Məhkəmə qərarları › İş №2(102)-1508/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1508/2019

08.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1508/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(011)-1573/2018 hakim N.Ə.Misirzadə) İddiaçı ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı iddiası qismən təmin edilmiş, 289.111 manat məbləğində əsas borc, 42.013 manat məbləğində faiz borcu olmaqla, cəmi 331.214 manat məbləğində borcun Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 11c saylı evin 3 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 500.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 116,8 kv.m yaşayış, 74,24 kv.m köməkçi sahədən ibarət 411 saylı bağ evinə yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 220.000 manat məbləğində olmaqla açıq hərracdan satılması, ipoteka predmeti olan əmlakların satışında əldə edilən vəsait hesab ına banka olan borcun ödənilməsi, həmin əmlakların satıldıqdan 1 ay sonra boşaldılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-10386/2018 hakimlər E.M.Həsənov, X.A.Mərdanova, İ.K.Xəlilov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Xətai Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 iyul 2017-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya bank tərəfindən illik 20 faiz olmaqla 36 ay müddətinə 295.00 0 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus fərdi yaşayış evi və Cavabdeh2 məxsus mənzil bankın xeyrinə yüklü edilmişdir. 18 dekabr 2017-ci il tarixdəİddiaçı ASC Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddiaərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən prosessual hüquq normaları pozulmuş, ipotekaya qoyulmuş əml akların dəyərinin borc məbləğindən 2,5 dəfə artıq olması nəzərə alınmamış, öhdəliklə ipotekaya qoyulmuş əmlakın dəyər ölçüsü arasında kifayət qədər fərqin olmasına qiymət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borc və faiz borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çat anadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki qanunvericiliyin tələbləri və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda ödənişləri həyata keçirməmişdir. Buna görə də cavabdehin məhz kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə borcu yaranmışdır. Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq əsas kredit borcunu müqavilədə razılaşdırdığı kimi faizlərlə birlikdə iddiaçıya ödəməlidir. Eyni zamanda tərəflər arasındakı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə ipoteka müqavilələri bağlanmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Apellyasiya məhkəməsi cavabdehin ipoteka predmetlərindən birinə tutma yönəldilməsinin borcun ödənilməsi üçün kifayət edəcəyinə dair dəlilinə münasibətdə hesab etmişdir ki, həmin məsələ qətnamənin icrası mərhələsində həll edilməli olan məsələdir və əmlakın üzərindən ipoteka yüklülüyü yalnız borc tam ödənildikdən sonra yaxud kreditorun razılığı ilə götürülə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar