Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1178/2019 22.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2,iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı pulun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 sentyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 09 iyul 2018-cı il tarixli qətnaməsi ilə (hakim T.Əkbərov) İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı pulun qaytarılması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən X.Mərdanova, hakimlər İ.Şirinov və E.Həsənov) Xəzər rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək İddiaçı tərəfindən artıq ödənilmiş 2100 manat məbləğində pul vəsaitinin cavabdeh “xxxx” MMC tərəfindən ona qaytarılması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh “xxxx” MMC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasi ya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 sentyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası mməhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı pulun qaytarılması tələbinə dair iddia verərək, 2017-ci il üçün internet xidmətlərinə görə X4 artıq ödədiyi 2700 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qa ydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı tərəfindən “xxxx” MMC-yə istifadəsində olan ***-**-** və ***-**-** telefon nömrələrinə ayrılmış internet kanalına görə 2017-ci ilin yanvar-dekabr aylarına olan dövr üçün telefon nömrələri üzrə cəmi 2700 manat məbləğində ödənişlər edilmişdir. Halbuki işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı qeyd edilən telefon nömrələrinin hər birinə ayrılmış internet kanalına görə ayda 25 manat olmaqla 2017-ci üçün nəzərdə tutulan dövrdə cəmi 600 manat pul ödəməli idi. Göründüyü kii cavabdeh hər hansı bir hüquqi əsas olmadan iddiaçıdan 2100 manat məbləğində pul vəsaitini əldə etməklə əsassız varlanmışdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlmə əsaslarından biri də, əsassız varlanmadır. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. (Mülki Məcəllə, maddə 1091) Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. İşin göstərilən hallarına və sadalanan maddi-hüquq normalarına əsasən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən 2017-ci il üçün hər telefon nömrəsinə görə ödənilmiş 300 manat, cəmi 600 manat məbləğində pul vəsaiti istisna olmaqla, artıq ödənilmiş 2100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddia çıya qaytarılmalıdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1178/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1178/2019
22.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver