Məhkəmə qərarları › İş №2(1-8)-935/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-935/2026

12.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-935/2026 12.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh yazılı müqavilə bağlanmadan, sonradan qaytarılması şərti ilə 6000 manat pul vermiş, cavabdeh isə həmin puldan 150 manatını qaytarsa da, 5850 manatının iddiaçıya ödənilməsini təmin etməmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Zaqatala rayonu, Muğanlı kəndində qeydiyyatda olan və yaşayan, ##.##.1980-cı ildə doğulmuş X1 5850 manat pulun, 78,5 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X1 onun həyat yoldaşının qohumudur. Cavabdehin başqa adama borcu olduğundan borcunu bağlamaq üçün ondan kömək istəmiş və xahiş etmişdir ki, o bankdan kredit götürərək həmin pulu ona versin, o da öz borcunu bağlasın. O, ##.##.2022-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankdan kredit götürərək cavabdehə 6000 (altı min) manat pul vermişdir. Cavabdehlə aralarında danışmışlar ki, cavabdeh hər ay 280 manat banka pul ödəyəcək. Lakin cavabdeh sözünün üstündə durmamış, onun etibarından suiistifadə edərək pulu ödəməmişdir. O, məcbur qalaraq cavabdehə verdiyi borc pulun kredit borcunu özü banka ödəmişdir. O, dəfələrlə cavabdehdən pulu ödəməsini və yaxud onun banka ödədiyi pulları ona qaytarmasını tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Cavabdeh indiyədək ona 2 dəfə pul ödəmişdir. ##.##.2023-cü il tarixdə Gülbəniz Hümbətovanın kartı vasitəsi ilə ona 50 manat, ##.##.2023-cü il tarixdə isə 100 manatı birbaşa ona verərək 6000 manatdan 150 manat pul ödəmişdir. Beləliklə, cavabdeh Məhbubə Məmmədovanın ona 5850 manat borcu qalmışdır. Cavabdeh pulu könüllü olaraq vermədiyi üçün o məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin ona borclu olmasını təsdiq edən səs yazıları vardır.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, cavabdehə bankdan 6000 manat kredit götürüb vermişdir. Cavabdeh həmin borcdan cəmi 150 manat pul ödəmişdir. Həmin pulun 50 manatı onun anasının kart hesabına göndərilmişdir. O, cavabdehə etibar edib borc pul vermişdir. Lakin sonradan ona məlum olmuşdur ki, cavabdeh başqa şəxsləri də aldadıb götürdüyü pulları qaytarmamışdır. Cavabdehə görə o, hər ay banka kredit ödəmişdir. Cavabdehin adı şəxsiyyət vəsiqəsində Məhbubə olsa da, hamı onu Könül kimi çağırır. O ona borclu olduğu məbləği müqavilə ilə notariat kontorunda təsdiq etdirəcəyini bildirsə də bundan yayınmışdır. Cavabdeh onunla aparılan telefon danışığında ona borcunun olmasını etiraf etmişdir. O, cavabdehdən qalan borcunun ödənilməsini tələb edir.

5. Cavabdeh Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o, iddiaçıdan pulu faizi ilə ödəmək şərti ilə götürmüşdür. O, “krutilka” oynamış və iki yerə pul ödəmişdir. Lakin sonradan oyun dağılmış və o ödədiyi pulunu geri istəmişdir. Onun pulu hissə-hissə qaytarılmışdır. Həmin vaxtı onun ehtiyacı olduğu üçün iddiaçıdan 1500 manat faizə borc pul götürmüş və sonra sonuncuya hər ay 500 manat pul ödəmişdir. Lakin həmin pulun faizini ödəyə bilməmişdir. O, iddiaçıdan 6000 manat pul götürməmişdir. Onun götürdüyü pul 1500 manat olmuş, lakin üstünə faiz yığılmışdır. Onun şəxsiyyət vəsiqəsində adı Məhbubə olsa da, hamı onu Könül kimi tanıyır. O, iddiaçıya 1500 manat pulu ödəməyi öhdəsinə götürür. Məhkəmə iclasında dinlənilmiş CD diskdə olan səs qeydləri ona məxsusdur. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir.

6. Zaqatala Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) ##.##.2025-ci il tarixli, e- *(***)-***/**** nömrəli qətnaməsi ilə, iddia təmin edilmiş, cavabdeh Cavabdeh 5850 manat pul vəsaitinin və ödənilmiş 78,5 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir.

7. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehə öhdəlikdən kənar qaydada 6000 manat pul vermiş, cavabdeh də həmin pulun 150 manat hissəsini 2023-cü ilin noyabr ayında qaytarmış, qalan 5850 manatı isə qaytarmamışdır.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehə 6000 manat pulu borc verdiyini iddia etmiş, həmin hal onun təqdim etdiyi CD-də olan səs yazısı ilə təsdiq edilmişdir.

9. Məhkəmə, həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçıdan 6000 manat pul götürməməsi, 1500 manat pulu faizlə borc götürməsi, hər ay 500 manat pul ödəməsi, götürdüyü 1500 manatın üstünə faiz yığılması əsası ilə iddiaya etiraz etsə də, həmin halların təsdiqi üçün sübut təqdim etməmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı eyni zamanda cavabdehin ##.##.2023-cü il tarixdə 50 manat, ##.##.2023-cü il tarixdə isə 100 manat qaytardığını, qalan 5850 manatı isə qaytarmaqdan imtina etdiyini bildirmişdir.

11. Məhkəmə cavabdehin sübut təqdim etmədiyini, 6000 manat pulun verilməsi halının isə yanaşı yoxlanılmış səs yazısı ilə təsdiq olunmasını nəzərə alaraq, onun cavabdehə 6000 manat pulu borc verməsi, cavabdehin ##.##.2023-cü il tarixdə 50 manat, ##.##.2023-cü il tarixdə isə 100 manat qaytarması, qalan 5850 manatı isə qaytarmaqdan imtina etməsi barədə iddiaçının bildirdiklərini işin hallarına uyğun saymışdır.

12. Məhkəmə hesab etmişdir ki, cavabdeh əldə etdiklərini iddiaçının tələbi ilə ona qaytarmalı olduğundan, əldə etdiklərinin qaytarılmamış hissəsi üzrə 5850 manat ondan alınaraq iddiaçıya verilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5, 439.4, 739.1, 740.1, 740.2, 1091, 1092.1 və 1092.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2021-ci il tarixli Qərarına, Avşar Türkiyəyə qarşı iş üzrə Avropa Insan Hüquqları Məhkəməsinin Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.2, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində məhkəməsində icraat

14. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Zaqatala Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ildə 6000 manat kredit götürərək cavabdehə borc verdiyini bildirsə də, məhkəmə qətnaməsindən göründüyü kimi iddiaçı 6000 manat kredit yox, 8600 manat bankdan kredit götürmüşdür. Iddiaçı cavabdehə 6000 manat borc pul verdiyini bu qaydada təsdiq etməyə çalışmışdır. Lakin işə baxarkən məhkəmə bir hala da nəzər yetirməli olduğu halda nəzər yetirməmiş, iddiaçının qeyd etdikləri ilə kifayətlənərək düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh ifadəsində iddiaçıdan 1500 manat borc pul deyil, aylıq faiz ödəməklə pul götürdüyünü bildirmişdir. Iddiaçı yaşadığı yerdə qanunsuz faizə pul verərək qazanc əldə etsə də, bununla bağlı heç bir sənədləşirmə aparmamış və əldə etdiyi gəlirlərlə bağlı bütün vergilərdən yayınmışdır. Hesab edir ki, bu hal məhkəmə tərəfindən araşdırılmalı idi. Iddiaçının faizə pul verməsini barəsində Zaqatala Rayon Polis Şöbəsinə edilmiş çoxsaylı şikayətlər təsdiq edir. Həmin şikayətlər üzrə cavabdeh heç bir tərəf olmadığı üçün bu barədə məhkəmədə bildirməmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

16. Bundan başqa, iddiaçı həqiqətən də bankdan kredit götürüb cavabdehə vermiş olsaydı, o, bankdan 8600 manat deyil, 6000 manat pul götürmüş olardı. Halbuki iddiaçı bankdan 8600 manat pul götürdüyü halda 6000 manat pul götürdüyünü bildirmiş, nə iddia ərizəsində, nə də izahatında artıq pul götürüb nəyəsə xərcləməsi barədə bildirməmişdir. Bankdan pul götürüb başqasına verdiyini bildirən və həmin krediti faziləri ilə birlikdə banka ödəyən birinin hazırda cavabdehdən banka ödədiyi əlavə faziləri də istəməməsi şübhə çəkdiyi halda məhkəmə tərəfindən bu hal araşdırılmamışdır. Iddiaçı faizə pul verdiyi üçün bankdan pul götürərək həmin pulunu borc pul üçün ona müraciət edən şəxslərə faizə verərək banka bir ildə ödədiyi faizləri vətəndaşdan bir ayda alaraq digər aylıq ödənişlərdən qazanc əldə edir. Bütün bunlar məhkəmə tərəfindən araşdırıldıqda iddiaçının küllü miqdarda vergidən yayındığı öz təsdiqini tapacaqdır. Cavabdeh izahatında da bildirdiyi kimi, iddiaçıdan 1500 manat pul almış və həmin pulu da hissə-hissə ödəmişdir. Bu səbəbdən hesab edirlər ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır.

17. Məhkəmə öz qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə istinad etsə də, iddiaçı tərəfindən həmin maddənin tələblərinə əməl edilib-edilmədiyini araşdırmamış və iddiaçının dedikləri ilə kifayətlənmişdir. Halbuki qanunun tələbinə görə tərəflər arasında borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Iddiaçı tərəfindən də məhkəməyə belə bir müqavilə təqdim edilməmişdir. Necə ola bilər ki, bankdan 6000 manat pul götürüb başqa birinə borc verəsən və borc verdiyin şəxsdən nə bir iltizam, nə də bir yazılı sənəd almayasan?. Bütün bunlardan göründüyü kimi cavabdehin iddiaçıdan 1500 manat pul borc götürməsi ilə bağlı qeyd etdikləri ona qarşı verilmiş iddiaya müdafiə mövqeyi daşımır və həqiqəti əks etdirir. Çünki əgər həqiqətən iddiaçı cavabdehə 6000 manat borc vermiş olsadı, həmin razılaşmanı yazılı formada bağlamalı idi. 1500 manat borc verdiyi üçün buna zərurət bilməmişdir.

18. Məhkəmə tərəfindən möhtəbər sübut kimi götürülmüş səs yazına münasibət bildirərək qeyd etmək istəyir ki, cavabdeh məhkəmə iclasında həmin səs yazısında iddiaçının sualına cavab kimi “hə” deyərək cavab verməsinin həqiqəti əks etdirmədiyini, cavabdehin belə bir cavab vermədiyini məhkəmə iclasında bildirsə sə, məhkəmə sözügedən səs yazısının hansı şəraitdə yazılması, həmin səs yazısında cavabdehə məxsus olduğu bildirilən səsin həqiqətən ona məxsus olub-olmaması barədə ekspertiza keçirməmişdir. Çünki cavabdeh məhkəmə iclasında onun iddiaçının sualına elə cavab vermədiyi bildirmişdir. Belə bir vəziyyətdə iddiaçının təqdim etdiyi səs yazılarını xüsusi proqramlar vasitəsi ilə saxtalaşdırıb saxtalaşdırmamasını ekspertiza təyin edilmədən möhtəbər sübut kimi məhkəmənin qəbul etməsi araşdırmanın birtərəfli qaydada aparıldığını təsdiq edir. Mülki işlər üzrə məhkəmə iclasının audi-video yazısı aparıldığından məhkəmə iclasının protokolu ilə audio-video arasında ziddiyyət olduğu halda audio-video yazı əsas götürülməlidir.

19. Bundan başqa, möhtəbər sübut kimi götürülmüş səs yazıları məhkəmə tərəfindən ətraflı araşdırılmamışdır. Çünki iddiaçı həmin səs yazısını məhkəmə təqdim edərəkən səs yazısında sual kimi ünvanlanan səslərin ona məxsus olduğunu, həmin sualların onun tərəfindən verdiyini bildirmişdir. Iddiaçı tərəfindən bildirilən səs yazılarında deyilir: “Könül sənin 4000 manat və 2300 manat pulunu bağlamışam hə? “Əgər indi borcu bağlasan banka 4500 manat verməlisən, yox əgər bağlamasan 1 il 8 aya üstünə 1500 manat gəlib 6000 manat edir, 2300 manat da sənin əlinə pul vermişəm. Könül mən səndən bunları məhkəmə yolu ilə həll edəcəm”. Göründüyü kimi iddiaçı öz səs yazısında “Könül” kimi adlandırdığı cavabdeh Cavabdeh 4000 manat bir, 2300 manat bir pul bağışladığını bildirir. Halbuki iddiaçı məhkəmə iclasında verdiyi izahatında onlar arasında da əvvəl borc pul münasibətləri olduğunu deməmiş, həmin pulları bağışlayıb iddia ərizəsi ilə hazırda tələb etdiyi pulları nə səbəbə istədiyini əsaslandırmamışdır. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı səs yazısında bağışladığını bildirdiyi həmin pulların iddiasındadır ki, onu da bankdan borc götürüb verdiyini qeyd etməklə öz tələbini əsaslandırmağa çalışmışdır. Halbuki iddiaçı cavabdehə o məbləğdə pul verməmiş, cavabdehin iddiaçıdan aldığı pul məbləği 1500 manat təşkil etmiş və həmin pulu da iddiaçıya ödəmişdir. Göründüyü kimi iddiaçı cavabdehin də bildirdiyi kimi əsassız faiz borclarının iddiasındadır ki, bu da heç bir qanuni əsasa və müqaviləyə söykənmir. Yoxsa 6000 manat pul verib geriyə ödənilməsini xahiş etdiyi halda 4000 manat bir, 2300 manat bir pul bağışladığını, ondan aldığı məbləğin 2300 manat olduğunu öz səs yazısında niyə bildirsin? Bütün bunlar şübhə çəkdiyi halda məhkəmə tərəfindən araşdırılmamış və bu barədə tərəflərə suallar verilməmişdir.

20. Məhkəmə iddiaçının təqdim etdiyi sübutları səthi araşdırmış, bu da əsasssız və qanunsuz olaraq hesab etdikləri məhkəmə qətnaməsinin qəbul edilməsinə gətirib çıxarmışdır. Belə ki, məhkəmə səs yazılarında cavabdehə məxsus olan səs yazısının xüsusi proqramlar vasitəsi ilə saxtalaşdırırlıb-saxtalaşdırmamasını araşdırmamış və bu barədə ekspertiza keçirməmişdir. Halbuki qanun ekspertizanın keçirilməsini məhkəmənin öz təşəbüssü ilə də edə biləcəyini xüsusi olaraq vurğulamışdır. Məhkəmə səs yazısında cavabdehə məxsus olduğu iddia edilən “hə” kəlməsinə əsaslanaraq iddianın təmin edilməsi qənaətinə gəlsə də, həmin səs yazısının cavabdehin ona məxsus olduğunu bildirmədiyi halda onu qətnamədə fəqli qaydada qeyd etmiş, ona məxsus olubolmamasının

21. aydınlaşdırılması üçün ekspertiza təyin etməmişdir. Bundan başqa məhkəmə səs yazısında ancaq cavabdehə məxsus olduğu iddia edilən səs yazılarına əsaslanmış, lakin iddiaçının səs yazılarında dedikləri ilə iddia ərizəsində qeyd etdiyi halların ziddiyyət yaradığına məhəl qoymayaraq bu barədə araşdırma aparmamışdır.

22. Hesab edir ki, cavabdehin rəsmi qaydada məlumatlandırılması hər bir halda araşdırılmalıdır. Belə ki, sözügedən işə daha əvvəl qiyabi icraat qaydasında baxılmış və cavabdehin məhkəmə iclasının vaxtı və yeri barəsində lazimi qaydada məlumatlandırıldığı bildirilmişdir. Halbuki cavabdeh barəsində çıxarılmış məhkəmənin qiyabi qətnaməsindən sonradan məlumatı olmuşdur.

23. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakimlər - Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Elman Isayev və Taleh Musayev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından iddiaçının faizə pul verməsi, bununla bağlı iddiaçının vergidən yayınması halları müəyyən edilməmişdir.

25. Həmçinin, qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinin tələbi qeyd edilsə də, birinci instansiya məhkəməsi iddiaçının cavabdehə öhdəlikdən kənar qaydada, yəni müqavilədən kənar qaydada pul vəsaitini ödəməsini müəyyən etməklə əslində cavabdehin iddiaçı qarşısındakı öhdəliyinin əsassız varlanmadan yarandığını qeyd etmiş, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən 1091, 1092.1 və 1092.2-ci maddələrinə də istinad etmişdir.

26. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı həqiqətən də bankdan kredit götürüb cavabdehə vermiş olsaydı, o, bankdan 8600 manat deyil, 6000 manat pul götürmüş olardı.

27. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, həmin məsələ məhkəmə iclasında dəqiqləşdirildikdə, iddiaçı bankdan götürdüyü kreditin hamısını deyil, 6000 manatını cavabdehə verdiyini göstərmişdir.

28. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, bankdan pul götürüb başqasına verdiyini bildirən və həmin krediti faziləri ilə birlikdə banka ödəyən birinin hazırda cavabdehdən banka ödədiyi əlavə faizləri də istəməməsi şübhə çəkdiyi halda, məhkəmə tərəfindən bu hal araşdırılmamış, 6000 manat borc verilmiş şəxsdən nə bir iltizam, nə də bir yazılı sənəd alınmamışdır. Iddiaçı cavabdehə 6000 manat borc vermiş olsaydı, həmin razılaşmanı yazılı formada bağlamalı idi.

29. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, verilmiş pul vəsaitinə görə faizin, həmçinin həmin pul vəsaitinin verilməsini təsdiq edən yazılı sənədin tələb edilməməsi pul vəsaitini verən şəxsin hüququdur. Eyni zamanda pul vəsaitinin verilməsini təsdiq edən yazılı sənədin tələb edilməməsi pul vəsaitini verən şəxsin onu alan şəxsdən tələb etməsini istisna edən hal deyildir.

30. Cavabdeh apellyasiya şikayətində iddiaçı öz səs yazısında “Könül” kimi adlandırdığı cavabdeh Cavabdeh 4000 manat bir, 2300 manat bir pul bağışladığını bildirmişdir. Həmin pulları bağışladığı halda, iddia ərizəsi ilə hazırda tələb etdiyi pulları nə səbəbə istədiyini əsaslandırmamışdır.

31. Apellyasiya məhkəməsi bununla bağlı qeyd etmişdir ki, məhkəmə iclasında birinci instansiya məhkəməsində tərəflər arasında pul alış-verişinə dair iddiaçının təqdim etdiyi diskdəki səslərin dinlənildiyi hissəyə baxış keçirilərkən iddiaçının cavabdehə onun pulunu bağışlaması deyil, onun pulunu bağlamasını deməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin iş materiallarına əlavə edilmiş sənədlər hissəsində də bu məqam pulun bağışlanması şəklində deyil, məhz pulun bağlanması kimi qeyd edilmişdir.

32. Məhkəmə apellyasiya şikayətinin cavabdehin məhkəmə iclasında məhkəmə tərəfindən mötəbər sübut kimi götürülmüş səs yazısında iddiaçının sualına cavab kimi “hə” deyərək cavab verməsinin həqiqəti əks etdirməməsi, cavabdehin belə bir cavab vermədiyini məhkəmə iclasında bildirməsi, məhkəmənin sözügedən səs yazısının hansı şəraitdə yazılması, həmin səs yazısında cavabdehə məxsus olduğu bildirilən səsin həqiqətən ona məxsus olub-olmaması barədə ekspertiza keçirməməsi, cavabdehin məhkəmə iclasında onun iddiaçının sualına elə cavab vermədiyini bildirməsi, həmin səs yazısının cavabdehin ona məxsus olduğunu bildirmədiyi halda onu qətnamədə fərqli qaydada qeyd etməsi, iddiaçının təqdim etdiyi səs yazılarının xüsusi proqramlar vasitəsi ilə saxtalaşdırıb-saxtaladırmamasını araşdırmaması və bu barədə ekspertiza təyin edilmədən mötəbər sübut kimi qəbul edilməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

33. Göründüyü kimi ekspertizanın təyin edilməsi işə baxan məhkəmənin mütləq vəzifəsi olmamaqla, işin hallarından asılı olaraq məhkəmənin aparılmasını zəruri hesab etdiyi bir tədqiqatdır. Iş materiallarından və cavabdehin birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatından da iş üzrə ekspertizanın təyin edilməsi zərurəti müəyyən edilməmişdir.

34. Belə ki, cavabdehin apellyasiya şikayətinin həmin dəlilləri üzrə dəqiqləşdirilmə aparılması məqsədi ilə məhkəmə kollegiyasının iclasında birinci instansiya məhkəməsinin ## ##### 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının audo-videoyazısına baxış keçirilmişdir. Həmin audo-videoyazıya baxış keçirilən zaman iddiaçının birinci instansiya məhkəməsinə cavabdehlə aralarındakı pul mübahisəsinə dair audioyazının aparıldığı disk təqdim etdiyi, həmin diskdəki aidioyazının birinci instansiya məhkəməsində dinlənildiyi, belə ki, iddiaçının təqdim etdiyi aidioyazıdakı səslərdə “Könül sənin 4000 manat və 2300 manat pulunu bağlamışam, hə?” sualına qarşı tərəfin “hə” cavabını verməsi, səs qeydlərində birinci şəxs “Əgər indi borcu bağlasan, banka 4500 manat verməlisən, yox əgər bağlamasan, 1 il 8 aya üstünə 1500 manat gəlib 6000 manat edir, 2300 manat da sənin əlinə pul vermişəm. Könül mən səndən bunları məhkəmə yolu ilə həll edəcəm” deməsi, Könül adlı şəxsin isə “mən verəcəm onsuzda sənin pullarını” deməsi, birinci instansiya məhkəməsində işə baxılarkən təqdim edilmiş audioyazıdakı səslərin ona məxsus olubolmamasının dəqiqləşdirilməsi məqsədi ilə sədrlik edənin sualına verdiyi cavabında cavabdeh Cavabdeh həmin səslərin ona məxsus olduğunu təsdiq etməsi müəyyən edilmişdir.

35. “N.Əsədovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər Üzrə Məhkəmə Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2021-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. Insanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.

36. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

37. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi CD diskdə qeydə alınan səs yazılarına mötəbər sübut qismində istinad etməkdə doğru mövqedən çıxış etmişdir.

38. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan tərəflər arasındakı pul münasibəti üzrə qeydə alınmış səs yazılarından iddiaçının cavabdehə onun 4000 manat və 2300 manat pulunu bağlayıb-bağlamamasına dair sualına cavabdehin “hə” cavabını verməsi, iddiaçının cavabdehə “2300 manat da sənin əlinə pul vermişəm” sözündən sonra cavabdehin onsuzda onun pullarını verəcəyi ilə bağlı cavab verməsi müəyyən edilmişdir. Hansı ki, iddiaçı tərəfindən cavabdehdən bunlardan daha az bir məbləğ, yəni 5850 manat tələb edilmişdir.

39. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin iddiaçının cavabdehə o məbləğdə pul verməməsi, cavabdehin iddiaçıdan aldığı pul məbləğinin 1500 manat təşkil etməsi və həmin pulu da iddiaçıya ödəməsi, iddiaçının əsassız faiz borclarının iddiasında olmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi diskdəki səs yazıları ilə cavabdehin iddiaçının hesabına məhz iddia ərizəsində göstərilən məbləğdə əsassız varlanması halının müəyyən edildiyi halda, cavabdeh tərəfindən məhkəməyə iddiaçının cavabdehə o məbləğdə pul verməməsinə, cavabdehin iddiaçıdan aldığı pul məbləğinin 1500 manat təşkil etməsinə və həmin pulu da iddiaçıya ödəməsinə, iddiaçının əsassız faiz borclarının iddiasında olmasına dair sübutlar təqdim edilməmişdir.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh barəsində çıxarılmış məhkəmənin qiyabi qətnaməsindən sonradan məlumatının olmasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ## #### 2024-cü il tarixdə hazırkı mübahisə üzrə qiyabi qətnamənin çıxarılmasına baxmayaraq, cavabdehin ##.##.2025-ci il tarixli ərizəsi əsasında qiyabi qətnamə ləğv edilmiş və tərəflər növbəti məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış və məhkəmə iclasında iştirak edən cavabdehin iddia tələbi üzrə fikirləri öyrənilmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkləməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv olunması və iddianın rədd olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

42. Kassasiya şikayəti cavabdehin birinci instnsiya məhkəməsindəki izahatına və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 14.2.7. Əsassız varlanma Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

44. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

45. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

46. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

47. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

48. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

49. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

50. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

57. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

58. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

62. Iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh Cavabdeh iddiaçı Məhbub Rəsulovanın hesabına əsassız olaraq 5850 manat varlanmışdır, bu hal iddiaçının izahatı və tərəflər arasında danışıqların audio-video yazısında cavabdehin 4000 manat + 2300 manat borclu olduğunu etiraf etməsi öz təsdiqini tapmışdır.

63. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış, həmin sübutlara düzgün hüquqi qiymət verməmiş, tərəflər arasındakı danışıqların audio-video yazıların iş materiallarında olan digər sübutlarla yanaşı təhlil etməmiş, nəticədə düzgün olmayan birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.

64. Belə ki, iddiaçı iddia ərizəsində ## ######## 2022-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankdan kredit götürərək cavabdehə 6000 manat pul verdiyini göstərmişdir.

65. Apellyasiya məhkəməsinin istinad etdiyi səs yazılarında göstərilən “Könül sənin 4000 manat və 2300 manat pulunu bağlamışam, hə?” sualına qarşı tərəfin “hə” cavabını verməsi, səs qeydlərində birinci şəxs “Əgər indi borcu bağlasan, banka 4500 manat verməlisən, yox əgər bağlamasan, 1 il 8 aya üstünə 1500 manat gəlib 6000 manat edir, 2300 manat da sənin əlinə pul vermişəm. Könül mən səndən bunları məhkəmə yolu ilə həll edəcəm”, Könül adlı şəxsin isə “mən verəcəm onsuzda sənin pullarını” deməsi kimi ifadələr tərəflərin arasında olan münasibətlərinin mahiyyətini, kimin nə qədər borclu olmasını, iddiaçının cavabdehin hansı borcunu (4000+2300 manat) bağlaması, əgər bu banka olan borcdursa cavabdedin niyə görə əlavə 4500 manat məbləğində banka pul ödəməli olması kimi hallar müəyyən edilməmiş qalmışdır. Həmin səsə yazılarına görə iddiaçı cavabdehin 6300 manat pulunu bağlamasına baxmayaraq ondan 4500 manat banka ödəməsini tələb edir, əgər ödənməsinə əlavə olaraq 1 il 8 aya əlavə 1500 manat ödəməli olacağını göstərir. Səs yazılarındakı ifadələrə görə hesablama aparılanda iddiaçının cavabdehə tamam fərqi bir rəqəmlə pul verməsi qənaətinə gəlmək olur.

66. Həmin səs yazılarında iddiaçı 2300 manat pulu cavabdehə əlbəəl verdiyini göstərir. Qalan məbbləğin hansı yormada verilməsi isə aydın deyildir.

67. Iş materiallarına görə cavabdeh iddiaçıdan yalnız 1500 manat aldığını etiraf etmişdir.

68. Işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, bundan sonra toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Cavabdeh Cavabdeh qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə # ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar