Məhkəmə qərarları › İş №2(1-8)-909/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-909/2026

11.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-909/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı tərəfindən təqdim edilmiş ## ###### 2021-ci il tarixli sadə yazılı qəbzə əsasən, X1 20.400 manat məbləğində pulu 30 ay müddətinə vermiş, X1 isə pulu hissə-hissə qaytaracağına dair söz verərək imzası ilə təsdiq etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh (bundan sonra- cavabdeh) 20.400 manat əsas borc pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəllər tanıdığı və münasibətdə olduğu cavabdehə maddi dəstəyə ehtiyacı olduğu üçün, aralarında olan borc müqaviləsinə əsasən, ## ###### 2021-ci il tarixdə 30 ay müddətində ayda 680 manat qaytarmaq şərti ilə 20.400 manat borc pul vermişdir. Həmin pulu cavabdeh müqaviləyə şəxsən imza etdirməklə vermiş və müqavilənin surətini ərizəsinə əlavə etmişdir. Şərtləşdikləri kimi, cavabdehə verdiyi pulları hissə-hissə geri qaytarmaq üçün ona 2 ədəd pensiya kartı vermişdir. Cavabdeh həmin kartları ona vermiş, lakin növbəti ayda ondan aldığı 2 ədəd kartdan pulu şərtləşdikləri kimi çıxarmaq istədikdə məlum olmuşdur ki, cavabdeh ona verdiyi kartı bloklamış, üzərinə düşən öhdəliyi icra etməmiş və onu aldatmışdır. Sonradan o, cavabdehdən qalan 20.400 manat pulu dəfələrlə tələb etsə də, cavabdeh ona məxsus pulu geri qaytarmamışdır. Beləliklə, cavabdeh 20.400 manat pul vəsaitini qanunsuz saxlamaqla və qanunsuz olaraq istifadə edərək geri qaytarmaqdan yayınmışdır. Bir neçə dəfə cavabdehə borcunu ödəməsini tələb etmiş, lakin cavabdeh yalan vədlər verərək onu aldatmışdır.

4. Cavabdeh iddia tələblərini qəbul etməmiş və qeyd etmişdir ki, iddiaçıdan hissə-hissə faizi ilə pullar götürülmüşdür. Pulu götürərkən iddiaçıya atasının pensiya kartını və ailəsinin çörək pulu kartını vermişdir. Mddmaçı həmin kartlardan 50.800 manat pul götürmüşdür. İddiaçıya hazırda olan borcu, faizi ilə birlikdə təxminən 17.000 manat olmuşdur. İddiaçının onun tərəfindən yazıldığını bildirdiyi ## ###### 2021-ci il tarixli qəbzdə olan imza ona məxsus olmamışdır və ekspertiza yolu ilə bunun müəyyən edilməsini istəmişdir. Ona görə də iddia tələbini qəbul etməmiş, onun rədd edilməsini xahiş etmişdir.

5. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ## ###### 2021-ci il tarixli qəbzdə olan xətt və imza nümunələri cavabdeh tərəfindən icra edilmişdir.

6. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim- Elşad Bayramov) iddia təmin edilmiş, cavabdehdən 20.400 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddia tələblərini etiraf etməsə də, onun iddiaçıdan pul borc alması özünün yazdığı sadə yazılı qəbzlə təsdiqini tapmışdır, həmçinin məhkəmə iclasında iddiaçıdan pul almasını etiraf etmiş və ziddiyyətli izahatlar vermişdir. Cavabdeh iddia tələblərini qismən etiraf etmiş, iddia tələblərinin təkzibi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və yalnız ağlabatmayan mülahizələri ilə iddia tələblərinin təmin edilməməsini xahiş etmişdir.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbləri təmin edilməli, cavabdehdən 20.400 manat tutularaq iddiaçıya ödənilməlidir.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı məcburi köçkün olduğundan qanunla dövlət rüsumu ödəməkdən azaddır, bu səbəbdən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş həcminə müvafiq olaraq, yəni 151.20 manat məbləğində pul MPM-nin 119-cu maddəsinin tələbləri baxımından cavabdehdən alınıb dövlət nəfinə verilməlidir.

10. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 5.3, 14.1, 16.1, 18, 739.1 və 739.2-ci, habelə MPM-nin 14.2, 77.1, 216-237-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçını sələmçi kimi tanımışdır. Həqiqətən pula ehtiyacı olduğu üçün iddiaçıdan 2015-ci ildə 3-4 dəfəyə cəmi 10.700 manat sələmə pul almışdır. Pulun təminatı kimi ailəsinə məxsus çörək pulu kartını və atasının pensiya kartını hər ay kartlardan pulun çıxarılması üçün iddiaçıya vermişdir. Bu minvalla, 2015-ci ildən 2023-cü ilin mart ayınadək hər iki kartdan ümumilikdə 52.000 manatdan çox pul çıxarmışdır. Ötən 8 ilə yaxın müddətdə hər iki kart onda olmuşdur. Bankomatdan pulun kim tərəfindən çıxarılmasının müəyyən edilməsi yolu ilə, yəni banklara sorğu verməklə, bankomatlardan pulun kim tərəfindən çıxarılmasını əks etdirən video-görüntünü tələb edib almaq yolu ilə bildikləri öz təsdiqini tapmışdır. (Hər iki bank hesabından çıxarışları təqdim etmişdir.) 2023-cü ilin mart ayından sonra borcun bağlanması ilə razılaşmışlar və hər iki kart ona geri qaytarılmışdır. İki il sonra yenidən ondan pul tələb etməsi qanunsuz və əsassız olsa da, işə baxan məhkəmə qərəzli olaraq iddia tələbini təmin etmişdir. Aralarında olan qəbzdəki imzalar ona məxsus olmamış, həmin qəbzdəki rəqəmləri də saxtalaşdıraraq məhkəməyə təqdim etmişdir. Sadalananlara əsasən, hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməli və iddia tələbi rədd edilməlidir.

13. İddiaçı apellyasiya şikayətinə etiraz edərək qeyd etmişdir ki, O, Ağdam şəhərindən məcburi köçkün düşərək Yevlax şəhərində müvəqqəti yaşayır. Əvvəllər tanıdığı cavabdeh, borc müqaviləsinə əsasən ## ###### 2021-ci il tarixdə 30 ay müddətinə ayda 680 manat qaytarmaq şərti ilə 20.400 manat borc pul vermişdir. Həmin pulu cavabdehə müqaviləyə şəxsən imza etdirməklə vermiş və müqavilənin surətini ərizəsinə əlavə etmişdir. Cavabdeh ona 2 ədəd pensiya kartı vermiş, lakin kartdan pulu çıxarmaq istədikdə məlum olmuşdur ki, cavabdeh ona verdiyi kartı bloklamış və onu aldatmışdır. Sonradan o, cavabdehdən qalan 20.400 manat pulu dəfələrlə tələb etsə də, ona məxsus pulu geri qaytarmamışdır. Etibar Məmmədovun adına olan kartdan pul çıxartmamışdır. Cavabdeh də bunu təsdiq etmişdir. Cavabdeh borcu qaytarmadığı üçün məhkəmədə iddia qaldırmışdır və iddiası təmin olunmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə (hakimlər Fikrət Mehdiyev sədrlik edən, məruzəçi, Günay Cavadova və Tural Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdehin dəlilləri əsassızdır. Belə ki, cavabdeh iddiçıya borcunu artıqlaması ilə ödədiyini, ona heç bir borcu olmadığını bildirmiş, lakin bununla bağlı mötəbər sübutlarını təqdim etməmişdir.

16. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşmış, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab etmişdir.

17. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək qeyd etmişdir ki, rəy əsaslıdır. Çünki, ekspert tədqiqat apararkən apellyatorun imza və sərbəst xətt nümunələrini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmiş, cavabdehdən 20.400 manatın tutularaq, iddiaçının xeyrinə verilməsi, habelə cavabdehdən dövlət rüsumu kimi ödənilməli olan 151.20 manatın tutularaq dövlət nəfinə verilməsi qət edilmişdir.

18. Məhkəmə kollegiyasının iclasında bir daha müəyyən edilmişdir ki, cavabdeh borc müqaviləsinə əsasən iddiaçıdan ##.##.2021-ci il tarixdə ona 30 ay müddətinə ayda 680 manat qaytarmaq şərti ilə 20.400 manat borc pul almış və qaytarmamışdır. Apellyator şikayətində borcu qaytarmasını bildirsədə bununla bağlı sübütlarını nə birinci instansiya məhkəməsinə nədə ki, apellyasiya məhkəməsinə təqdim etməmişdir. Məhkəmə koillegiyası cavabdehin bu dəlillərini inandırıcı hesab etməmiş və özünü müdafiə xarakteri daşıyan hal hesab etmişdir.

19. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 14.1, 385.1. 386.1, 425.1, 427.3, 442, 445.2.1,739.1,740.1,740.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.

22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı yazılı etraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

28. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi (##.##.2023-cü il tarixədək qüvvədə olan 37ci fəsil).

31. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

32. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

33. Maddə 740.2 .Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

42. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

43. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Kassasiya məhkəməsinin hüquqi mövqeyi

44. Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

46. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş ## ###### 2021-ci il tarixli sadə yazılı qəbzə əsasən cavabdehə 20.400 manat məbləğində pulu 30 ay müddətinə, hər ay 680 manat qaytarmaq şərti ilə vermiş və cavabdeh isə pulu hissəhissə qaytaracağına dair söz verərək imzası ilə təsdiq etmişdir.

47. Apellyasiya məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdeh iddiçıya borcunu atasına məxsus pensiya və çörək pulu kartını verməklə artıqlaması ilə qaytardığını və ona heç bir borcunun qalmadığını bildirsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

48. Əksinə, Ağdam rayon məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunur ki, cavabdehin atası Müqabil Əliyevin İddiaçı qarşı “borcun düzgün hesablanması barədə” iddiası əsassız olduğundan rədd edilmişdir.

49. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab etmişdir.

50. Apellyasiya məhkəməsi həmçinin ekspertin rəyini tədqiq edib, həmin rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək qeyd etmişdir ki, rəy əsaslıdır. Çünki, ekspert tədqiqat apararkən apellyatorun imza və sərbəst xətt nümunələrini əsas tutmuş və rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır.

51. Apellyasiya məhkəməsi cavabdehin yuxarıda göstərilən dəlillərini inandırıcı hesab etməmiş və özünü müdafiə xarakteri daşıyan hal hesab etmişdir. Belə ki, cavabdeh iddianı etiraf etməsə də, onun iddiaçıdan pul borc alması özünün yazdığı sadə yazılı qəbzlə də öz təsdiqini tapmışdır, həmçinin məhkəmə iclasında iddiaçıdan pul almasını etiraf etmişdir.

52. Göstərilənlərə əsasən kassasiya məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Q ə r a r a aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar