Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1008/2022 21.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: zərərin ödənilməsi, qaz sayğacına qanunsuz qoşulma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)8033/2021 nömrəli iş üzrə 04 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı “Azəriqaz” İstehsalat Birliy i tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 21 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları “Azəriqaz” İstehsalat Birliyi (bundan sonra – iddiaçı və ya Birlik) ilə istehlakçı Cavabdeh (bundan sonra – cavabdeh) arasında 19.03.2020-ci il tarixdə bağlanmış qazın alqı-satqısı barədə müqaviləyə əsasən, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Smart G-4 İtron markalı **********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Həmin ünvanda qaz sayğacına baxış keçirilmiş, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 06.12.2017-ci il tarixdən 13.03.2020-ci il tarixədək 28 akt tərtib edilmişdir. Abonentin imzalamadığı aktlarda qeyd olunmuşdur ki, ünvanda sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. Abonentin (cavabdehin) saldosunda qeyd olunmuşdur ki, cavabdehin tərtib olunan aktlar üzrə tələb olunan qaz sərfiyyatına görə 2020-ci il üçün qalıq və aktlar üzrə borcu 7827,30 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 7827,30 manat dəymiş ziyanın və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə təbii qazın alqı-satqısı barədə müqavilə bağlanaraq, ona məxsus fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz sayğacına müdaxilə etmək yolu ilə qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Cavabdehin sayğacdan kənar qanunsuz qoşulma etməklə təbii qazı talaması ilə əlaqədar 7827,30 manat dəymiş ziyan hesablanmışdır. Cavabdehə Birliyin nümayəndələri tərəfindən dəymiş ziyanı könüllü olaraq ödənilməsi təklif edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş üzrə təyin olu nmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə 29.03.2021-ci il tarixli, 10/105 nömrəli ekspert rəyində göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı (borucuq, qaynaq və s.) aşkar edilməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-773/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehin təqsirini sübuta yetirmədən borc hesablamışdır. Belə ki, müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və buna uyğun olaraq aktlar tərtib edilmişdir. Lakin həmin aktlar tərtib edilərkən istehlakçı tərəfindən hər hansı bir müdaxilənin olubolmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Cavabdehin mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək iddiaçının vəzifəsi olduğu halda o, istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq borc hesablamışdır. Ona görə də, iddia tələbi təmin edilməməlidir. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (“Qaz təchizatı haqqında” Qanun) 13-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddələrinə, Azərbaycan Respublik ası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, həm iddia ərizəsindən, həm də AGİS proqramından da göründüyü kimi, tələb edilən borc məbləği təkcə aktlar üzrə borcdan və qalıq borcdan deyil, həm də 03/2020-06/2020-ci il tarixləri üçün 175.50 manat sərfiyyat borcundan (19.03.2020-ci il tarixdə quraşdırılmış ZENNER G4T mexaniki tipli, **********4 nömrəli qaz sayğacı üzrə qeydə alınmış sərfiyyat üzrə) ibarətdir. 13.03.2020-ci il tarixdə cavabdehə məxsus sözügedən fərdi yaşayış evi üzrə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmiş, həmçinin qaynaq vasitəsi ilə qanunsuz qoşulma ləğv edilmiş, kəsim barədə 13.03.2020-ci il tarixdə 1752 nömrəli akt tərtib edilmişdir. Ekspertizanın keçirildiyi 2021-ci ilin mart ayında qanunsuz qoşulma halı hələ bir il əvvəldən aradan qaldırılmış olduğu üçün sayğacdan kənar qanunsuz qoşulma halı həmin tarix üçün aşkar edilə bilməzdi. Lakin məhkəmə digər sübutlarla yanaşı ekspert rəyini abonentin istifadə etdiyi qaz cihazlarının sayına, istehlakçının saldosunda ödəniş və sərfiyyat hissələrinə diqqət yetirməklə, qanunsuz qoşulmanın aktlar tərtib edildiyi bütün müddət ərzində (qaynaq və ya plombla kəsim həyata keçirilməyinə, bu barədə kəsim a ktları tərtib edilməsinə baxmayaraq) bir dəfə də olsun ödəniş etməməsi kimi hallarla, işdə olan digər sübutlarla (şəkil, akt, AGİS və GASREP proqramı üzrə saldolar) ilə birgə qiymətləndirməmişdir. Məhkəmə iddia ərizəsində ümumi borcun tərkibində qeyd edilmiş 752.50 manat qalıq borcuna və 2020-ci ilin mart-iyun ayları üçün 175.50 manat sərfiyyat borcunun tutulması tələbinə də münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdehin yeni mexaniki sayğac üzrə 2020-ci ilin mart ayından sonra 175.50 manat sərfiyyat borcu yaranmışdır. 752.50 manat 2013-cü ildən qalan borcdur. 6899,3 manat isə qanunsuz qoşulma nəticəsində vurulmuş ziyanın məbləğidir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-8033/2021 nömrəli iş üzrə 04 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və A.Hüseyn) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddia tələbinin 175.50 manat hissəsinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin olunaraq, cavabdehdən 175.50 manatın alınaraq iddiaçıya ödənilməsi, mübahisələndirilən qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehdən 7827,30 manat tələb etmiş - həmin məbləğin 175.50 manat hissəsi sərfiyyat borcuna görə, 752.50 manat 2013-cü ildən qalan borcuna görə, 6899,3 manat isə qanunsuz qoşul maya görə zərərin əvəzi kimi tələb olunmuşdur. Lakin cavabdehin hər hansı qanunsuz əməli nəticəsində iddiaçıya maddi ziyan vurulmasına dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Belə ki, iddiaçı apellyasiya şikayətində cavabdehin özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı taladığını, təbii qazdan qeyri-qanuni istifadə etdiyini qeyd etmiş və bu hala dair yalnız bir neçə vərəqdə, mübahisəli ünvana aid olduğu bilinməyən, qanunsuz qoşulma halının olduğu görünməyən fotoşəkil əlavə etmişdir (i.v.71-75). Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisəli ünvanda 13.03.2020-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” həqiqətən ******* nömrəli akt tərtib edilmiş, həmçinin qaynaq vasitəsi ilə qanunsuz qoşulma ləğv edilmiş, kəsim barədə 13.03.2020-ci il tarixdə 1752 nömrəli akt tərtib edilmişdirsə, iddiaçı tərəf ən azından bunun mötəbərliliyi üçün video çəkiliş edə bilərdi. Yəni, qanunsuz qoşulma faktı və bunun qaynaqla kəsilməsi prosesi videoyazı vasitəsilə qeydə alına bilərdi və bu zaman həmin aktın mötəbərliliyi də əhəmiyyət kəsb edərdi. Lakin iddiaçı tərəfdən video yazı aparılmamışdır. Ekspertizanın keçirildiyi 2021-ci ilin mart ayında qanunsuz qoşulma halının aşkar oluna bilməməsi barədə dəlillər də əsassızdır. Çünki, ekspert rəyində dəqiq göstərilmişdir ki, fərdi yaşayış evini təbii qazla təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. Əgər bir il əvvəl qaynaq vasitəsilə qanunsuz qoşulma kəsilərək aradan qaldırılmışdırsa, bunun hansısa izi qalmış olardı. Beləliklə, apellyasiya şikayətində göstərilənlər sübuta yetirilməmişdir. Əksinə, iddiaçının göstərdikləri iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi ilə təkzib olunmuşdur. Bundan başqa, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənədlər iddia tələbini əsaslı edən sübutlar kimi qiymətləndirilə bilməz. Əvvəla, bu aktlar məhz cavabdehin sayğaca müdaxilə etməsini yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsini bilavasitə təsdiq etmir. Çünki, aktlar yalnız iddiaçı tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. Tarix baxımından 2017-ci ilin əvvəllərindən başlayaraq aktların tərtib olunduğu iddia olunur. Lakin iddiaçı (əgər 2 017-2019-cu illərdə bu qanunsuz qoşulmaları görürdüsə) bu vaxta qədər onlarla bağlı tədbir görməməyinin, yaxud qaz sərfiyyatına görə borc tələb etməməsinin səbəblərini göstərməmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə cavabdehin iddiaçıya hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. İddiaçı qeyd olunan dövrdə cavabdehin sayğac vasitəsilə hansısa həcmdə qaz istehlak etdiyinə dair də məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də, cavabdehin qeyd olunan məbləğdə qaz istehlak etməsi inandırıcı və ağlabatan görünmür. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şuranın 14.03.2011-ci il tarixli, 11 № -li qərarı ilə təsdiqlənmiş “istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Çünki, həmin sənədin normativ-hüquqi akt kimi qeydə alınmasına dair sübut təqdim edilməmişdir. İşdən, o cümlədən iddiaçının nümayəndəsinin izahatından bəlli olur ki, 752.50 manat qalıq borcu 2013-cü ildə yaranması əsası ilə tələb edilir. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 551.2.1-ci maddəsinin tələbinə əsasən, vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. Beləliklə, bu hissədə iddia əsaslı olsa belə, öhdəliklər üzrə müddət keçdiyindən iddia həmin hissədə də təmin edilə bilməz. İd dia tələbinin sərfiyyat borcuna görə tələb edilən 175.50 manat hissəsi üzrə isə birinci instansiya məhkəməsinin iş üzrə qənaəti düzgün olmamışdır. Çünki, bu məbləğin sərfiyyat borcu olması iddia ərizəsində də göstərilmişdir. Lakin məhkəmə həmin hissəyə ümumiyyətlə münasibət bildirməmişdir. Ona görə də iddia həmin hissədə təmin edilməlidir. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinə görə, məhkəmə Mülki Məcəllənin 442, 443.1, 448.1, 1097.1-ci maddələrini pozmuş, cavabdehi delikt nəticəsində vurduğu ziyanı tam ödəmək öhdəliyindən azad etmişdir. Məhkəmə MPM-in 14.2, 77.1, 88, 103.1, 217.1-ci maddələrini pozmuş, təqdim olunmuş saldolar, fotoşəkillər, aktlar üzrə araşdırma aparmamış, sübutları düzgün qiymətləndirməmiş, onlara ətraflı və obyektiv baxmamış, ekspert rəyini digər sübutlarla birlikdə qiymətləndirməmiş, qanunsuz və əsassız nəticəyə gəlmiş, həmçinin, məhkəmə təcrübəsinin vahidliyini pozmuş, Ali Məhkəmənin müvafiq qərarlarını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasın ı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında iddianın rədd olunmuş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (11-ci maddənin 6-cı bəndi). Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (13-cü maddənin 8-ci bəndi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən təl əb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində n əzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi nin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstəri lənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8033/2021 nömrəli iş üzrə 04 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1008/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1008/2022
21.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver