Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1190/2024 16.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin, Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): kredit borcunun tutulması, müqavilənin bağlanmış hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit müqavilə si üzrə borcun ödənilməsi”nə dair ilkin, Cavabdeh1 "xxxx" ASC və Cavabdeh2 qarşı “kredit müqaviləsinin bağlanmış hesab edilməsi”nə dair qarşılıqlı iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6365/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları 1. xx.xx.2021-ci il tarixli, FM-00129-01/21A saylı kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) borclu Cavabdeh1 (bundan sonra - birinci cavabdeh) 48 ay müddətinə illik 19% olmaqla 6000 manat məbləğində kredit vermiş, borclu isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş m üddətdə onu faiz ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür.
2. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 (bundan sonra - ikinci cavabdeh) ilə bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən sonuncu borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün onunla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birinci cavabdeh ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, FM-00129- 01/21A nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixə ödənilməmiş 4894,18 manat əsas borc, 274,08 manat faiz borcu, 75,67 manat dəbbə borcu, ümumilikdə 5243,93 manat borcun, iddia q aldırılması üçün ödənilmiş 72,44 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, birinci cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq, ödəniş müddətini dəfələrlə ötürmüş və borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir.
5. Birinci cavabdeh iddiaçı və ikinci cavabdehə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, onunla iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, FM-00129-01/21A saylı kredit müqaviləsinin ləğv edilməsi, müqavilənin ikinci cavabdeh ilə bağlanmış hesab edilməsi, müqavilədən irəli gələn borcun ikinci cavabdehdən Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bankla aralarında istehlak məqsədi ilə 6000 manat məbləğində pulun verilməsi ilə bağlı kredit müqaviləsi bağlansa da, pulu Bankdan onunla Banka birgə getmiş və xx.xx.2021-ci il tarixdə bankla zaminlik müqaviləsi bağlamış ikinci cavabdeh və iş yoldaşı, keçmiş polis əməkdaşı Cavid Həmzəyev götürmüşdür. Götürülən kreditin 2000 manatı Cavid Həmzəyevə, qalan 4000 manatı isə ikinci cavabdehə çatmışdır. Bu faktdan Bankın kredit mütəxəssisi Azər adlı şəxsin məlumatı və razılığı olmuşdur. Bu səbəbdən də, Bankın kredit mütəxəssisi Azər adlı şəxsin şahid qismində dindirilməsi zərurəti vardır. Onun adına kredit müqaviləsinin rəsmiləşdirilməsi faktından Bankın ona göndərdiyi bildirişdən sonra məlumatı olmuşdur. Bu faktı ikinci cavabdeh də təsdiq edəcəkdir, çünki götürülən kreditin 4000 manatını sonuncu istifadə etmişdir. İkinci cavabdeh ilə Cavid Həmzəyevin qabaqcadan əlbir olub onu aldadaraq, pulunu ələ keçirtməsi faktı ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilmişdir. Bankla onun arasında əqd bağlansa da, reallıqda kredit münasibətlərinə ikinci cavabdeh və Cavid Həmzəyev daxil olmuşdur. Yəni, ikinci cavabdeh tərəfindən zamin durmaq adı ilə aldadılıb banka aparılmış, Bankla ikinci cavabdeh əlbir olaraq ona kredit müqaviləsi imza latdırmışlar.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-2133/2023 nömrəli, 3 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) (qətnamədə yol verilmiş yalnışlığın düzəldilməsi barədə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı nəzərə alınmaqla) ilkin iddia təmin edilmiş, qarşılıqlı iddianın təmin olunmaması, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun birinci cavabdehə aid edilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki qanunvericiliyin normaları baxımından birinci cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxt da və qaydada ödəməyərək, müqavilə şərtlərini pozmuşdur. Buna görə də, o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Həmçinin zamin borclunun Bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürdüyündən, kredit müqaviləsi üzrə yaranmış borcu cavabdehlər müştərək qaydada iddiaçıya ödəməlidir. Borclu tərəfindən öhdəlik lazımınca icra edilmədiyindən iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla kredit müqaviləsi üzrə iddia ərizəsində qeyd edilən məbləğdə dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir.
9. Məhkəmə iddia tələbin in tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı hesab etmişdir ki, tərəflərdən biri müqaviləni əhəmiyyətli dərəcədə pozduqda, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Hazırda cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi dərəcədə icra etməməsi səbəbindən Bank müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş və bu hal tərəflər arasında bağlanmış müqavilənin vaxtından əvvəl ləğv edilməsinə əsasdır.
10. Qarşılıqlı iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə borcun faktiki olaraq ikinci cavabdeh üçün götürüldüyünü və həmin vəsaitin sonuncu tərəfindən istifadə edildiyini göstərsə də, bu hal kredit müqaviləsinin Bank ilə ikini cavabdeh arasında bağlanmış hesab olun ması üçün əsas ola bilməz.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 448.2, 462.1, 462.3, 467, 421.1, 421.2, 421.3, 324.1 və 324.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Birinci cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, yenidən araşdırmaqla ilkin iddianın ona münasibətdə rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayətində göstərilmişdir ki, krediti ikinci cavabdeh götürmü şdür, kredit üzrə aylıq ödənişlər də hər ay ikinci cavabdehin əmək haqqından çıxılmışdır.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-6365/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Birinci instansiya məhkəməsinin ilkin iddia tələbinə münasibətdə gəldiyi nəticə və əsaslandırma ilə razılaşan məhkəmə hesab etmişdir ki, mülki qanunvericiliyin normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçi vəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.
16. Qarşılıqlı iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsinin qənaətinin düzgün olduğunu vurğulayan məhkəmə qeyd etmişdir ki, birinci cavabdehin arqumentləri kredit müqaviləsinin bank ilə ikinci cavabdeh arasında bağlanmış hesab olunması üçün əsas ola bilməz.
17. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, birinci cavabdeh sözügedən kredit müqaviləsinin yalan əqd olmasına və vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmasına istinad etsə də, işin müəyyən edilmiş hallarına əsasən istinad edilən maddi normaların dispozisiya şərtləri yaranmamışdır. Belə ki, iddiaçı ilə birinci cavabdeh arasında qanunvericiliyin tələblərinə uyğun formada kredit m üqaviləsi bağlanmışdır. Müqavilə bağlanan zaman hər hansı üçüncü şəxsi aldatmaq məqsədi daşımamış, tərəflərin iradə ifadəsi əsasında bağlanmışdır. Kredit məbləğinin əslində zamin olan ikinci cavabdeh tərəfindən götürülməsi, istifadə edilməsi, ödənişlərin onun tərəfindən edilməsi və sair barədə razılığa gəlmiş olsalar belə, bu razılıq cavabdehlər arasında əldə edilmiş razılıqdır. İstinad edilən bu hallar kredit müqaviləsinin ikinci cavabdehlə bağlanmış hesab edilməsinə əsas vermir.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci cavabdeh Bankla məhz kredit müqaviləsi bağladığını dərk etmiş və müqavilə onun iradəsinə uyğun olmuşdur. Bu, onun imzaladığı digər sənədlərin məzmunu ilə də (ərizə, kassa məxaric qəbzi və sair) təsdiq olunur. Kredit vəsaitinin kimin istifadə etməsi nin də heç bir əhəmiyyəti yoxdur. Birinci cavabdeh həmin şəxslərə qarşı müstəqil iddia qaldıra bilər.
19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.1, 324.4, 324.5, 340.2, 347.1, 347.2, 385.1, 442, 443.1, 445.7, 448.1, 462.1, 467, 739.1 və 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Birinci cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın birinci cavabdehə münasibətdə rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti qarşılıqlı iddia ərizəsi və birinci cavabdehin verdiyi apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə (tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan redaksiya)
23. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
24. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
25. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
26. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakim ə əsasında müəyyənləşdirilməlidir.
27. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
28. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.
29. Maddə 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir.
30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borc lu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.
33. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş fai z ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
34. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
36. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
37. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
38. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllə
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edil məli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində birinci cavabdeh apellyasiya instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən məhkəmənin aktı bütövlükdə yoxlanılır. Kas sasiya instansiya məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.
49. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
50. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6365/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.