Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1535/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 noyabr 2023-cü il tarixli, 2(105)-2001/2023 saylı qətnaməsindən iddiaçı Məhərrəmova Nübar Ənnağı qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ:
1. İddiaçı Məhərrəmova Nübar Ənnağı qızı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabd eh2 (bundan sonra cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 1/2 saylı evin, 36-cı mənzilinin mülkiyyətçisi Cavabdeh1 tərəfindən və həmin binanın 34-cü mənzilinin mülkiyyətçisi Cavabdeh2 tərəfindən kanalizasiya xəttinə axıdılan “penoplen kleyinin”, çirkab suyunun və tökülən zir-zibilin qarşısının alınması, mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 1/2 saylı evin, 32-ci mənzilinin cavabdehlərin hesabına təmir edilməsi, dəymiş maddi ziyana görə 2.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(060)-611/2023 saylı qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia rədd edilmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 noyabr 2023-cü il tarixli, 2(105)-2001/2023 saylı qətnaməsi ilə (hakimlər Fuad Məmmədov sədrlik edən, məruzəçi, Lalə Rəhimli və İlqar Dəmirov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt şəhər məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(060)-611/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 mart 2024-cü il tarixli, 2(102)-1535/2024 saylı qərardadı ilə iddiaçı Məhərrəmova Nübar Ənnağı qızının iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 noyabr 2023-cü il tarixli, 2(105)-2001/2023 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə kassasiya mümkün hesab edilmişdir.
7. Kassasiya instansiyası məhkəməsi mülki iş materiallarını və iddiaçının qətnamədən verdiyi kassasiya şikayətini nəzərdə keçirib hesab edir ki, aşağıdakılara görə iddiaçının kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin 15 mart 2024-cü il tarixli, 2(102)-1535/2024 saylı qərardadı ləğv edilməli, mülki iş kassasiya baxışından çıxarılaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Sumqayıt Ap ellyasiya Məhkəməsinə qaytarılmalıdır.
8. Belə ki, işdən görünür ki, iddiaçının cavabdehlərə qarşı tələbləri “kanalizasiya xəttinə axıdılan “penoplen kleyinin”, çirkab suyunun, tökülən zir-zibilin qarşısının alınmasından; mənzilin cavabdehlərin hesabına təmir edilməsindən və dəymiş maddi ziyana görə 2.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutulmasından”, yəni iddia ərizəsində bir neçə tələb irəli sürülsə də, onun cavabdehlərə qarşı iddia tələbinin mahiyyəti əslində mənzilinə dəymiş 2.000 manat məbləğində maddi ziyanın ödənilməsindən ibarətdir. Başqa sözlə iddiaçının cavabdehlərə qarşı qaldırdığı iddianın qiyməti bütövlükdə 2.000 manatdır.
9. Belə olan halda, iddiaçının qətnamədən verdiyi kassasiya şikayətinə kassasiya qaydasında baxıla bilməz. Çünki Mülki-Prosessual Məcəlləsini n 402.1-ci maddəsinin tələblərinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan... az olan əmlak xarakterli iddialar üzrə apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilməz.
10. Həmin Məcəllənin 403.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
11. Göründüyü kimi, iddiaçının qətnamədən verdiyi kassasiya şikayəti Mülki-Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələblərinə zidd olaraq icraata qəbul olunub, yəni hazırkı mülki iş üzrə qəbul edilmiş qətnamədə iddianın qiyməti beş min manatdan az olduğu halda, iddiaçının həmin qətnamədən verdiyi kassasiya şikayəti icraata qəbul olunub.
12. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin 15 mart 2024-cü il tarixli, 2(102)1535/2024 saylı qərardadı ləğv edilməli, mülki iş kassasiya baxışından çıxarılaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.
13. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsində göstərilir ki, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, i craata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.
14. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: İddiaçı Məhərrəmova Nübar Ənnağı qızının kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin 15 mart 2024-cü il tarixli, 2(102)-1535/2024 saylı qərardadı ləğv edilsin, mülki iş kassasiya baxışından çıxarılmaqla sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.