Məhkəmə qərarları › İş №2(102)-1122/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1122/2024

19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1122/2024 19.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçıTofiq qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi, alqı-satqı müqaviləsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-3883/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 19 mart 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəb ul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 05 aprel 2021-ci il tarixli, 534 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə 5300 manat pulu, 100 manat ilkin ödəniş etməklə aylıq 217 manat ödəmək şərtilə 24 ay müddətinə kredit vermişdir.

2. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 3. 22 noyabr 2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdeh 3 gün müddətində borcun tam ödənilməsi barədə xəbərdar olunmuş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5208 manat borcun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edil məsini xahiş etmişdir.

5. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanan kredit müqaviləsi elə nisyə alğısatqı müqaviləsidir. Müqavilə iddiaçının işlədiyi məişət avadanlıqların satış mərkəzində bağlanmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş, tərəfindən borcunun ödənilməsinə dair olunmuş müraciətləri cavabsız qoymuş və nəticədə 5208 manat borcu ödənilməmiş qalmışdır.

6. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehin oğlunun borc almasına münasibətdə bildirmişdir ki, onda elə məlumat yoxdur. Faktiki olaraq tərəflərin iradə ifadəsini əks etdirən müqavilə var və cavabdehin özü tər əfindən imzlanmışdır. Ona görə də iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

7. Məhkəmənin iclasında cavabdeh izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. Oğlu mağazanın sahibi Məzahir adlı şəxsdən 4500 manat, əlavə 700 manat faizlə qaytarmaq şərtilə borc pul götürmüşdür. Hal-hazırda oğlu həbsdədir. İddiaçıya evin plana düşüb satılan zaman oğlunun əvəzinə pulunu verəcəyini demişdir. İddiaçı da aralarında müqavilə bağlamağı təklif etmiş, oğlundan şikayət etmək istəmədiyini bildirmişdir. O da savadsız olduğundan müqaviləni mağazada bağlamış, notariusa getməmişdir. Öhdəsində gəlini, nəvəsi var. Təqaüdlə ailəsini dolandırır. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

8. İş materiallarında olan 23 noyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin hal -hazırda iddiaçıya 5208 manat borcu vardır.

9. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 mart 2023-cü il tarixli, 2(007)-488/2023 nömrəli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia tələbi təmin edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh, onunla iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Kredit müqaviləsində” qeyd edilən borcun ona aid olmamasını və ümumiyyətlə müqavilənin etibarsız olduğunu bildirsə də, bu halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin göstərdikləri xüsusatlar öz təsdiqini tapmadığı üçün hesab edilməlidir ki, iddiaçı, qeyd edilən “Kredit müqaviləsi“üzrə yaranmış borcun iddiaçı tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır, iddiaçının cavabdehə qarşı bu k imi iddianı irəli sürməyə subyektiv hüququ mövcuddur. Bundan başqa nəzərə alınmalıdır ki, iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir. Cavabdeh həmin müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyin icra edilməməsinə görə mülki məsuliyyət daşıyır. Buna görə də, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 740-cı maddələrinin tələbləri baxımından əsaslı hesab edilərək təmin edilməlidir.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 390.1, 448.1, 739.1, 739.2, 740.1, 740.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyas iya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının istinad etdiyi müqaviləni imzalamamışdır. O, iddiaçının qohumu kimi təqdim etmiş Məzahir adlı şəxsin ona verdiyi məlumatlardan sonra Məzahirə söz vermişdir ki, oğlunun Məzahirə olan 5.200 manat məbləğində borcunu özü ödəyəcək. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdehdə onun oğlunun həmin Məzahir adlı şəxslə telefon vasitəsi ilə danışmasını və Məzahirin etirafını özündə əks etdirən səs yazısı var. Lakin birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3883/2023 nömrəli iş üzrə 15 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və A.N.İmanov) cavabdehin apellyasiya şikayəti qismən təmin ed ilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin olunmuşdur.

15. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəli müqavilənin başlığında “Kredit müqaviləsi” yazılsa da, əslində həmin müqavilənin məzmunundan görünür ki, müqavilə “Nisyə alqı-satqı” müqaviləsidir. İddiaçı özü də iddia ərizəsində bildirir ki, həmin müqavilə “Nisyə alqı-satqı müqaviləsidir”. Birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən isə görünür ki, məhkəmə iş üzrə tərəflər arasında yaranmış mülki mübahisəyə məhz “Kredit müqaviləsi“ üzrə yaranmış mübahisə kimi yanaşmış və onu Mülki Məcəllənin 739 və 740-cı maddələrinin tələbləri baxımından həll etmişdir.

16. İş üzrə cavabdeh apellyasiy a şikayətində müqaviləni imzalamadığını bildirsə də, birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, iddiaçının qohumu Məzahir onu aldatmış və o, oğlunu yeni ittihamlardan qorumaq üçün həmin borcu öz üzərinə götürmüş və Məzahirin tələbi ilə iddiaçı ilə həmin müqaviləni imzalamışdır (məhkəmə iclas protokolu; iş vərəq 41).

17. Cavabdehin apellyasiya şikayətinin bu dəlili onun özünün birinci instansiya məhkəməsinə verdiyi izahatla təkzib olunur və iş materiallarından görünür ki, cavabdeh məhkəmə iclas protokoluna dair qeyd verilməmişdir.

18. Məhkəmə, cavabdehin bu kimi dəlilinin artıq birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edildikdən sonra ortaya çıxmasını, cavabdeh tərəfindən məhkəmə iclas protokoluna dair qeyd verməməsini nəzərə alaraq apellyasiya şikayətinin bu dəlilini əsaslı saymır və hesab edir ki, cavabdeh, bu dəlili irəli sürməklə iddia tələbindən qorumaq üçün və qeyri-səmimi olaraq bildirir.

19. Bundan başqa, qeyd edilməlidir ki, iddiaya etiraz edən cavabdeh onunla iddiaçı arasında bağlanmış müqavilənin etibarsız (yalan əqd) olduğunu bildirsə də, bu halı sübuta yetirə bilməmişdir. O, apellyasiya şikayətində bildirir ki, onda, onun oğlunun həmin Məzahir adlı şəxslə telefon vasitəsi ilə danışmasını və Məzahirin etirafını özündə əks etdirən səs yazısı var. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, cavabdehin istinad etdiyi səs yazısı hazırkı iş üzrə sübut kimi qəbul edilə bilməz. Çünki həmin səs yazısı hazırki iş üzrə tərəflər arasında deyil, iş üzrə tərəf olmayan şəxslər arasında olan danışığı özündə əks etdirir və Azərbaycan Res publikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020- ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli qərarına əsasən etibarlı sübut kimi qəbul edilə bilməz. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Nisyə alğı-satqı müqaviləsi” etibarsız deyil və cavabdeh həmin müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 448, 567, 600 və 601-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmış və qeyd edilmişdir ki, məhkəmə Mülki Məcəllənin 340.2-ci maddəsini deyil, həmin Məcəllənin 339.2-ci maddəsini tətbiq etməli idi. Bundan əlavə məhkəmə X1 şahid qismində dindirməmişdir. Məhkəmə təqdim edilən sübutlara düzgün hüquqi qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. b) K assasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

27. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hə rəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

28. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyən ləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

29. Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.

4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

30. Maddə

601. Əşyanın hissə-hissə ödənilməsi 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hi ssə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Belə ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəf müqavilədə nəzərdə tutulan malları digər tərəf verməsinə baxmayaraq, cavabdeh tərəf öhdəliyini icra etməmiş və mübahisə yaranmışdır.

41. İddia tələbinin maddi hüquqi əsasını təşkil edən normalar Mülki Məcəllənin 600.1 və 600.4-cü maddələridir. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu normalar əsasında təhlil edərək müəyyən etmişdir ki, tərəflər arasında 5208 manat dəyərində malların alqı-satqısının olduğu tərəflər arasında bağlanmış müqavilə ilə təsdiq olunur. Həmin məbləğin ödənilmsəiinə dair sübutlar mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüqu qi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

44. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3883/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar