Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1382/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün sayılması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3657/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdeh "Muğan bank” ASC-yə qarşı “borcun və faizlərin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə restruktizasiya qaydalarına uyğun onun borcuna yenidən baxılaraq artıq hesablanmış qalıq borcun və faizlərin silinməsi öhdəliyinin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-493/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
3. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasını n 2(103)-3657/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Azad İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə həmin qətnamədən xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti və “kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə” ərizə vermişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, yaşlı və ahıl şəxs olan iddiaçı uzun müddətdir ki xəstədir və qətnamə qəbul edildikdən sonra daim müalicələrdə olmuşdur. Uzun zaman müalicə aldığına görə vaxtında kassasiya şikayəti verə bilməmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyas ının 2(103)-3657/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakimlər – Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Azad İmanov) ərizə təmin edilməmiş və kassasiya şikayəti qaytarılmışdır.
8. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada ona təqdim edilmişdir. Bu baxımdan həmin qətnamədən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin axımı iddiaçıya münasibətdə xx.xx.2023-cü il tarixdən başlanmış və xx.xx.2024-cü il tarixdə bitmişdir. İddiaçı isə kassasiya şikayətini xx.xx.2024-cü il tarixdə vermişdir. İddiaçı isə qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti məhz üzürlü səbəbdən ötürməsini sübuta yetirə bilməmişdir. Belə ki, həmin iddiaçı tərəfindən göstərilən hallar qətnamədən kassasiya şikayətinin verilməsinin qarşısını almamış, təqdim edilən tibbi sənədlərdən onun kassasiya şikayəti verməsinə imkan verməyən hər hansı hal müəyyən edilməmiş, iddiaçı stasionar müalicədə olmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, qətnamədən kassasiya şikayəti vermə müddətinin bərpa edilməsini və işin baxılması üçün aidiyyəti üzrə kassasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti qətnamədən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə əriz ə ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
12. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
13. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
14. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
15. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmiş sə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.
16. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
17. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
18. Kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Belə ki, iddiaçı ötürülmüş prosessual müddətin bərpasına əsas kimi özünün uzun müddət xəstə olmasına istinad etmişdir.
21. Apellyasiya məhkəməsi həmin dəlilləri araşdıraraq bu qə naətə gəlmişdir ki, iddiaçı qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti məhz üzürlü səbəbdən ötürməsini sübuta yetirə bilməmişdir. Belə ki, həmin iddiaçı tərəfindən göstərilən hallar qətnamədən kassasiya şikayətinin verilməsinin qarşısını almamış, təqdim edilən tibbi sənədlərdən onun kassasiya şikayəti verməsinə imkan verməyən hər hansı hal müəyyən edilməmiş, iddiaçı stasionar müalicədə olmamışdır.
22. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən etməmişdir.
23. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti ilə əlaqədar 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
24. Belə olan halda kassasiya məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin mübahisə olunan aktı qanuni və əsaslıdır.
25. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3657/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.