış və yeni alıcıdan alınmış puldan ona 3600 manat qaytarmış, daha 9200 manat da verəcəklərini bildirsələr də, sonradan müxtəlif bəhanələr gətirməklə pulu verməkdən boyun qaçırmışlar. Cavabdehin bu qanunsuzluqlarından polisə tərəfindən şikayət verilmiş və Bakı şəhəri Nəsimi Rayon Polis idarəsinin 23-cü Polis Bölməsində şikayəti araşdırılmış, dediyi faktlar öz təsdiqini tapmışdır. Lakin mübahisəli məsələ mülki məsələ olduğundan şikayəti üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə ## ###### 2022-ci il tarixli qərar qəbul edilmişdir. Bundan sonra, cavabdeh yenə də vədlər verərək ona qalan borcunu ödəyəcəyini, yəni müqavilə üzrə götürdüyü öhdəliyini yerinə yetrəcəyini bildirsə də, bütün bunlar vəd olaraq qalmışdır.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025ci il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia tələbinin rədd edilmiş və məhkəmə xərcləri iddiaçıya aid edilmişdir.

6. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırılmışdır ki, ## #### 2022-ci il tarixli, B***-AAE-** nömrəli müqaviləni bağlamaqla tərəflər üzərlərinə öhdəlik götürmüşlər. Müqavilə bağlanan zaman iddiaçı müqavilə şərtləri ilə tanış olmuş və müqaviləni imzalamaqla müqavilədə qeyd olunan öhdəlik və hüquqlar ilə razılaşmışdır. İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ## #### 2022-ci il tarixli, B-***-AAE-** nömrəli “Avtomobil alqı-satqısı üzrə” müqavilənin 3.2.5-ci bəndinin a hissəsinə əsasən alıcının bu müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi üçün maliyyə qabiliyyəti olmalıdır. Bu müqavilə bağlanıldığı tarixdən etibarən alıcı bu müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud satıcıya müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malik olur. Bu halda avtomobil onun ani likvid dəyəri ilə satıcı tərəfindən üçüncü şəxslərə satıldıqdan sonra, satış məbləği alıcının borcunu tam bağladıqda satıcı yerdə qalan məbləği alıcıya geri qaytarır. Bu məbləğ alıcının borcunu ödəmədiyi təqdirdə alıcı qalıq borc məbləğini satıcıya ödəməlidir. Alıcı bundan imtina etdiyi təqdirdə satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Göründüyü kimi, sözügedən avtomobil ikinci alıcıya 103110 manata, iddiaçıya isə 85407 manata satılmışdır. Müqaviləyə əsasən avtomobilin birinci dəfə likvid dəyəri 69900 manat olsa da, ikinci dəfə avtomobilin likvid dəyəri 66900 manat qiymətləndirilmişdir. Beləliklə müqavilənin 3.2.5-ci bəndinin a hissəsinə əsasən satış məbləği (likvid) alıcının borcunu tam bağlamadığı üçün cavabdeh iddiaçıya pul qaytarmalı deyildir. Lakin cavabdeh tərəfindən 3600 manat iddiaçıya geri qaytarılmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi artıqlaması ilə yerinə yetirmişdir. Qeyd olunanlara əsasən, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

7. Məhkəmə iddia tələbinin “kompensasiyası olaraq illik faiz dərəcəsi 5 olmaqla iki ilə hesablanan 920 manat pulun ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Belə olan halda, qanunvericilik kreditora borcludan gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ verir. Lakin ## #### 2022-ci il tarixli, B-***-AAE-** nömrəli alqı-satqı müqaviləsində belə bir şərt satıcıya münasibətdə nəzərdə tutulmuşdır. Bu səbəbdən iddiaçı Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun hesablanmış pulu tələb etməkdə haqlı deyildir. Odur ki, iddia tələbi bu hissədə təmin edilə bilməz.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 389.1, 390.1, 421.1, 1096.1, 1097.1 və 1115-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” ## ###### 2014-cü il tarixli qərarında qeyd olunan hüquqi mövqeyə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində məhkəməsində icraat

9. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması xahiş etmişdir.

10. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.2-ci və 387.2-ci maddələrini maddi hüquq normaları olaraq işə tətbiq etməmiş, eləcə də cavabdeh Cavabdeh MMC ilə bağladığı, avtomobil alqı-satqısı üzrə ## #### 2022-ci il tarixli müqavilənin 3.2.5-ci bəndinin a hissənin tələbini diqqətə almamışdır. Belə ki, həmin bəndin tələbinə görə alıcı (yəni iddiaçı) bu müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etmədikdə satıcı bu müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir və bu halda avtomobili onun likvid dəyəri ilə 3-cü şəxsə sata bilər. Satışdan əldə olunan vəsait alıcının borcunu tam bağlamış olduqda satıcı yerdə qalan məbləği alıcıya geri qaytarmalı, məbləğ alıcının borcunu ödəmədiyi təqdirdə isə alıcı qalıq borc məbləğini satıcıya ödəməlidir. Onların (iş üzrə tərəflərin) müqavilə üzrə qarşılıqlı münasibətləri nəticə etibarı ilə belədir ki, avtomobil likvid dəyərindən baha satılıb, cavabdehə heç bir faiz və yaxud digər borcu yoxdur, əksinə cavabdeh ondan alıdığı pulun əldə etdiyi gəlirə münasibətdə 9200 manat pulu ona qaytarmalıdır. Birinci instansiya məhkəməsinin müəyyən edilmiş hesab etdiyi “cavabdehin pul qaytarmalı olmamasına dair” sübutları, avtomobilin satışından 103110 manat əldə olunmasına, avtomobilin onunla razılaşdırılmış satış dəyərinin isə 85407 manat olmasına münasibətdə aradakı fərqin cavabdehin xeyrinə olması halında əsaslı sayıla bilməz.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Ikram Şirinov) iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2025-ci il tarixli qətnaməsi ləğv edilərək iddia qismən təmin edilmiş və cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 6000 manat pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ümumilikdə ödənilmiş 190 manat dövlət rüsumunun 120 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

12. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında ##.##.2022-ci il tarixdə mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərtlə avtomobilin nisyə-alqı satqısına dair müqavilə bağlanmış, lakin bu müqavilə Mülki Məcəllənin 394 və 650-ci maddələrinin tələblərinə zidd olaraq notarial qaydada deyil, sadə yazılı əqd kimi bağlanmış, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə uyğun qeydə alınmamışdır.

13. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi ilk növbədə avtomobilin nisyə alqı-satqısı haqda müqavilənin etibarsızlığını təsbit etməli, etibarsızlığın hüquqi nəticələri tətbiq edilməklə mübahisənin düzgün həllinin mümkün olub-olmamasını araşdırmalı idi. Bu əhəmiyyətsiz əqdin təsdiqi barədə qənaətə gəldiyi halda isə mübahisəyə tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər çərçivəsində hüquqi qiymət verməklə həmin müqavilə şərtləri nəzərə alınmaqla hüquqi dəyərləndirmə aparmalı idi.

14. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı əşyanın dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yəni satıcı qeyd edilənlərdən yalnız birini həyata keçirə bilər. Sözügedən avtomobilin iddiaçı tərəfindən cavabdehə qaytarılması işin mübahisəsiz halıdır. Deməli məhkəmə iddiaçı tərəfindən həmin avtomobilə görə ödənilmiş vəsaitin cavabdeh tərəfindən qaytarılmalı olub-olmamasını müqavilə şərtləri baxımından düzgün qiymətləndirməli idi.

15. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır(MM.404.2). Ancaq birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış ## #### 2022-ci il tarixli müqavilənin 3.2.5-ci bəndinin a) hissəsinin şərtlərini təfsir edərkən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, eləcə də müqaviləyə qədərki danışıqlar və tərəflərin sonrakı hərəkətləri nəzərə almamışdır.

16. Belə ki, məhkəmə bir tərəfdən sözügedən avtomobili ikinci alıcıya ##.##.2022-ci il tarixli müqavilə əsasən 103110 manata, iddiaçıya isə 85407 manata satıldığını müəyyən etmiş, ancaq müqaviləyə əsasən avtomobilin birinci dəfə likvid dəyərinin 69900 manat olsa da, ikinci dəfə avtomobilin likvid dəyəri 66900 manat qiymətləndirildiyi, buna görə də müqavilənin 3.2.5-ci bəndinin a hissəsinə əsasən satış məbləği (likvid) alıcının borcunu tam bağlamadığı üçün cavabdehin iddiaçıya pul qaytarmalı olmadığını, lakin cavabdeh tərəfindən 3600 manat iddiaçıya geri qaytarıldığını, cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi artıqlaması ilə yerinə yetirdiyini göstərib, iddia tələbini əsassız hesab edərək rədd etmişdir.

17. Əvvəla, hər iki müqavilənin əsas mətnində avtomobilin likvid dəyəri xüsusi olaraq qeyd edilməmişdir. Ikincisi, hər iki müqavilədə, yaxud ona hansısa əlavədə məhkəmənin müəyyən etdiyi məbləğdə likvid dəyərinin göstərilməsi də iddianı rədd etmək üçün əsas ola bilməzdi. Çünki birinci müqaviləyə əsasən, ikinci müqavilə ilə avtomobil daha baha qiymətə satılmışdır. Demək ki, cavabdeh sonuncu müqaviləyə əsasən avtomobilin satışından daha çox fayda götürməlidir. Apellyasiya baxışı zamanı da cavabdehin nümayəndəsi ikinci müqavilə üzrə alıcının öhdəliklərinə müqavilə şərtlərinə uyğun yerinə yetirməsində hər hansı bir problemin olmadığını göstərmişdir. Göründyü kimi, mübahisə predmeti olmuş avtomobilin ikinci müqavilə üzrə likvid dəyərinin aşağı qiymətə göstərilməsi belə iddianın tam rədd edilməsi üçün əsas olmamalı idi. Çünki bu hal cavabdehin əsassız varlanmasına səbəb ola bilir.

18. Göstərilənlərə baxmayaraq, apellyasiya baxışı zamanı iddiaçı tərəf avtomobilin qısa müddət ərzində onun istifadəsində olduğunu, cəmi 850 kilometr məsafə istismar olunduğunu nəzərə alaraq iddia tələbinin 6000 manat həcmində təmin edilməsinə də etrazının olmadığını bildirmişdir. Məhkəmə tərkibi mübahisənin ədalətli və birdəfəlik həlli, eləcə də cavabdehin istismar xərci ilə bağlı yeni iddiasının qarşısının alınması məqsədi ilə iddia tələbinin həmin məbləğdə təmin edilməsini mümkün saymışdır.

19. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 181.1, 181.2, 181.4, 337.5, 351.1, 385, 386.1, 404.1, 404.2, 425.1, 442, 443.1, 443.2, 448.1, 448.2, 560.1, 560.2, 560.3, 600.1, 600.4, 606.1, 650-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1.2, 1.6 və 4.3-cü bəndlərinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmaqla qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, tərəflər arasında bağlanmış müqavilə sadə yazılı formada olmasına baxmayaraq, onun etibarsız hesab edilməsi əsassız olmuş, müqavilənin faktiki icrası və konkludent hərəkətlərlə təsdiqi nəzərə alınmamış, iddiaçının hüquqdan sui-istifadə etməsi və iddia müddətinin ötürülməsi qiymətləndirilməmiş, həmçinin zərərin mövcudluğu və məbləği sübutlarla müəyyən edilmədən, ekspertiza təyin olunmadan qətnamə qəbul edilmiş, nəticədə işin hallarına uyğun olmayan və əsassız nəticəyə gəlinmişdir.

22. Belə ki, apellyasiya məhkəməsi Mülki Məcəlləsinin 329.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Tərəflər müqaviləni sadə yazılı formada bağlamağa razı olmuş və onu faktiki icra etmişlər. Bu isə müqavilənin etibarlılığını təsdiq edir. Həmçinin notarial formaya əməl edilməməsi əsasında müqavilənin etibarsız sayılması yanlışdır, çünki Mülki Məcəllənin 335.1 və 348-ci maddələr ləğv edilmişdir və notarial forma artıq mütləq etibarlılıq şərti deyil. Bundan əlavə, nəqliyyat vasitələrinin alqı-satqısı üzrə sadə yazılı müqavilələrin BDYP tərəfindən qəbul olunması mövcud inzibati təcrübədir və bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır, Mülki Məcəllənin 560.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı müqaviləyə xitam verilməsindən və vəsait geri qaytarıldıqdan sonra uzun müddət keçdikdən sonra yenidən tələb irəli sürməklə hüquqdan sui-istifadə etmişdir. Məhkəmə müqaviləni etibarsız hesab edirdisə, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən 1 illik iddia müddətinin ötürülməsi nəzərə alınmalı idi, lakin bu araşdırılmamışdır.

23. Eyni zamanda Mülki Prosessual Məcəllənin 217-ci maddəsinin tələbləri pozulmuş, qətnamə işin faktiki hallarına və sübutlara əsaslanmamışdır. Belə ki, məhkəmə zərərin mövcudluğunu və məbləğini sübutlarla müəyyən etməmiş, ekspertiza təyin etməmiş, yalnız iddiaçının subyektiv izahatlarına əsaslanmışdır. Bundan əlavə, MPM-in 387.1 və 390-cı maddələri pozulmuş, məhkəmə işin hallarını tam araşdırmamış və faktlardan yanlış nəticəyə gəlmişdir.

b) Kassasiya şikayayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.

27. Maddə 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi.

28. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər.

29. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

30. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.

31. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

32. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

33. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

34. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

35. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

36. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

37. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

38. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

39. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

40. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

41. Maddə 560.3. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.

42. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

43. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

44. Maddə 606.1. Əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə

45. Bənd 1.2. Bütün fiziki və hüquqi şəxslər mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər.

46. Bənd 1.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar (dövlət yol polisi) nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini həyata keçirirlər.

47. Bənd 4.3. Nəqliyyat vasitəsinin sahibi dəyişdikdə təkrar qeydiyyat mülkiyyətçinin ərizəsi və bu Əsasnamənin 2.9-cu bəndində sadalanan müvafiq sənədlərdən birinin əsasında 2.8-ci bəndinə müvafiq qaydada aparılır.

48. Bənd 4.3-1. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən, notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə, habelə bu Əsasnamənin 2.8-3-cü bəndində nəzərdə tutulmuş məlumatları dərhal Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi texniki vasitələrdən istifadə etməklə, həmin məlumatı bir gün müddətində Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinə göndərir. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi üç gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilə notarius tərəfindən təsdiq edilmədikdə, nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı bu Əsasnamədə nəzərdə tutulmuş ümumi qaydada həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

56. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Kassasiya şikayətində qətnamə iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, işin müəyyən edilmiş hallarına uyğun nəticəyə gəlmişdir. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması müəyyən edilmir. Buna görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

60. Iş materiallarından görünür ki, tərəflər arasında avtomobilin nisyə alqı-satqısına dair sadə yazılı müqavilə bağlanmış, nəqliyyat vasitəsi iddiaçının istifadəsinə verilmiş, iddiaçı müqavilə üzrə müəyyən məbləğdə ödənişlər etmiş, sonradan öhdəliklərini icra edilməməsi səbəbindən avtomobili cavabdehə qaytarmışdır. Cavabdeh iddiaçıya müqavilə üzrə etdiyi ödənişlərindən 3000 manatı geri qaytarmışdır. Daha sonra həmin avtomobil cavabdeh tərəfindən üçüncü şəxsə daha yüksək qiymətə satılmışdır.

61. Iddiaçı hazırkı iddia ilə avtomobilə görə tərəfindən edilmiş ödənişlərin qalan hissəsinin (9200 manat) və həmin məbləğin gecikdirilməsinə görə illik 5%-in cavabdehdən tutulmasını tələb etmişdir.

62. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasındakı avtomobilin nisyə-alqı satqısına dair ##.##.2022-ci il tarixli müqavilə Mülki Məcəllənin 394 və 650-ci maddələrinin tələblərinə zidd olaraq notarial qaydada deyil, sadə yazılı əqd kimi bağlanmış, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə uyğun qeydə alınmamışdır. Qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. ...birinci instansiya məhkəməsi ilk növbədə avtomobilin nisyə alqı-satqısı haqqında müqavilənin etibarsızlığını təsbit etməli, etibarsızlığın hüquqi nəticələri tətbiq edilməklə mübahisənin düzgün həllinin mümkün olub-olmaması araşdırmalı idi.

63. Işdən görünür ki, iddiaçı tərəf apellyasiya baxışında avtomobilin qısa müddət ərzində onun istifadəsində olduğunu, cəmi 850 km məsafə istismar olunduğunu nəzərə alaraq iddia tələbinin 6000 manat həcmində təmin edilməsinə etrazının olmadığını bildirmişdir.

64. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin əqdi etibarsız hesab olunması və etibarsızlığın nəticələri barədə Mülki Məcəllənin 337.5-ci maddəsi mübahisəyə tətbiq edilməklə cavabdehdən iddiaçının iradəsinə uyğun məbləğdə (6000 manat) pul tutulması barədə mövqeyi mülki qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

65. Cavabdeh kassasiya şikayətində iddiaçı tərəfindən hüquqdan sui-istifadə olunduğunu bildirsə də, iddiaçının özü tərəfindən ödənilmiş pul vəsaitinin qaytarılmasını tələb etməsi, xüsusilə də cavabdehin həmin əmlakı sonradan daha yüksək qiymətə satdığı şəraitdə, Mülki Məcəllənin 560-cı maddəsinə əsasən hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilməz. Əks yanaşma cavabdehin iddiaçının hesabına əsassız iqtisadi üstünlük əldə etməsinə şərait yaratmış olar.

66. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddia müddətinin tətbiqi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddəti məhkəmə tərəfindən yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilə bilər. Hazırkı işin materiallarından isə cavabdeh tərəfindən aşağı instansiya məhkəmələrində iddia müddətinin tətbiqinə dair müvafiq ərizənin verilməsi müəyyən edilmədiyindən, kassasiya şikayətinin bu dəlili də əsaslı sayıla bilməz.

67. Bundan başqa, cavabdeh kassasiya şikayətində göstərir ki, məhkəmə zərərin mövcudluğunu və məbləğini sübutlarla müəyyən etməmiş, ekspertiza təyin etməmiş, yalnız iddiaçının subyektiv izahatlarına əsaslanmış, bununla da MPM-in 217-ci maddəsinin tələblərini pozmuşdur. Bu dəlillərə münasibətdə məhkəmə kollegiyası vurğulayır ki, baxılan işdə cavabdehin avtomobilə dəymiş zərərin ödənilməsi ilə bağlı ayrıca tələbi olmadığından apellyasiya məhkəməsi tərəfindən bu hissədə hər hansı hüquqi araşdırma aparılmamışdır.

68. Iddiaçının avtomobilə görə ödədiyi pulların geri qaytarılması tələbi tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edildiyindən haqlı olaraq Mülki Məcəllənin əqdin etibarsızlığının nəticələrini tənzimləyən 337.5-ci maddəsinə uyğun həll edilmişdir. Həmin maddənin məzmununa görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Bu maddə tərəflərin sadəcə müqavilə üzrə aldıqlarının geri qaytarılmasını nəzərədə tutmaqla, onların zərər tələblərini əhatə etmir.

69. Apellyasiya məhkəməsi bu maddəni tətbiq edərkən dispozitivlik prinsipini də nəzərə almaqla, cavabdehdən iddiaçının xeyrinə onun apellyasiya məhkəməsində ifadə etdiyi son mövqeyinə uyğun iddia ərizəsəsində qeyd olunandan daha az məbləğ (6000 manat) tutmuşdur.

70. Məhkəmənin bu mövqeyi, cavabdehin nəqliyyat vasitəsinin istifadəsi nəticəsində ona dəymiş əlavə zərərin əvəzinin gələcəkdə tələb olunması hüququnu istisna etmir və onun məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmır. Belə ki, qeyd olunan tələblər hazırkı məhkəmə araşdırmasının predmetinə daxil olmadığından, cavabdeh həmin tələblərlə ayrıca iddia qaydasında məhkəməyə müraciət edə bilər.

71. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin digər dəlilləri əsasən işin faktiki hallarının yenidən qiymətləndirilməsinə yönəlmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinin tələblərinə uyğun olaraq kassasiya baxışının predmetinə aid deyildir.

72. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas vermir. Buna görə kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar