Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-918/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilədən irəli gələn pul tələbi, müqavilənin təfsiri Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. İddiaçı ilə Cavabdeh arasında notarial qaydada təsdiq edilmiş 2024-cü il # ###### tarixli “Birgə fəaliyyət haqqında” müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasəön İddiaçı Bərdə rayonu, Mollagüllər kəndində yaradılacaq iri buynuzlu heyvan ferması üçün 45.000 manat sərmayə qoymağı, Cavabdeh isə fermanın təşkili, heyvanların alınması, saxlanılması, artırılması və məhsulların satışını həyata keçirməyi öhdəsinə götürmüşdür. Razılaşma ilə müəyyən edilmişdir ki, əldə olunan xalis gəlirin 50 faizi İddiaçı ödənilməli, fəaliyyət baş tutmadıqda və ya dayandırıldıqda isə Cavabdeh 45.000 manat məbləği aylıq 2.000 manat olmaqla geri qaytarmağı öhdəsinə götürmüşdür.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 45.000 manat məbləğində pulun və 220 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Iddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad olunmaqla belə əsaslandırılmışdır ki, cavabdeh əvvəllər tanış olduğu iddiaçıdan Bərdə rayonu, Mollagüllər kəndində ferma yaratmaq məqsədilə iri buynuzlu mal-qaranın alınması, saxlanılması və satışı üçün 45.000 manat məbləğində borc almış, həmin məbləği aylıq 2.000 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. ##.##.2024-cü il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində borc müqaviləsi tərtib edilərək tərəflər tərəfindən təsdiq edilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, dəfələrlə edilən müraciətlərə baxmayaraq borcu bu günədək ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək bildirmişdir ki, 2023cü ildə4.Bərdə şəhərində yerləşən evini 60.000 manata satmış, həmin vəsaitin 45.000 manatını cavabdehə 2023–2024-cü illər ərzində müxtəlif vaxtlarda heyvandarlıq fəaliyyətinin təşkili məqsədilə vermişdir. Cavabdeh borcu qaytarmadığından tərəflər arasında ##.##.2024-cü il tarixdə müqavilə bağlanmışdır. Borcun ödənilməməsi ilə əlaqədar polis orqanına müraciət edilmiş, lakin mübahisənin mülki xarakterli olduğu bildirildiyindən məhkəməyə müraciət tövsiyə olunmuşdur. Mübahisənin məhkəmədənkənar qaydada həlli mümkün olmadığından iddiaçı məhkəməyə müraciət etmişdir.
5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyə uyğun qaydada məlumatlandırılsa da, üzrlü səbəb olmadan iclasa gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Bərdə Rayon Məhkəməsinin (hakim F.F.Abdullayev) 2025-ci il ## ##### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ##.##.2024-cü il tarixli Birgə Fəaliyyət haqqında razılaşmaya əsasən iddiaçı 45.000 manat sərmayə qoymağı öhdəsinə götürmüş, lakin cavabdehin həmin məbləği alması sübuta yetirilməmişdir. Həmçinin ##.##.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda da cavabdehin iddiaçıdan 45.000 manat alması öz təsdiqini tapmamışdır. Cavabdeh izahatında tərəflərin birgə qızılları banka girov qoyduqlarını, iddiaçının adına kreditlər götürüldüyünü və ödənişlərin birgə aparıldığını, sonradan maddi çətinlik səbəbindən ödənişlərin dayandığını bildirmiş, iddiaçıdan hər hansı borc almadığını qeyd etmişdir. Iddiaçı tərəfindən təqdim edilən “Whatsapp” yazışmaları isə tərəflər arasında bank öhdəliklərinə dair münasibətləri əks etdirir.
8. Məhkəmə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyə əsasən sübutetmə yükü iddiaçının üzərinə düşür və iddiaçı öz tələblərini mötəbər sübutlarla əsaslandıra bilməmişdir.Bu səbəbdən məhkəmə iddia tələbinin əsassız olması qənaətinə gələrək onun təmin edilməməsini məqsədəuyğun hesab etmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – MM ) 385.1, 386.1, 390.1, 405.1, 443.1, 443.2, 443.3, 493.1, 493.2, 494, 495, 496, 499.1, 499.2, 500.1, 500.2, 501, 502, 503, 504, 505-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 77.1, 77.3, 78.2, 106.1, 119.1, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il ## #### tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddiaçının izahatına uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə cavabdeh tərəfindən pulun alınmasının sübuta yetirilmədiyini əsas gətirsə də, notariat qaydasında təsdiq olunmuş müqavilənin mövcudluğu bunu təsdiq edir. Həmçinin cavabdehin iddiaçıya digər borcları da mövcuddur və həmin vəsait hesabına bank öhdəliklərini ödəmək mümkün olduğu halda, cavabdehin təqsiri üzündən əlavə kreditlər götürməyə məcbur olmuşdur. “WhatsApp” yazışmalarında qeyd olunan bank borcları da bununla bağlıdır.
12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – R.Ş.Muradov (sədrlik edən və məruzəçi hakim), Ə.S.Qəhrəmanov və M.Ə.Mustafayev) 2025-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsi qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin olunmuş, cavabdehdən 45.000 manat pulun alınıb iddiaçıya verilməsi, ödənilmiş dövlət rüsumu kimi 220 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
13. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdeh arasında 2024-cü il # ###### tarixli birgə fəaliyyət müqaviləsi bağlanmamışdan əvvəl tərəflər arasında iri buynuzlu heyvanların alınması, saxlanılması və satışından əldə olunan gəlirin bölüşdürülməsi barədə razılaşma mövcud olmuş, bu məqsədlə iddiaçı tərəfindən cavabdehə hissə-hissə 45.000 manat verilmişdir.
14. Cavabdehin razılaşmanın şərtlərini pozması, yəni əldə olunmuş gəlirdən iddiaçıya düşən payı və verilmiş məbləği qaytarmaması səbəbilə iddiaçı tərəfindən polisə müraciət edilmiş, aparılmış araşdırma nəticəsində tərəflər arasında həmin məbləğə dair birgə fəaliyyət müqaviləsi bağlanmışdır. Məhkəmə kollegiyası xüsusilə vurğulamışdır ki, bu hal tərəflərin əvvəlki münasibətlərinin yazılı şəkildə təsdiq edilməsi kimi qiymətləndirilir.
15. Iş materiallarında olan “WhatsApp” yazışmaları da tərəflər arasında pul münasibətlərinin mövcudluğunu təsdiq etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının polisə müraciəti müqavilənin bağlanmasından əvvəl olmuş, 2024-cü il # ###### tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və mübahisənin mülki qaydada həll edilməli olduğu göstərilmişdir. Buna baxmayaraq, tərəflər arasında 2024-cü il # ###### tarixdə müqavilənin bağlanması cavabdehin iddiaçıdan 45.000 manat aldığını dolayısı ilə qəbul etməsi kimi qiymətləndirilir.
16. Apellyasiya məhkəməsi öz mövqeyini MM-nin 157.2, 385.1, 389.1, 390.1, 428.4, 442-ci və MPM-in 14.1, 52.2, 77.1, 87.2., 88, 124.1, 217.3, 384.0.2, 385.1, 388, 402.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək, onun ləğv olunması və iddia tələbinin təmin edilməməsi məqsədi ilə işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qətnaməni ##.##.2024-cü il tarixli “Birgə fəaliyyət haqqında razılaşma”ya istinadla əsaslandırsa da, həmin sənəddə pul vəsaitinin cavabdehə faktiki verilməsini təsdiq edən hər hansı maliyyə sənədi mövcud deyil. Qanunvericiliyə görə, belə münasibətlərdə pulun faktiki təhvil verilməsi sübuta yetirilməlidir. Həmçinin, iddiaçı pul vəsaitini 2023-cü ildə evini satmaqla əldə edib hissə-hissə verdiyini bildirsə də, həmin məbləğin verilməsini təsdiq edən sənəd təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi bu halı düzgün qiymətləndirərək pulun verilməsinin sübut olunmadığını müəyyən etmişdir.
19. Bundan əlavə, tərəflər arasındakı münasibətlər əsasən şəxsi xarakter daşıyır və birgə biznes münasibətlərindən daha çox, kredit və digər öhdəliklərlə bağlı olmuşdur. Apellyasiya məhkəməsi bu halları tam araşdırmadan nəticəyə gəlmişdir.
20. Şikayətdə qeyd edilmişdir ki, işə baxılarkən sübutların tədqiqi səthi aparılmış, iddiaçının müxtəlif işlərdə irəli sürdüyü ziddiyyətli tələblərə (55.000 manat və 45.000 manat) hüquqi qiymət verilməmişdir. Bununla yanaşı, eyni tərəflər, eyni predmet və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğu halda, işin yenidən baxılması qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə tərəflər arasında 20.000 manat məbləğində razılaşma təsdiq edilmiş və həmin qətnamə icra olunmaqdadır. Iddiaçının eyni faktiki hallara istinad etməklə yalnız məbləği dəyişdirərək yenidən iddia qaldırmasını apellyasiya məhkəməsi nəzərə almamışdır.
21. Digər tərəfdən, sübutetmə yükü düzgün tətbiq edilməmiş, iddiaçı tərəfindən pulun verilməsini təsdiq edən mötəbər sübut təqdim edilmədiyi halda, apellyasiya məhkəməsi kifayət qədər sübut olmadan qətnamə qəbul etmişdir. Belə ki, real müqavilələr üzrə öhdəlik yalnız pulun faktiki verildiyi andan yaranır və iddiaçının ümumi bəyanatları bu halı sübut etmir. Apellyasiya məhkəməsi iddiaçının əvvəlki razılaşma ilə mövcud tələbləri arasındakı ziddiyyətləri araşdırmamış, bununla da hüquqi müəyyənlik prinsipi pozulmuşdur.
22. Cavabdeh kassasiya şikayətini MM-in 385.1, 386.1, 390.1, 405.1, 425.1, 425.2, 443.1, 443.2, 443.3, 493.1, 493.2, 494, 495, 496, 499.1, 499.2, 500.1, 500.2, 502, 503, 504, 505-ci, MPM-in 416, 417.1.4, 417.2, 418.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
25. Maddə 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
26. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
27. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
28. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
29. Maddə 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir.
30. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyasının mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iş yeni baxışa göndərilməlidir.
42. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iddia tələbini faktiki əsası kimi istinad edilmiş müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun təfsir edilmədiyindən iddia tələbinin qanuni əsası düzgün müəyyən edilməmiş, nəticədə iş üzrə qəbul edilmiş qətnamə maddi hüquq normalarının pozuntusu ilə qəbul edilmişdir.
43. Mülki qanunvericiliyin 399.1-ci maddəsinə əsasən, hər bir müqavilə üzrə tərəflərin öz üzərinə götürdükləri hüquq və vəzifələr 399.2-ci maddədə qeyd edilmiş hal istisna olmaqla müqavilənin bağlandığı andan sonra qüvvəyə minir.
44. Işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçı və cavabdeh arasında ##.##.2024-cü il tarixdən sonra birgə fəaliyyətlə bağlı münasibət olmamış, iddiaçı cavabdehdən tələb etdiyi məbləği qeyd edilən müqavilə bağlananadək cavabdehə verdiyini bildirərək birinci instansiya məhkəməsinə verdiyi izahatlarda göstərmişdir ki, cavabdeh aldığı 45.000 manatı geri qaytarmadığı üçün onunla ##.##.2024-cü il tarixli müqaviləni bağlamışdır.
45. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, işə yenidən baxılarkən məhkəmə qeyd edilən müqavilənin tərəflər arasında birgə fəaliyyətlə bağlı öhdəlik münasibəti yaratmaq yoxsa mövcud borcun etirafı məqsədi ilə bağlanıb-bağlanmadığını araşdırmalı, müqavilə Mülki Məcəllənin 404.1-ci maddəsinin tələblərinə uyğun təfsir edilərək tərəflər arasında hansı öhdəlik münasibəti olduğuna hüquqi qiymət verməli, bu qiymətləndirmədən asılı olaraq tələbin qanuni əsası müəyyən edilməlidir.
46. Kassasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə artıq baxılaraq Bərdə Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə hazırda iddiaçının tələb etdiyi borcun 20.000 manat hissəsi cavabdehdən tutulmuş, qalan hissədə iddiası rədd edilmişdir. Mübahisənin obyektiv və qanuni həll edilməsi üçün işə yenidən baxılarkən məhkəmə tərəfindən cavabdehin bu dəlili də araşdırılaraq hazırda tələb olunan borcun bir hissəsinin cavabdehdən tutulması barədə qanuni qüvvədə olan qətnamə olubolmadığı müəyyənləşdirilməlidir.
47. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi
Qərara aldı
Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. Iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.