Məhkəmə qərarları › İş №2(102)-1086/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1086/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1086/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "Cavabdeh" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq tutulmuş pulun qaytarılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh "Cavabdeh" ASC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5024/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh "Cavabdeh" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2015-ci il tarixli, 173GNUM150210001saylı kredit müqaviləsi və əlavəsinə əsasən, "Cavabdeh" ASC tərəfindən İddiaçı 36 ay müddətinə, illik 27 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 manat dolları məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər lazımınca yerinə yetirilmədiyindən onun cavabdehə olan borcu kart hesabından akseptsiz qaydada silinmişdir. İddiaçı eyni zamanda həmin bankdan kart vasitəsi ilə pensiya alır. Kredit borcu pensiya kartı hesabından tutulur.

2. İddiaçı, kart hesabından öhdəliyin həcmindən artıq məbləğdə pulun tutulduğunu bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ər izə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-nin Şamaxı filialının onunla bağladığı xx.xx.2015-ci il tarixli, 173GNUM ********* nömrəli kredit müqaviləsinin şərtlərini və Azərbaycan Respublikası MM-nin 420.2 və 741-ci maddələrinin tələblərini, qanunsuz və əsassız olaraq pozmaqla, Cavabdeh ASC tərəfindən onun pensiya kartından əsassız və qanunsuz olaraq tutulmuş pul vəsaitinin ona qaytarılması, 173GNUM150210001 nömrəli kredit müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, kreditin ödənilməsinin sona çatmasına 2 ay qalmışdır. Bank sənədlərinə, onun ödədiyi və Cavabdeh ASC-nin onun pensiya kartından Azərbaycan Respublikası Mülki məc əlləsinin 440.2 və 741-ci maddələrinin tələblərini pozmaqla tutduğu məbləğ kredit müqaviləsi üzrə ödəyəcəyi məbləğdən çoxdur. Ona görə də Bank tərəfindən pensiya kartından qanunsuz tutulma dayandırılmalı, artıq, əsassız tutulmuş məbləğ ona qaytarılmalıdır. 2015-ci ildə bir ay ödənişin ləngiməsi səbəbindən onun “Cavabdehdan” kart vasitəsi ilə aldığı təqaüdünü iki ay (oktyabr-noyabr) son qəpiyinə qədər tutaraq Cavabdeh tərəfindən onu maddi cəhətdən yaşamaq imkanından məhrum etdilər. Cavabdeh ASC xx xxxxx 2016-cı ildə yenidən onun təqaüdünü yuxarıda qeyd etdiyi səbəbdən və özbaşınalıqlarından təqaüdünü bütünlüklə kartdan tutmuşlar. Bu qanunsuz əməlləri Cavabdeh ASC 2016 və 2017-ci illərə də davam edərək iddiaçının pensiyanı tamamilə pensiya hesabından tutmuşdur. Bundan başqa Cavabdeh ASC hər ay əsassız olaraq iddiaçının pensiyasından aylıq ödənişdən başqa ilk növbədə hər ay cərimə kimi ümumilikdə 300 manatdan çox cərimə adı ilə tutulma həyata keçirmişdir. Eləcə də ildə bir dəfə faiz borcu hesablamalı olduğu halda hər ay faiz borcu kimi pensiya kartından qanunsuz olaraq pul tutmaqla ona xeyli miqdarda maddi ziyan vurmuşdur. Dəfələrlə bu qanunsuz əməllərinə son qoyması barədə Banka müraciət etsə də, onlar ödəniş vaxtının gecikdiyi üçün cərimə tutduqlarını bildirmişlər. Ona kredit təqaüdçü olduğu üçün verilmişdir. Bank əsas gəliri olan pensiyadan asılı olduğunu bilirdi və pensiya köçürülməsi həmin Bank vasitəsi ilə həyata keçirilirdi. Kredit borcunu hər ayın 21-i tarixdə ödənilməsi nəzərdə tutulsa da, pensiya DSMF tərəfindən ayın 24-30-u arası köçürülürdü. Bu gecikmədən istifadə edərək heç bir xəbərdarlıq etmədən əsas borcdan əlavə qanunsuz olaraq faiz borcunu və cərimə hesablayaraq tutmuşdur. Pensiya Bank hesabına DSMF-tərəfindən köçürülmədiyi halda kredit borcunun ödənilməsinin qeyri-mümkünlüyünü Bank bilirdi (pensiya kartı olmasaydı Bank ona kredit verməzdi).Pensiya ödənişinin Banka köçürülməsinin ləngidilməsindən istifadə edərək, əsassız varlanma üçün Bank gecikən günlərə cərimə tutaraq onun maddi vəziyyətini çətinləşdirmiş, özləri isə varlanmışlar.

5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələri ilə razı olmadığını bildirməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Musayeva) xx xxxxx x 2019-cu il tarixli, 2(006)-2648/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 143,02 manat məbləğində pulun Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 295 manatın 223 manatının İddiaçı, 72 manatının isə Cavabdeh ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı məxsus hesabdan pulun tutulması zamanı cavabdeh tərəfindən müqavilə şərtlərinə riayət edilmədən artıq pul çıxılmışdır. İş üzrə əldə edilmiş iki ekspert rəyi ilə xx xxxxxx 2015-ci il tarixli, 173GNUM150210001 saylı kredit müqaviləsi üzrə iddiaçının cavabdehə olan borcunun tam ödənildiyi, iddiaçı tərəfindən 143,02 manat məbləğində artıq ödənişin edildiyi müəyyən olunmuşdur. İddiaçı məhkəməyə müraciət edən zaman müqavilə mövcud olsaydı belə hal-hazırda həmin müqavilə borclu tərəfindən öhdəliklərin tam icra edilməsi nəticəsində öz mövcudluğunu itirmiş, müqavilədən irəli gələn öhdəliklərə icra nəticəsində xitam verilmişdir. Bu hal məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəfindən öz təsdiqini tapmışdır. Məhkəmə hesab etmişdir ki, mövcud olmayan müqavilənin ləğv edilməsi və onun əsasında yaranmış öhdəliklərə xitam verilməsi yolverilməz olduğundan iddia bu hissədə rədd edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) xx xxxxxx 2020-ci il tarixli, 2(103 )-5024/20 nömrəli qətnaməsi ilə iddiaçının və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh ASC kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən İddiaçı Banka əsas və faiz borcu 0 manat təşkil etməklə, həmin kredit müqaviləsi üzrə 143,02 manat artıq ödənişin olduğu müəyyən edilmişdir. Həmçinin ekspert rəyindən qeyd edilmişdir ki, bank tərəfindən xx.xx.2015-ci il tarixli 173GNUM150210001 saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit borcu üzrə cərimə borcu hesablanmadı. İş üzrə ilkin ekspertiza təyin olunarkən ekspertizanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması ilə bağlı ekspert tərəfindən vəsatət verilmiş və həmin vəsatətdə hesabdan çıxarışın təqdim olunması qeyd olunmamışdır. Həmçinin iş üzrə təkrar ekspertiza keçirilərkən də əlavə hər hansı sənədin təqdim olunması ilə bağlı ekspert tərəfindən vəsatət verilməmişdir. Halbuki məhkəmə tərəfindən ekspertizanın təyin olunm ası barədə qərardadda ekspert qarşısında qovulmuş suallardan biri də cərimə ödənişi kimi tutulmuş vəsaitin nə qədər təşkil etməsi və bunun müqaviləyə uyğun olub-olmamasını müəyyənləşdirmək idi. Ekspert rəyinin 2-4-cü səhifələrini əhatə edən cədvəldən də göründüyü kimi ekspert tərəfindən mübahisə predmeti olan kredit müqaviləsi üzrə tutulmuş əsas və faiz borcunun nə qədər təşkil etməsi hesablanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı verilmiş etirazda kassasiya şikayətinin rədd edilməsi xahiş olunmuşdur. Etirazda eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması xahiş edilsə də, İddiaçı tərəfindən kassasiya şikayəti verilmədiyi üçün həmin xüsuatlar hazırkı (cavabehin ş ikayəti əsasında aparılan) kassasiya baxışının predmetini təşkil etmir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə

528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

16. Maddə 1091.1. Əsassız varlanan o şəxs (va rlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

17. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

18. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

21. Məhkəmə kollegiyası, qətnaməni cavabdehin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilmə məlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.

25. AR DİN tərəfindən xx xxx 1998-ci il tarixdə verilmiş vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır və AR qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququn a malikdir.

26. İddiaçı ilə "Cavabdeh" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 173GNUM150210001saylı kredit müqaviləsinin və əlavəsinin surətindən görünür ki, kredit verən borc alana illik 27%-lə 36 ay müddətinə 10.000,00 manat məbləğində krediti təqdim etməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kredit verənə qaytarmağı öhdəsinə götürmüşlər. 27. "Cavabdeh" ASC tərəfindən verilmiş xx.xx.2019-cü tarixli çıxarışın surətindən görünür ki, İddiaçı əsas ödəmə məbləği 7,380.63 manat, faiz ödəmə məbləği 4,627.67 manat və borc məbləği 2,619.37 manat təşkil edir.

28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2018-ci il tarixli 14236 saylı və xx xxxxxx 2019-cu i l tarixli, 11712 saylı ekspert rəylərindən görünür ki, İddiaçı tərəfindən "Cavabdeh" ASC-yə ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx xxxxxx 2015-ci il tarixli, 173GNUM150210001 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə İddiaçı banka olan borcu əsas borc 0,00 manat, faiz borc 0,00 manatdır. Artıq ödəniş məbləği 143,02 manat müəyyən olunmuşdur. Aparılmış tədqiqatların dəyəri müvafiq olaraq 145 manat və 150 manat təşkil edir.

29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan müqavilə xx.xx.2015-ci ildə 36 ay müddətinə bağlanmışdır. İddiaçı məhkəməyə müraciət edən zaman müqavilə mövcud olsaydı belə hal-hazırda həmin müqavilə borclu tərəfindən öhdəliklərin tam icra edilməsi nəticəsində öz mövcudluğunu itirmiş, müqavilədən irəli gələn öhdəliklərə icra nəticəsində xitam verilmişdir.

30. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iş üzrə mübahisəli hal, yəni kredit müqaviləsi üzrə ödənilməmiş borcun qalıb-qalmaması xüsusi bilik tələb etməklə ekspert tərəfindən müəyyən oluna bilər. Məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertiza rəyi ilə İddiaçı banka borcunun qalmadığı, 143,02 manat artıq ödənildiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmələrin iddianın həllinə dair gəldiyi nəticə yuxarıda göstərilən maddi hüquq normalarına uyğundur (§ 15-18).

31. Kollegiya onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində ə ks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksəkdir. Ona görə də kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

32. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: "Cavabdeh" ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5024/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar