Məhkəmə qərarları › İş №2(102)-1328/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1328/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1328/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2200/2021 nömrəli iş üzrə 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 01 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin hallar ı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 52.032,64 manat pul vəsaitinin, həmçinin ödənilmiş 30 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan E kəndində yerləşən balıq istehsalat sexini cavabdehlə aralarında 28 yanvar 2016-cı il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən cavabdehə 28 yanvar 2021-ci ilə qədər icarəyə vermişdir. Müqavilədə hər ay 100 manat olmaqla icarə haqqı nəzərdə tutulmuş və Cavabdeh həmin pulu ona ödəməli olmuşdur. Bir qədər işlədikdən sonra yaxşı qazanc əldə etmək məqsədilə M ondan müxtəlif çeşiddə balıq məhsullarının verilməsini xahiş etmiş, o da 05 iyul 2017-ci il tarixdə 8.231,1 manat, 01 avqust 2017-ci il tarixdə 15.669,04 manat və 06 sentyabr 2017-ci il tarixdə 26.050,5 manat dəyərində müxtəlif çeşiddə balıq məhsullarını satması üçün vermiş, lakin qeyd etdiyi balıq məhsullarını almasına baxmayaraq, cavabdeh ona nəinki gəlir, satışdan əldə etdiyi pulları və icarə haqqını da verməmişdir. O, bir müddət yenə Cavabdeh sözügedən balıq sexində işləyərək vermiş olduğu balıq məhsullarından sataraq əldə etdiyi pulları və yığılmış icarə haqlarını ona verilməsi, eyni zamanda yığılmış vergi borclarını da ödəməsi üçün şərait yaratmışdır. Lakin uzun müddət gözləsə də, M ona ziyan vurmaqda davam etmiş, o da sonuncudan pullarını geri istəmişdir. Lakin Cavabdeh pulunu qaytarmaqdan yayındığı üçün o, məhkəməyə müraciət etmək məcb uriyyətində qalmışdır. Quba Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli 2(027)-448/2020 nömrəli qətnaməsi ilə (hakim İlqar Məmmədov) iddia tələbinin təmin edilməsi, Cavabdeh 52.032,64 manatın və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı satış üçün məhsul almış, lakin məhsulun pulunu iddiaçıya ödəməmişdir. Cavabdeh isə qeyd olunanları inkar etmişdir. İş materiallarında olan 28.01.2016-cı il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı E kəndində yerləşən balıq istehsalat sexini hər ay 100 manat icarə haqqı ödəmək şərtilə Cavabdeh icarəyə vermişdir. İş materiallarında olan satınalma faktura lardan görünür ki, Xırdalan ambarı tərəfindən 05.07.2017-ci il tarixdə 8.231,1 manat, 01.08.2017-ci il tarixdə 15.669,04 manat və 06.09.2017-ci il tarixdə 26.050,5 manat dəyərində müxtəlif növ balıqlar Cavabdeh verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 21.1, 425.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77, 107, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakiml ər – Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Telman Məmmədov) 2(105)-1771/2020 nömrəli 28 avqust 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Quba Rayon Məhkəməsinin 2(027)-448/2020 saylı, 13 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin ondan balıq sexini icarəyə götürdüyünü bildirir, buna dair kserosurət olan və üzərində qələmlə düzəlişlər aparılan icarə müqaviləsini təqdim edir. Bu dəlil qeyd edilənlərə əsasən tutarlı sübut deyildir. Cavabdeh isə öz apelyasiya dəlillərini onunla əsaslandırır ki, onlar arasında icarə hüquq münasibətləri olmamış, o, balıq sexinin icarəyə verildiyi MMC-də anbardar vəzifəsində işləmiş, iddiaçı isə onun müdiri olmuşdur. O, buna dair sübutlarını qanunvericiliyin tələblərinə əsasən təqdim etmişdir. Məhkəmə kollegiyası bu xüsusatla bağlı bildirir ki, iddiaçının cavabdehə balıq sexini icarəyə verməsini iş üzrə sübutlar təsdiq etmir. İddiaçı fakturalar təqdim edərək onlara əsasən cavabdehə balıq məhsullarını satdığını bildirsə də, alıcının adı qeyd olunmadığından fakturalardan məhsulun kimə satıldığı müəyyən olunmur. İşə əlavə edilmiş “X2 Azerbaijan” MMC-nin qaimələrindən belə qənaətə gəlmək olur ki, həmin qaimələr üzrə müxtəlif növ balıq məhsulları Quba rayonuna Pərviz adlı şəxsə göndərilmişdir. Digər tərəfdən həmin qaimələrin tarixlərindən görünür ki, onların bir hissəsi, cavabdehlə bağlanması iddia edilən icarə müqaviləsindən əvvəl tarixə, bir qismi isə sonrakı tarixə təsadüf edir. Tələb edilən məbləğin sübutu kimi istinad edilən qaimələr 2017-ci ilin iyulsentyabr aylarına aiddir. Həmin dövrdə isə cavabdeh iddiaçının rəhbərlik etdiyi MMC-də anbardar işləmişdir. Başqa sözlə tərəflər arasında balıqların alqı-satqısının olması öz təsdiqini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə daha çox işəgötürən-işçi münasibətlərindən doğan mübahisədir. Ona görə də məhkəmə kollegiyası izah edir ki, işçinin işəgötürənə maddi ziyan vurması ilə bağlı hər hansı tələbi varsa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 32-ci fəslinə əsasən işçinin işəgötürənə vurduğu ziyana görə iddia tələbi irəli sürülə bilər. Məhkəmə kollegiyası işdə olan sübutalrı ətraflı araşdıraraq bu nəticəyə gəlir ki, bi rinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hazırkı hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılmasını tam nəzərə almamış iddia tələbini hazırki qaydada təmin etməkdə haqlı olmamışdır. Odur ki, iddia tələbi təmin edilməməlidir. Qətnamədən narazı qalan İddiaçı kasasiya şikayəti verərək. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasını etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimlər – İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov) 2(102)-1403/2021 nömrəli, 06 aprel 2021-ci il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi M ülki Kollegiyasının 2(105)-1771/2020 nömrəli. 28 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan kasasiya instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış icarə müqaviləsinin kserosurət olmasına görə həmin müqaviləni sübut kimi qəbul etməmişdir. Lakin bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi MPM-nin 14.1-ci maddəsinin tələbləri baxımından həmin müqavilənin əslinin məhkəməyə təqdim olunmasını iddiaçıya təklif etməmişdir. Bundan əlavə apellyasiya instansiyası məhkəməsinin iclas protokolundan görünür ki, tərəflər arasında icarə müqaviləsinin olmasını cavabdeh özü təsdiq etmişd ir (i/v 94). Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya sübut kimi istinad etdiyi satınalma fakturalarının əslinin məhkəməyə təqdim edilməsi təklif olunmamışdır. Tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən icarə müqaviləsinin müddəti 28.01.2016-cı il tarixdən 28.01.2021-ci il tarixinədək olan dövrü, hüquqi şəxslə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin müddəti isə 03.11.2016-cı il tarixdən 03.11.2017-ci il tarixədək dövrü əhatə etsə də, apelyasiya instansiyası məhkəməsi bununla əlaqədar işin faktiki hallarını tam araşdırmamış, hüquqi şəxslə bağlanmış əmək müqaviləsinə əsasən cavabdehin vəzifəsi anbardar kimi göstərilsə də, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsində cavabdehin adına ********** saylı “VOEN” olduğuna hüquqi qiymət verilmə mişdir. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) 2(105)-2200/2021 nömrəli, 13 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Quba Rayon Məhkəməsinin iş üzrə 13 fevral 2020-ci il tarixli 2(027)-448/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdehin iddiaçıya pul borclu olmasının faktura ilə sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, İş materiallarında olan 28 yanvar 2016-cı il tarixli müqaviləsindən görünür ki, İddiaçı E kəndində yerləşən balıq istehsalat sexini hər ay 100 manat icarə haqqı ödəmək şərtilə Cavabdeh icarəyə vermişdir. İşdə olan satınalma fakturalardan görünür ki, Xırdalan ambarı tərəfindən 05 iyul 2017-ci il tarixdə 8.231,1 manat, 01 avqust 2017-ci il tarixdə 15.669,04 manat və 06 sentyabr 2017-ci il tarixdə 26.050,5 manat dəyərində müxtəlif növ balıqlar Cavabdeh verilmişdir. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş qaimə fakturalarının əslindən görünür ki, Xırdalan ambarı tərəfindən 05 iyul 2017-ci il tarixdə 8.231,1 manat, 01 avqust 2017-ci il tarixdə 15.669,04 manat və 06 sentyabr 2017-ci il tarixdə 26.050,5 man at dəyərində müxtəlif növ balıqlar Cavabdeh verilmişdir. Cavabdehin həmin pulun iddiaçıya verilməsi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bundan əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilmiş satılma fakturalarda Cavabdeh anbardar kimi deyil, müştəri kimi həmin malı aldığı qeyd edilmiş və sonuncu tərəfindən şəxsən imza edilmişdir. Həmin fakturalarda olan imzanın Cavabdeh onun tərəfindən imza edilməsini məhkəmə kollegiyası iclası zamanı etiraf etmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil2) kasasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2200/2021 nömrəli iş üzrə 13 sentyabr 2021-ci il tarixli qətnamənin ləğv e dilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırki mübahisəni araşdırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 və 386.2-ci maddələrinin tələblərini nəzərə almadığına görə yanlış qənaətə gəlmişdir. Ona görə ki, həmin normaların tələblərindən görünür ki, tərəflər arasında icarə və ya alqı-satqı hüquq münasibətlərinin və öhdəliklərinin yaranması üçün müqavilə olmalıdır. Lakin hazırki işdə həmin əqdlər mövcud deyil. İddiaçı hazırki iddia tələbini irəli sürməklə əsassız varlanmağa cəhd etmişdir ki, məhkəmə iddiaçının bu addımının qarşısını almalıdır. Belə ki, işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış hallarından göründüyü kimi, iddiaçı cavabdehdən tələb etdiyi vəsaitlərin əmələ gəldiyi öhdəlik yarada biləcək hər hansı mötəbər əqdi məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmamışdır. Apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şə xsin (kreditorun) xeyrinə müəyyən Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərin ə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istin ad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fa ktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlili üzrə qeyd edilməlidir ki, cavabdeh kasasiya şikayətində tərəflər arasında öhdəli yin yaranmasının əsasını təşkil edə biləcək mötəbər sübutun, yəni müqavilənin olmadığına istinad etsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iş materiallarında olan 28 yanvar 2016-cı il tarixli müqaviləsinə əsasən, iddiaçı E kəndində yerləşən balıq istehsalat sexini hər ay 100 manat icarə haqqı ödəmək şərtilə cavabdehə icarəyə vermiş, ona nisyə qaydada balıq verilməsi və həmin balıqların dəyəri isə təqdim edilmiş qaimələrlə öz təsdiqini tapmışdır ki, qeyd edilən sübutlar tərəflər arasında müqavilə münasibətinin mövcud olmasına, bu münasibət üzrə öhdəliklərin yaranmasına kifayət qədər əsas verir. Odur ki, cavabdehin istinad etdiyi dəlil apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, kasasiya yo xlaması nəticəsində apelyasiya kollegiyası tərəfindən qətnamə qəbul edilərkən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmiş, əksinə müəyyən edilmişdir ki, apelyasiya kollegiyası məhkəmə araşdırmasını işə əvvəl baxmış kasasiya kollegiyasının göstərişlərinə əməl etməklə həyata keçirmiş və düzgün hüquqi mövqedə olmuşdur. Həmçinin qətnamə qəbul edilərkən Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələblərinə əməl edilərək, kassasiya məhkəməsinin göstərişləri icra edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu madd ələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2200/2021 nömrəli iş üzrə 13 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar