Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1367/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı “Bank Standard” Kommersiya Bankının Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1367/21 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6775/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətləri n Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları xx xxxx 2011-ci il tarixdə QSC “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh illik istifadə dərəcəsi 25 faiz olmaqla 24 ay müddətinə 3880 manat məbləğində kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2016-cı ilin may ayında Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh kreditin qaytarılması ilə əlaqədar üzərinə götürdüyü öhdəliyi icra etməməsi səbəbindən Banka 3880 manat məbləğində əsas, 1940 manat məbləğində faiz və 7238,95 manat məbləğində cərimə borcunun, cəmi 13.058,95 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin borcun Cavabdeh Bankın xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4748/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə (hakim: A.İ.Paşayev) iddia qismən təmin edilərək Cavabdeh Bankın xeyrinə əsas borca görə 3380 manat, faiz borcuna görə 1940 manat, cəriməyə görə 700 manat, cəmi 6520 manatın tutulması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6775/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi cərimənin məbləğinə dair hissədə dəyişdirilməklə həmin məbləğ 300 manat müəyyən olunmuş, əsas kredit və faiz borcunun tutulmasına dair hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425, 442, 448.1-ci maddələrinə əsaslanmaqla belə bir qənaətə gəlmişdir ki, Cavabdeh kreditin müqavilədə müəyyən olunmuş qaydada və müddətdə qaytarılmasını təmin etməməklə müqavilə öhdəliklərini icra etmədiyindən ondan əsas kredit borcuna görə 3880 manat və faiz borcuna görə 1940 manat tutulması əsaslı olmuşdur. Cavabdehdən tutulması qət olunmuş 700 manat məbləğində dəbbə pulunu yüksək hesab edən məhkəmə kollegiyası Mülki Məcəllənin 467-ci maddəsinə əsaslanaraq həmin məbləği 300 manat məbləğinə qədər azaltmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək borcun qaytarılmasının kecikdirilməsinə görə hesablanmış cərimənin (7238,95 manat) 20 dəfədən artıq azaldılmaqla cavabdehdən tutulmasını əsas göstərməklə qətnamənin həmin hissədə ləğv edilib işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qar şı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırı lmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin qanuniliyi cərimənin məbləğinə aid hissədə mübahisələndirildiyindən kollegiya qətnamənin qanuniliyini həmin hissədə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya işin mü əyyən olunmuş hallarına və yuxarıda göstərilən maddi hüquq normalarına əsaslanaraq apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə, maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarılmış, cərimənin azaldılması barədə məhkəmə kollegiyasının nəticəsi Mülki Məcəllənin 467-ci maddəsinə uyğun olmuşdur. Kollegiya hesab edir ki, qətnamə mübahisələndirilən hissədə qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin olunmamalı, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1 03)-6775/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi cərimənin məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.