Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1076/2019 05.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 05 fevral 2019-cu il № 2(102)-1076/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Quliyev, iş № 2(005)-XX/18) İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit və faizlərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 222.522,79 ABŞ dolları əsas borc, 1722,40 ABŞ dolları məbləğində faiz borcu və 2,000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 226.245,19 ABŞ dolları məbləğində borcun qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Baxışova-sədrlik edən və məruzəçi, V.Həsənov və N.Cəfərov, iş № 2(103)xxx/18) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13.01.2011-ci il tarixli 01UM/11 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 28.01.2013-cü il tarixli 14B/13 saylı əlavə kredit müqaviləsi üzrə 248.070,74 ABŞ dolları əsas borcu, 55.761,42 ABŞ dolları faiz borcu, 180.404,60 ABŞ dolları cərimə borcu, cəmi 484.236,76 ABŞ dolları borcun və ödə nilmiş 30 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçınin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikas ı MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 apellyasiya şikayəti vermiş və o, qətnaməni yalnız dəbbə pulunun (cərimənin) tutulması hissəsində mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamənin qanuniliyini və əsaslılığını apellyasiya qaydasında mübahisələndirilən hissədə yoxlayaraq qətnaməni Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlamışdır. Hazırda Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin yalnız ona aid hissədə çıxarılmış bu qətnaməsini kassasiya qaydasında mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını yalnız Cavabdeh1 kassasiya şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası məruzəçinidinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirilən hissədə (Cavabdeh1 aid hissədə) dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında 13.01.2011-ci il tarixli 01UM/11 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 28.01.2013-cü il tarixli 14B/13 saylı əlavə kredit müqaviləsin əsasən İddiaçı KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 12 ay müddətinə, 28.01.2014-cü il tarixədək, illik 17% ödəmək şərtilə 400.000 ABŞ dolları məbləğində kredit vermişdir. 13.01.2011-ci il tarixli 01UM/11 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. 28.01.2013-cü il tarixli 14B/13 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 22.05.2015-ci il tarixli sazişə əsasən kreditin bitmə müddəti 22.08.2015-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 13.01.2017-ci il tarixli maliyyə arayışında Cavabdeh1 14B/13 nömrəli kredit müqaviləsi üzrə 13.01.2017-ci il tarixə 248.070,74 ABŞ dolları əsas borcu, 55.761,42 ABŞ dolları faiz borcu, 180.404,60 ABŞ dolları cərimə borcu, cəmi 484.236,76 ABŞ dolları borcu olduğu qeyd edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.01.2018-ci il tarixli 13575 saylı ekspert rəyində Cavabdeh1 xx xxx 2015-ci il tarixinə (müqavilənin bitmə tarixi) əsas borc üzrə 243.162,10 ABŞ dolları, faiz borcu üzrə 1.722,40 ABŞ dolları məbləğində, xx xxx 2017-ci il tarixinə isə (iddia ərizəsində göstərilən tarix) əsas borc üzrə 222.522,79 ABŞ dolları, faiz bo rcu üzrə 50.228,34 ABŞ dolları məbləğində borcu müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi işdəki sübutları və ekspert rəyini əsas götürərək iddianı qismən təmin etmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermiş və qətnaməni yalnız cərimə borcu hissəsində mübahisələndirərək hesab etmişdir ki, dəbbə pulu məhkəmə tərəfindən azaldılsa da onun əmlak mənafeyi nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin hüdudları daxilində işə baxaraq yalnız həmin hissəyə münasibət bildirmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə Cavabdeh1 əsas borcunun222.522,79 ABŞ dolları olduğunu, iddiaçı tərəfindən öhdəliyin icrasının gecikdirilməsi ilə əlaqədar 180404,60 ABŞ dolları cərimə tələb edildiyini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məh kəməsi tərəfindən qətnamə ilə tutulmuş 2000 ABŞ dolları cərimə məbləği əsas borc məbləğinə nisbətdə tənasübsüz şəkildə yüksək olmadığından cərimə borcunun azaldılması və ləğv edilməsi üçün əsaslar yoxdur. Buna görə də apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə yaşayış yeri üzrə xəbər verilməməsi barədəki dəlilini form al mülahizə kimi qiymətləndirir və hesab edir ki, həmin dəlil qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi cavabdehin işdə olan ünvanına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərmişdir. Cavabdehin 27.02.2018-ci ildən başqa ünvana qeydiyyata düşməsi, yaşayış yerini dəyişməsi işə baxan məhkəməyə məlum olmamışdır. Cavabdeh bu barədə işə baxan məhkəməyə məlumat verməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 146-cı maddəsinin tələbinə görə bu, cavabdehin vəzifəsi idi. Adı çəkilən maddəyə görə işdə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırınc ı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi h üquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli 2(103)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1076/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1076/2019
05.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver