Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-951/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və “xxxx” MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: lazımı keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. ## #### 2013-cü il tarixli, A/*** №-li torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən satıcı “xxxx” MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, “AAAF” Inşaat yaşayış kompleksi, * saylı küçə, ev 15 ünvanında yerləşən fərdi yaşayış evini (bundan sonra – “fərdi yaşayış evi”) alıcı cavabdeh1 satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada əmlakın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür.
2. 0,0339 ha torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 162,80 m2 olan fərdi yaşayış evi dövlət reyestr xidmətində 1621004543 qeydiyyat nömrəsi ilə ##.##.2021-ci il tarixdə mülkiyyət hüququ üzrə cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır.
3. # ### 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ümumi sahəsi 162,80 m2 olan fərdi yaşayış evi cavabdeh1 tərəfindən İddiaçı satılmış və “xxxx” ASC-dən götürülmüş kredit müqaviləsi üzrə borcun təminatı qismində ipoteka ilə yüklü edilmişdir.
4. Fərdi yaşayış evi dövlət reyestr xidmətində 1621015856 qeydiyyat nömrəsi ilə ##.##.2021-ci il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə müraciət edərək cavabdehlər “xxxx” MMC və cavabdeh1 160 000 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 450 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddia tələbi işin faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, “xxxx” MMC evin tikilişində tikinti qaydalarına riayət etməmiş, hal-hazırda evin monolit beton təbəqəsi çökmüş və evin dayanaq strukturu üçün əsas rol oynayan kəmər qatı qoyulmamışdır. Hazırda evdə yaşamaq insan həyatı üçün təhlükəlidir. Iddia etdiyi müddəaların hər birinin əsaslı sübutları vardır. Yaşayış evinin dayanıqlığının yoxlanılması məqsədi ilə ##.##.2021-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə müraciət etmişdir. Nazirliyin əməkdaşları müayinə aparan zaman evin monolit təbəqəsinə tək qat armatur döşənməsinin və kəmər qatının olmamasının kobud tikinti pozuntusu olduğunu qeyd edərək heç bir tikinti normativinə uyğun olmadığını bildirmişlər. Hazırda evin müəyyən hissəsini təmir etdirmiş və 50 000 manat məbləğində xərc çəkmişdir. Lakin buna baxmayaraq təmirdən sonra evin qəzalı vəziyyəti daha da aktivləşmiş və tamamilə yararsız vəziyyətə düşmüşdür. Ev hazırda yararsız vəziyyətdədir və həmin hallar aradan qaldırılacağı təqdirdə çəkdiyi 50 000 manat xərc boşa çıxmış olur. Həmçinin qeyd olunan halların aradan qaldırılması üçün 50 000 manat xərc tələb olunur. Eyni zamanda evin və torpağın müqavilədə göstərilən ölçüsü ilə çıxarışda göstərilən ölçü arasında fərq vardır və həmin fərqin dəyərinin hazırkı bazar qiyməti 60 000 manat təşkil edir. Qeyd olunanlar ilə bağlı cavabdehlərə dəfələrlə müraciət etsə də, heç bir faydası olmamışdır.
7. Cavabdeh ”xxxx” MMC tərəfindən iddia tələbinə qarşı yazılı etiraz verilərək qeyd edilmişdir ki, iddiaçının cavabdeh MMC-yə qarşı tələb irəli sürmək hüququ yaranmamışdır. Çünki iddiaçı alıcı qismində mübahisələndirdiyi daşınmaz əmlakın cavabdeh MMC-dən deyil, satıcı qismində cavabdeh cavabdeh1 əldə etmişdir.
8. Cavabdeh cavabdeh1 iddia tələbinə etiraz ərizəsində və izahatında bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şəkillər sübut edir ki, hazırda ev təmirlidir, iddiaçı tərəfindən evə müdaxilə olunmuşdur. Həmçinin iddiaçı bildirir ki, # ### 2021-ci il tarixinə, yəni alqı-satqı müqaviləsi bağlanana qədər onun tərəfindən heç bir təmir işləri aparılmamış və layihəyə heç kim tərəfindən müdaxilə olunmamışdır. Ümumiyyətlə, evin və həyət darvazasının açarları 2020-ci ilin dekabr ayının 11-dən iddiaçıda olmuşdur. Bundan əlavə iddiaçı bildirir ki, evin müəyyən hissəsini təmir etdirmiş və 50 000 manat məbləğində xərc çəkmişdir. Lakin buna baxmayaraq təmirdən sonra evin qəzalı vəziyyəti daha da aktivləşmiş və tamamilə yararsız vəziyyətə düşmüşdür. Evin bugünkü vəziyyətə düşməsinə səbəb səlahiyyətsiz ustaların məsuliyyətsiz işidir. ”xxxx” MMC tərəfindən ona təhvil verilən və alqı-satqıya qədər evin ilkin vəziyyəti iş materiallarına əlavə edilmiş fotoşəkillərdən aydın olunur. ”xxxx” MMC tərəfindan tikilmiş ev və mülki layihə verilməsində, həmçinin iddiaçının sözlərinə əsasən evin qəzalı vəziyyətdə olmasında onun heç bir aidiyyəti yoxdur. O, 2020-ci ilin dekabr ayında evi satmaq məqsədilə “AAAF-Park” Yaşayış Kompleksi sahəsində alqı-satqı məntəqəsinə müraciət etmişdir. 2 gündən sonra iddiaçı ona zəng edib evi almaq məqsədi olduğunu bildirmişdir. Iddiaçının evi ipoteka ilə almaq istədiyini bildikdə o, evi iddiaçıya satmaq istəməmiş, lakin iddiaçı bütün sənədləşdirmə işlərini özü həll edəcəyini, onun ancaq qol çəkmək lazım olduqda gələcəyini bildirmiş, dövlət işçisi olduğundan iddiaçıya inanıb evin sənədlərini və açarları iddiaçıya təhvil vermişdir. Iddiaçı dediyi kimi sənədləri özü hazırlamışdır. O, iddiaçı ilə ##.##.2021-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alanda və ##.##.2021-ci ildə “xxxx” ASC nin Sumqayıt filialında alqı-satqı müqaviləsi bağlananda görüşmüş və 4 nəfərin şahid qismində iştirakı ilə 87 000 manat müqabilində evi rəsmi surətdə iddiaçıya təhvil vermişdir. “xxxx” MMC tərəfindən evi ona şəxsən heç kim təhvil verməmiş və onun tərəfindən evin tikilişinə heç bir müdaxilə olunmamışdır. 2020-ci ildə “AAAF-Park”ın yaşayış sahəsində balaca kontor kimi yerdən ona evin açarını vermiş və demişlər ki, sayğacların rüsumunu ödəyib quraşdırdıqdan sonra evi təmir edə bilərlər. Buna baxmayaraq ev iddiaçıya təhvil veriləndə qəzalı vəziyyətdə olmamış, evdə heç bir çat və ya başqa nöqsan qeydə alınmamışdır. Evin alqı-satqı vaxtında çəkilmiş foto şəkilləri buna sübutdur.
9. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## #### 2024-cü il tarixli, 3 **-**/*- **/**** nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin ##.##.2023 cü il tarixli, *-**-*/*-****/**** saylı mütəxəssis rəyinə əsasən fərdi yaşayış evi tikinti norma və qaydaları tələblərinə əməl olunmadan inşa edilmişdir. AzDTN 1.7-1 “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi Qaydaları”na əsasən hal-hazırda insanların yaşaması (olması) üçün təhlükənin mövcud olduğu, tikinti konstruksiyalarının yükdaşıma qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən fərdi yaşayış evi texniki cəhətdən yolverilməzdir. Hal-hazırda fərdi yaşayış evi yaşayış üçün təhlükəlidir. Fərdi yaşayış evi istismara yararsızdır. Fərdi yaşayış evində monolit dəmir-beton örtük tavasının üst və alt hissələrində uzunluğu 5,0 metr, açılış eni 2,5 mm-ə çoxsaylı çatlar müşahidə olunmuşdur. Pilləkən meydançasının tavasında tava sahəsinin alt səthində uzununa istiqamətində açılış eni 0,2 mm-ə 1 ədəd çat yaranmışdır. Həmin çat, tavanın yan səthini açılış eni 3,0 mm-ə qədərdir. Çatların yaranma səbəbi tikinti norma və qaydalarına əməl olunmadan inşa edilməsidir. Fərdi yaşayış evində cari təmir işlərinin aparıldığı müəyyən olunmuşdur. Fərdi yaşayış evi tikinti norma və qaydaları tələblərinə əməl olunmadan inşa edilmişdir. Bu səbəbdən də fərdi yaşayış evində aparılmış təmir-tikinti işləri evin istismar vəziyyətinə və ya istismara yararlılıq vəziyyətinə təsir göstərə bilməz və fərdi yaşayış evində aşkar edilmiş çatların fərdi yaşayış evinin tikinti norma və qaydalarının tələblərinə əməl olunmadan inşa edilməməsi nəticəsində yaranmışdır. Baxış zamanı fərdi yaşayış evində mövcud olan qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 31 155 manat məbləğində müəyyən olunmuşdur.
10. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim – E.Məmmədov) iddia tələbi təmin edilməmişdir.
11. Məhkəmə müəyyən etmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi hal-hazırda insanların yaşaması üçün təhlükənin mövcud olduğu, fərdi yaşayış evi texniki cəhətdən yolverilməz, yaşayış üçün təhlükəli və istismara yararsızdır. Iddia tələbindən göründüyü kimi mübahisə cavabdeh cavabdeh1 lazımı keyfiyyətdə olmayan əşyanın iddiaçıya satılması ilə bağlıdır. Tərəflər arasında daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi bağlanılması, alıcının aldığı əşyanın dəyərini ödəməsi, satıcının əşyanı alıcıya təhvil verməsi işin mübahisəsiz halıdır. Iddiaçı əşyanın keyfiyyəti barədə mübahisə açsa da, Mülki Məcəllənin 587.2-ci maddəsində ifadə olunan tələblərlə çıxış etmir.
12. Halbuki hüquq normasının məzmunundan göründüyü kimi əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda alıcıya yalnız iki seçim hüququ verilmişdir ki, bu baxımdan araşdırılan iddia tələbini şərh olunan normanın tələbinə uyğun deyildir. Məhkəmə tərəfindən iddiaçıya iddia tələbinə dair iradə ifadəsinin dəqiqləşməsi təklif olunmuş, iddiaçı alğısatqı müqaviləsinin icrasından imtina edilməsinin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasının onun mənafeyinə uyğun olmadığını bildirməklə yenidən ev inşa etmək üçün tələb olunan məbləğin ona ödənilməsində israrlı olduğunu göstərmişdir.
13. Qeyd olunanları ümumiləşdirərək məhkəmə bu nəticəyə gəlmişdir ki, araşdırılan iddia tələbi Mülki Məcəllənin 587.2-ci maddəsində ifadə olunan hüquq normalarının tələblərinə uyğun olmadığından əsassız hesab edilməlidir.
14. Məhkəmə, həmçinin qeyd etmişdir ki, tərəflər arasında hüquq münasibətləri müqavilə hüququndan irəli gəlir. “xxxx” MMC müqavilə tərəfi olmamaqla, hər hansı bir öhdəliyin daşıyıcısı olmadığından ona qarşı irəli sürülmüş tələbin maddi hüquqi əsası yoxdur və tələb əsassızdır.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 587.2, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə təqdim edilmiş materiallardan görünür ki, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya ziyan vurulmuşdur. Ziyanın vurulmasını təsdiq edən sənədlərin iş materiallarına əlavə edilməsinə baxmayaraq məhkəmə öz qətnaməsində ziyanın vurulmadığını qeyd etmişdir. Məhkəmə mübahisəsi gedən mənzil ilə bağlı Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumu tərəfindən verilmiş xüsusi rəy nəzərə alınmamışdır. Hərçənd ki, həmin rəydə bildirilmişdir ki, mənzil tam yararsız vəziyyətə düşmüşdür. Bununla yanaşı məhkəmə tərəfindən ekspertizanın rəyləri nəzərə alınmamış, ekspertizanın rəylərində uyğunsuzluqlar mövcud olmuşdur. Bundan əlavə saysız vəsatətlərə formal yanaşılaraq işə birtərəfli qaydada baxılmışdır.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakimlər: A.Hüseynzadə – sədrlik edən və məruzəçi, A.Mahmudov və L.Rəhimli) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, iddianın qismən təmin edilərək cavabdeh cavabdeh1 31 155 manat və ödənilmiş dövlət rüsumunun 90 manatı olmaqla, cəmi 31 245 manatın tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını səhv təfsir etməklə yanaşı, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını da tətbiq etməmişdir. Belə ki, Mülki Məcəllənin 587.1, 587.2 və 587.3-cü maddələrinin qarşılıqlı təhlili onu deməyə əsas verir ki, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcı istər Mülki Məcəllənin 587.1-ci maddəsində, istərsə də 587.2-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürmək hüququna malik olmaqla, seçim hüququ lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcıya məxsus olmuşdur. Bu seçim hüququ Mülki Məcəllənin 587.3-cü maddəsində birmənalı olaraq təsbit olunmuşdur. Hərçənd ki, hazırkı işin hallarına əsasən mübahisə predmeti olan əşyada olan qüsurların aradan qaldırılmasının mümkünlüyü müəyyən edilmişdir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən əsasla iddianı rədd etməsi ilə bağlı gəldiyi nəticəni qanunsuz və əsassız saymışdır.
20. Birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş və yuxarıda istinad olunan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin ##.##.2023-cü il tarixli, *-**-*/*-****/**** saylı mütəxəssis və Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2024cü il tarixli, *-**-**/*-**/**** nömrəli ekspert rəyləri mübahisə predmeti olan fərdi yaşayış evinin tikinti norma və qaydalarının tələblərinə əməl olunmadan inşa edilməsi, tikinti konstruksiyalarının yükdaşıma qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən fərdi yaşayış evinin texniki cəhətdən qüsurlu və yaşayış üçün təhlükəli olması müəyyən edilmişdir. Həmçinin rəylərə əsasən iddiaçı tərəfindən sonradan həmin evdə aparılmış təmirtikinti işləri evin istismar vəziyyətinə və ya istismara yararlılıq vəziyyətinə təsir etməmişdir. Belə ki, fərdi yaşayış evi ilk əvvəldən tikinti norma və qaydalarının tələblərinə əməl olunmadan inşa edilmişdir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarına əsasən cavabdeh cavabdeh1 ilə iddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə iddiaçıya qüsurlu əşya verilməsi işdə olan sübutlarla təsdiq olunmuşdur. Iddiaçı həmin qüsurların aradan qaldırılması üçün 50 000 manat xərc tələb olunduğunu iddia etsə də, Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2024-cü il tarixli, 3 **-**/*-**/**** nömrəli ekspert rəyi ilə fərdi yaşayış evində mövcud olan qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 31 155 manat məbləğində olması müəyyən olunmuşdur ki, bununla da Mülki Məcəllənin 587.1-ci maddəsinin tələbinə müvafiq olaraq iddiaçının qeyd olunan tələb üzrə iddiası qismən əsaslı olmuşdur.
22. Bununla yanaşı məhkəmə kollegiyasının iclasında fərdi yaşayış evinin ilk əvvəldən tikinti norma və qaydalarının tələblərinə əməl olunmadan inşa edilməsi müəyyən edilmişdir ki, cavabdeh cavabdeh1 da digər cavabdeh “xxxx” MMC tərəfindən ona qüsurlu əşya satıldığını iddia etdiyi halda müvafiq tələblə cavabdeh MMC-yə qarşı məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququna malikdir.
23. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 581.1, 581.2, 587, 588.1, 588.2, 646.1, 646.2, MPM-in 14.2, 50.3, 54.1, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Mülki Məcəllənin 587.1-ci maddəsi üzrə - normanın məzmunundan da görünür ki, cavabdehin o halda məsuliyyəti yaranardı ki, satıcı olaraq əşyanın qüsurları barədə alıcıya məlumat verməsin. Burada alıcıya məlumat vermək dedikdə, hər hansısa formada alıcının əşyanın vəziyyəti barədə məlumata sahib olmasıdır. Əgər alıcı əşya barədə məlumata sahibdirsə, Mülki Məcəllənin 587.1-ci maddəsində qeyd edilmiş hüquqları yaranmır. Hazırkı vəziyyətdə, cavabdeh1 ilə İddiaçı arasında qeydə alınmış səs yazılarından da görünür ki (səs yazılıları əlavə edilmişdir), iddiaçı fərdi yaşayış evinin vəziyyəti barədə məlumata sahib olmuşdur. Birinci və apellyasiya instansiyası məhkəmələrində iddiaçının oğlunun verdiyi izahatlardan görünür ki, o, məhkəmədə aralarında olmuş danışıqlardan fərqli formada izahat vermiş və nəticədə cavabdeh1 hüquqlarını pozmaqla nəticələnən qətnamə qəbul edilmişdir. Iddiaçı öz izahatında bildirmişdir ki, “ekspertiza zamanı betonun tərkibi, armaturlar hər biri yoxlanılmışdır. 7 il müddətində cavabdeh evə gedib-gəlməyib. Ev ipoteka ilə yüklü edilməzdən öncə qiymətləndirmə aparılıb. Evi alanda heç bir problem olmayıb, ev heç bir yük görməyibdir”.
26. Hazırda isə həm birinci instansiya məhkəməsinə, həm də hazırda Ali Məhkəməyə təqdim edilən səs yazılarında da, açıq-aşkar qeyd edilmişdir ki, o əşyanın vəziyyəti barədə məlumatlı olmuş və buna baxmayaraq fərdi yaşayış evini almış və hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Səs yazıları birinci instansiya məhkəməsinə təqdim edilməsinə baxmayaraq məhkəmə tərəfindən həmin səs yazılarına hüquqi qiymət verilməmişdir. Iddiaçı və cavabdeh1 arasında mövcud olan səs yazıları mötəbər sübut kimi qiymətləndirilərək aralarında olan mübahisənin həlli üsulu kimi hesab edilməlidir. Hazırkı iş üzrə səs yazılarının araşdırılması kassasiya instansiya məhkəməsinin baxışının hədlərinə daxildir. Təqdim edilmiş sənədlərin qiymətləndirilməsi işin halları ilə əlaqəli şəkildə, məntiqi mühakimə əsasında təhlil edilməsi imkan verir ki, iddiaçı qabaqcadan məlumatlı olduğu halda və nəticəni bildiyi halda lazımi keyfiyyətli olmayan fərdi yaşayış evi ilə bağlı alğı-satqı müqaviləsini bağlamış, özü üçün açıq-aşkar ziyanla nəticələnən yolu seçmişdir.
27. Mülki Məcəllənin 1091.1-ci maddəsi üzrə - mülki qanunvericiliyinin tələbləri daxilində cavabdeh1 31 155 manat və ödənilmiş dövlət rüsumunun 90 manatı olmaqla, cəmi 31 245 manatın tutularaq iddiaçıya ödənilməsinin qət edilməsi nəticəsində satıcı olaraq əşyanın qüsurları barədə alıcıya məlumat verməsi halı nəzərə alınmadan məhkəmənin müqaviləni əsassız olaraq etibarsız hesab etmə halı Mülki Məcəllənin 1091.1-ci maddəsinin hipotez hissəsinə - “hüquqi əsas olmadan” şərtinə uyğun düşür.
28. MPM-in 9.1, 14, 76.1, 88 və 174.2-ci maddələri üzrə - apellyasiya instansiya məhkəməsi tərəfindən qüsurların nə zaman yaranması, qüsurlar barədə iddiaçının məlumatlı olması kimi faktlar araşdırılmamış, hər hansı bir sübutlarla öz təsdiqini tapmamışdır. Iddiaçının verdiyi izahatlar, iddia ərizəsi və apellyasiya şikayəti əsasında məhkəmə tərəfindən əsassız qətnamə qəbul edilmişdir. Belə ki, iş üzrə sübutlar düzgün qiymətləndirilməmişdir. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.
31. Maddə 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.
32. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi.
33. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
34. Maddə 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər.
35. Maddə 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər.
36. Maddə 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
37. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.
38. Maddə 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.
39. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
40. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə qismən, iddia tələbinin qismən təmin olunduğu hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
49. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
50. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir (bax: bu qərarın §19-22). Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
51. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, mülki hüququn əsas prinsiplərindən biri olan vicdanlılıq prinsipinin tərkib hissəsi kimi qəbul edilən venire contra factum proprium qaydasına görə şəxs öz əvvəlki davranışı ilə yaratdığı hüquqi vəziyyətə və digər şəxslərdə formalaşdırdığı əsaslı etimada sonradan zidd mövqe tuta bilməz. Bu prinsip hüquq münasibətlərində sabitliyin, hüquqi müəyyənliyin və iştirakçıların qarşılıqlı etimadının qorunmasına xidmət edir. Həmçinin Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
52. Bu mənada məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh cavabdeh1 kassasiya şikayətində iddiaçının evin qüsurları barədə daha əvvəlcədən məlumatı olması ilə bağlı dəlillər irəli sürsə də, birinci instansiya məhkəməsinə təqdim etdiyi iddiaya qarşı etiraz ərizəsi (bax: bu qərarın §8) və apellyasiya şikayətinə qarşı etirazında vurğulamışdır ki, ev iddiaçıya təhvil veriləndə qəzalı vəziyyətdə olmamış, evdə heç bir çat və ya başqa nöqsan qeydə alınmamışdır. Evin alqı-satqı vaxtında çəkilmiş foto şəkilləri buna sübutdur.
53. Həmçinin ## ###### 2026-cı il tarixli sonuncu apellyasiya baxış iclasının məhkəmə iclas protokolundan (bax: (II cild, v.229) görünür ki, cavabdeh cavabdeh1 sədrlik edənin verdiyi suallara cavab olaraq bildirmişdir ki, o, evi satanda evdə qüsur olmayıb.
54. Belə olan halda, cavabdeh cavabdeh1 hazırkı davranışı ilə əvvəlki davranışı ziddiyyət təşkil edir və vicdanlılıq prinsipinin tələbləri ilə uzlaşmır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
55. Məhkəmə kollegiyası səs yazılarının kassasiya baxışının hədlərinə daxil olması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, aşağı instansiya məhkəmələrində bu səs yazıları ilə əlaqəli hər hansı müzakirələr aparılmamış, əksinə yuxarıda da qeyd edildiyi kimi cavabdeh cavabdeh1 iddia tələbinə qarşı etirazlarında və məhkəmə iclasında evin iddiaçıya təhvil verilərkən qüsurlu olmaması bildirilmişdir.
56. Həmçinin məhkəmə kollegiyası səs yazıları ilə bağlı onu da vurğulayır ki, üçpilləli məhkəmə sistemində hər bir məhkəmə instansiyasına xas olan qaydalar müvafiq prosessual qanunvericiliklə tənzimlənmişdir. MPM-in müvafiq bölmə və fəsillərində birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində icraatın həyata keçirilməsi ilə bağlı fərqləndirilmiş xüsusi qaydaların məqsədi hər bir məhkəmə instansiyasının özünə xas funksionallığını, ədalət mühakiməsinin effektivliyini təmin etmək, eləcə də prosessual hüquqi nizam yaratmaqdır.
57. Birinci instansiya icraatı zamanı sübutlarla bağlı faktiki olaraq MPM-də imperativ qaydalar müəyyənləşdirilmişdir. Ümumiyyətlə, sübutlar birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmasına hazırlıq mərhələsi başa çatanadək təqdim edilməlidir. Bununla belə qanun müəyyən hallarda sübutların birinci instansiya məhkəməsinin baxış mərhələsində, eləcə də apellyasiya instansiyası məhkəməsində təqdim olunmasına imkan verir.
58. Göründüyü kimi sübutların yalnız birinci instansiya məhkəməsində təqdim edilməsi əsas qayda olaraq müəyyənləşdirilmiş, apellyasiya instansiyasında sübutların təqdim olunması isə yalnız qanunla müəyyən olunmuş konkret hallarda (bax: MPM-in 372.2-ci maddəsi) mümkündür. Kassasiya instansiyası məhkəməsində yeni sübutların təqdim olunması isə yolverilməz olmaqla yanaşı üçpilləli məhkəmə sisteminin təyinatına, məqsədinə və mahiyyətinə ziddir.
59. Həmçinin yuxarıda da qeyd olunduğu kimi kassasiya instansiyası sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət edilib-edilməməsi maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Yəni kassasiya instansiyasının nəinki sübutları qəbul etmək, hətta onları qiymətləndirmək səlahiyyəti də prosessual qanunvericiliklə qadağan olunmuşdur.
60. Məhkəmə kollegiyası onu da vurğulayır ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, məhkəmə kollegiyasının iclasında fərdi yaşayış evinin ilk əvvəldən tikinti norma və qaydalarının tələblərinə əməl olunmadan inşa edilməsi müəyyən edilmişdir ki, cavabdeh cavabdeh1 da digər cavabdeh “xxxx” MMC tərəfindən ona qüsurlu əşya satıldığını iddia etdiyi halda, müvafiq tələblə cavabdeh MMC-yə qarşı məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququna malikdir.
61. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
62. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
63. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.