Məhkəmə qərarları › İş №2(102)-1073/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-1073/2024

09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1073/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı “çəkilmiş xərcin və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - MPM 405.0.1 kassasiya şikayətinin prosessual müddət ötürülməklə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 4 iyul tarixli, 2(104)-xxxx/2023 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh nişan vaxtı evin təmir işlərinə görə 1000 manat, mənəvi zərərə görə isə 5000 manat alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ağdam Rayon Məhkəməsinin (hakim R. Məmmədov) 2023-cü il 28 mart tarixli, 2(013)-228/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

3. Gəncə Apellyasiya Məhkəməsinin (sədrlik edən hakim İ.Həsənov, hakimlər L.Süleymanov və A.İsgəndərova) 2023-cü il 4 iyul tarixli, 2(104)-1609/2023 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Ağdam Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2( 013)-228/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və İddiaçı Cavabdeh qarşı çəkilmiş xərcin və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

4. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermiş və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

5. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və pr oses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

6. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

7. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

8. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

9. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

10. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

11. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:...408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa.

12. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəll ənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 405.0.1-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq müddət ötürülməklə verilmişdir.

14. Belə ki, iş materiallarında olan (i.v 104 və 105) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin göndərilməsi barədə məktub və “Poçt göndərişinin verilməsi haqqında” xəbərnaməyə əsasən Gəncə Apellyasiya Məhk əməsinin 2023-cü il 4 iyul tarixli, 2(104)-1609/2023 nömrəli qətnaməsi 2023-cü il 6 oktyabr tarixdə İddiaçı poçt vasitəsi ilə rəsmi qaydada verilmişdir. Kassasiya şikayətində qətnamənin 12 sentyabr 2023-cü il tarixində alındığı qeyd edilmişdir.Hazırkı kassasiya şikayəti isə elektron kabinet vasitəsilə 9 yanvar 2024-cü il tarixində verilmişdir. Belə olan təqdirdə kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi üçün müəyyənləşdirilmiş 2 aylıq müddət buraxılmış olur və buraxılmış prosessual müddətin bərpası ilə bağlı vəsatətlə məhkəməyə müraciət olunmamışdır.

15. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikasının MPM-in 409-cu maddəsinin tələbinə zidd olaraq müəyyən edilmiş müddət ötürülməklə verilmiş kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.

16. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb ola bilər. Yuxarıda göstərilən halda kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti olduğuna görə, kassasiya şikayəti müvafiq pörosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

17. Odur ki, kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən icraata qəbul edilə bilməz. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığından kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və kassasiya şikayəti müvafiq prosessual hərəkətlər edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 404-1.2 maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 4 iyul tarixli, 2(104)-xxxx/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti müvafiq prosessual hərəkətlər edilməsi üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar