Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-939/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş maddi ziyan) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Lənkəran rayonu, Sürük icra nümayəndəliyində təsdiq edilmiş ##.##.2008-ci il tarixli vəsiyyətnamədən görünür ki, İddiaçı (bundan sonra – “iddiaçı”) anası X1 özünə məxsus və Lənkəran rayonu Türkəkəran kəndində yerləşən iki otaq və bir mətbəxdən ibarət evini (hazırda sökülmüş ev), 0,15 ha həyətyanı və 0,41 ha pay torpağını Cavabdeh (bundan sonra – “cavabdeh”) arvadı, mərhum qızı X4 vəsiyyət etmişdir.
2. Lənkəran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş ##.##.2021-ci il tarixli, 2 ( ***)-****/**** nömrəli qətnaməsinə əsasən hazırkı iş üzrə iddiaçı və Nümayəndə iddiası qismən təmin edilərək # ### 2008-ci il tarixli vəsiyyətnamə etibarsız hesab edilmiş, Lənkəran rayon Aqrar Islahat Komissiyasının ## ### 1998-ci il tarixli ** saylı qərarı ilə X7, X2, iddiaçının, X5 və X6 birgə mülkiyyətlərinə verilmiş Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən 0,15 ha torpaq sahəsi üzərincə mərhum X7 payına münasibətdə vərəsəsi, hazırkı iddia tələbi üzrə iddiaçının 1/3 hissədə payı müəyyən olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
3. Işin mübahisəsiz hallarına görə iddiaçının atası X7 ##.##.2007-ci il, anası X3 isə ##.##.2019-cu ildə vəfat etmişdir. Cavabdeh iddiaçının bacısı, mərhum X4 əridir. Iddiaçının atasından qalmış 0,15 ha torpaq sahəsi üzərində yerləşmiş və 1954-cü ildə tikilmiş fərdi yaşayış evi (mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmamış) cavabdeh tərəfindən sökülmüşdür.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona vurduğu 30.000 manat məbləğində maddi ziyanın və ödənilmiş 180,40 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia tələbi işin faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, ailədə 6 uşaq olmaqla Lənkəran rayonu,Türkəkəran kəndində, atasına məxsus fərdi yaşayış evində yasamışlar. Sonradan bacıları ailə quraraq ərə getmişlər. O isə, xəstə olduğu üçün həmişə həm atasının sağlığında, həm də atasının vəfatından sonra həmin evdə yaşamışdır. 1996-cı il tarixdə Lənkəran rayonunda islahat keçirilərkən atasının inşa etdiyi fərdi yaşayış evinin yerləşdiyi 0,15 ha torpaq sahəsi həmin vaxtı evdə qeydiyyatda olan atası, anası, onun və bacıları X5 və X6 mülkiyyətlərinə verilmişdir. Cavabdeh və mərhum X4 tərəfindən mərhum anasının adından saxta vəsiyyətnamə tərtib etdirilərək atasına məxsus fərdi yaşayış evi və torpaq sahəsi əsassız olaraq miras əmlak kimi təqdim edilmişdir. Sonradan həmin vəsiyyətnamə Lənkəran Rayon Məhkəməsi tərəfindən etibarsız hesab edilmiş, eyni zamanda mübahisəli torpaq sahəsində mərhum atasının payına münasibətdə onun payı müəyyən olunmuşdur. Cavabdeh heç bir əsas olmadan mərhum atasından ona qalmış fərdi yaşayış evini sökmüşdür. Həmin həyətdə də özü üçün fərdi yaşayış evi tikmişdir. Hazırda onun qalmağa başqa yeri yoxdur. Özü İ qrup əlildir. Cavabdeh onların da heç birini həmin həyətə buraxmır. Beləliklə, cavabdeh iddiaçının atasından ona qalmış fərdi yaşayış evini sökməklə sonuncuya maddi ziyan vurmuşdur.
6. Cavabdеh məhkəmə iclasında iddianı qəbul etməyib bildirmişdir ki, 1997-ci ildən qeyd olunan evdə yaşayır. Həmin ev 1954-cü ildə tikilib, evin divarları çiy kərpicdən olmaqla palçıqdan suvaqlanmışdı və damı soğaldan olmuşdur. Ev iki otaq və bir zaldan ibarət olub. Evin “kupçası” olmayıb. Tükəz 2008-ci il tarixdə vəsiyətnamə verib və vəsiyətnamə əsasında o, vəsiyyət üzrə şəhadətnamə almışdır. Həmin ev əvvələr də hissə-hissə sökülürdü. Tam olaraq 2015-ci il tarixdən sökülməyə başlamışdır. Materialları köhnə olduğu üçün çoxu həyətdə qalıb. Həmin vaxtı evin qiyməti 1000 manat olardı. O, iddiaçını həmin evdən qovmamışdır. Iddiaçının nümayəndəsi Nümayəndə gəlib iddiaçı olan qardaşını öz evinə aparmışdır. Iddiaçı istədiyi təqdirdə ona yaşamaq üçün iki otaq verməyə hazırdır.
7. Iddiaçının nümayəndəsi vəkil2 tərəfindən məhkəməyə təqdim edilmiş “Müstəqil Ekspertiza Mərkəzi”nin ##.##.2024-cü il tarixli, ** nömrəli qiymətləndirmə rəyindən görünür ki, mübahisələndirilən evin yenidən inşa olunmasına sərf ediləcək vəsaitin dəyəri 26980 manatdır.
8. Fərdi yaşayış evinin sökülməzdən əvvəlki dəyəri ilə bağlı “Liman şəhər X11 Cəmiyyəti” tərəfindən cavabdeh vasitəsilə məhkəməyə təqdim edilmiş ##.##.2024-cü il tarixli mütəxəssis rəyində hazırkı iddianın predmetinə aid olan, Lənkəran rayonu, Türkəkəran kəndində yerləşmiş, sökülmüş fərdi yaşayış evinin sökülməzdən əvvəlki dəyəri 624 manat müəyyən edilmişdir.
9. Lənkəran Rayon Məhkəməsinin # ##### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi (hakim – M.Qasımov) ilə iddia qismən təmin edilərək cavabdehdən 208 manat zərər məbləğinin tutularaq iddiaçıya ödənilməsi və iddiaçıdan 50 manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
10. Məhkəmə işin mübahisəsiz hallarına əsasən qeyd etmişdir ki, sökülmüş evə dair cavabdehin qayınanası tərəfindən onun arvadının xeyrinə verilmiş vəsiyyətnamə etibarsız hesab edilmiş, həmin sökülmüş evin yerləşdiyi 0,15 ha həyətyanı torpaq sahəsində X7 payına münasibətdə iddiaçının 1/3 hissədə payı müəyyən olunmuşdur.
11. Qeyd olunan evin dəyəri ilə bağlı məhkəmə qeyd etmişdir ki, mülki işin məhkəmə araşdırması ilə əlaqədar Lənkəran rayonu, Türkəkəran kəndində yerləşmiş fərdi yaşayış evinin sökülməzdən əvvəlki faktiki dəyərini müəyyən etmək məqsədilə ekspertiza təyin edilmişdir. Mübahisə predmetinə aid olan fərdi yaşayış evinin artıq mövcud olmadığı, lakin mülki işdə olan fotoşəkillər və X8 Filialının ##.##.2023-cü il tarixli arxiv arayışı nəzərə alınmaqla Lənkəran rayonu,Türkəkəran kəndində 1954-cü ildə tikilmiş, evin dəyərinin müəyyən edilməsi ekspertə tapşırılmışdır. Lakin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarrixli, *-**-**/*-**/****-*/**** nömrəli rəyində qeyd edilmişdir ki, sökülmüş həmin evin qiymətini müəyyən etmək mümkün olmamışdır.
12. Məhkəmə vurğulamışdır ki, həmin ev dövlət qeydiyyatına alınmadığı və evin müvafiq texniki göstərisilərini özündə əks etdirən sənəd tərtib edilmədiyi üçün onun hazırda dəyərini müəyyən etmək mümkün deyil. Yalnız həmin evin materialının dəyərini müəyyən etmək olmuşdur.
13. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi rəydən görünür ki, hazırda sökülmüş evin materiallarının dəyəri 624 manatdır. Əvvəlki məhkəmə qətnaməsi ilə həmin sökülmüş evin yerləşdiyi torpaq sahəsində, atasının payına münasibətdə iddiaçının 1/3 hissədə payının müəyyən olunduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçının atasına məxsus olmuş və sökülmüş evdən qalan materialının 1/3 hissəsinin dəyəri olan 208 manat cavabdehdən tutularaq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir.
14. Məhkəmə iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi “Müstəqil Ekspertiza Mərkəzi”nin rəyi ilə bağlı qeyd etmişdir ki, o, məhkəməyə sökülmüş evin dəyəri barədə deyil, evin yenidən inşa olunması ilə bağlı sərf ediləcək vəsaitin dəyəri barədə rəy təqdim etmişdir. Bu zaman nəzərə almamışdır ki, eyni yaşayış və qeyri yaşayış sahəsi olan evin 1954-cü ildə tikintisinə sərf edilən materialın məbləği hazırda tikiləcək evin tikintisinə sərf ediləcək məbləğ ilə eyni ola bilməz.
15. Məhkəmə, həmçinin vurğulamışdır ki, cavabdeh evi sökməkdə vicdanlı olmuşdur. Belə ki o, özbaşına deyil, vəsiyyət üzrə mərhum arvadına keçmiş evi arvadının sağlığında sökmüşdür. Bu zaman onun arvadının buna etirazı olmamışdır.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 158.4, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə mübahisəli evin dəyərini müəyyən edərkən ekspertin rəyini deyil, mütəxəssisin rəyini əsas götürmüşdür ki, bu da onu deməyə əsas verir ki, qəbul edilmiş qətnamə prosessual hüquq normalarının pozulması ilə nəticələnmişdir.
19. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən 208 manat zərər məbləğinin tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilərək cavabdehdən tutulmalı olan maddi zərər məbləği 6666 müəyyən edilmişdir (hakimlər: C.Imanov – sədrlik edən və məruzəçi, T.Kərimov və Q.Əliyev).
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlili cavabdeh tərəfindən evin sökülməsi nəticəsində iddiaçıya dəyən zərərin daha çox olması ilə bağlıdır. Apellyasiya baxışında “Müstəqil Ekspertiza Mərkəzi”nin və “Liman şəhər X11 Cəmiyyəti” tərəfindən verilmiş mütəxəssis rəyləri arasında kəskin fərq olduğundan iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, rəy verilməsi üçün iş “xxxx” MMC-yə göndərilmişdir.
21. Iş materiallarında olan xxxx MMC-nin ## ###### 2025-ci il tarixli, ****/** saylı qiymətləndirmə hesabatından görünür ki, Lənkəran rayonu, Türkəran kəndində 1954-cü ildə tikilmiş, ümumi sahəsi 80 m2, yaşayış sahəsi 40 m2 olmuş və hazırda sökülmüş evin hazırkı bazar qiyməti 20 000 manat təşkil edir.
22. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd etmişdir ki, iddiaçının atasından qalmış 0,15 ha torpaq üzərində 1/3 hissədə payı vardır. Həmçinin mübahisəli ev qeyd edilən torpaq sahəsi üzərində yerləşmişdir.
23. Kollegiya hesab etmişdir ki, iddiaçının 0,15 ha torpaq sahəsi üzərində 1/3 payı müəyyən olunduğundan atasından qalmış evin cavabdeh tərəfindən sökülməsi nəticəsində dəymiş maddi ziyanın da 1/3 hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, “xxxx” MMC-nin məhkəməyə təqdim etdiyi rəydən görünür ki, hazırda sökülmüş evə dəymiş zərər 20 000 manat təşkil edir. Iddiaçının məhkəmə qətnaməsi ilə həmin sökülmüş evin yerləşdiyi torpaq sahəsində, atasının payına münasibətdə 1/3 hissədə payının müəyyən olunması nəzərə alınaraq iddiaçının atasına məxsus olmuş və sökülmüş evə dəymiş zərərin 1/3 hissəsinin dəyəri olan (20 000/3=6 666,66) 6666 manat cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
24. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 14.2, 21, 152.1, 158.4, 386.1, 459.5, 1096.1, 1096.2, 1097.1, MPM-in 14.2, 77.1 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
25. Iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Mülki Məcəllənin 14, 21, 152, 158, 386, 459, 1096 və 1097-ci maddələri üzrə - həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi zamanı məhkəmə araşdırması səthi aparılmış, işin faktiki halları araşdırılmamış, iddia tələbinin təmin olunmasının əsası kimi iddiaçının nümayəndəsinin apellyasiya instansiyası zamanı təqdim etdiyi mütəxəssis rəyi və həmin rəyə uyğun olaraq müstəqil qiymətləndirici tərəfindən təyin edilmiş qiymət üzrə hesablama aparılmışdır. Lakin həmin mütəxəssis rəyinin pit (çiy kərpicdən tikilmiş) evlərə deyil, mişar daşı, qum, sement və bişmiş kərpiclə tikilmiş evlərin dəyəri ilə götürülməsi hissəsində araşdırma aparılmamışdır.
27. MPM-in 9, 14.2, 88, 217.1, 217.3 və 218.1-ci maddələri üzrə - birinci instansiya məhkəməsi yalnız bir şahidin ifadəsini əsas götürmüş, həmin şahidin də ifadəsinin birinci instansiya məhkəməsinə qədər ayrı, məhkəmə prosesi zamanı isə ayrı ifadə verməsi araşdırılmamışdır.
28. Bundan başqa məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə müvafiq qaydada məlumat verilmədən məhkəmə baxışı keçirilməklə işə yekun nəticə verilmiş və belə olan halda cavabdehin məhkəməyə sübutlarını təqdim etmək hüququndan məhrum olmuşdur.
29. Apellyasiya instansiyası qətnamədə cavabdehə aid sübutlara istinad etsə də, onlara hər hansı formada münasibət bildirməmiş, onların nəyə görə qəbul edilməməsinə qiymət verməmişdir. Məhkəmə kollegiyası işin məhkəməyə verilənə qədər iddiaçı ilə münasibətlərinin normal olması və sonradan ailə münasibətlərinin pozulması ilə bağlı ifadəyə də qiymət verməmiş və bu barədə araşdırma aparmamışdır.
30. Həmçinin apellyasiya instansiyası hansı sübutları qiymətləndirdiyini qəbul edilmiş qətnamədə göstərməmişdir. Bununla yanaşı məhkəmə mübahisə üzrə iş üzrə əhəmiyyətli olan nə kimi halın müəyyən edildiyini və eyni zamanda cavabdehə dair nə kimi halın müəyyən edilmədiyini müəyyənləşdirməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
33. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
34. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
35. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
36. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
37. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
38. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər.
39. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
40. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
41. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
46. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini cavabdehdən tutulacaq məbləğin dəyişdirilmiş hissəsində mübahisələndirdiyi üçün apellyasiya instansiyası məhkəməsinin həmin hissədə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
50. Apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
51. Belə ki, cavabdeh kassasiya şikayətində məhkəmə iclasının vaxtı və yeri barədə ona müvafiq qaydada məlumat verilmədən məhkəmə baxışı keçirilməklə işə yekun nəticə verilməsinə (yəni MPM-in 418.4.5-ci maddəsinin pozuntusu) istinad etsə də, iş materiallarından görünür ki, o, apellyasiya instansiyası məhkəməsinin ## ###### 2024-cü il və ## ###### 2025-ci il tarixli məhkəmə iclaslarında iştirak etmişdir. Sonuncu məhkəmə iclası olan ## ###### 2026-cı il tarixli baxış iclasında isə iştirak etməmişdir. Halbuki iş materiallarından görünür ki, o həmin iclasın vaxtı və yeri barədə həm SMS bildirişi, həm də ## ###### 2025-ci il tarixində təqdim edilmiş poçt bildirişi vasitəsilə məlumatlandırılmışdır (II cild, v.87).
52. Deməli, kassasiya şikayətinin MPM-in 418.4.5-ci maddəsinin tələbinin pozulması ilə bağlı dəlili əsassız olmuşdur.
53. Kassasiya şikayətində qeyd olunan digər dəlilləri də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
54. Kassasiya şikayətində pozuntuların nədən ibarət olmasına dair aydın şəkildə izah verilməmiş, maddi və prosessual hüquq normalarının pozulması işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilmişdir.
55. Halbuki MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
56. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir.
58. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
59. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı :
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.