Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1501/2019 21.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1501/2019 Bakı şəhəri 21 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator Cavabdeh və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli qətnaməsi ilə (i ş № 2(001)-1993/2018, hakim K.B.Əsədov) İddiaçı iddiası təmin edilmiş, Cavabdeh iddiaçının xeyrinə 20000 ABŞ dolları pulun (manatın ödəniş gününə olan məzənnəsi ilə) tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-9681/2018, hakimlər İ.Ş.Vəliyev, X.A.Mərdanova və E.M.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı 10.01.2018-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə 20000 ABŞ dolları borc pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsini, Mülki Prosessual Məcəllənin 82-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, həmin məbləğ borc olmamışdır. İddiaçı, o və bir neçə şəxs biznes məqsədilə İran vətəndaşına bir neçə dəfə pul vermiş, lakin sonuncu dəfə 2015-ci il avqust ayında verilən pul geri qayıtmamışdır. İddiaçı 20000 ABŞ dolları məbləğindən artıq pulu İran vətəndaşına bəzən özü, bəzən də kassator vasitəsilə vermişdir. İddianı təmin edən apellyasiya məhkəməsinin yeganə dəlili Binəqədi Rayon Polis İdarəsində verdiyi izahatdır. Halbuki həmin izahatda o, iddiaçıya borclu olduğunu bildirməmişdir. Digər tərəfdən o izahat məhkəmə və ya istintaq zamanı iltizam alınmaqla deyil, adi formada bir sənəd olub, hüquqi satutusu və həqiqiliyi məlum olmayan sənəddir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçının iddia tələbinin əsasını cavabdehə verdiyi borc pulun qaytarılması təşkil edir. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh 2 aya qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində borc pulu cavabdehdən almışdır. Cavabdeh həmin borcu qaytarmağı öhdəsinə götürsə də, öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müq aviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükünün əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə iddiaçının cavabdehə tələb etdiyi 20000 ABŞ dollarını verməsini sübut etmək vəzifəsi iddiaçının, cavabdehin aldığı pulu qaytardığını sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh məhkəməyə verdiyi 19.04.2018-ci il tarixli yazılı ərizəsində iddiada göstərilən məbləğin iddiaçıya tam şəkildə onun tərəfindən hissə-hissə ödənildiyini və onun iddiaçıya heç bir borcu olmadığını göstərmiş və bunu təsdiq edən şahidlərin məhkəmədə dindirilməsini xahiş etmişdir. Lakin cavabdehin vəsatəti əsasında apellyasiya baxışında dindirilmiş şahidlər verdikləri ifadələrdə tərəflər arasında olan borc münasibətlərində iştirak etmədiklərini, yalnız söhbət zamanı borcun geri qaytarıldığını eşitdiklərini bildirmişlər. Apellyasiya məhkəməsi şahid ifadələrinə qiymət verərək hesab etmişdir ki, onlar həmin iş üzrə sübut kimi qəbul edilə və qiymətləndirilə bilməz. Belə ki, həmin ifadələr tərəflər arasında olan borc münasibətinə, xüsusən onlar arasında borc pul verilib alınmasına dair münasibətlərə aydınlıq gətirmir. E yni zamanda apellyasiya məhkəməsi cavabdehin həmin pulun ümumiyyətlə borc olmaması barədə dəlillərinə də qiymət verərək hesab etmişdir ki, həmin izahat ziddiyyətli olmaqla cavabdehin məhkəməni yalnış istiqamətdə yönəltmək və həqiqətdən uzaqlaşdırmaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsi ilə sübutların qiymətləndirilməsi əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə ( hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Əsli ilə düzdür Hakim Gündüz Quliyev
Məhkəmə qərarları › İş №2(102)-1501/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1501/2019
21.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver