Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-121/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: işçinin vurduğu zərər, tam maddi məsuliyyət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-449/2023 nömrəli iş üzrə 10 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında b axaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində 10 mart 2020-ci il tarixdə Cavabdeh (bundan sonra – cavabdeh) "MAC” Məhdud Məsuliyyətli Cəmiyyətində (bundan sonra – MMC və ya iddiaçı) satış nümayəndəsi vəzifəsinə işə qəbul edilməsi barədə əmək müqaviləsi bildirişi qeydə alınmışdır.
2. Həmin sistemdə cavabdehlə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 68-ci maddəsinin 2-ci hissəsinə əsasən xx.xx.2021-ci il tarixdə xitam verilməsi barədə bildiriş qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5800 0 manat dəyərində maddi ziyanın və 30 manat məhkəmə xərcinin cavabdehdən xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi və tam maddi məsuliyyət barədə müqavilə bağlanmışdır. Əmək fəaliyyəti zamanı cavabdeh tərəfindən qəsdən və təqsirli hərəkətlər nəticəsində, müəssisəyə 58000 manat maddi ziyan vurulmuşdur. Müəssisəyə maddi ziyan vurulması toplanmış materiallar və mövcud sübutlar əsasında, həmçinin bilavasitə müştərilərin (son alıcıların) xx.xx.2021 - xx.xx.2021 tarixlərdə imzalanmış təhvil-təslim aktları, MMC-nin İT direktorunun xx.xx.2020-ci il tarixli məlumatı və cavabdehin şəxsən yazdığı və imzaladığı xx.xx.2021-ci il tarixli izahatla müəyyən edilir. Cavabdeh xx.xx.202 1-ci il tarixli izahatında göstərmişdir ki, onun məsuliyyətinə təhkim edilmiş ərazilər üzrə müştərilərlə aparılmış hesablaşmalardan 40000 manat məbləğində uyğunsuzluqlar aşkar edilmişdir və daha əvvəlki saylarda 18000 uyğunsuzluq olmuşdur. Cavabdeh, həmçinin qeyd etmişdir ki, uyğunsuzluqlar üzrə aşkar olunan məbləğləri şəxsən özü götürüb və ən qısa zamanda pulları şirkətin kassasına ödəyəcəkdir. Beləliklə də, cavabdeh öz öhdəliyini təsdiq edərək, şirkətə ziyan vurduğunu etiraf etmiş, iddiaçıya məxsus əmlakın mənimsənilməsi və şirkətin faktiki itkiyə məruz qalması sübut edilmişdir. Təhvil-təslim aktları 13 sütundan ibarət cədvəl şəklində tərtib edilmişdir və satış təmsilçisinə təhkim edilmiş satış nöqtələri (ərazilər/obyektlər) üzrə bütün satış əməliyyatlarını özündə əks etdirir. Burada hər sətirdə çatışmazlıqlar ayrı-ayrılıqda və aşkar qeyd edilmişdir. Cavabdeh bu faktlarla razılaşaraq, öz imzası ilə həmin aktları təsdiq etmişdir. Bağlanmış əmək və tam maddi məsuliyyət müqavilələrində cavabdeh tam maddi məsuliyyəti öz üzərinə götürmüşdür. Mübahisənin məhkəmədən kənar həll ilə bağlı iddiaçının səyləri nəticə verməmişdir.
5. İddiaçı sübut qismində məhkəməyə cavabdehlə bağlanmış əmək və tam maddi məsuliyyət müqavilələrini, cavabdeh tərəfindən imzalandığı bildirilən xx.xx.2021-ci il tarixli öhdəliyi etiraf edən ərizəni, təhvil-təslim aktlarını və digər yazılı sənədləri təqdim etmişdir.
6. İşə baxıldığı dövrdə Rusiya Federasiyasında olmuş cavabdeh nümayəndəsi (qardaşı Nümayəndə2) vasitəsilə iddiaya etiraz edərək, iddiaçı tərəfindən rəsmi sənədlərin saxtalaşdırıldığını, cavabdehi n hər hansı sənədlərə imza etmədiyini, cavabdehin adından sənədlərə imza edildiyini, cavabdehlə iddiaçı arasında hər hansı münasibətlərin yaranmadığını, buna görə də iddianın rədd olunmasını xahiş etmişdir.
7. İş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 oktyabr 2022-ci il tarixli, 4/1386 saylı ekspert rəyində qeyd olunmuşdur ki, mülki işin 56-60-cı vərəqələrində olan xx.xx.2020-ci il tarixli, MXŞ10032020 saylı əmək müqaviləsinin əslinin sonuncu vərəqəsində “12 Cavabdeh” yazılardan aşağıda olan “İşçi” qrafasındakı imza ilə xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin (i.v.54-55) 1-ci vərəqində aşağı sağdakı imza və 2-ci vərəqində “Maddi məsul şəxs” qrafasındakı imza müxtəlif şəxslər tərəfi ndən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş əmək müqaviləsində və tam maddi məsuliyyət haqqında müqavilədəki imzalarla cavabdehə məxsus şəxsiyyət vəsiqəsindəki imzanın – eyni şəxs tərəfindən icra olunubolunmamasını təsviri hissədə göstərilən səbəblərə görə (qrafit materialın azlığı, cizgilərin sadəliyi və s.) müəyyən etmək mümkün olmamışdır
8. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(049)-2259/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Məmmədov) iddia rədd edilmişdir.
9. Məhkəmə ekspert rəyinə əsasən belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehlə əmək müqaviləsinin və tam maddi məsuliyyət barədə müqavilənin bağlandığını sübut edə bilməmiş, işə baxılarkən müqavilələrin cavabdeh tərəfindən imzalanmamasına dair şübhələr yaratmışdır.
10. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 42, 200, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 81,14.2, 76, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını və cavabdeh barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya baxışı zamanı təkrar məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. Həmin ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2023-cü il tarixli, 4/666 nömrəli rəyində qeyd edilmişdir ki, mülki işin 51-ci vərəqəsində Cavabdeh adından olan xx.xx.2021-ci il tarixli izahatın aşağı sağ küncündə “imza" sözünün qarşısındakı imza, i/v 54- 55-də olan xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin 2-ci vərəqəsinin sağ aşağı küncündə “Cavabdeh imza qrafasındakı imza, 61, 62, 63, 64, 65, 66, 67, 68, 69 və 70-ci vərəqələrdə olan təhvil-təslim aktlarının aşağı hissəsində “Təhvil verdi: X1 imza” qrafalarındakı imzalar və həmin işin 137-ci vərəqəsində olan ** AA ***0949 nömrəli etibarnamənin üz tərəfinin sağ aşağı küncündə “Подпись” qrafasındakı imza – eyni şəxs tərəfindən icra olunmuşdur; mülki işin 51-ci vərəqəsində Cavabdeh adından olan “xx.xx.2021-ci il tarixli izahatdakı yazılar, i/v 54-55-də olan xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin 2-ci vərəqəsinin sağ aşağı küncündə "öz imzamla təsdiq edirəm” yazıları, həmin işin 137-ci vərəqəsində olan ** AA ***0949 nömrəli etibarnamənin üz tərəfinin sağ aşağı küncündə “Подпись” qrafasındakı yazılar – eyni şəxs tərəfindən icra olunmuşdur.
13. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-449/2023 nömrəli iş üzrə 10 avqust 2023-cü il tarixli qətnaməsi ilə (C.İmanov (sədrlik edən və məruzəçi), hakimlər M.Həsənov və T.Kərimov ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilmişdir.
14. Apellyasiya instansiya məhkəməsi iş materiallarına əlavə olunmuş sübutlar və ekspert rəyi əsasında müəyyən etmişdir ki, cavabdeh həqiqətən MMC-də satış nümayəndəsi işləmiş, əmək hüquq münasibətlərində olmuşdur. Belə ki, əmək müqaviləsinin bağlanması barədə elektron bildirişdən, əmək kitabçasından, t am maddi məsuliyyət haqqında müqavilədən, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişdən, işə qəbulla bağlı ərizədən və. s sənədlərdən məlum olur ki, cavabdeh MMCdə satış nümayəndəsi işləmişdir. Həmçinin işdə olan cavabdeh tərəfindən yazılaraq imzalanmış xx.xx.2021-ci il tarixli izahatdan, işin 61, 62, 63, 64, 65, 66, 67, 68, 69 və 70ci vərəqələrində olan təhvil-təslim aktlarından aydın olur ki, cavabdeh MMC-yə 58 000 manat məbləğində ziyan vurmuşdur. Həmin izahatında cavabdeh 40 000 manat və 18 000 manat pul məbləğlərinin çalışdığı ərazidə şəxsən özü tərəfindən götürüldüyünü qeyd etmiş, 1 ay müddətində həmin pul məbləğlərini şirkətin kassasına ödəyəcəyini bildirmişdir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1099.1, 1099.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti və əlavə ərizə iddiaya etirazın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, cavabdehlə iddiaçı arasında əmək münasibətinin yarandığı sübut edilməmiş, iddiaçı tərəfindən sənədlər saxtalaşdırılımışdır. MMC-də qeyri-rəsmi əsaslarla (hər hansı bir müqavilə və digər rəsmi əsaslar olmadan) 11 ay müddətində: xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qeyri-rəsmi olaraq çalışmışdır. Əslində isə cava bdehin hər hansı bir məsuliyyəti olmamış, hər hansı bir anbardan və ya saxlanc yerindən ona mal verilməmiş, bu barədə hər-hansı sənədə: qaiməyə, təhvil-təslim aktına və s. imza etməmişdir. Cavabdeh iddiaçının yanında işləməyə başlayarkən ondan ərizə alınmış, əmək müqaviləsinə, digər hər hansı bir müqaviləyə, o cümlədən maddi-məsuliyyət haqqında müqaviləyə imza etməmişdir. Bunu da belə izah etmişlər ki, əlavə vergi və digər xərclərlə bağlı tutulmalar olmasın. Eyni zamanda, tərəflərin imzalamış olduqları təhvil-təslim aktında adları qeyd olunmuş şəxslərin şəxsiyyəti müəyyən olunmamışdır. Həmin şəxslərin iddiaçıya məxsus olan əmlakı real olaraq alıb-almaması araşdırılmamışdır. Akta adları göstərilmiş alıcıların vergi ödəyicisi olaraq qeydiyyatı dəqiqləşdirilməmişdir. Digər tərəfdən, xx.xx.202 3-cü il tarixli ekspert rəyində xx.xx.2021-ci il tarixli izahatda olan imzanın əmək müqaviləsindəki və tam maddi məsuliyyət barədə müqavilədəki imzalarla müqayisəli araşdırılmaması, eyni şəxs tərəfindən icra olunub-olunmaması ilə bağlı təhlil aparılmamşdır. Qeyd olunmuş əsasa uyğun olaraq təkrar ekspertiza təyin olunması barədə vəsatətlə məhkəməyə müraciət etsələr də, vəsatət əsassız olaraq təmin olunmamışdır. Bu qədər qısa müddət ərzində cavabdehin iddiaçıya tələb olunan məbləğdə borcunun yaranması inandırıcı deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
19. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya icraatı üzrə həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə
21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müq avilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
24. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Əmək Məcəlləsi
26. Maddə 191 (1). Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
27. Maddə 191 (2). Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hə rəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
28. Maddə 199 (1-ci hissənin “a” bəndi). İşçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.
29. Maddə 205 (2-ci bənd). Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Mülki Prosessual Məcəllə
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan n əticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
38. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, habelə birinci və apellyasiya instansiyası məhkəməsində cavabdehin istinad etmədiyi yeni dəlillərin yoxlanılması ilə bağlıdır. Hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
39. Həmçinin qeyd olunmalıdır ki, mülki işə baxan məhkəmənin müəyyən etdiyi həqiqət obyektiv həqiqət deyil, həmin iş üzrə tərəflərin təqdim etdikləri sübutlardan irəli gələn formal (hüquqi) həqiqətdir.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdikləri sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və MPM-in tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyə n etməlidir.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-449/2023 nömrəli iş üzrə 10 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.