Məhkəmə qərarları › İş №2(102)-1398/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1398/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1398/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit öhdəliyinin mövcudluğunu sübut etmək vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2318/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" (bundan sonra – iddiaçı, yaxu d Bank) tərəfindən təqdim olunmuş 30 oktyabr 2012-ci il tarixli kredit müqaviləsində (bundan sonra – kredit müqaviləsi), Bank tərəfindən Cavabdeh (bundan sonra – cavabdeh) 34 ay müddətinə illik 19 faiz ödəmək şərtilə 17.300 ABŞ dolları məbləğində kredit verildiyi göstərilmişdir.

2. Bank tərəfindən təqdim olunmuş eyni tarixli ipoteka müqaviləsində, həmin kreditin qaytarılmasının təminatı olaraq cavabdehə məxsus olan **-CL-*** dövlət qeydiyyat nişanlı «KİA Sportage» markalı avtomobilin ipoteka ilə yüklü edildiyi qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan öz xeyrinə 16.024 ABŞ dolları əsas borcun, 4898 ABŞ dolları faiz borcunun, 2.000 ABŞ dolları dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın cavabdehin mülkiyyətində olan **-CL-*** dövlət qeydiyyat nişanlı «KİA Sportage» markalı minik avtomobilinə yönəldilərək açıq hərracdan satılması və əldə olunmuş vəsait hesabına cavabdehin Banka olan borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinə əsasən borcalan müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməyi öhdəsinə götürmüş, lakin o, sonradan müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Bank tərəfindən Cavabdeh kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə edilən müraciətlə r heç bir nəticə verməmişdir.

5. Bank tərəfindən təqdim edilmiş arayışa əsasən, cavabdehin xx.xx.2024-cü il tarixinədək Banka olan borcu 16.024 ABŞ dolları əsas borc, 4.898 ABŞ dolları faiz borcu, 2.000 ABŞ dolları dəbbə pulu, cəmi 22.922 ABŞ dolları təşkil edir.

6. Xətai Rayon Məhkəməsinin 2(011)-2801/2015 nömrəli 19 may 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən kredit müqaviləsi üzrə 16.024 ABŞ dolları əsas borc, 4898 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları dəbbə pulu, cəmi 21422 ABŞ dolları pulun tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 30 manat dövlət rüsumu Bankın xeyrinə tutulmuş, tələbin cavabdehə məxsus olan “KİA Sportage” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönə ldilməsi, avtomobilin açıq hərracda satılaraq, satış hesabına əldə edilmiş vəsaitdən borcun Bankın xeyrinə ödənilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsinin şərtini pozaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, Bank həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilələr üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur.

8. Məhkəmə iddianın 2.000 ABŞ dolları dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və dəbbə pulu olar aq 500 ABŞ dolları məbləğində pul tutulmalıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 295, 319.1, 385.1, 462, 467 739.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan), 739.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan), 741-ci (xx.xx.2023-cü ilədək qüvvədə olan), eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni ona münasibətdə kredit borcunun tutulması hissəsində ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, o Bankla umumiyyətlə kredit müqaviləsi bağlamamışdır. Bankdan krediti onun xalası oğlu X2 götürmüşdür. O, cavabdehdən avtomobilinin kreditinə görə girov qoyulmasını xahiş etmiş, sonuncu da razılaşmışdır. Eyni zamanda, Fuad Nizamov ona bildirmişdir ki, krediti özü vaxtında ödəyəcək, yəni onun üçün hər hansı problem olmayacaqdır. Cavabdeh isə ona inanıb razılaşmışdır.. 2022-ci ilin noyabr ayında qardaşı sözügedən avtomobili idarə edərkən DYP-nin əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılmış və hazırda da oradadır. Odur ki, o, bu barədə məlumat almaq üçün əvvəlcə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə getmişdir. Oradan isə bildirmişlər ki, barəsində məhkəmə qətnaməsi var, qətnamənin surətini almaq üçün Xətai Rayon Məhkəməsinə müraciət etmək lazımdır. Odur ki, cavabdeh ərizə ilə həmin məhkəməyə müraciət etmiş, 1 0 dekabr 2022-ci il tarixdə birinci instansiya məhkəməsinin qətnaməsinin surətini poçt vasitəsilə almışdır. Həmin qətnamə barəsində ona indiyə kimi hər hansı bir məlumat olmamışdır

12. Cavabdehin apelyasiya şikayətinin dəlilləri aşağıdakı kimi olmuşdur. 1) birinci instansiya məhkəməsi məhkəmə prosesində cavabdehin iştirakını təmin etməmişdir. 2) birinci instansiya məhkəməsi kredit müqaviləsində, habelə məxaric orderində onun imzalarının olub-olmamasını araşdırmamış, eləcə də məhkəmə-xətşünaslıq ekspertizası təyin edib, müvafiq rəy almalı olduğu halda, bunu etməmişdir.

13. Məhkəmə-xətşünaslıq ekspertizasının 3-16-16/2-4/1307 nömrəli, 21 avqust 2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş kredit və ipoteka müqavilələrindəki imzaların Cavabdeh tərəfindən yox, baş qa şəxslər tərəfindən icra olunduğu göstərilmişdir.

14. Əlavə məhkəmə-xətşünaslıq ekspertizasının 3-16- 16/2-4/1727 nömrəli, 31 oktyabr 2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş xx.xx.2012-ci il tarixli FJB seriyalı **********141 nömrəli məxaric orderində "Vəsaiti alan" qrafasının aşağı hissəsində və "Müştərinin imzası" qrafasındakı imzalar əks olunmuş imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2318/2023 nömrəli 11 dekabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni “Cavabdeh xx.xx.2012-ci il tarixli 173 saylı kredit müqaviləsi üzrə 16.024 ABŞ dolları əsas borc, 4898 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları dəbbə pulu, cəmi 21422 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və ödənilmiş 30manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun” hissəsində ləğv edilərək həmin hissədə iddia tələbinin təmin edilməməsi, iddia təmin edilmədiyindən ekspertiza tədqiqatlarının ümumi dəyəri 276 manatın iddiaçıdan tutulması qət edilmişdir (hakimlər Elşən Kazımovun sədrliyi və məruzəsi ilə, Kamran Əkbərov və İkram Şirinovdan ibarət tərkibdə).

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyləri ilə də iddianın faktiki əsasını təşkil edən kredti və ipoteka müqaviləl əri və kassa məxaric orderindəki imzaların cavabdeh tərəfindən deyil, başqa şəxs(lər) tərəfindən icra olunduğu öz təsdiqini tapdığından iddianın mübahisələndirilən hissədə əsaslılığı aradan qalxmışdır.

17. Məhkəmə kollegiyası mövqeyini MM-in 385.1, 433.1, 442, 445.2.1, 448.1, 448.2, 528, 529.1, 739.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan), 739.2 ((xx.xx.2023-cü ilədək qüvvədə olan), 741-ci (xx.xx.2023-cü ilədək qüvvədə olan), eləcə də MPM-in 14.2, 77.1, 88, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndəril məsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh apelyasiya şikayətində və məhkəmə prosesi zamanı verdiyi izahatlarında krediti xalası oğlu X1 götürdüyünü, xalası oğlunun ondan avtomobilinin kreditinə görə girov qoyulmasını xahiş etdiyini və buna özünü razılıq verdiyini bildirmişdir. Belə ki, cavabdeh kredit və girov müqavilələrindən məlumatlı olmuş və bunu etiraf etmişdir. Belə ki, MM-in 360.2-ci maddəsinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Beləliklə, cavabdeh sözügedən müqavilələrə razılıq verdiyinə görə kredit və girov müqavilələri ona hüquq və öhdəliklər yaratmışdır.

20. Kassator şikayətini MM-in 358 v ə 360.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, şikayətin təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Etiraz onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını nəzərə almaqla, ilkin və əlavə məhkəmə-xətşünaslıq ekspertizaları təyin edərək, mübahisə üzrə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan a pellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Maddə 739.1(xx.xx.2023-dək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (b orc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

26. Maddə 741 (xx.xx.2023-dək qüvvədə olan). Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazla rının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Mübahisəyə mahiyyəti üzrə baxan apelyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçının borc tələbinin əsası kimi istinad etdiyi müqavilədəki imza cavab ehə aid deyil, tərəflər arasında müqavilənin bağlanması aşkar edilmədiyindən cavabdehin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyi müəyyən edilmir. Belə olan halda iddia tələbi qanuni və əsaslı sayıla bilməz.

37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

38. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2318/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar