Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1008/2025 21.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Qurbanova (Bayramova) Nargilə Rövşən qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “vərəsəlik qaydasında mülkiyyət hüququnun qeydə alınması ilə bağlı maneənin aradan qaldırılması"; Mülki mübahisənin kateqoriyası: Mülkiyyət hüququnun müdafiəsinə dair tələblər; Mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərk ibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Qurbanova (Bayramova) Nargilə Rövşən qızına qarşı “vərəsəlik qaydasında mülkiyyət hüququnun qeydə alınması ilə bağlı maneənin aradan qaldırılması" tələbinə dair iddia üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2024-cü il tarixli 2(104)2347/2024 saylı qətnaməsindən cavabdeh Qurbanova (Bayramova) Nargilə Rövşən qızı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. JN-2366A Kod 50413005 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən, İddiaçı5, İddiaçı1, İddiaçı3, X7, İddiaçı2, X5 Şəmkir Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 56 saylı qərarı ilə Şəmki r rayonu Seyfəli kəndi ərizəsində 0.07 ha torpaq sahəsi verilmişdir.
2. Şəmkir Rayon Məhkəməsinin 2(076)-714/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, X6 ilə Cavabdeh (bundan sonra mətndə - cavabdeh) arasında xx.xx.2015-ci il tarixdə Şəmkir rayon Çinarlı qəsəbə İƏD-də bağlanmış və 01 nömrəli ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah pozulmuşdur.
3. İddiaçılar verilmiş 0.07 ha torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd almaq məqsədilə DƏDRX–nin 11 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh həmin idarənin əməkdaşlarına ölçmə işləri aparmağa imkan verməmişdir. Nəticədə daşınmaz əmlakın dövlət reyestrini aparan orqan iddiaçıların müraciətini həyata keçirməkdən imtina etmişdir. 4. 05.12.2023-cü il tarixli 3-21-3-40/2-7175/2023 nömrəli “Daşınmaz Əmlakın Dövlət Kada strı və Reyestri" X11 11 Saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş, İddiaçı5 nümayəndəsi Nümayəndə1 ünvanlanmış bildirişdən görünür ki, mütəxəssis tərəfindən işin icraatına uyğun olaraq, təqdim edilmiş sənədlərdə qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin yerində müayinə olunaraq ölçülməsi zərurəti yaranmışdır. Sözügedən ərazi ilə bağlı mübahisə olduğundan, ölçmə işlərinin aparılması mümkün olmamış və təqdim edilmiş sənədlərdə göstərilən torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “vərəsəlik qaydasında mülkiyyət hüququnun qeydə alınması ilə bağlı maneənin arada n qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların paylı mülkiyyətində olan ünvan 1i ünvanda yerləşən paylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılara Şəmkir rayonu Aşağı Seyfəli kəndində 0.07 ha həyətyanı (26 aprel 2006-cı il tarixli, JN-2366A saylı Şəhadətnamə) torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi İddiaçı5, İddiaçı1, İddiaçı3, X7, İddiaçı2, X5 paylı mülkiyyət hüququ üzrə ayrılmışdır. Paylı mülkiyyətçilərdən X8 14 aprel 2021-ci il tarixdə vəfat etdiyindən, vərəsəlik qaydasında hüquqlarının qeydə alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrinə ərizə ilə müraciət e dərək, vərəsəlik qaydasında hüquqlarının qeydə alınmasını xahiş etsələr də, cavabdehin yaratdığı maneə nəticəsində, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndələrini evə buraxmadığından mütəxəssislər tərəfindən müayinə aparıla bilməmiş və onlara imtina edilmişdir. Bu baxımdan hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədirlər.
7. Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, o, 2014-cü ildə X6 ilə ailə qurmuşdur. Birgə nikahdan iki övladı olmuşdur. Bir il X2 valideynlərinə məxsus evdə yaşamışlar. Sonradan onun və X2 birgə vəsaiti ilə 2015-ci ildə iddiaçılara məxsus evi satın almışlar. Lakin, həmin vaxt müəyyən səbəblərə görə, yəni iddiaçıların səhhətində olan problemlərə görə alqı-satqı müqaviləsini notari al təsdiq etdirə bilməmişlər. Sonra 2015-ci ildən həmin fərdi yaşayış evinə köçüb ailəsi ilə birlikdə yaşamışlar. İddiaçılar onlara fərdi yaşayış evini satarkən orada bir mərtəbəli, 4 otaqlı yaşayış evi olmuşdur. Sonradan onlar həmin evin üzərindən ikinci mərtəbə ev inşa etmişlər. 2021-ci ildə X6 ilə ayrılmışlar. X6 ilə ayrıldıqdan sonra da o, övladları ilə birlikdə hazırkı mübahisə olunan evdə yaşamışlar. Cehiz əşyaları həmin ünvandadır. Əlavə qeyd edir ki, iddiaçıların hazırda sənədləşdirmək istədikləri evi o, X6 ilə birlikdə 2015-ci ildə satın almışdır. Sonra orada mövcud olan evi yenidən təmir etmiş, mövcud evin üzərində ikinci mərtəbə inşa etmişlər. Hazırda iddiaçıların həmin evi öz adlarına sənədləşdirməsi tam əsassızdır. Həmin evin inşa olunmasında onların heç bir xərci olmamışdır. 9 ildən artıq müddətdir ki, həmin evdə yaşayır. İddiaçılar onun həmin evdə yaşamasından, orada ev və digər əlavə tikililər inşa etmələrindən məlumatlı olmuşlar. Lakin hazırkı vaxtadək, yəni evin inşa olunmasına və həmin evdə yaşamasına iddiaçılar heç bir etiraz etməmişlər. Hazırkı iddia tələbi ilə müraciət etməkdə iddiaçıların məqsədi onu evdən çıxarıb evi X4 verməkdir. Həmin evin alınması və inşa edilməsi X2 vəsaiti hesabına olmuşdur. Qeyd olunan halları təsdiq edəcək şahidləri də var. Odur ki, iddiaçılar İddiaçı1 və qeyrilərinin ona qarşı maneənin aradan qaldırılması tələbinə dair iddiası rədd olunmasını xahiş etmişdir.
8. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(076)1883/2024 nömrəli iş üzrə qəbul etdiyi 21 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddia tələbinin təmin edilməsi, Şəmkir rayon, Aşağı Seyfəli kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsində (JN-2366A Kod 50413005 nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri X11in 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçıların mübahisəli əmlak üzərində mülkiyyət hüququnu həyata keçirmək imkanı qanunla onların hüququ kimi nəzərdə tutulmuşdur. Cavabdeh isə onların bu hüquqlarını həyata keçirmələrinə maneçilik yaradır.
10. Birinci instansiya məh kəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 158.1, 158.1.2, 158.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsi, 6 oktyabr 2010-cu il tarixli “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”-nin 2.3.3 və 5.3-cü maddələrinə, İnsan Hüquqları və X3 X1 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
11. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 2(076)1883/2024 nömrəli iş üzrə qəbul etdiyi 21 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia tələbinə etirazın dəlilləri ilə eyni məzmundan ibarət olmaqla əlavə olaraq bildirilmişdir ki, hazırda iddiaçılar və X6 cavabdehi və övladlarını qanunsuz olaraq yaşadığı mənzildən məhrum etmək istəyirlər. Məhkəmə haqsız olaraq qeyd olunan qətnaməni qəbul etmişdir. Bu da onu göstərir ki, məhkəmə işi araşdırmadan qanunsuz və əsassız qətnamə çıxarmışdır.
13. Gəncə Apellyasiya Məhkəməsinin (bundan sonra-apellyasiya instansiyası məhkəməsi) Mülki Kollegiyasının 2(104)-2347/2024 saylı, xx.xx.2024-cü il tarixli (hakimlər – G.İ.Cavadova (sədrlik edən və məruzəçi), L.S. Süleymanov, İ.T. Həsənov) qətnaməsi ilə, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə birinci instansiya məhkəməsini n 21 avqust 2024-cü il tarixli, 2(076)1883/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Məhkəmənin mövqeyinə əsasən, cavabdeh öz dəlillərini (mübahisəli torpaq sahəsini və ya həmin torpaq sahəsi üzərində yerləşən evi 2015-ci ildə iddiaçılardan alması) təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir.
15. Odur ki, məhkəmə hesab edib ki, apellyasiya şikayətinin dəlili əsassızdır.
16. Apellyasiya baxışının nəticələri ilə müəyyən edilib ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 13.3, 29, 29.3, 29.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 165.1, 213.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsi 84.1. 84.3,111.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (onun vəkili Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2347/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə əla və olaraq belə əsaslandırmışdır ki, məhkəmələr tərəfındən mülki iş düzgün, obyektiv və ədalətli araşdırılmamışdır. Ona görə də hazırkı iş üzrə iş materiallarında olan sübutlar yenidən qiymətləndirilməli və iddia tələbi ədalətli araşdırılmalıdır. Hesab edib ki, iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməyib, halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Gəncə Apellyasiya Məhkəməsi qətnamənin əsaslığını müəyyən etməmiş, qətnamə çıxararkən sadəcə iddiaçının verdiyi sübutlarla kifayətlənmiş, heç bir əlavə araşdırma aparılmadan formal qətnamə çıxarmışdır. Hesab edir ki, bu hallar iş üçün vacib amillər olduğundan həmin qətnamənin əsassızlığına dəlalət edir.
20. Kassasiya şikayətinin əsası kimi, Azərbaycan Respub likası Konstitusiyasının 29, 43, 60-cı maddənin İ və İİ bəndlərinə, 71-ci maddəsinə, 127-ci maddəsinin İİ bəndinə, 129-cu maddəsinin İİİ hissəsinə, İnsan hüquqlarının və X3 X1 saylı Protokolunun 1-ci maddəsinə, MM-nin 152-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9, 88, 217, 217.4 maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
24. Maddə
13. Mülkiyyət 25.Maddə 13.3. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
26. Maddə
29. Mülkiyyət hüququ
27. Maddə 29.3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başq aları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
28. Maddə 29.4. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın
30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
32. Maddə 165.1 Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüqu q sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
33. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:
34. Maddə 84.1. Topaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
35. Maddə 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
36. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sür ülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edil məməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla və formal əsaslar kimi qiymətləndirilməklə yanaşı, iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
49. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşm ış hüquqi mövqeyə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2347/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.