Məhkəmə qərarları › İş №2(102)-1092/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1092/2022

21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1092/2022 21.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1092/22 (Açar sözlər: apellyasiya şikayətinin elektron qaydada verilməməsi) Bakı şəhəri, 21 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11975/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qərardadından İd diaçı kassasiya şikayətinə 21 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmertinə yönəldilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(007)90/2021 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuşdur.

3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11975/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün sayılmışdır. (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Şəraf ət Məmmədova)

5. Apellyasiya instansiyası məhkəməsi şikayəti qeyri-mümkün sayarkən ona istinad edib ki, iddiaçı apellyasiya şikayətini qanunla müəyyən edilmiş qaydaya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) əməl etmədən, poçt vasitəsilə vermişdir.

6. Apellyasiya instansiyası məhkəməsi Mülki-Prosessual Məcəllənin 10-1.3, 363.1.5 və 366-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

7. İddiaçı QSC BOKT (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

8. Kassasiya şikayətinin dəlilləri: -apellyasiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı təş kilatın, eyni zamanda iddiaçı təşkilatın nümayəndəsinin adı elektron məhkəmə portalında olmasına baxmayaraq, Nizami rayon Məhkəməsi qeyd edilən şəxslərin adlarını hazırki iş üzrə elektron məhkəmə sistemində qeydiyyata almayıb. Bu səbəbdən də apellyasiya şikayətinin elektron sistem vasitəsilə verilməsi mümkün olmayıb; - Nizami rayon Məhkəməsinə bu barədə məlumat verilmiş, lakin məhkəmə tərəfindən heç bir tədbir görülməmişdir; - prosessual müddəti ötürməmək üçün iddiaçı təşkilat məcburiyyət qarşısında qalıb apellyasiya şikayətini dəftərxana vasitəsilə verib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhk əmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellya siya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

10. Kassasiya instansiyası məhkəmə si işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

11. Apellyasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qərardadının ləğvini tələb etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.

12. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırk i şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

14. Prosessual qanunvericiliyin tələbinə görə şikayətin apellyasiya mümkünlüyü üçün prosessual əsasların olması zəruridir, əks halda şikayət mümkün sayılmamalıdır.

15. Apellyasiya instansiyasınin müəyyən etdiyi işin hallarından görünür ki, iddiaçı təşkilat apellyasiya şikayətini “Elektron məhkə mə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim etməyib.

16. MPM-nin 10-1.3-cü maddəsinin tələbindən göründüyü kimi, elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda iddiaçı təşkilat tərəfindən təqdim edilmiş apellyasiya şikayəti bu qaydaya riayət olunmadan verilmiş, şikayət elektron kabinet vasitəsilə təqdim edilməmişdir.

17. Belə olan halda da, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyri-mümkün sayılması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticəni prosessual qanunvericiliyə uyğun sayır.

18. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini – iddiaçı təşkilatın nümayəndəsinin adı elektron məhkəmə po rtalında olmasına baxmayaraq, Nizami rayon Məhkəməsinin qeyd edilən şəxslərin adlarını hazırki iş üzrə elektron məhkəmə sistemində qeydiyyata almaması, Nizami rayon Məhkəməsinə bu barədə məlumat verilsə də, məhkəmə tərəfindən heç bir tədbir görülməməsi, bu səbəbdən də apellyasiya şikayətinin elektron sistem vasitəsilə verilməsinin mümkün olmaması – əsasız sayır. Çünki qeyd edilən dəlillər şikayətin elektron qaydada verilməsini istisna etmək üçün əsas sayıla bilməz.

19. Bu baxımdan, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qər ara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11975/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar