Məhkəmə qərarları › İş №2(102)-154/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-154/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-154/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh7 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-16/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh8 və Cavabdeh7 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 29.10.2013-cü il tarixli, 19L000001134 nömrəli kredit xətti müqaviləsinə əsasən, İddiaçı QSC tərəfindən Cavabdeh8 120 ay müddətə 30.000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 2. 31.03.2015-ci il tarixli, 019R********** nömrəli kredit razılaşmasına əsasən, Cavabdeh8 48 ay müddətinə, aylıq 1.8333% dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 28.10.2015-ci il tarixli 19R**********S nömrəli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.

3. Borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat verilməsi məqsədilə bankla Cavabdeh1, Cavabdeh2 habelə Cavabdeh3 arasında 16.07.2014-cü il tarixli, 31.03.2015-ci il tarixli və 29.10.2013-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır.

4. Cavabdeh8 16.07.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Balakən şəhəri Səməd Vurğun küçəsində 0.09 ha torpaq sahəsi və üzərindəki 108 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edərək bankın tələb hüququna təminat vermişdir.

5. Buna baxmayaraq, cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır.

6. Bank 20.02.2018-ci ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə mür aciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3, Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada İddiaçı QSCnin xeyrinə-019R********** saylı kredit razılaşması üzrə 16564.78 ABŞ dolları məbləğində kredit borcu, 5172.42 ABŞ dolları məbləğində faiz borcu və 9196.48 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 30933 ABŞ dolları 68 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilmə si barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmetinə-Balakən şəhəri S.Vurğun küçəsində 0.09 ha torpaq sahəsi və onun üzərində yerləşən 108 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və cəmi 30933 ABŞ dolları 68 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan borcun Cavabdeh1, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabd eh6, Cavabdeh7, Cavabdeh3, Cavabdeh2 ümumi qaydada tutulması, Balakən şəhəri S.Vurğun küçəsində 0.09 ha torpaq sahəsi və onun üzərində yerləşən 108 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və İddiaçı QSC-ə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-5) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh8 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət ödəməli olduğu vəsaitləri 06.12.2016-cı il tarixdən banka qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehlərdən borcun ödənilməsini tələb etmiş, lakin bunun heç bir nəticəsi olmamışdır. Buna görə də iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

9. Cavabdeh və digər cavabdeh Cavabdeh4 hüquq varisi Cavabdeh8 birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, O, kreditin bir hissəsini ödəmiş, lakin sonradan dolların kursu qalxdığına və iddiaçı borcun yeni kursla ödənməsini tələb etdiyinə görə onun borcu yaranmışdır. Bu isə düzgün deyildir. Onlar krediti ödəməkdən imtina etmirlər. Yenə də qrafik üzrə borcu ödəmək istəyirlər.

10. Cavabdeh Cavabdeh7 birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək cavabdeh X1 izahatına uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 11. "xxxx" MMC-nin 16. 08.2018-ci il tarixli, 0698/18/AB nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Balakən şəhəri, Səməd Vurğun küçəsində, Cavabdeh8 mülkiyyətində olan 0,09 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 81,1 m2 ümumi, 68,9 m2 yaşayış, 12,2 m2 yardımçı sahədən və tikintialtı sahəsi 26,8 m2 olan talvar (liter B), 34,6 m2 olan təsərrüfat tikilisindən (liter C) ibarət 108 nömrəli fərdi yaşayış evinin hazırki bazar qiyməti 40.000 manat təşkil edir.

12. Balakən Rayon Məhkəməsinin (hakim H.Səlimov) 03 iyun 2019-cu il tarixli, 2(019)-15/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada İddiaçı QSCnin xeyrinə-019R********** saylı kredit razılaşması üzrə 16564.78 AB Ş dolları məbləğində kredit borcunun, 5172.42 ABŞ dolları məbləğində faiz borcunun və 1000 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 22737,20 ABŞ dolları məbləğində borcun qətnamə icra edilən günə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına məzənnə ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmetinə- Balakən şəhəri S.Vurğun küçəsində 0.09 ha torpaq sahəsinə və onun üzərində yerləşən 108 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 40000 ( qırx min) manat olmaqla açıq hərracdan satılması və cəmi 2273 7,20 ABŞ dolları məbləğində borcun qətnamə icra edilən günə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına məzənnə ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan borcun Cavabdeh1, Cavabdeh8, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3, Cavabdeh2 ümumi qaydada tutulması, Balakən şəhəri S.Vurğun küçəsində 0.09 ha torpaq sahəsi və onun üzərində yerləşən 108 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavab deh1, Cavabdeh8, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə Mülki Məcəllənin 739-cu maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı dəfələrlə cavabdehlərdən borcun ödənilməsini tələb etmiş, lakin bunun heç bir nəticəsi olmamışdır. Cavabdeh8 Seyid oğlu edilmiş xəbərdarlıqlara məhəl qoymamış, borcu ödəməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 14. “X2” MMC-nin 19 noyabr 2020-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, Balakən şəhəri, S. Vurğun küçəsində 0.09 ha torpaq sahəsi və onun üzərində yerləşən 108 saylı fərdi yaşayış evinin hazırki dövrə olan orta bazar qiyməti 33000 (otuz üç min) AZN, likvid qiyməti isə 28000 (iyirmi səkkiz min) AZN tə şkil edir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2021-ci il tarixli, 9/1012 saylı rəyinə əsasən, Cavabdeh8 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 31.03.2015-ci il tarixli 019R********** saylı Kredit Razılaşması və əlavə sazişlər üzrə kreditin müddəti və faiz dərəcələri nəzərə alınmaqla Cavabdeh8 20.02.2018ci tarixə (iddia ərizəsi birinci instansiya məhkəməsinə təqdim edilən tarix) və 04.02.2021-ci il tarixə (suala əsasən hazırda deyildiyindən hazırki qərardadın tarixi) banka olan əsas və faiz borcu əsas borc üzrə-16.906.03 ABŞ dolları, faiz borcu 7.925.69 ABŞ dolları olmaqla cəmi 24.831.72 ABŞ dolları təşkil edir.

16. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) 08.07.2021-ci il tarixli, 2(107)-16/21 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti ipoteka predmetinin likvid dəyərinə münasibətdə qismən təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 03 iyun 2019-ci il tаrixli, 2(019)-15/2019 saylı qətnaməsi dəyişdirilməsi, Balakən Rayon Məhkəməsinin 03 iyun 2019-ci il tаrixli, 2(019)-15/2019 saylı qətnaməsinin ipoteka predmetinin ilkin satış qiyməti 40.000 ( qırx min) manat olmaqla açıq hərracdan satılması hissəsi, ipoteka predmetinin likvid dəyəri 40.000 (qırx min) manat olmaqla açıq hərracdan satılması şəklində dəyişdirilməsi, Balakən Rayon Məhkəməsinin 03 iyun 2019-ci il tаrixli, 2(019)-15/2019 sayl ı qətnaməsi apellyatorların apellyasiya şikayətləri üzrə mübahisələndirdikləri qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə ekspertiza xərcini təşkil edən 200 (iki yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə kollegiyasının qərardadı ilə qiymətləndirici dəvət edilmiş, “X2” MMC-nin 19 noyabr 2020-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, Balakən şəhəri, S. Vurğun küçəsində 0.09 ha torpaq sahəsi və onun üzərində yerləşən 108 saylı fərdi yaşayış evinin hazırki dövrə olan orta bazar qiyməti 33.000 (otuz üç min) AZN, likvid qiyməti isə 28.000 (iyirmi səkkiz min) AZN təşkil etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, şikayətin bu dəlili də əsassız olsa da, tələb qətnamənin ləğvinə yönəldiyindən apellyasiya şikayəti bu hissədə qismən təmin edilməli kimi qiymətləndirilməlidir. Kollegiya belə nəticəyə gəlmişdir ki, rəyin nəticəsi cavabdehlərin mənafeyinə uyğun olmasa da, iddiaçı tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti mübahisələndirilmədiyindən cavabdehlərin mənafeyini, eyni zamanda Ali Məhkəmənin yuxarıdakı qeyd edilən qərardadını diqqətə alınaraq məhkəmə kollegiyası hesab etmişdir ki, Balakən Rayon Məhkəməsinin 03 iyun 2019-ci il tаrixli, 2(019)-15/2019 saylı qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin 40.000 ( qırx min) manat olmaqla açıq hərracdan satılması hissəsi, ipoteka predmetinin likvid dəyəri 40.000 ( qırx min) manat olmaqla açıq hərracdan satılması şəklində dəyişdirilməlidir. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri

18. Cavabdeh8 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən, Cavabdeh8 İddiaçı QSC-yə 16564,78 ABŞ dollar məbləğində əsas kredit borcu, 5172,42 ABŞ dollar məbləğində faiz borcu və 9196,48 ABŞ dollar məbləğində cərimə borcu, yalnız iddiaçı tərəf tərəfindən təqdim edilmiş 13.02.2018-ci il tarixli 2302 nömrəli maliyyə arayışına əsasən müəyyən olunur. Həmin maliyyə arayışında borcun hansı qayda da hesablanması əsaslandırılmamışdır. Bundan başqa, Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2021-ci il tarixli 9/1012 saylı ekspert rəyi ilə 04 fevral 2021-ci il tarixə banka olan əsas borc 16.906,03 ABŞ dolları, faiz borcu 7925,89 ABŞ dolları olmaqla, ümumilikdə 24.831,72 ABŞ dolları kimi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında qeyd olunan əsas və faiz borcu ekspert rəyindən fərqlidir. Bundan başqa, ekspert rəyində rəyin verildiyi tarixə əlavə faiz borcu hesablanmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 31 mart 2019-cu il tarixdə başa çatmışdır. Müqavilə müddəti başa çatdıqdan sonra borc məbləğinə əlavə faiz hesablanması qarşı tərəfin maliyyə vəziyyətinin ağırlaşması ilə nəticələnə bilər ki, bu yolverilməzdir. “Azərba ycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, maliyyə arayışı və ekspert rəyi mötəbər sübut hesab edilə bilməz. Belə ki, qeyd olunan maliyyə arayışı və ekspert rəyi işdə olan digər sübutlarla, müqavilə şərtləri, borcun və ona hesablanmış faizlərin ödənilməsi şərtləri ilə müqayisəli şəkildə araşdırılmalıdır. Hazırda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditordan gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi tələbi irəli sürülməmişdir. 31 mart 2019-cu il tarixdən sonra borc məbləğinə faiz hesablana bilməz. Bununla yanaşı, qətnamədə ipoteka predmetinin ilkin likvid satış qiymətinin 40.000 manat olması müəyyən edilərkən nəzərə alınmamışdır ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi 2015-ci il tarixdə bağlanmışdır. Devalvasiya ilə bağlı dolların məzənnəsi qalxdığı kimi, ipoteka predmetinin də bazar dəyəri qalxmışdır. “X3” MMC-nin 19 noyabr 2020-ci il tarixli qiymətləndirmə rəyi ilə ipoteka predme tinin hazırki dövrə olan bazar qiyməti 33.000 manat, likvid qiyməti isə 28.000 olaraq müəyyən edilmişdir ki, qeyd olunan məbləğ həqiqəti əks etdirmir. Belə ki, 2015-ci ildən hazırki vaxtadək daşınmaz əmlakın satış dəyərində bahalaşma olmuşdur. Buna görə də, müqavilə bağlandığı vaxtda bazar dəyəri 40.000 manat təşkil edən əmlakın hazırda 33.000 manat qiymətləndirilməsi işin halları ilə uzlaşmır. Bundan əlavə, mübahisəli Balakən şəhəri S.Vurğun küçəsində 0,09 ha torpaq sahəsi yerləşir ki, həmin ərazidə torpaq sahəsinin 0,01 ha dəyəri təxminən 4000 manat təşkil edir. Torpaq sahəsinin ümumi dəyəri 36.000 manat təşkil etdiyi halda qiymətləndirmə rəyi ilə ipoteka predmetinin fərdi yaşayış evi ilə birlikdə bazar dəyərinin 33.000 manat müəyyən edilməsi əsassızdır. Məhkəmə, ipoteka predmetinin likv id dəyərini 40.000 manat müəyyən etməklə cavabdeh tərəfin maddi vəziyyətini daha da ağırlaşdırmış, cavabdeh tərəfindən böyük miqdarda ödəniş edilməsinə baxmayaraq ipoteka predmetinin asanlıqla iddiaçının mülkiyyətinə keçirilməsinə zəmin yaratmışdır. Halbuki, ipoteka predmetinin real likvid dəyəri müəyyən edilməli, tərəflər bərabərliyi prinsipi qorunmalı idi. Bundan başqa, mübahisə predmeti olan qətnamədə hərracdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlərdən ümumi qaydada tutulması qət edilsə də, məhkəmə tərəfindən iddia tələbindən kənara çıxılmış, irəli sürülməmiş tələb üzrə qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçı yaranmış borcun ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsini tələb etsə də, məhkəmə həmin xüsusata önəm verməmiş, qeyri-müəyy ənlik yaratmaqla hazırda müəyyən edilməsi mümkün olmayan borcun ümumi qaydada tutulmasını qət etmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməməlidir. Məhkəmə ya lnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir. Mübahisəli qətnamə ilə ipoteka predmetinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh8, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 həmin əmlakdan çıxarılması, fərdi yaşayış evinin boşaldılmas qət edilmişdir ki, hazırda İddiaçı QSC ilə cavabdehlər arasında fərdi yaşayış evindən çıxarılma ilə bağlı və ya evin boşaldılması ilə bağlı hər hansı mübahisə yoxdur.

20. Cavabdeh7 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

21. Cavabdeh7 kassasiya şikayətinin dəlilləri Cavabdeh8 kassasiya şikayəti ilə eyni məzmundadır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Cavabdeh7 məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.

24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkə mə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

26. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

27. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

28. Maddə 462.1 və

467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.

29. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

30. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməs ini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:

31. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

32. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

33. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödən ilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir.

34. Maddə 59.3 İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mə nzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üç ün əsas yoxdur.

40. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

41. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən məbləği Cavabdeh8 borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəllərində razılaşdırmışlar. Eyni zamanda bankın alacağı zaminlik və ipoteka müqavilələri ilə təminat altına alınmışdır. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir. Belə olan halda, borcun cavabdehdən tutulması, habelə ipoteka predmetinə yönəldilməsi haqqında iddiaçının tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır (§25-33).

42. Eyni zamanda cavabdehlərin etirazları iddianı tam və ya qismən aradan qaldıran mahiyyətdə deyil. Ona görə də, iddia tələblərinin yuxarıda göstərilən qaydada təmin edilməsi qanuni və əsaslı olmuşdur.

43. Kollegiya kassasiya şikayətlərinin dəlillərini əsaslı hesab etmir ona görə ki, borc məbləğləri və ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə ekspertizalarının rəyləri ilə müəyyən edilmiş və işə mahiyyəti üzrə baxan məhkəmələr həmin rəyləri mötəbər sübut kimi qiymətləndirmişlər.

44. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə dair qayda isə qanunda nəzərdə tutulmuşdur (§ 34).

45. Odur ki, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

46. Qeyd olunanları nəzərə alaraq Kollegiy a belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır.

47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-16/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar