Məhkəmə qərarları › İş №2(1-8)-983/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-983/2026

26.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-983/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh İsmayılova Ellada İqrar qızına qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: deliktdən irəli gələn mübahisələr; maddi ziyan tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh İsmayılova Ellada İqrar qızına qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Ellada İsmayılova (vəkil Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. “Hyundai Elantra” minik markalı **-KL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir.

2. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə İddiaçı arasında ##.##.2023-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarəyəverən İddiaçı qanuni əsaslarla ona məxsus “Hyundai Elantra” minik markalı **-KL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəyə verir. Müqavilə şərtlərinə görə, nəqliyyat vasitəsi icarəyə verən tərəfindən tam sığortalanmamışsa icarəyə alınmış nəqliyyat vasitəsinə, onun hissə, mexanizm və qurğularına icarəçinin istifadəsində olduğu müddətdə üçüncü şəxslər tərəfindən vurulmuş ziyana görə üçüncü şəxsə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddia tələbi irəli sürmək, dəymiş ziyanın məhkəmə qaydasında təmin edilməsi tələb etmək icarəçinin öhdəliyidir. Avtonəqliyyat vasitəsinin onun istifadəsində olduğu müddətdə üçüncü şəxslər tərəfindən nəqliyyat vasitəsinə, onun hissə, mexanizm və qurğularına vurulmuş ziyana görə icarəyəverən qarşısında maddi məsuliyyət daşımır. İcarəçi isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir. Müqavilənin müddəti ##.##.2023cü il tarixindən ##.##.2025-ci il tarixinədək bağlanmışdır.

3. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə İsmayılova Ellada İqrar qızı arasında ##.##.2024-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “Hyundai Elantra” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək Ellada İsmayılovanın istifadəsinə verilmişdir. Müqavilənin xüsusi şərtlərində qeyd edilmişdir ki, icarədar icarə haqqında əlavə yolqəza, oğurluq və şəxsi qəza hadisələri üçün nəzərdə tutulmuş depozit (franşiza) avtomobili təhvil alan gün icarəyə verənə ödəyir, əgər avtonəqliyyat vasitəsinə heç bir ziyan dəyməyibsə depozit icarəyə götürənə tam olaraq qaytarılır. İcarədar tərəfindən spirtli içki qəbul edilərsə, habelə narkotik vasitələrin təsiri altında olarsa və ya icazə verilmiş sürət həddinin aşılması, icarədarın qəsdən və ya kobud ehtiyatsızlığı nəticəsində avtonəqliyyat vasitəsinin sıradan çıxması hallarında sığortalar öz qüvvəsini itirir. İcarədar hər növ qəza vəziyyətində avtonəqliyyat vasitəsinin yerini dəyişmədən ən yaxın Yol Polis İdarəsinə müraciət edib qəzanın təstiqini və ya alkoqol test arayışını almalı, həmçinin sığorta şirkəti ilə əlaqə saxlamalıdır. Əks halda ,dəyən ziyanın ödənilməsi icarədarın üzərinə düşür.

4. İsmayılova Ellada İqrar qızı ##.##.2024-cü il tarixdə “Hyundai Elantra” markalı, **-KL- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti qaydaları”nı pozmuşdur. Nəticədə yol nəqliyyat hadisəsi baş vermiş və avtomobilə zərər dəymişdir.

5. ##.##.2024-cü il tarixli Qüsur aktına əsasən “Hyundai Elantra” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 26.653 manat zərər dəymişdir.

6. İXP ******* saylı, ##.##.2024-cü il tarixli İnzibati xəta haqqında protokola əsasən İsmayılova Ellada İqrar qızı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

7. TP ******* saylı, ##.##.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərara əsasən İsmayılova Ellada İqrar qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdeh İsmayılova Ellada İqrar qızına (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 26.653 manat maddi ziyanın əvəzi və 170 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan “Hyundai Elantra” markalı, **-KL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini ##.##.2023-cü il tarixində notarial qaydada Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC şirkətinə icarəyə vermişdir. ##.##.2024-cü il tarixində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə cavabdeh arasında icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi mülkiyyətində olan nəqliyyat vasitəsi ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək günlük 60 manat ödəmək şərti ilə icarəyə verilmişdir. Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixində Bakı-Quba yolunun 98-ci kilometrliyində qəza edilmiş və nəqliyyat vasitəsinə külli miqdarda zərər dəymişdir. Bununla bağlı, cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Mütəxəssislər tərəfindən dəymiş zərər 26.653 manat məbləğində hesablanmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh hər dəfəsində borcun ödənilməsindən yayınmış, yaranmış problemin aradan qalxması üçün heç bir səy göstərməmişdir.

10. Cavabdeh iddiaya qarşı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində Mülki Məcəllənin borcla bağlı normasına istinad edilmişdir. Həmin normanın mübahisəyə aidiyyəti yoxdur. İddiaçı ərizəsində Mülki Məcəllənin icarə ilə bağlı normalarına istinad edilmişdir. Onunla iddiaçı arasında hər hansı müqavilə münasibəti yoxdur. İddiaçı iddiasının əsası kimi icarə münasibətlərinə dair normalarına istinad etdiyinə görə, iddianı icarə müqaviləsi bağladığı şəxsə qarşı qaldırmalıdır. Əgər iddiaçı hesab edirsə ki, cavabdeh onun tələbinə cavab verməli olan şəxsdir, o zaman tələbinin öncə cavabdehin sürücü kimi mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta təşkilatı hesabına təmin edilməsi tədbirləri görməlidir. Tələb edilən məbləğ dəymiş zərərə uyğun deyildir, süni, əsassız şəkildə xeyli artırılmışdır. Bunun bir neçə səbəbi var (məsələn: avtomobil 8 ildir istismar olunur və hissələri amortizasiya etmişdir, aktda qeyd edilən hissə və xidmətlər baha qiymətlərdir, həmin hissələri və xidmətləri bazarda daha ucuz əldə etmək olar və sair). Avtomobilə dəymiş zərərlə cavabdehin əməli (inzibati xəta) arasında səbəbli əlaqə yoxdur. Hadisənin baş verməsini səbəbi inzibati xəta törədilməsi deyildir, sükanda nasazlıq yaranmasıdır. Əvvəla, iddiaçının iddia ərizəsində inzibati xəta üzrə məsuliyyətə cəlb edilmək haqqında qərara istinad edilsə də, təqdim edilmiş sənəd qərar deyil, protokoldur. İkincisi, İXM-nin 327.1-ci maddəsi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət müəyyən edir. İnzibati xəta haqqında protokolda qeyd edilir ki, xəta Bakı-Quba yolunun 83-cü kilometrində törədilib. Halbuki nəqliyyat vasitəsinə zərər həmin yolun 98-ci kilometrində dəymişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə cavabdehin arasında bağlanmış avtomobilin icarə müqaviləsinin 4.1.2-ci bəndinə əsasən, icarəyə verən avtonəqliyyat vasitəsini texniki cəhətdən saz vəziyyətdə və texniki müayinədən keçirdikdən sonra icarədara təhvil verməlidir. İcarəyə verən bu öhdəliyini icra etməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə cavabdehin arasında bağlanmış avtomobilin icarə müqaviləsinin 4.1.4-cü bəndinə əsasən, icarəyə verən avtonəqliyyat vasitəsini qanunla nəzərdə tutulmuş qaydada sığortalamalıdır. İcarəyə verən bu öhdəliyini icra etməmişdir. Halbuki həmin müqavilənin 5.4-cü bəndinə əsasən, yol-qəza və şəxsi qəza hadisələri üzrə sığorta edilməli idi. Həmin bəndə əsasən, kasko və icbari sığorta ödənişə daxildir. Sığortanın müqavilənin 5.4-cü bəndində nəzərdə tutulan hallarda öz qüvvəsini itirməsi müddəasına gəlincə, əvvəl zərər həmin hala görə baş verməyib (əksini sübut etmək iddiaçının üzərinə düşür). İkincisi isə, elə olmuş olsa belə “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 17.4cü bəndinə əsasən sığorta müqaviləsində bu qaydalarda müəyyən edilmiş məhdudiyyətlərdən başqa digər məhdudiyyətlər nəzərdə tutula bilməz. Başqa sözlə, müqavilənin həmin şərti etibarsız şərtdir. Mübahisəli avtomobilə münasibətdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC uzufruktuardır. Uzufruktun qüvvədə olduğu müddətdə uzufruktuar artıq sığortalanmış əşya üzrə sığorta haqqı ödəməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC öz öhdəliyini pozmuşdur və mülkiyyətçi qarşısında məsuliyyəti o daşıyır. Nəzərə alınmalıdır ki, avtomobilin icarə müqaviləsi standart müqavilədir.

11. Məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilmiş və müvafiq ekspert rəyi əldə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin */*** saylı, ##.##.2025-ci il tarixli ekspert rəyinə əsasən, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 25.000,0 manat olmuş 2016cı il buraxılışlı “Hyundai Elantra” minik markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 17.500 (25.000-30%) manat müəyyən edilir.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-***/**** nömrəli, # #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia qismən təmin edilərək, cavabdeh Ellada İsmayılovadan dəymiş maddi zərərin əvəzi olaraq 12.000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ona məxsus “Hyundai Elantra” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə arasında bağlanmış icarə müqaviləsi əsasında hüquqi şəxsin istifadəsinə vermişdir. Sonuncu isə öz növbəsində mübahisəli avtomobili icarə müqaviləsi əsasında cavabdehin istifadəsinə vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh ##.##.2024-cü il tarixində “Hyundai Elantra” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti qaydaları”nı pozmuşdur. Nəticədə yol nəqliyyat hadisəsi baş vermiş və avtomobilə zərər dəymişdir.

14. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə ekspertizası rəyinə əsasən avtomobilə dəymiş zərərin 17.500 manat məbləğində olduğu müəyyən edilmişdir. Lakin məhkəmə iclasında iddiaçı etirafedici izahat verərək bildirmişdir ki, faktiki olaraq avtomobilin təmirinə 12.000 manat xərcləmişdir və həmin məbləğin cavabdehdən alınaraq ona ödənilməsini tələb etmişdir.

15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin təqsirli qanuna zidd hərəkəti ilə iddiaçıya 12.000 manat məbləğində ziyan dəymişdir. Odur ki, iddiaçıya vurulmuş maddi zərərə görə 12.000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

16. Məhkəmə cavabdehin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən icarə müqaviləsi üzrə avtonəqliyyat vasitəsini texniki cəhətdən saz vəziyyətdə və texniki müayinədən keçirdikdən sonra icarədara təhvil verməsi və avtonəqliyyat vasitəsini qanunla nəzərdə tutulmuş qaydada sığortalaması ilə bağlı öhdəliklərini icra etmədiyinə görə avtomobilə dəymiş zərərə görə iddiaçı qarşısında maddi məsuliyyəti məhz Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin daşıdığı ilə bağlı dəlilinə qiymət verərək qeyd etmişdir ki, cavabdehin bu dəlilləri əsassızdır. Belə ki, avtomobil cavabdehə ##.##.2025-ci il tarixində təhvil verilmiş, yol nəqliyyat hadisəsi bundan sonrakı gün baş vermişdir. Hadisənin məhz nəqliyyat vasitəsinin idarə edilməsi mexanizmlərində hər hansı bir nasazlıq nəticəsində baş verdiyi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bu hal bir tək cavabdehin özünün YPXA-a verdiyi izahatında qeyd edilmişdir ki, bu da özü-özlüyündə yetərli və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, mülki iş materiallarından göründüyü kimi, iddiaçıya məxsus avtomobilə zərər məhz cavabdehin təqsirli və qanuna zidd hərəkətləri nəticəsində dəymişdir. Belə olan halda, hüquq pozuntusunu törədən şəxsin əmlakın sahibi qarşısında maddi məsuliyyəti yaranır. Buna görə də, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən cavabdeh ilə bağlanmış icarə müqaviləsi üzrə hər hansı öhdəliyinin icra edib etməməsi hazırkı mülki mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir.

17. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 700.1, 700.2, 700.3, 1096.1,1096.2, 1097.1,1097.3, 1097.5-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

18. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddianın həmin hissəsində təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 683.3-cü maddəsinə əsasən, istifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. İddiaçı iddiasında Mülki Məcəllənin icarə ilə bağlı normalarına istinad etmişdir. Cavabdehlə iddiaçı arasında hər hansı müqavilə münasibəti yoxdur. İddiaçı iddiasının əsası kimi icarə münasibətlərinə dair normalarına istinad etdiyinə görə, iddianı icarə müqaviləsi bağladığı şəxsə qarşı qaldırmalıdır. Avtomobilə dəymiş zərərlə cavabdehin əməli (inzibati xəta) arasında səbəbli əlaqə yoxdur. Hadisənin baş verməsinin səbəbi inzibati xəta törədilməsi deyildir, sükanda nasazlıq yaranmasıdır. Əvvəla, iddiaçının iddia ərizəsində inzibati xəta üzrə məsuliyyətə cəlb edilmək haqqında qərara istinad edilsə də, təqdim edilmiş sənəd qərar deyil, protokoldur. İkincisi, İXM-nin 327.1-ci maddəsi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara-məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət müəyyən edir. İnzibati xəta haqqında protokolda qeyd edilir ki, xəta Bakı-Quba yolunun 83-cü kilometrində törədilib. Halbuki, nəqliyyat vasitəsinə zərər həmin yolun 98-ci kilometrində dəymişdir. Tələb edilən məbləğ dəymiş zərərə uyğun deyildir, süni, əsassız şəkildə xeyli artırılmışdır. Bunun bir neçə səbəbi var (məsələn: avtomobil 8 ildir istismar olunur və hissələri amortizasiya etmişdir, aktda qeyd edilən hissə və xidmətlər baha qiymətlərdir, həmin hissələri və xidmətləri bazarda daha ucuz əldə etmək olar və sair). Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə cavabdehin arasında bağlanmış avtomobilin icarə müqaviləsinin 4.1.2-ci bəndinə əsasən, icarəyə verən avtonəqliyyat vasitəsini texniki cəhətdən saz vəziyyətdə və texniki müayinədən keçirdikdən sonra icarədara təhvil verməlidir. İcarəyə verən bu öhdəliyini icra etməmişdir. Mülki Məcəllənin 676-cı maddəsinə əsasən, kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə verilməsi kirayə verənin məsuliyyətidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə cavabdehin arasında bağlanmış avtomobilin icarə müqaviləsinin 4.1.4-cü bəndinə əsasən, icarəyə verən avtonəqliyyat vasitəsini qanunla nəzərdə tutulmuş qaydada sığortalamalıdır. İcarəyə verən bu öhdəliyini icra etməmişdir. Halbuki, həmin müqavilənin 5.4cü bəndinə əsasən, yol-qəza və şəxsi qəza hadisələri üzrə sığorta edilməli idi. Həmin bəndə əsasən, kasko və icbari sığorta ödənişə daxildir. Mülki Məcəllənin 560-cı maddəsinə əsasən, qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan xüsusən sui-istifadədir və yol verilmir. Mübahisəli münasibətdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC uzufruktuardır. MM-nin 265.10-cu maddəsinə əsasən uzufruktuar uzufruktun mövcud olduğu bütün dövr üçün əşyanı müvafiq surətdə sığorta etdirməyə borcludur. Uzufruktun qüvvədə olduğu müddətdə uzufruktuar artıq sığortalanmış əşya üzrə sığorta haqqı ödəməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC öz öhdəliyini pozmuşdur və mülkiyyətçi qarşısında məsuliyyəti o daşıyır. Nəzərə alınmalıdır ki, avtomobilin icarə müqaviləsi standart müqavilədir. Mülki Məcəllənin 417.1-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Həmin Məcəllənin 419-cu maddəsinə əsasən, müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. 420.2-ci maddəyə əsasən isə, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Ekspert rəyi məbləğin azaldılmadığı hissədə mötəbər deyildir və əsas götürülə bilinməz. Belə ki, ekspert rəydə qeyd edilir ki, qiymətləndirmə tədqiqat obyektinə baxış keçirtmədən, iş materiallarındakı ziyan (Qüsur) aktında olan məlumatlara əsasən nəzəri qaydada aparılıb. Onlar isə iddiaçının təqdim etdiyi həmin aktı mötəbər qəbul etmir və bunu iddiaya etirazında əsaslandırmışlar. Ziyan aktındakı rəqəmlər-məbləğlər avtomobildəki real zərərə uyğun deyildir, süni, əsassız şəkildə xeyli artırılmışdır. Bunun bir neçə səbəbi var (məsələn: avtomobil 8 ildir istismar olunur və hissələri amortizasiya etmişdir, aktda qeyd edilən hissə və xidmətlər baha qiymətlərdir, həmin hissələri və xidmətləri bazarda daha ucuz əldə etmək olar və sair). Həmçinin rəydə qeyd edilir ki, qiymətləndirmə cari avtomobilin əsaslı təmiri üzərində aparılmır. Halbuki avtomobil təmir edilir. İddiaçı özü də bu faktları hazırlıq iclasında təsdiq etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli və Fərrux Qasımov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, avtomobilə dəymiş zərərlə cavabdehin əməli (inzibati xəta) arasında səbəbli əlaqənin olmaması barədə cavabdehin dəlilləri iş materialları ilə təkzib olunur. Hadisənin baş verməsinin səbəbinin sükanda nasazlıqdan irəli gəlməsi və qəzanın Bakı-Quba yolunun ödənişli yolun məhz 98 km-də baş verməsi yalnız cavabdehin izahatı olmaqla hər hansı bir mötəbər sübutla təsdiq edilməmiş, cavabdeh tərəfindən onun barəsində tətbiq edilən inzibati tənbeh tədbirinin mübahisələndirilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Bundan əlavə, iş materialına əlavə edilmiş bildirişdən görünür ki, hadisə baş verən zaman sürücü tərəfindən sürət həddinin pozulması qeydə alınmışdır (i.v.10).

22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh tərəf o cümlədən müqaviləyə əsasən avtomobilin sığorta olunmalı olmasına istinad etmişdir. Cavabdehlə bağlanmış icarə müqaviləsində icazə verilmiş sürət həddinin aşılması, icarədarın qəsdən və ya kobud ehtiyatsızlığı nəticəsində avtonəqliyyat vasitəsinin sıradan çıxması hallarında sığortaların öz qüvvəsini itirməsi qeyd edilmişdir.

23. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmasa belə iddiaçı avtomobilin mülkiyyətçisi olmaqla hazırkı iddia tələbini irəli sürmək üçün onun subyektiv hüququ vardır və hazırkı işin faktiki halları nəzərə alınmaqla iş materiallarında olan icarə müqavilələrinin şərtləri baxımından iddiaçının bu hüququnu məhdudlaşdıran bir hal müəyyən edilmədi.

24. Məhkəmə kollegiyası zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə də razılaşaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin */*** saylı, ##.##.2025-ci il tarixli ekspert rəyinə əsasən, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 25.000,0 manat olmuş 2016-cı il buraxılışlı “Hyundai Elantra” minik markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 17.500,00 (25.000-30%) manat müəyyən edilir. Bununla belə məhkəmə iddiaçının avtonəqliyyat vasitəsinin təmirinə 12.000 manat vəsait sərf etməsi barədə etirafını nəzərə alaraq iddianı 12.000 manat həcmində təmin etmişdir.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq mövqeyinə dair qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində müqavilə münasibətinin olmaması, nasazlıq səbəbindən qəzanın baş verməsi, zərər məbləğinin şişirdilməsi və digər hallara istinad etmişdir. Mülki Məcəlləyə əsasən delikt məsuliyyəti üçün hüquqa zidd əməl, təqsir, zərər və səbəbli əlaqə mövcud olmalıdır. İş materialları, o cümlədən inzibati xəta protokolu və qərarı cavabdehin təqsirini təsdiq edir. Sükanda nasazlıq barədə iddia sübut olunmamış, həmçinin sürət həddinin aşılması faktı müəyyən edilmişdir. İddiaçı mülkiyyətçi kimi birbaşa tələb irəli sürmək hüququna malikdir və müqavilə münasibətinin olmaması bu hüququ məhdudlaşdırmır. Ekspert rəyi mötəbər sayılmış, cavabdeh onun əksini sübut edə bilməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 21, 1096.1, 1097.1ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 115.0.1, 119.1, 217.4, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

27. Qətnamədən cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə cavabdehin arasında bağlanmış avtomobilin icarə müqaviləsinin 4.1.2-ci bəndinə əsasən, icarəyə verən avtonəqliyyat vasitəsini texniki cəhətdən saz vəziyyətdə və texniki müayinədən keçirdikdən sonra icarədara təhvil verməlidir. Mübahisəli münasibətdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC uzufruktuardır. MM-nin 265.10-cu maddəsinə əsasən uzufruktuar uzufruktun mövcud olduğu bütün dövr üçün əşyanı müvafiq surətdə sığorta etdirməyə borcludur. Uzufruktun qüvvədə olduğu müddətdə uzufruktuar artıq sığortalanmış əşya üzrə sığorta haqqı ödəməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC öz öhdəliyini pozmuşdur və mülkiyyətçi qarşısında məsuliyyəti o daşıyır. Cavabdehlə iddiaçı arasında hər hansı müqavilə münasibəti yoxdur. İddiaçı iddiasının əsası kimi icarə münasibətlərinə dair normalarına istinad etdiyinə görə, iddianı icarə müqaviləsi bağladığı şəxsə qarşı qaldırmalıdır.

29. Hadisənin baş verməsinin səbəbi inzibati xəta törədilməsi deyildir, sükanda nasazlıq yaranmasıdır. Sürət həddinin aşılmasına gəlincə, əvvəla sürət həddi aşılmayıb, bu maraqlı tərəfin - iddiaçının təqdim etdiyi məlumatdır və cavabdeh tərəf onu mötəbər hesab etməmişdir. İkincisi, zərərlə sürət həddi arasında səbəbli əlaqə yoxdur. Sürət həddi aşılsa idi, dövlət radarı ilə təsdiq edilərdi və məhz bununla bağlı maddə üzrə inzibati məsuliyyətə cəlbetmə olardı. Məhkəmənin istinad etdiyi İXM-nin 327.1-ci maddəsi sürət həddinə görə deyildir.

30. Ekspert rəyi məbləğin azaldılmadığı hissədə mötəbər deyildir və əsas götürülə bilinməz. Belə ki, ekspert rəydə qeyd edir ki, qiymətləndirmə tədqiqat obyektinə baxış keçirtmədən, iş materiallarındakı ziyan (qüsur) aktında olan məlumatlara əsasən nəzəri qaydada aparılıb. Cavabdeh tərəf isə iddiaçının təqdim etdiyi həmin aktı mötəbər qəbul etmir və bunu iddiaya etirazında da əsaslandırmışdır. Rəydə qeyd edilir ki, qiymətləndirmə cari avtomobilin əsaslı təmiri üzərində aparılmır. Halbuki avtomobil təmir edilir. İddiaçı özü də bu faktları hazırlıq iclasında təsdiq etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

31. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

32. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

33. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

34. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

35. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

36. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

37. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

38. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

39. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 101.3. Ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə, ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə məhkəməyə vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində

46. müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

47. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

48. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin edilməsi hissəsində qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı qeyd olunan hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

57. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

59. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

60. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

62. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar