Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1555/2020 13.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli q ətnaməsi ilə (hakim E.Nuriyev, iş № 2(007)-2135/18) iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair ilkin iddiası qismən təmin edilərək, Cavabdeh əsas məbləğ üzrə 17413 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin bitdiyi 19 aprel 2016-cı il tarixinə 839 ABŞ dolları faiz borcu olmaqla, cəmi 18252 (on səkkiz min iki yüz əlli iki) ABŞ dollarının (qətnamənin icra olunduğu günə ABŞ dollarının manatla məzənnəsi) ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddiaçı Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-уə qarşı “kompensasiyanın və əmanət üzrə faizlərin ödənilməsinə dair” qarşılıqlı iddia tələbi qismən təmin edilərək Əmanətlərin Sığortalanması Fondundan 30.000 (otuz min) manat kompensasiya və qarşılıqlı iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 30030 (otuz min otuz) manat tutularaq Cavabdeh verilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin olunmamışdır. Həmin qətnamədən həm iddiaçı, həm də cavabdeh apelyasiya şikayəti vermişlər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Əliyev-sədrlik edən və məruzəçi, F.Talışinski və Ə.Qasımov, iş № 2(103)-10/19) Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Nizami Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli qətnaməsinin 18.252 (on səkkiz min iki yüz əlli iki) ABŞ dolları borcun Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması hissəsi dəyişd irilmiş, Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh ödənilməli olan 30.000 (otuz min) manat kompensasiya ilə, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə olan 18.252 (on səkkiz min iki yüz əlli iki) ABŞ dollarının 30.000 (otuz min) manat təşkil edən hisəsi -17.647,05 (on yeddi min altı yüz qırx yeddi dollar, beş sent) ABŞ dolları əvəzləşdirilməklə, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 604,95 (altı yüz dörd dollar, doxsan beş sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun tutulması qət edilmiş, eləcə də Nizami Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli qətnaməsi Əmanətlərin Sığortalanması Fondundan 30.000 (otuz min) manat kompensasi yanın Cavabdeh xeyrinə tutulması hissəsində ləğv olunmuş, iddia həmin hissədə rədd edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti isə təmin edilməmişdir. Qətnamədən narazı qalan hər iki tərəf kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 may 2019-cu il tarixli qərarı ilə (hakimlər S.Haciyev-sədrlik edən və məruzəçi, Q.Əsgərov və E.Vəliyeva, iş №2(102)-3704/19) kassasiya şikayətləri qismən təmin olunaraq iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. İşə yenidən baxan Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2019cu il tarixli qət naməsi ilə (hakimlər Ş.Məmmədova-sədrlik edən və məruzəçi, V.Həsənov və X.Sarıyev, iş № 2(103)-11156/19) apelyasiya şikayətləri təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli qətnaməsinin qarşılıqlı iddianın təmin edilmiş hissəsində ləğv olunmasını və həmin hissədə iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh bankın xeyrinə 17.413 (on yeddi min dörd yüz on üç) ABŞ dolları əsas borcun, 19 aprel 2016-cı il tarixinə 839 (səkkiz yüz otuz doqquz) ABŞ dolları faiz borcunun, müq avilə bitdikdən sonra əsas borca illik 5% hesablanmış 1623 (bir min altı yüz iyirmi üç) ABŞ dolları faiz borcunun, cəmi 19.875 (on doqquz min səkkiz yüz yetmiş beş) ABŞ dolları borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-уə qarşı “kompensasiyanın və əmanət üzrə faizlərin ödənilməsinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddiaçıya mədaxil edilmiş 18 aprel 2014-cü il tarixli 01 nömrəli “Avans Əmanəti” üzrə depozit müqaviləsi əsasında ona 35.000 (otuz beş min) ABŞ dolları məbləğində kompensasiyanın, 28 ay ərzində ödənilməmiş 4079.6 (dörd min yetmiş doqquz dollar altmış sent) ABŞ dolları məblə ğində faiz borcunun, ümumilikdə 39.079,6 (otuz doqquz min yetmiş doqquz dollar altmış sent) ABŞ dolları məbləğinin və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili A.Məmmədov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız iddiaçı kassasiya şikayəti vermişdir. O, qətnaməni yalnız qarşılıqlı iddianın təmin edilmiş hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız kassasiya qaydasında mübah isələndirilən hissədə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası məruzəçini, vəkil A.Məmmədovun izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 10 oktyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. İlk öncə qeyd edilməlidir ki, hazırkı mülki iş bundan əvvəl arıtq bir dəfə kassasiya baxışının predmeti olmuş və Ali Məhkəmənin Mülki kollegiyasının 27 may 2019-cu il tarixli qərarı ilə apelyasiya instansiyası məhkəməsin in qətnaməsi ləğv edilmiş və iş müvafiq göstərişlərlə yeni apelyasiya baxışına qaytarılmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə işə yenidən baxarkən müəyyən etmişdir ki, İddiaçı ASC ilə X2 arasında bağlanmış 18 aprel 2014-cü il tarixli 01 saylı “Avans Əmanəti” üzrə Depozit müqaviləsinə əsasən X2 banka 2 illik 10 faizlə 35000 (otuz beş min) ABŞ dolları pul vəsaiti qoymuşdur. Müqavilənin bəndinə əsasən cavabdehin banka qoyduğu əmanət sığortalanmışdır; Ləğv prosesində olan İddiaçı ASC-nin rəhbərliyi tərəfindən Cavabdeh ünvanlanmış 27 dekabr 2016-cı il tarixli məktubdan görünür ki, cavabdehin kompensasiya məbləğinin 291 ABŞ dolları təşkil etdiyi, cavabdehin 35097,20 ABŞ dolları məbləğində tələbi “Banklar haqqında Azərbaycan Respublikası Qanunu”nun 76-1 maddəsinə uyğ un olaraq 07.09.2016-cı il tarixdə 84 nömrəsi ilə ləğv prosesində olan İddiaçı ASC-nin Kreditorların reyestrinə daxil edilmiş, 77.1-ci maddəsinə uyğun olaraq qəbul edildiyi və həmin qanunun 78-ci və 82-ci maddələri ilə müəyyən olunmuş qaydada əvəzləşdiriləcəyi və ödəniləcəyi qeyd edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin rəhbərliyi tərəfindən Cavabdeh ünvanlanmış 03 fevral 2017-ci il tarixli məktubdan görünür ki, cavabdehin kompensasiya məbləğinin 292 ABŞ dolları təşkil etdiyi, cavabdehin 35000,00 ABŞ dolları məbləğində tələbi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76-1 maddəsinə uyğun olaraq 07 sentyabr 2016-cı il tarixdə 84 nömrəsi ilə ləğv prosesində olan İddiaçı ASC-nin Kreditorların reyestrinə daxil edilmiş, 77.1-ci maddəsinə uyğun olaraq qəbul edildiyi və həmin q anunun 78-ci və 82-ci maddələri ilə müəyyən olunmuş qaydada əvəzləşdiriləcəyi və ödəniləcəyi qeyd edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyul 2017-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Əmanətlərin sığortalanması haqqında” Qanun bankla əmanətçi arasında olan münasibətlərə şamil edilmir. Bu Qanun yalnız iştirakçı bankda sığorta hadisəsinin baş verməsi ilə əlaqədar əmanətçilərə kompensasiyanın ödənilməsi məsələlərini tənzimləyir. Qeyd edilən Qərarda məhkəmənin hüququ mövqeyi be lədir ki, bank və əmanətçilər arasında münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 51-ci fəslinin normaları və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mülki Məcəllənin 944.1-ci maddəsinə görə, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.1-ci maddəsinin məzmununa görə, bankla əmanətçi arasında münasibətlər tərəflər arasında bağlanmış bank əmanəti müqaviləsinin şərtləri ilə tənzimlənir. Göründüyü kimi, hər iki norma əmanətçi ilə bank arasında mü nasibətlərin tənzimlənməsini bank əmanəti müqaviləsinin şərtləri ilə əlaqələndirmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh ilə İddiaçı ASC-nin Bakı filialı arasında bağlanmış 18 aprel 2014-cü il tarixli 01 nömrəli “Avans əmanəti” üzrə Depozit müqaviləsinin 4.4-cü bəndinin 5-ci abzasında qeyd olunmuşdur ki, əmanətçinin Bankın Əmanətlərin Sığortalanması Fondunun iştirakçısı olması, əmanətlərin sığortalanması şərtləri, kompensasiyanın ödənilməs şərtləri və qaydaları barədə yazılı və şfahi sorğa ilə banka müraciət etmək və ondan yazılı məlumat almaq hüququ vardır. Həmin müqavilənin 5.8-ci bəndinə əsasən, Fond sığorta hadisəsi baş verdikdə əmanətçiyə əmanətin məbləğinin 100 faizi, lakin 30 (otuz) min manatdan çox olmayaraq kompensasiya ödəyir. Bundan əlavə, “Əmanətlərin sığortalanması haqqında” Azərba ycan RespublikasınınQanununun 26.1-ci maddəsinə əsasən, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Qeyd edilənlərə əsasən, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə idiaçı Cavabdeh Məmməd qızının 18 aprel 2014-cü il tarixli depozit müqaviləsi üzrə əmanəti qorunan əmanət olduğundan birinci instansiya məhkəməsinin Əmanətlərin Sığortalanması Fondundan sığortalanmış 35000 (otuz beş min) ABŞ dolları məbləğində pul vəsaitinə görə 30.000 (otuz min) manat kompensasiya tutularaq Cavabdeh verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə qanuni əsası olmadığından rədd edilməsi barədə qənaəti düzgündür. Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 26.2-ci maddəsinə əsasən, sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir. Apelyasiya instansiyası məhkəməsi qeyd edilən normaya istinad edərək bildirmişdir ki, ilkin iddia üzrə tələb edilən məbləğdən kompensasiya edilən məbləğin çıxılması məhkəmənin deyil, Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətinə aiddir. Apelyasiya instansiyası məhkəməsi qeyd olunalara, eləcə mülki qanunvericiliyin digər normalarına istinad edərək bu qənaətə gəlmişdir ki, apelyasiya şikayəti təmin olunmamal ı və birinci insatansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahi sələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin mübahisələndirilən hissədə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin həmin hissədə ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 10 oktyabr 2019-cu il tarixli, 2(103)-11156/19 saylı qətnaməsi mübahisələndirilən hissədə həmin kassasiy a şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1555/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1555/2020
13.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver