Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-907/2026 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Ispəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və Vüqar Təvəkgül oğlu Həsənovdan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, Işin halları:
1. Cavabdeh Cavabdeh, iddiaçı İddiaçı Ramana qəsəbəsində iddiaçıya fərdi yaşayış evin tikintisini aparmaq üçün pul almışdır. Lakin işin lazımi qaydada icrası ilə bağlı tərəflərin arasında mübahisə yaranmışdr.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 85.000 manat məbləğində pulun və ödənilmiş 345 manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun qohumudur, bir-birilərini yaxından tanıyırlar. Təxminən 2019-ci ilin noyabr ayında o, torpaq sahəsi alaraq ev tikmək qərarına gəlib. Cavabdeh iddiaçıya onun əlaqələrinin geniş olmasını bildirərək, onlar üçün ev tikə biləcəyini bildirib. O, cavabdehə inanmışdır. Cavabdeh ona müəyyən məbləğdə pul ödəmələri olduğunu bildirib. Onlar razılaşmış və ilkin olaraq cavabdehə 10.000 manat məbləğində pulu ödəyib və torpaq alaraq onun işə başlamasını bildirib. Cavabdeh bundan sonra gəlib əlavə pul lazım olduğunu bildirib və o, yenə cavabdehə pul verməyə başlayıb. Hər dəfə işin gedişi ilə maraqlananda cavabdeh ona özünə aid olan tikilini göstərərək, işin getdiyini bildirib. O, cavabdehə 2021-ci ilin dekabr ayına kimi cəmi 85000 manat məbləğində pul ödəyib. Lakin sonradan cavabdeh həmin tikilini verməyib və üzərinə düşən öhdəliyi yerinə yetirməyib. Bundan sonra o, dəfələrlə cavabdehdən pulunu tələb edərkən cavabdeh yalan vədlər verməyə başlayıb, pulu qaytaracağını bildirib. Onlar aralarında aparılan danışıq zamanı cavabdeh ondan həqiqətən 85.000 manat məbləğində pul almasını etiraf edib. Lakin hazırkı vaxtadək onun pulunu ödəmir. Buna görə də o, məhkəməyə müraciət etmişdir.
4. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddiaçı 2016-cı ildə özünə torpaq almışdır və ona şəxsən özü müraciət etmişdir ki, onun üçün ev tiksin. Iddiaçı evinin tikintisinin dayanıqlı, möhkəm və keyfiyyətli materiallardan tikilməsini tələb etmişdir. Ona həmin evin tikintisi xidmətini göstərə biləcəyini bildirmişdir. Iddiaçı bunun üçün ona hissə-hissə müəyyən məbləğlər ödəyib. Iddiaçı üçün həmin evin tikintisinə başlamışdır. Bu zaman Xaçmaz rayonunda satılıq bağ sahəsi var idi. Iddiaçı həmin bağ sahəsini almış, sonra ona müraciət edərək, bağ sahəsinin ətrafını daş hasara aldırmağı xahiş etmiş, o da iddiaçının xahişi ilə onun bağ sahəsinin ətrafını daş hasara aldırmış və xərcini iddiaçı çəkmişdir. Bundan əlavə, iddiaçı Xaçmaz rayonu, Ağtala kəndində yerləşən bağ sahəsində 0.5 ha torpaq sahəsi almışdır və ona həmin bağ sahəsini də almağa köməklik etmişdir. Bunun üçün də iddiaçı 8000 manat məbləğdə onun köməkliyi ilə bağ sahəsinin sahibinə pul ödəmişdir. Bundan sonra həmin bağ sahəsində şaftalı bağı salmaq üçün texnika gətirildi və bağ abadlaşdırılaraq meyvə bağı salındı. Iddiaçı Sumqayıt şəhərində yaşadığı üçün, aldığı torpaq sahəsi də Abşeron rayonu X3 ərazisində yerləşdiyi üçün mütəmadi olaraq tikinti yerinə gələrək, evin tikilişinə şəxsən nəzarət etmişdir. Bundan başqa, iddiaçının qohumları və yaxınları da mütəmadi olaraq tikinti yerində olmuşlar. Evin tikintisinin qanuni standartlara cavab verən, keyfiyyətli materiallardan tikildiyini görmüşlər. Bu yaxın günlərə qədər iddiaçı ilə onun arasında heç bir mübahisə olmayıb və tikintinin gedişatını bəyənib. Ev iki mərtəbəlidir. Evin tikintisinə külli miqdarda beton, armatur, taxta, mişar daşı, usta pulu və digər xərclər çıxmışdır. Həmçinin iddiaçı işin gedişatına şəxsən nəzarət etmiş, pulu da hissə-hissə ödəmişdir. Həmin evin tikintisi üçün iddiaçı təxminən 50.000 manat pul göndərmişdir. Həmin ödənilən pulları iddiaçının evinin tikintisinə xərcləmişdir. Əgər tikintinin gedişatından narazı olsaydı, 5000-10000 ödədikdən sonra işi dayandırardı və ona pul göndərməzdi. Iddiaçı iddia edir ki, guya ki, tikintinin gedişatından xəbəri olmayıb, bu tamamilə yalandır. Şəxsən özü tez-tez gəlib xəbər tuturdu. Evin tikintisindən başqa, Xaçmaz rayonunda torpaq sahəsi almaq üçün xərclədiyi pulları, torpaq sahəsinin daş hasarına xərclədiyi pulları, meyvə bağı salınması üçün xərclədiyi pulları, guya ki evin tikintisi üçün ona vermiş kimi, indi də ondan tələb idir. Hazırda onun verdiyi 50000 manat pul müqabilində ona keyfiyyətli ev tikdirmişdir. O həmin pulu iddiaçının evinin tikintisinə xərcləmişdir. Əgər pulunu geri götürmək istəyirsə, getsin tikilini satsın. O, onun evinə xərclədiyi pulu geri qaytara bilməz. Iddiaçının iddia tələbi reallığı əks etdirmir. O, bir qohum kimi iddiaçıya kömək etmişdir. Çəkdiyi bütün əziyyəti və məqsədi onun üçün keyfiyyətli ev tikdirmək idi. Iddiaçının tələbindən belə çıxır ki, ona həm ev tikintisinə, həm də 2 yerdə bağ sahəsi alınması, meyvə bağının salınması üçün ödədiyi pulları ondan geri alacaq, nəticədə də, həm evi, həm də aldığı bağ sahələri ona pulsuz başa gələcək. Iddiaçının tikintiyə xərclənən pulun və bu məbləği şişirdərək ondan geri tələb etməsi əsassızdır.
5. Şahid qismində dindirilən iddiaçının oğlu şahid2 ifadəsində göstərmişdir ki, cavabdeh anasının əmisi oğludur. 2019-cu ilin noyabr-dekabr aylarında onlar üçün Ramanada ev tikmək üçün pul götürmüşdür. Evi üç ildə bir dəfə gördüyünü, evin üstünün yarımçıq olduğunu, üstünün vurulmadığını, evin quru divar olduğunu bildirir. Iddiaçı - yəni anası cavabdehə pulu evlərində onun yanında verib. Cavabdeh iddiaçıdan bir dəfə 1000 manat, bir dəfə 1500 manat, bir dəfə 2000 manat alıb.
6. Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Ramanı qəsəbəsində tikilmiş (yarı tikilmiş) evin faktiki vəziyyətinə görə bir dam altında iki təcrid olunmuş mənzil mövcuddur. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Sumqayıt şəhəri, Ramanı qəsəbəsində yerləşən tədqiq olunan yaşayış evində təqdim edilmiş tikililərdə aparılmış yenidənqurma və təmirtikinti işlərinin təqribən bazar qiymətlərinə uyğun olaraq 30773 manat məbləğində müəyyən olunmuşdur.
7. Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli ekspert rəyinə əsasən, Sumqayıt şəhəri, Ramanı qəsəbəsində yerləşən iki təcrid olunmuş mənzillər arasında tikinti və konstruktiv xüsusiyyətlərinə görə fərqlərin olmadığı, mənzillərin hər birinin tikintisində eyni keyfiyyətli tikinti materiallarından istifadə edildiyi müəyyən olunmuşdur. Mənzillərin hər birinin tikintisində görülmüş işlərin həcmi tərtib olunmuş smeta 1 və smeta 2-də ətraflı göstərilmişdir. Eyni zamanda qeyd olunur ki, qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir.
8. Məhkəmə iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli rəyi ilə razı deyil. Təkrar ekspertiza təyin edilməsini xahiş edir, bu barədə vəsatətini məhkəməyə təqdim etmişdir.
9. Məhkəməyə təqdim olunmuş bir ədəd səs yazılarını özündə əks etdirən diskə məhkəmə iclası zamanı baxış keçirilərkən cavabdeh etiraf etmişdir ki, səs yazıları ona məxsusdur. Səs yazılardan o da müəyyən edilir ki, həqiqətən də, cavabdeh Cavabdeh iddiaçı İddiaçı evin tikintisi üçün 83400 manat məbləğində pul almışdır.
10. Xaçmaz Rayon Məhkəməsinin (hakim S.A.Səmədzadə) 2025-ci il ## #### tarixli e-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 68.013,5 manat məbləğində pulun, ödənilmiş 345 manat dövlət rüsumunun 294.04 manatının alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat məbləğində pulun cavabdehdən alınaraq Məhkəmə Eksperizası Mərkəzinin hesaba keçirilməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarında olan 1 ədəd səs yazılarını özünə əks etdirən diskə məhkəmə iclası zamanı baxış keçirilərkən cavabdeh etiraf etmişdir ki, səs yazıları ona məxsusdur. Səs yazılardan o da müəyyən edilir ki, həqiqətən də, cavabdeh iddiaçıdan evin tikintisi üçün 83.400 manat məbləğində pul almışdır.
12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçı üçün Ramanı qəsəbəsində fərdi yaşayış evin tikintisini aparmaq üçün sonuncudan 83.400 manat məbləğində pulu almış, lakin pulu tam şəkildə təyinatı üzrə istifadə etməmişdir. Iş üzrə keçirilmiş ekspertizalar nəticəsində müəyyən olunur ki, cavabdeh bir dam altında iki ayrı-ayrı evin tikintisini aparmış və hər iki evə cəmi 30.773 manat pul xərcləmişdir.
13. Məhkəmə belə qənaətə gəlib ki, cavabdeh iddiaçının vəsaiti hesabına özünə də ev tikmək niyyətinə gəlmiş, lakin ona verilən vəsait hesabına istədiyinə nail ola bilməmişdir. Nəticədə cavabdeh iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Buna baxmayaraq, ekspert rəylərindən belə nəticə çıxır ki, cavabdeh iki evin tikintisinə 30.773 manat pul xərcləyibsə, onun yarı hissəsi iddiaçı üçün xərclənmişdir və belə olan halda, cavabdehin səs yazılarında etiraf etdiyi 83.400 manatdan 15.386,5 (30.773:2=15.386,5) manat məbləği çıxılmalı, qalan məbləğ isə 83.400-15.386,6=68.013,5 manat pul isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
14. Məhkəmə belə qənaətə gəlib ki, cavabdeh iddiaçının vəsaiti hesabına özünə də ev tikmək niyyətinə gəlmiş, lakin ona verilən vəsait hesabına istədiyinə nail ola bilməmişdir. Nəticədə cavabdeh iddiaçının hesabına əsassız olaraq varlanmışdır.
15. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 752.1, 756.1, 1096.1, 1096.2, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı ildən bugünə kimi ona müxtəlif işlərin görülməsi üçün 83.400 manat pul vermişdir. Həmin pulun müqabilində bacısına məxsus kənd təsərrüfat təyinatlı torpaqdan 0,02 ha hissəsini 8.500 manata almışdır. Həmin pulu şəxsən özü iddiaçıdan götürərək bacısına vermişdir. Həmçinin iddiaçı özü Xaçmaz rayonunda bağ sahəsi almışdır. Ona ödədiyi 83.400 manat puldan həmin bağ sahəsinin daş hasara alınması, abadlaşdırılması və orada şaftalı bağının salınması da ona həvalə edilmişdir. Həmçinin iddiaçının aldığı bağ sahəsinin yanında şahid1 məxsus 0,5 ha torpaq sahəsini də ümumilikdə 7.000 manata, əlavə olaraq 110 manat da şahid1 özünə ödəməklə, satdığı torpaq sahəsinin düzləşdirilməsinə və abadlaşdırılmasına xərclənmişdir. Beləliklə, ona ödənilən 83.400 manat puldan iddiaçının öz istəyi ilə 8.100 manat şahid1 ödəmişdir. Daha sonra iddiaçı Xaçmaz rayonunda yerləşən torpaq sahəsinin 4 tərəfinin daş hasara alınmasını xahiş etmişdir. O da həmin torpaq sahəsinin daş hasara alınması üçün iddiaçının ödədiyi 83400 manatdan tikinti materialları alaraq, X1 adlı usta ilə danışıb, materialları gətirmiş və daş hasarı tikdirmişdir. Daha sonra həmin bağda iddiaçının sifarişi əsasında şaftalı bağı saldırmışdır. Bütün bunları iddiaçının ödədiyi 83.400 manatdan xərcləyərək etmişdir. Lakin iddiaçı bütün bu işlərin görülməsi ilə bağlı heç bir mövqe bildirməmiş, guya ki, bu işlər üçün əlavə pul ödədiyini bildirmişdir. Halbuki, əlavə ödəniş barədə heç bir sübut yoxdur. Iddiaçının sifarişi ilə Xaçmaz rayonundakı torpaq sahəsinin daş hasara alınması üçün usta X1 4.911 manat xərclənmiş, torpaq sahəsinin daş hasara alınması üçün tikinti materiallarına 10.762 manat pul xərclənilmişdir. Iddiaçının sifarişi ilə Xaçmaz rayonunda yerləşən iddiaçıya məxsus torpaq sahəsində bağın salınması və həmin bağ sahəsinə 6 illik aqro-texniki qulluq üçün ümumilikdə 13.220 manat pul xərclənilmişdir. Həmçinin bacısının adına olan Sumqayıt şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 4 sot torpaq sahəsindən 2 sot hissəsinin alışı üçün 8.500 manat pul ödəmişdir. Həmin pulu ona ödəmiş və o bacısına vermişdir. Iddiaçının öz sifarişi ilə olan Abşeron rayonu, X3 ərazisində (Sumqayıt şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi) yerləşən 2 sot torpaq sahəsinin üzərində iddiaçı üçün keyfiyyətli evin tikintisi üçün 35.000 manat pul xərcləmişdir. Həmin pulu da iddiaçının ona ödədiyi 83.400 manatdan xərcləmişdir. Bütün bu yuxarıda göstərilən xərclər ona ödədiyi 83.400 manat puldan iddiaçının öz sifarişi ilə xərclənilmişdir. Həmçinin bundan əlavə olaraq o həm Xaçmaz rayonuna gedib-gəlməyə yol xərci, həm də Abşeron rayonu X3 ərazisində yerləşən torpaq sahəsinin abadlaşdırılmasına, yolların düzəldilməsinə və digər işlərə də xərci çıxmışdır. Bu səbəbdən də hesab edir ki, iddiaçı ona ödədiyi 83.400 manat müqabilində verdiyi sifarişləri gizlədir. Həmçinin iddiaçı həmin məbləği ona hissə-hissə olmaqla 2016-cı ildən ödəməyə başlamışdır. Halbuki hazırda 2025-ci ildir və həmin pulu ödədiyi vaxtdan artıq 10 ilə yaxın vaxt keçmişdir. Bu müddət ərzində iddiaçı onun sifarişi ilə görülən bütün işlərdən razı qalmışdır. Yuxarıda göstərilən səbəblərdən, hesab edir ki, Abşeron rayonu X4 ərzisində yerləşən 0,02 ha torpaq sahəsi üzərində yerləşən evin tikintisi üçün çəkilən xərclərin müəyyən edilməsi üçün təkrar ekspertiza keçirilməlidir. Həmçinin Xaçmaz rayonunda yerləşən iddiaçıya məxsus torpaq sahəsinin daş hasara alınmasına və orada şaftalı bağının salınmasına həmçinin həmin bağ sahəsinə 6 illik qulluğa çəkilmiş xərci müəyyən etmək üçün ekspertiza təyin edilməlidir. Həmçinin Xaçmaz rayonunda yerləşən iddiaçıya məxsus torpaq sahəsinin yanında yerləşən şahid1 məxsus 0,5 ha torpaq sahəsi üçün ödənilən pulun məbləğinin dəqiqləşdirilməsi, həmin yerdə yerləşən torpaq sahəsinin dəyərinin müəyyənləşdirilməsi üçün də ekspertiza təyin edilməlidir. Eyni zamanda, birinci instansiya məhkəməsində Xaçmaz rayonunda iddiaçının istəyi ilə torpaq aldığı şahid1 və iddiaçıya məxsus olan Xaçmaz rayonunda yerləşən torpaq sahəsinin daş hasara alınması üçün usta X1 apellyasiya məhkəməsində şahid ifadələrinin alınmalı olduğunu hesab edir. Belə ki, birinci instansiya məhkəməsində hər iki şahid üzrlü səbəbdən məhkəməyə gələ bilməmişdir.
18. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilən şahid1 ifadəsində bildirmişdir ki, Xaçmazda yerləşən ona məxsus torpaq sahəsini cavabdeh Cavabdeh 7000 manata satmış, həmçinin 1100 manat da texnikaya görə verib. O, iddiaçı İddiaçı tanımır, pulu Cavabdeh alıb. Torpaq sahəsini satarkən torpağın Bələdiyyə torpağı olduğunu bildirib. İddiaçı yalnız bir dəfə görüb, onda da ondan Abbasa torpaq sahəsi satıb-atmadığını soruşublar və o satdığı sahəni göstərib.
19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – F.Ə.Məmmədov (sədrlik edən və məruzəçi), S.A.Qafari və A.M.Süleymanova) 2025-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi öz mövqeyinə, həmçinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar hazırkı işin halları üzrə sübut olunmur. Eyni zamanda, cavabdeh tərəf iddiaçıdan aldığı 83.400 manatın Ramana qəsəbəsindəki tikilidən başqa iddiaçının tapşırığı ilə digər işlərə sərf etməsinə dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir.
21. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə qənaətə gəlib ki, qeyd edilən evin tikintisi üçün cavabdehin iddiaçıdan aldığı 83.400 manat pul vəsaitindən 15.386,5 manatının (ekspert rəyi ilə müəyyən olunmuş 30.773:2=15.386,5) iddiaçının tapşırığı ilə xərcləndiyi tədqiq edilmiş sübutlarla müəyyən edildiyindən, birinci instansiya məhkəməsi 68.013,5 (83.400-15.386,5) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə düzgün nəticəyə gəlmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 752, 756 və 1096-cı; Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 372, 384 və 402-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (vəkil vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qətnaməni bir cümlə ilə əsaslandrımağa calışaraq bildirib ki, “cavabdeh tərəf isə iddiaçıdan aldığı 83.400 manatın Ramana qəsəbəsindəki tikilidən başqa iddiaçının tapşırığı ilə digər işlərə sərfetməsinə dair məhkəməyə mötəbər sübut təqdim təqdim etməmişdir”. Lakin məhkəmə nəzərə almamışdır ki, bununla bağlı iş materiallalrında kifayət qədərə sübutlar vardır, məhkəmə bu sübutlara lazımi qaydada hüquqi qiymət verməmişdir. Eyni zamanda, məhkəmə apelyasiya şikayətinin dəlillərinə qiymət verməyərək, iddiaçının dəlillərinin tamamilə əsassız olmasını nəzərə almamış, yalnız cavabdehin mövqeyindən cıxış etmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
29. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
30. Maddə 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.
31. Maddə 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur.
32. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
33. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya baxışının hədləri
44. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
45. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
48. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
50. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.