Məhkəmə qərarları › İş №2(1-8)-913/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-913/2026

12.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-913/2026 12.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı İslam oğlunun cavabdehlər cavabdeh1 və cavabdeh2 İsmayıl oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əldən çıxmış fayda, vurulmuş maddi ziyanın ödənilməsi, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı İslam oğlunun cavabdehlər cavabdeh1 və cavabdeh2 İsmayıl oğluna qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı İslam oğlunun kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şəmkir rayonu, Sarıtəpə kəndində İddiaçı İslam oğlu mərhum anası X5 məxsus 0,12 ha torpaq sahəsini cavabdeh1 ## #### 2011-ci il tarixdə akt əsasında 8500 ABŞ dollarına satılmışdır.

2. Şəmkir Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə İddiaçı İslam oğlundan 7000 ABŞ dolları pul vəsaiti (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 133 (bir yüz otuz üç) manat pulun alınaraq cavabdeh1 verilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı İslam oğlu (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X5 məxsus 0,12 ha torpaq sahəsində bar verən 54 ədəd meyvə ağacı-36 ədəd müxtəlif növ ərik ağacı, 6 ədəd şaftalı ağacı, 4 ədəd gilas ağacı, 4 ədəd alma və 4 ədəd armud ağacının, hər ağacın dəyəri 80 manat olmaqla cəmi, 4320 manat, 14 ildə orta hesabla hər il 1300 manat olmaqla əldə edəcəyi 18 000 manat dəyərində əldən çıxmış faydanın, 3000 manat dəyərində 120 metr uzunluqda, 1 metr 60 sm hündürlükdə mübahisəli torpaq sahəsinin ətrafına çəkmiş olduğu dəmir toru, hər birinin dəyəri 20 manat olmaqla 60 ədəd beton dirəyin dəyəri olan 1200 manat pulun, 1000 manat vəkil xidmət haqqının, 169 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 27520 manatın cavabdehlər cavabdeh1 və cavabdeh2 İsmayıl oğlundan müştərək qaydada alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, Şəmkir rayonu, Sarıtəpə kəndində iddiaçının mərhum anası X5 məxsus torpaq sahəsi olmuşdur. İddiaçı həmin torpaq sahəsini satışa çıxarmışdır. 2006-cı ildə tanışı Akif Cəfərov torpaq sahəsini qohumuna almaq istədiyini bildirmişdir. Onlar cavabdehlərlə 2006-cı ildə 8500 ABŞ dollarına torpaq sahəsinin alğı-satqısı barədə razılaşmışlar. Həmin torpaq sahəsində bar verən meyvə ağacları var idi. İddiaçı lazımi sənədləri və torpaq sahəsini cavabdehlərə naturada təhvil vermişdir. Həmin vaxtdan cavabdehlər torpaq sahəsində fərdi yaşayış evi tikdirmək üçün tikinti materiallarını torpaq sahəsinə tökdürmüş, torpaq sahəsində bar verən meyvə ağaclarını kəsib götürmüşlər. Uzun müddət keçdikdən sonra cavabdehlər iddiaçıya bildirmişlər ki, həmin torpaq sahəsini geri qaytarmaq istəyirlər. İddiaçı cavabdehlərə onların pulunu qaytaracağını bildirmiş, lakin onlardan vurduqları ziyanı qaytarmalarını da tələb etmişdir. Torpaq sahəsində 54 ədəd bar verən müxtəlif meyvə ağacları olmuşdur. Hər ağacın dəyəri 80 manat olmaqla cəmi, 4320 manat dəyərində ağaclar olmuşdur. Həmin ağaclardan 14 ildə orta hesabla hər il 1300 manat olmaqla, cəmi, 18 000 manat miqdarında gəlir əldə edə bilərdi. Bundan başqa, torpaq sahəsinin ətrafına 3000 manat dəyərində metal tor çəkdirmiş, dəyəri 1200 manat olan 60 ədəd beton dirək basdırmışdır. Cavabdehlər ağacları, metal toru və dirəkləri məhv etmişlər. Cavabdehlər onun ziyanın əvəzini ödəmək tələbi ilə razılaşmamış, Şəmkir Rayon Məhkəməsində pul tələbinə dair iddia qaldırmışlar. Onların iddia tələbi Şəmkir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə təmin edilmişdir. Buna görə də iddiaçı cavabdehlərə qarşı ziyan tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlərə satdığı torpaq sahəsi mərhum anası və qardaşına məxsus olmuşdur.

5. Birinci instansiya məhkəməsində cavabdeh cavabdeh2 İsmayıl oğlu iddia tələbinə etiraz edərək, bildirmişdir ki, oğlu cavabdeh1 yaşayış evi tikmək məqsədilə “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında iddiaçının anası X5 və X2 ümumi birgə mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsini iddiaçıdan almışdır. Həmin torpaq sahəsinin iddiaçı tərəfindən satılmasına dair ## #### 2011-ci il tarixdə akt tərtib edilmiş və onlar iddiaçıya 8500 ABŞ dolları ödəmişlər. Lakin torpaq sahəsi iddiaçının anası və X2 məxsus olduğu üçün alğı-satqını sənədləşdirmək mümkün olmamışdır. Onlar dəfələrlə iddiaçıdan torpaq sahəsi ilə əlaqədar alğı-satqının sənədləşdirməsini tələb etmiş, lakin iddiaçı bunu etməmiş və onlar iddiaçıdan ona torpaq sahəsi üçün verdikləri pulu geri tələb etmişlər. Lakin iddiaçı pulu verməkdən imtina etdiyi üçün onlar məhkəməyə müraciət etmiş, Şəmkir Rayon Məhkəməsinin qətnaməsi ilə onların iddia tələbi təmin edilmişdir. Həmin torpaq sahəsinin ətrafına çəkilmiş olduğu dəmir tor hasar iddiaçının özündədir. Onlar torpaq sahəsində olan ağacları da məhv etməmişlər. Əgər iddiaçı lazımı qaydada sənədləşdirməklə alğı-satqı müqaviləsi bağlayarsa, torpaq sahəsini hazırda da almağa razıdırlar.

6. Məhkəmə iclasında şahidlər Vəliyev Məmməd İslam oğlu və Vəliyev Emin İslam oğlu eyni məzmunlu izahat verərək bildirmişlər ki, iddiaçı onların qardaşıdır. Qardaşı həmin torpaq sahəsini cavabdehə satmışdır. Lakin bir müddət keçdikdən sonra həmin torpaq sahəsini cavabdeh qardaşına geri qaytarmış və həmin torpaq sahəsində olan meyvə ağaclarını cavabdeh kəsmişdir. Həmçinin torpaq sahəsinə cavabdeh tikini materialları tökmüşdür. Torpaq sahəsi anası və X2 məxsus olmuşdur. Onların anası 2008-ci ildə vəfat etmişdir.

7. Gədəbəy Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Fizuli Mirzəquliyev)

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı mülkiyyətində olmayan torpaq sahəsini cavabdehlərə satmış, bununla əlaqədar alğı-satqı müqaviləsinin qanunda nəzərdə tutulmuş qaydada tərtib edilməsi və bağlanılması mümkün olmamışdır. Torpaq sahəsi iddiaçıya məxsus olmadığı üçün həmin torpaq sahəsi ilə əlaqədar vurulması ehtimal edilən zərərin əvəzini tələb etməyə də onun subyektiv hüququ yoxdur.

9. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən o halı da nəzərə almışdır ki, torpaq sahəsinə zərər vurulmuşsa da belə, bu zərər cavabdehlərin deyil, iddiaçının başqa şəxslərə məxsus hüquqları mənimsəməklə hüquqi nəticə doğurmayan etibarsız müqavilə bağlaması nəticəsində vurulmuşdur və buna görə cavabdehlər məsuliyyət daşımırlar.

10. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 337.1, 646.1, 648.1, 648.2, 1096.1, 1096.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, qanunvericiliyə əsasən cavabdehlər tərəfindən ona vurulmuş maddi ziyan müştərək qaydada tam şəkildə ödənilməlidir. Vəkilin xidmət haqqını ödəməyi ilə bağlı qəbzin əslini məhkəməyə təqdim etmişdir. Lakin, məhkəmə cavabdehlərin təqsiri ucbatından etdiyi ödənişin onlardan alınıb verilməsinə dair qətnamə qəbul etməmişdir. Bununla da cavabdehlərin mövqeyindən çıxış etdiyini göstərmişdir.

13. Apellyasiya baxışında iddiaçının nümayəndəsi İsayeva Xalidə İsa qızı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, tərəflər arasında torpaq sahəsinin alğı-satqı müqaviləsi bağlanmış, 8500 ABŞ dolları pulu cavabdeh iddiaçıya vermiş, iddiaçı isə cavabdehə torpağa dair şəhadətnamənin əslini və ümumi etibarnamə verərək torpağı öz adına rəsmiləşdirməsini bildirmişdir. Daha sonra cavabdeh torpağı öz adına keçirə bilməməsini əsas gətirərək həmin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmış və iddiası təmin olunmuşdur. Buna görə iddiaçı tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir ki, müqavilə etibarsız sayıldığı və 8500 ABŞ dolları pul qaytarıldığı halda, bu zaman torpağın da özünə qaytarılmasını tələb edir. Torpaq iddiaçının anasının adına olub. Anası isə 2006-cı ildən əvvəl ölüb. Tərəflər arasında razılaşma 2006-cı ildə əldə olunsa da, rəsmi müqavilə 2011-ci ildə bağlanıb. Razılaşma olan vaxt iddiaçının adına vərəsəlik şəhadətnaməsi olmamışdır, lakin hazırda vərəsəlik şəhadətnaməsi alınıb. Həmin torpaq sahəsində ağacların olduğu həm şahid ifadələri, həm də torpaq sahəsində kəsilmiş ağacların kötükləri ilə sübut olunur. Hazırda torpaq iddiaçının adınadır.

14. Apellyasiya baxışında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, anası 2006-cı ildə ölüb. O və qardaşı mərhum analarının vərəsəsidirlər. Daha sonra özünə düşən paydan qardaşının xeyrinə imtina etdiyi üçün vərəsəlik haqqında şəhadətnamə qardaşının adına verilmiş və qardaşı həmin şəhadətnamə əsasında anasından miras qalmış torpağa dair reyestrdən çıxarış almışdır. Əslində torpağı o, almış, lakin çıxarış qardaşının adına rəsmiləşdirilmişdir. Hazırda həmin torpaqdan heç kim istifadə etmir. Torpaq yararsız haldadır, ağaclar kəsilib, xeyli zərər dəyib.

15. Apellyasiya baxışında cavabdeh cavabdeh2 İsmayıl oğlu apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, ümumiyyətlə, mübahisəli torpaq sahəsinə heç getməmişdir, nəinki həmin torpaq sahəsində olan ağacları kəsib, iddiaçıya ziyan vursun. İddiaçıya bildirmişdir ki, sənədlər hazır olduqdan sonra torpaq sahəsinə gedəcəkdir. İddiaçı onlara bildirmişdir ki, «gətirib daş töküb tikintiyə başlaya bilərsiniz» Bu səbəbdən də oğlu həmin torpağa daş tökdürmüş, evin tikintisinə başlamaq istəyərkən başqa bir nəfər şəxs sənədsiz yerdə tikintiyə başlamamağı məsləhət gördüyü üçün tikintiyə başlamamışlar. Torpağın alqı-satqısına görə 8000 manat pul ona qaytarılmayıb. Torpaq sahəsindəki ağacları kəsməmişdir.

16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev, Rüfət Məcidov)

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır və iddiaçı hazırkı tələb üzrə subyektiv hüquq sahibi deyildir.

18. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, mübahisəsi gedən torpaq sahəsi aqrar islahat komissiyasının müvafiq qərarı ilə X5 və X2 birgə mülkiyyətinə verilmişdir. İddiaçı torpaq sahəsinin vərəsəlik qaydasında ona məxsus olduğu barədə arqument irəli sürmüş, işə baxılması təxirə salınaraq ona bu barədə sübutlarını məhkəməyə təqdim etmək təklif edilmiş, lakin iddiaçı irəli sürdüyü arqumentini sübuta yetirə bilməmişdir. Əksinə, məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla torpaq sahəsinin X2 və Vəliyev Emin İslam oğlunun ümumi birgə mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı məlum olmuşdur. Bu halda isə, iddiaçının həmin torpaq sahəsinə dair hər hansı əmlak hüquqlarının mövcud olması müəyyən edilmir. Odur ki, hazırkı halda iddiaçının mübahisə predmeti olan torpağa dair subyektiv hüquq sahibi kimi qəbul etmək mümkün deyildir.

19. Apellyasiya instansiyası məhkəməsi həmçinin vurğulamışdır ki, mübahisəli torpağa dair iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən, prosessual qənaət prinsipi baxımından onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına zərurət yoxdur.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (vəkil nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunlu olmaqla belə əsaslandırılmışdır ki, torpaq sahəsi faktiki iddiaçıya məxsus olmuş, cavabdehlər bunu bilmişlər. Belə ki, torpaq sahəsinin alqı-satqısı zamanı iddiaçının ailə üzvləri də etiraz etməmişlər. Məhkəmə bu halları nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

25. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.

29. Məhkəmə kollegiyası işə sübutları qiymətləndirməklə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi ilə razılaşır.

30. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən hallarına görə mübahisəli torpaq sahəsi aqrar islahat komissiyasının müvafiq qərarı ilə X5 və X2 birgə mülkiyyətinə verilib, ##.##.2025-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla isə torpaq sahəsinin X2 və Vəliyev Emin İslam oğlunun ümumi birgə mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı məlum olmuşdur.

31. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə düzgün hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul etmişdir.

32. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, bu dəlillər apellyasiya şikayətinin də dəlilləri olub və apellyasiya instansiyası məhkəməsi məhz həmin dəlillərə qiymət verməklə onları rədd etmişdir.

33. Məhkəmə kollegiysı kassasiya şikayətinin torpaq sahəsinin faktiki olaraq iddiaçıya məxsus olması və həmin torpaq sahəsi satılarkən iddiaçının ailə üzvlərinin etiraz etməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün satılan torpağın mülkiyyətçisi müqavilənin tərəfi olmalıdır. İddiaçının torpağa faktiki sahiblik etməsi ona torpaq üzərində sərəncam hüququ vermir. Belə ki, torpaq üzərində mülkiyyət hüququ yalnız dövlət reyestrində (daşınmaz əmlakın reyestri) qeydiyyata alındıqdan və müvafiq çıxarış alındıqdan sonra rəsmən tanınır.

34. Bu baxımdan, məhkəmə kollegiyası işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 18-19-cu bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır və bu səbəbdən kassasiya şikayətinin eyni məzmunlu dəlillərinə əlavə qiymət verməyə zərurət görmür.

35. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı İslam oğlunun kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar