Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1342/2019 11.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı, onun vəkili X1, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili Ramazanov Nicat Rüfət oğlunun iştirakı ilə, İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2245/2018 nömrəli iş üzrə 08 oktyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Zaqatala rayon məhkəməsinin (hakim Arif İsmayılov) 23 oktyabr 2017-ci il tаrixli 2(033)1549/2017 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdehlər “xxxx” ASCdən və onun struktur bölməsi olan Şimal-qərb regional enerji təchizatı və Satışı İdarəsinin Qax elektrik şəbəkəsindən vurulan maddi zərərə görə 2000, mənəvi zərərə görə isə 5000 manat olmaqla, cəmi 7000 manat pulun alınıb İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Gündüz Abbasov sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev, Elçin Hüseynov) 28 fevral 2018-ci il tarixli qətnaməsi ilə аpelyаsiyа şikayəti təmin edilmədən, Zaqatala rayon məhkəməsinin 23 oktyabr 2017-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Əsəd Mirzəliyev - sədrl ik edən və məruzəçi, Gündüz Quliyev, Ələsgər Əliyev) 05 iyul 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Şəki Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 28 fevral 2018-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Rafail Əliyev - sədrlik edən və məruzəçi, Mirbahəddin Hüseynov, İmanverdi Şükürov) 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmuş, Zaqatala rayon məhkəməsinin 23 oktyabr 2017-ci il tаrixli qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçı Qax rayon məhkəməsində cavabdeh “xxxx” ASC-nin Şimal-qərb regional enerji təchizatı və satışı idarəsinin Qax elektrik şəbəkəsinə qarş ı iddia qaldıraraq vurulmuş maddi və mənəvi zərərin əvəzi olan 100000 manatın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılan zaman Qax elektrik şəbəkəsi tərəfindən Qax rayon məhkəməsinin hakimi Atabəy Kiçibəyova etiraz ərizəsi daxil olmuş və məhkəmənin 13 iyul 2017-ci il tarixli 2(024)-599 nömrəli qərardadı ilə etiraz müzakirə edilməsi üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 25 iyul 2017-ci il tarixli 2(107)-1780/2017 nömrəli qərardadı ilə etiraz təmin edilmiş və mülki iş mahiyyəti üzrə baxılması üçün Zaqatala rayon məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək cavabdeh Qax elektrik şəbəkəsindən 40000 manat maddi və 60000 man at mənəvi zərərin əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 mart 2015-ci ildə saat 10 radələrində ona məxsus Qax şəhəri, Qaxmuğal küçəsi, ev 5-də yanğın hadisəsi baş vermiş və hadisə zamanı onun 3 otaqlı mənzili, 1 aynəbənd, mətbəx, avtomobil qarajı, talvar və evin içərisindəki əmlak yanaraq kül olmuşdur. Ona dəymiş ziyandan başqa 7 qonşuya da ziyan dəymişdir. Azərbaycan Respublikası FHN-nin Əməliyyat istintaq idarəsinin əməkdaşları və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin ekspertləri Qax rayonuna gələrək onun evinin yanması səbəblərini araşdırmış və evinin yanma səbəbinin Qax elektrik şəbəkəsinin vəzifəli şəxslərinin səhlənkarlığından baş verməsi məlum olmuşdur. Araşdırmalar zamanı aydın olmuşdur ki, transformatorların sənədlə təzə və saz vəziyyətdə olması göstərilsə də, reallıqda onlar bərbad vəziyyətdə olmuşdur. Transformatorların heç birində qoruyucu olmamış, qoruyucu əvəzinə alüminiumdan olan sim, ya da 12 mm-lik armatur bağlamışlar. Araşdırma zamanı həm də məlum olmuşdur ki, transformatorlara görə ayrılan pullar Qax elektrik şəbəkəsinin və Zonalararası işıq idarəsinin rəhbəri olmuş X1 tərəfindən mənimsənilmişdir. Ekspertlərin rəyi əsasında Qax elektrik şəbəkəsinin vəzifəli şəxsləri X2 və X3 barədə cinayət işi başlanmış, lakin X1 kənarda qalmışdır. Qax rayon məhkəməsinin hökmü ilə Qax elektrik şəbəkəsinin vəzifəli şəxsləri X2a və X3a 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmənin hökmündə hər iki şəxsdən müştərək qaydada dəymiş ziyana görə 61886,10 manatın alınaraq ona verilməsi qərara alınmışdır. Qax rayon məhkəməsinin hökmü 06.02.2017-ci ildə Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə qüvvədə saxlanılmış, apelyasiya məhkəməsinin həmin qərarı isə 10.05.2017-ci ildə Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı ilə qüvvədə saxlanılmışdır. O və ailə üzvləri 03.03.2015-ci ildən 10.05.2017-ci ilədək böyük əsəb sarsıntısı keçirmişlər. Bu hadisənin baş verməsi onlara böyük mənəvi və psixoloji zərbə vurmuşdur. Özünün və ailə üzvlərinin müalicəsinə böyük məbləğdə pul xərcləmişdir. Hələ də o və həyat yoldaşı Qax rayon Xəstəxanasının və Şəki rayon Xəstəxanasının həkimlərindən müalicə alır. Müalicələri üçün aldığı dərmanlara görə hazırda bir neçə aptekə borcu yaranmışdır, maddi vəziyyəti isə çox pisdir. Bütün bunların səbəbkarı da Qax elektrik şəbək əsidir. Onlar öz işlərinə məsuliyyətlə yanaşsaydılar, bu işlər onun başına gəlməz, o və ailə üzvləri əziyyət çəkməzdilər.Bundan başqa, bu işlə əlaqədar o, indiyədək 156 dəfə Bakı şəhərinə, 20 dəfə Şəki şəhərinə, 1 dəfə isə Qəbələ şəhərinə gedib qayıtmışdır. Hər dəfə gedib qayıdanda da qohumlarından və tanışlarından borca pul almışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunun iddia ərizəsinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, a pellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Hökmdə dəymiş maddi ziyanın ona ödənilməsi qeyd edilmişdir. Maddi zərər varsa deməli mənəvi zərər də vardır. Bir şəxsin evinin yanması nəticəsində sarsıntı, qorxu keçirməsi, bü günə kimi evsiz qalması mənəvi zərərə məruz qalması üçün əsasdır. Tərəflərin izahatları: İddiaçı, onun vəkili X7 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili X məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırı lmasına baxmayaraq iş üzrə cavabdeh “xxxx” ASC-nin Şimal-qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin Qax Elektrik Şəbəkəsinin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübu t kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən e dilən hallarından görünür ki,03 mart 2015-ci il tarixdə iddiaçıya məxsus Qax şəhəri, Qaxmuğal küçəsində yerləşən fərdi yaşayış evində yanğın hadisəsi baş vermişdir. Azərbaycan Respublikası FHN-in Əməliyyat-istintaq idarəsinin 21.08.2015-ci il tarixli 25/26-05413 nömrəli cavab məktubunda İddiaçı bildirilmişdir ki, 03 mart 2015-ci il tarixdə Qax şəhəri, Qaxmuğal küçəsində yerləşən onun fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi ilə əlaqədar aparılan araşdırma ilə müəyyən edilmişdir ki, qeyd edilən yanğın hadisəsi Qax ektrik şəbəkəsinin vəzifəli şəxslərinin səhlənkarlığı yəni, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələri nəticəsində baş vermişdir. Ona görə də Qax elektrik şəbəkəsinin vəzifəli şəxslərinin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış material aidiyyəti üzr ə 29 may 2015-ci il tarixli qərarla Baş Prokurorluq vasitəsilə Qax rayon prokurorluğuna göndərilmişdir. Qax rayon məhkəməsinin 15 sentyabr 2016-cı il tarixli 1(024)-26/2016 nömrəli hökmü ilə təqsirləndirilən şəxslər X10 və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib, CM-in 46.2-ci maddəsi tətbiq edilməklə, dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, həmçinin enerji təsərrüfatı müəssisələrində rəhbər və maddi-məsul vəzifə tutma hüququndan bir il müddətə məhrum edilməklə, hər ikisi üç il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmlə mülki iddia tam təmin edilərək təqsirləndirilən şəxslər X6 və X2 müştərək qaydada 61886,10 manatın alınaraq zərərçəkmiş şəxs və mülki İddiaçı verilməsi hökm edilmişdir. Həmin hökmlə müəyyən edil mişdir ki, təqsirləndirilən şəxs X10 14.04.2015-ci il tarixədək Qax elektrik şəbəkəsinin baş mühəndisi vəzifəsində işləməklə yanaşı, rəis vəzifəsini də müvəqqəti icra edən, X9 isə 14.04.2015-ci il tarixədək Qax elektrik şəbəkəsinin istismarı xidmətinin rəisi vəzifəsində işləyən vəzifəli şəxs olmaqla, hər ikisinin işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirmədiklərindən fiziki şəxs, hazırkı iş üzrə İddiaçı hüquqlarına və qanuni mənafelərinə külli miqdarda zərər vuraraq, ağır nəticələrə səbəb olmuş səhlənkarlıq etmişlər. Onlar həmin vəzifələrdə işlədikləri müddətdə Qax elektrik şəbəkəsinin balansında olan yarımstansiyada quraşdırılmış üç şkafdan işlək vəziyyətində olan yalnız bir şkafın daxilində altı ədəd yuvacıqların dördündə qoruyucu əvəzinə yolverilməz qaydada alüminium məftil bağlanılaraq bu kimi pozuntularla istismar edilməsinin qarşısının alınması üçün heç bir tədbir görməmişlər. Həmin pozuntulara yol verilməsi nəticəsində 03 mart 2015-ci ildə, saat 11 radələrində 250 kv gücündə 10/0,4 kv-luq transformator yarımstansiyasından İddiaçı mülkiyyətində olan Qax şəhəri, Qaxmuğal küçəsindəki 5 saylı fərdi yaşayış evinə standart tələblərə uyğun olmayan, yəni elektrik qurğularını sıradan çıxarma qabiliyyəti ifrat gərginlik verildiyindən, evin elektrik qurğularında yaranmış qəza hallarından həmin evdə baş vermiş yanğından 33561,10 manat dəyərində evin və içərisində olan cəmi 13325 manat dəyərində 67 adda müxtəlif əmlakın, 6000 manat nağd pulun, eləcə də, 5000 manat dəyərində qarajın və 4000 manat dəyərində talvarın yanaraq yararsız hala düşməsi nəticəsində İddiaçı qanunla qorunan qanuni mənafelərinə cəmi 61886,10 manat məbləğində külli miqdarda zərər vurmaqla ağır nəticələrə səbəb olmuş səhlənkarlıq etmişlər. Şəki Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 06 fevral 2017-ci il tarixli qərarı ilə Qax rayon məhkəməsinin 15 sentyabr 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2017-ci il tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2017-ci il tarixli qərarından təqsirləndirilən şəxslərin müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılmışdır. Hazırda iddiaçı yanğın hadisəsi ilə əlaqədar olaraq cavabdeh təşkilatlardan vurulmuş maddi və mənəvi zərərin tutulmasını tələb edir və tələbini iddia ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Mülki işə baxmış kassasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, məhkəmə 2000 manat pulun iddiaçı tərəfindən xərclənməsi ilə bağlı heç bir sübuta istinad edə bilməmişdir. İş materiallarında iddiaçıya hökmlə müəyyən edilənlərdən başqa hansı məbləğdə maddi ziyan dəyməsini əks etdirən heç bir sübut yoxdur. Məhkəmənin iddiaçıya 2000 manat maddi ziyan dəyməsi barədə nəticəyə gəlməsi heç bir sübuta əsaslanmamış, ehtimal xarakteri daşımışdır. Maddi ziyanın məbləği iddiaçının təqdim etdiyi sübutlarla təsdiq edilməli, iddiaçı tələb etdiyi məbləğdə ona ziyan vurulmasına dair sübutlar təqdim etməlidir. Lakin, iş materiallarından belə bir sübutun təqdim olunması müəyyən edilmir. Məhkəmənin maddi ziyanın məbləği ilə əlaqədar gəldiyi nəticə iş materiallarından irəli gəlmir. Məhkəmə həmçinin qeyd etmişdir ki, apellasiya məhkəməsi “xxxx” ASC-ni cavabdeh kimi işə cəlb edərək Azərbaycan Respublikası MPM-nin 54.1 və 54.2-ci maddələrinin tələbini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya cavabdehin əsl cavabdehlə, yəni “xxxx” ASC ilə əvəz edilməsini təklif etmiş, lakin iddiaçı buna yazılı etirazını bildirərək cavabdehin əvəz edilməsinə razılıq verməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə işə baxmaq əvəzinə “xxxx” ASC-ni əlavə cavabdeh kimi işə cəlb etmişdir. İş üzrə cavabdehlərin dairəsi prosessual qanunvericiliyin tələblərinin pozulması ilə müəyyən edildiyindən qətnamə mənəvi ziyan tələbinə dair hissədə də ləğv edilməlidir. İşə yenidən baxmış apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi “xxxx” ASC-in cavabdeh kimi işə cəlb edərək MPM-in 54.1 və 54.2-ci maddələrinin tələbini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya cavabdehin əsl cavabdehlə, yəni “xxxx” ASC ilə əvəz edilməsini təklif etmiş, lakin iddiaçı buna yazılı etirazını bildirərək cavabdehin əvəz edilməsinə razılıq verməmişdir. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi verilmiş tələb üzrə işə baxmaq əvəzinə, “xxxx” ASC-ni əlavə cavabdeh kimi işə cəlb etmişdir. MPM-in 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddi açı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsində isə göstərilir ki, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Mülki Məcəlləyə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (Maddə 21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) ba şa düşülür (Maddə 21.2). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (Madddə 21.3). Birinci instansiya məhkəməsi iddiaçıya maddi ziyan dəyməsini onun yüksək vəzifəli şəxslərlə görüşmək üçün 156 dəfə Bakı şəhərinə gəlib getməsi, 20 dəfə Şəki şəhərinə, 1 dəfə isə Qəbələ şəhərinə getməsi ilə əlaqələndirmiş və hesab etmişdir ki, bu gedib gəlmələr nəticəsində iddiaçıya maddi ziyan dəymişdir və bu maddi ziyan 2000 manat tutularsa, ədalətli olar. Lakin işə baxan məhkəmə 2000 manat pulun iddiaçı tərəfindən xərclənməsi ilə bağlı heç bir sübuta istinad etməmişdir. İş materiall arında isə iddiaçıya hansı məbləğdə maddi ziyan dəyməsini əks etdirən heç bir sübut yoxdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, maddi ziyanın məbləği iddiaçının təqdim etdiyi sübutlarla təsdiq edilməli, iddiaçı tələb etdiyi məbləğdə ona ziyan vurulmasına dair sübutlar təqdim etməlidir. Lakin iş materiallarından belə bir sübut təqdim olunması müəyyən edilmir. Məhkəmənin maddi ziyanın məbləği ilə əlaqədar gəldiyi nəticə iş materiallarından irəli gəlmir. Halbuki, MPM-in tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Maddə77.1). Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın mənəvi ziyan tələbinə dair hissəsini təmin etməklə də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23-cü maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. İddiaçının şərəf və ləyaqətinin alçaldılmasına və ləkələnməsinə səbəb olan məlumatın yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ iddiaçıda saxlanıldığı halda, keçirdiyi sarsıntı və iztirabla rı sübut etmək vəzifəsi də məhz iddiaçının üzərinə düşür. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunveriliciyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, belə bir vəzifə iddiaçıya həvalə edilmişdir. Plenum həmçinin izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkə n fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasə n hesab etmişdir ki, iş üzrə sarsıntı və iztirabları sübut etmək vəzifəsi daşıyan iddiaçı ona cavabdeh şəxslərin qanunsuz hərəkətləri nəticəsində dəyən mənəvi zərərin nədə ifadə olunmasını sübut edə bilmədiyindən, iddia həmin hissədə də təmin oluna bilməz. Məhkəmənin gəldiyi nəticə MPM-in 420-ci maddəsinin tələbləri baxımından da əsaslıdır. Belə ki, həmin maddənin mənasına görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarındakı göstərişlərə uyğun çıxarılmışdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülk i işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.Həmin dəlillər işə apellyasiya instansiyası məhkəməsində baxılarkən irəli sürülmüş və məhkəmə həmin dəlillərə hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Qax rayonu Qaxmuğal kəndində yerləşən yaşayış evinin 03 mart 2011-ci il tarixdə yanması nəticəsində maddi ziyan çəkmiş, həmin hadisənin X11 və X3 təqsiri ucbatından baş verməsi qanuni qüvv əyə minmiş 15 sentyabr 2016-cı il tarixli məhkəmə hökmü ilə müəyyən edilmişdir. Həmin iş üzrə İddiaçı təqsirləndirilən şəxslərə qarşı 61886,10 manat maddi ziyan tələbinə dair mülki iddiası tam təmin edilmişdir. Həmin cinayət işinə baxılarkən həmin şəxslərə qarşı İddiaçı mənəvi ziyan tələbinə dair iddia qaldırmamışdır. Şərh edilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2245/2018 nömrəli iş üzrə 08 oktyabr 2018-ci il tarixli q ətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1342/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1342/2019
11.03.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver