Məhkəmə qərarları › İş №2(102)-1132/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1132/2021

04.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1132/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: aliment miqdarının artırılması) 04.03.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X5, vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1708/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(059)-73/2016 saylı qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında olan xx xxxxxx 2003-cü il tarixdə Siyəzən rayon VVADQ şöbəsində bağlanmış və 175 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx xxxxxx 2004-cü il təvəllüdlü X2 və xx xxxx 2007-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında qalmaları, eləcə də xx xxxxxx 2015-ci il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Siyəzən rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə ve rilmiş AZ-İ seriyalı, 314119 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, Cavabdeh ilə X3 arasında olan nikah xx xxxx 2019-cu il tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında həmin gün 28 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişi öz soyadında qalmış, qadına isə “Hacıyeva” soyadı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, uşaqların saxlanılması üçün ödənilən 216 manat məbləğində aliment uşaqların maddi ehtiyaclarını ödəmir, uşaqların böyümələri, təhsil almaları və layiqli həyat səviyyələrinin təmin edilməsindən ötrü həmin məbləğ olduqca azdır. Özü Siyəzən şəhərində yerləşən qarışıq ma llar mağazasında satıcı işləməklə hər ay aldığı əmək haqqı, eləcə də, aldığı aliment məbləği uşaqlarının təhsilinə, geyimlərinə, gündəlik təlabatlarına, kommunal və təhsil xərclərinə kifayət etmir. Cavabdeh övladları ilə maraqlanmır və onlarla görüşmür. Ödənilən aliment məbləği gündən-günə tələbatları artan uşaqlarının maddi ehtiyaclarını ödəməyə kifayət etmədiyinə görə o, övladlarının saxlanılmasında çətinlik çəkir. Ona görə də, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün aliment məbləğinin artırılaraq hər uşaq üçün hər ay 170 manat olmaqla, ümumilikdə 340 manat sabit sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin (hakim Bəylər Ələkbərov) xx xxxxxx 2020-ci il tarixli, 2(059)103/2020 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən xx xxxxxx 2004-cü il təvəllüdlü X6 və xx xxxx 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(059)-73/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi və İddiaçı azad edildiyi 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə, 34-cü maddəsinin İV bəndinə, "Uşaq hüquqları" haqqında Qanunun 4-cü, 13, 19-cü maddələrinə, Ailə Məcə lləsinin 112.1-ci maddəsinə və Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında xx xxxxxx 2019-cu il tarixli Qanuna istnadla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ona görə də iddia həmin hissədə təmin edilməlidir. Eyni zamanda, məhkəmə, iddia tələbinin “alimentin iddia ərizəsinin məhkəməyə təqdim edildiyi vaxtdan tutulması” hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, tələb bu hissədə əsassız olduğundan təmin edilməsi is tisna edilir. Çünki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Telman Məmmədov sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Lətifə Məmmədova) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh tərəf apelyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsinə dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuş dur. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin cavabdehə münasibətdə apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X7) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı maddi vəziyyətinin dəyişməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə onun (cavabdehin) təqdim etdiyi sənədlərdən görünür ki, o, yeni nikaha daxil olmuş, ikinci dəfə ailə həyatı qurmuşdur. Onun yeni nikahından xx xxxxxx 2008-ci il tarixdə Timur və xx xxxxxx 2012-ci il tarixdə Sabrina adlı iki uşağı olmuşdur. İşə baxan məhkəmələr bu halları nəzərə almyaraq iş üzdə düzgün olmayan nəticəyə gəlmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh nümayəndəsi X9 və cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı m əhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Ailə Məcəlləsi: Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarın dan görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş ma teriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Apelyasiya instansiyası məhkəməsi qətnaməni yalnız cavabdehin apelyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissədə yoxlamışdır. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının maddi vəziyyətində dəyişiklik olmaması barədə dəlili əsassızdır. Belə ki, uşağın gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının artması hamıya bəlli olan hal olmaqla, həmin ehtiyacların təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Cavabdehi n şikayətinin dəlilləri övladları qarşısında qanunvericiliklə müəyyən edilmiş öhdəliyinin yerinə yetirilməməsinin əsası ola bilməz. Digər tərəfdən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndində göstərilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə ( kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1708/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar