Məhkəmə qərarları › İş №2(102)-1561/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1561/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1561/2024 16.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cаvаbdеh Cavabdeh qarşı (maraqlarına toxunan şəxs X1) iş üzrə QƏRARİ (Açar sözlər: borc müqaviləsi, əhəmiyyətsiz əqd, görüntü üçün bağlanmış əqd) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cаvаbdеh Cavabdeh qarşı (maraqlarına toxunan şəxs X1) borcun tutulması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)1221/2023 nömrəli, 26 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikay ətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə borc müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə kreditor borcalana 96000 manat məbləğində borc verməyi, borcalan isə borcu xx.xx.2022-ci il tarixədək qaytarmaq barədə öhdəlik götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 96000 manat borcun və dövlət hesabına ödənilmiş 378 manat pulun məcburi qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh öz şəxsi biznesin i açmaq üçün ondan borc pul istəmişdir. Onlar öz aralarında xx.xx.2021-ci il tarixdə 1 il müddətinə borc müqaviləsi bağlayaraq cavabdehə 96000 manat borc pul vermişdir. Lakin dəfələrlə cavabdehdən aldığı borc pulu istəsə də, ona iyun ayında pulunu qaytaracağını bildirmişdir. İyun ayında cavabdehə yaxınlaşaraq pulunu istədiyində ona borcunu qaytarmağa gücünün çatmadığını bildirmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddianı etiraf edərək bildirmişdir ki, o iddiaçıdan 2018-ci ildə qeyd edilən 96000 manat pulu almışdır. Belə ki, həmin dövrdə onun maddi vəziyyəti pisləşdiyindən və iddiaçı ilə tanışlığı olduğu üçün sonuncu ona həmin pulu vermişdir. O iddiaçıya borcunu 2021-ci ilin ilk yarım illiyinə kimi qaytaraca ğını bildirmişdir. Lakin 2021-ci ildə həmin borcu qaytara bilməmiş, iddiaçı da ondan tələb etdiyi üçün müqavilə bağlamaq məcburiyyətində qalmışlar. Hazırda borcunu ödəməyə maddi imkanı yoxdur. Lakin ödəməyə söz verir.

5. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 sentyabr 2022-ci il tarixli, 2(014)-1353/2022 nömrəli qətnaməsi ilə (hakim N.Əliyev) iddia təmin edilmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının xəbərdarlıqlarına baxmayaraq, cavabdeh borcunu qaytarmaqdan imtina etmişdir. Buna görə də iddia tələbi təmin edilməli, cavabdehdən 96000 manat pul alınaraq iddiaçının xeyrinə ödənilməli, iş üzrə ödənilmiş 378 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır.

7. Məhkəmə öz mövqeyini, Azərbay can Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 427.1, 427.2, 427.4, 739.1, 740.1, 740.2, 743, 529, 882.1, 882.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 52.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh arvadı X1 çıxarılan qətnamə maraqlarına toxunan şəxs qismində apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi onun maraqlarına toxunur və hüquqlarını kobud şəkildə pozur. Belə ki, cavabdeh ilə 22 mart 2005-ci ildən rəsmi nikahdadırlar, birgə nikahlarından 3 uşaql arı vardır. Birgə nikahları dövründə, cavabdehin Ağdaş şəhəri H.Əliyev prospekti 82-də, qeydiyyat tarixi xx.xx.2018-ci il olan, ümumi sahəsi 55,90 kv.m. olan qeyri-yaşayış sahəsi - “Eleqant” mağazası əldə etmişlər. Cavabdeh bir il əvvəl ayrıldıqları vaxtdan həmin əmlakın aralarında razılaşma əsasında bərabər bölünməsinə razı olmadığı üçün hazırkı iş üzrə tərəflər belə bir “oyun” etmişlər. Həmçinin, cavabdehə qarşı həmin qeyri-yaşayış sahəsinin birgə nikah dövründə əldə olunmuş əmlak kimi paylarının ½ hissədə olmaqla aralarında bölünməsi və ½ hissənin natura şəklində ayrılıb ona verilməsi, ayırma ilə əlaqədar xərclərin bərabər bölünməsinə dair iddia tələbi məhkəmənin icraatındadır (iş 2(014)-758/2023). Əslində iddiaçı cavabdehin qardaşının qaynıdır, onun maddi vəziyyəti həmin məbləğdə borcu cavabdehə verməyə imkan vermir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə uydurma əqddir, belə olmasaydı, bank hesabı, pul köçürmələri, bununla bağlı qəbz və s. mövcud olardı. Həmçinin birgə nikah dövründə bu qədər məbləğin cavabdehə verilməsindən onun xəbərinin olmaması qeyri-mümkün idi. Cavabdeh iddiaçı ilə aralarında qeyd edilmiş nikah pozulduqdan sonra onunla birgə nikahda əldə olunmuş əmlakın bölünməsinə dair ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət edəcəyini biləndən sonra qardaşının qaynı olan iddiaçı uydurma borc müqaviləsi bağlamaqla iddiaçı ilə birgə nikah dövründə əldə etdikləri əmlakdan ona çatası payını kompensasiya etmək istəmişdir. Həmin formal və yalançı borc müqaviləsini bağlamaqda məqsəd ikisinin arasında yaranmış əmlak bölgüsünü pərdələmək olmuşdur.

10. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1221/2023 nömrəli, 26 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – E.Mehdiyev (sədrlik edən və məruzəçi), M.Əsədli və E.Hüseynov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilmişdir.

11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq, qeyd etmişdir ki, tərəflərin borc müqaviləsi bağlaması müqavilədə qeyd edilən məbləğin cavabdehə verilməsi anlamına gəlmir.

12. Belə ki, iş materiallarında olan 05 may 2021-ci il tarixli borc müqaviləsinin 1.2-ci bəndinə əsasən borc məbləğinin verilməsi “Borc verən” tərəfindən “Borc alanın” kart hesabına köçürülmə yolu ilə həyata keçirilir və borc məbləğinin verildiyi an həmin məbləğin “Borc alanın” kart hesabına köçürüldüyü an hesab olunur.

13. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği müqavilə qüvvəyə mindiyi tarixdən 1 (bir) ildən gec olmayaraq tam həcmdə “Borc alanın” kart hesabına köçürmək “Borc verənin” öhdəliyidir.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında məhz 05 may 2021-ci il tarixdə cаvаbdеhə 96000 manatı borc olaraq verdiyini göstərsə də, həmin məbləğin bağladıqları müqavilədə razılaşdırılmış şərtlərə uyğun cavabdehin kart hesabına köçürülməsinə dair heç bir fikir ifadə etməmiş və buna dair hər hansı bir əlavə sənəd də təqdim etməmişdir. Bunun əksinə olaraq birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında cavabdeh iddiaçıdan 96000 manat pulu 2018-ci il tarixdə aldığını, borcunu qaytara bilmədiyini, iddiaçıya borcunu qaytara bilmədiyindən, borc tələb edildiyindən, müqavilə bağlamaq məcburiyyətində qaldığını göstərmişdir.

15. Məhkəmə apellyasiya şikayətinin borc müqaviləsi mövcud olsa da, borcun verildiyi və alındığına (kart hesabına köçürüldüyünə) dair heç bir mötəbər sübutun olmamasına dair dəlili ilə razılaşaraq qeyd etmişdir ki, kreditorun borcludan tələb hüququnun yaranması üçün o, əvvəlcə müqavilədə şərtləşdirilmiş məbləğin məhz müqavilə şərtlərinə uyğun olaraq borcluya verilməsini sübuta yetirməlidir. Lakin 05 may 2021-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq və müqavilədə göstərilən məbləğin cavabdehə v erilməsini təsdiq edəcək hər hansı bir sübut mövcud deyildir. Cavabdehin etirafı isə birinci instansiya məhkəməsinin iddianın təmin edilməsində istinad etdiyi 05 may 2021-ci il tarixli müqavilə üzrə borcun verilməsi və yaxud alınması ilə bağlı deyildir. 16. 05 may 2021-ci il tarixli müqavilə üzrə müqavilədə şərtləşdirilmiş məbləğin məhz müqavilə şərtlərinə uyğun olaraq borcluya verilməsi sübuta yetirilmədiyindən məhkəmə, apellyasiya şikayətinin uydurma borc müqaviləsinin bağlanılmasına dair dəlili ilə də razılaşaraq qeyd edib ki, müqavilədə şərtləşdirilmiş kifayət qədər yüksək bir məbləğ olan 96000 manatın məhz müqavilə şərtlərinə uyğun olaraq borcluya verilməsinin sübuta yetirilməməsi, 05 may 2021-ci il tarixli müqavilə münasibətinə istinad edilməklə qəbul edilən, icraya yönəldilən birinc i instansiya məhkəməsinin qətnaməsi əsasında cavabdehin adına maraqlı şəxs ilə birgə nikahları dövründə qeydiyyata alınmış əmlaka tutmanın yönəldilməsi, həmin əmlakın hərracdan iddiaçı tərəfindən əldə edilməsi məhkəmə kollegiyasında iddiaçı və cavabdeh arasında 96000 manat pul tələbinə dair “mübahisənin” təşkil olunması, iddiaçı və cavabdeh arasında bağlanmış 05 may 2021-ci il tarixli müqavilənin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanan əqd olması qənaətini formalaşdırır. Hansı ki, tərəflər məhkəmə kollegiyasının iclasına gəlməsələr belə, cavabdeh 11 dekabr 2023-cü il tarixdə məhkəmə kollegiyasına göndərdiyi ərizəsində iş üzrə maraqlarına toxunan şəxs ilə aralarında yaranmış əmlak və digər mübahisələri qarşılıqlı razılaşma yolu ilə həll etmək mərh ələsində olduqlarını, belə ki, onun tərəfindən maraqlı şəxsə pul verilməklə onun bütün iddialarından, həmçinin hazırda baxılan apellyasiya şikayətindən imtinası ilə əlaqədar razılığa gəldiklərini göstərmişdir. Hazırkı vəziyyətdə birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilməsi həmin qətnamə əsasında əmlak əldə etmiş iddiaçıya daha çox təsir göstərməli olmasına baxmayaraq, maraqlı şəxsə mübahisədən əl çəkməsi müqabilində borcla bağlı əmlakı özgəninkiləşdirilmiş cavabdehin əlavə olaraq pul vəsaitini təklif etməsi 05 may 2021-ci il tarixli müqavilənin uydurma əqd olmasının göstəricilərindən biridir.

17. Məhkəmə həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair qərar qəbul etməsindən bir müddət sonra cаvаbdеh maraqlı şəxsə qarşı birgə ni kah dövründə olan 96000 manat borcun yarısını təşkil edən 48000 manat pulun ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, qərardadı ilə həmin iddia tələbinin baxılmamış saxlanılması isə həmin iddia tələbinin yenidən irəli sürülməsini istisna etmir.

18. Məhkəmə hesab etmişdir ki, tərəflərin bağlamış olduğu müqavilə görünüş üçün bağlanmışdır. Yuxarıda qeyd edilən şərtə cavab vermir (yəni bağlanmış əqd qanuni olmamış, qanunvericiliyin tələblərinə uyğun gəlməmişdir) və əhəmiyyətsiz əqd olmaqla əhəmiyyətini itirmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın t əmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

20. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə tərəfindən cavabdehin ona olan borcu maraqlarına toxunan şəxslə cavabdeh arasında yaranmış mübahisə ilə əlaqələndirilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməsi onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Halbuki, cavabdehin ondan 96000 manat borc aldığı, həmin pula Ağdaş şəhərində sahibkarlıq obyekt aldığı və bu hal sübut olunduğundan, bu məsələnin cavabdehin maraqlarına toxunan şəxslə ailə münasibətləri pozulduqdan sonra aralarında yaranmış əmlak bölgüsünə heç bir aidiyyəti yoxdur. Cavabdeh ona borclu olduğu 96000 manat borcunu birinci instansiya məhkəməsində etiraf etməsinə baxmayaraq, həmin borcu məhkəmə cavabdehlə maraqlarına toxunan şəxs arası nda ailə münasibətlərindən irəli gələn mübahisə kimi səciyyələndirərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul etməklə ona külli miqdarda ziyan dəymişdir. Onlar arasında bağlanmış əqd yazılı formada bağlandığından, aralarında hüquq və vəzifələr əmələ gəldiyindən həmin əqd etibarsız və ya əhəmiyyətsiz əqd (müqavilə) hesab edilə bilməz. İddiaçı cavabdehin iddiaçıdan 96000 manat borc pul almasını təsdiq edən kifayət qədər sübutlarını məhkəməyə təqdim etsə də, bunun əksi olaraq maraqlarına toxunan şəxs apellyasiya şikayətinin əsasını təşkil edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, işə baxan məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdırmamış və onlardan istifadə etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etira z daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

23. Maddə. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

24. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

25. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

26. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan ya lnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır

29. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digə r iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

30. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

31. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

32. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarı

33. Əqdlər lə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam bax dıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəs ində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasi ya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüququ normalarının pozulması ilə çıxarıldığına görə apelyasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.

43. Belə ki, iddia tələbi kredit müqaviləsi əsasında verilmiş borcun qaytarılması barədədir. İddiaçı tələbini cavabdehlə bağlanmış yazılı müqaviləyə istinadla əsaslandırıb və cavabdeh iddianı etiraf edib.

44. Lakin apelyasiya instansiya məhkəməsi cavabdehin etirafını qəbul etməmiş, iddia tələbini rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı əvvəlcə müqavil ədə şərtləşdirilmiş məbləğin məhz müqavilə şərtlərinə uyğun olaraq borcluya verilməsini sübuta yetirməlidir. Lakin 05 may 2021-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq və müqavilədə göstərilən məbləğin cavabdehə verilməsini təsdiq edəcək hər hansı bir sübut mövcud deyildir. Cavabdehin etirafı isə birinci instansiya məhkəməsinin iddianın təmin edilməsində istinad etdiyi 05 may 2021-ci il tarixli müqavilə üzrə borcun verilməsi və yaxud alınması ilə bağlı deyildir.

45. Məhkəmə kollegiyası bu əsaslandırma ilə razılaşmır və qeyd edir ki, həqiqətən də cavabdeh müqavilə üzrə pulu müqavilə bağlanan 05 may 2021-ci il tarixdə deyil, 2018ci ildə aldığını etiraf etmişdir. Lakin birinsi instansiya məhkəməsi borcun məhz 05 may 2021-ci il tarixdə verildiyini müəyyən etmişdir (bax: 1-ci clld, səh 47, 66). Cavabdeh iddiaçıdan borc pulu 2018-ci ildə aldığını bildirməsinə baxmayaraq, məhkəmə pulun 05 may 2021-ci ildə verilməsi barədə nəticəyə gələ bilərdi. Çünki pulun verilmə tarixinə dair sübut kimi məhkəmənin önündə: 1. borcun 05 may 2022-ci ildə verilməsinə dəlalət edən iddiaçının izahatı və onu tamamlayan yazılı sübut kimi kredit müqaviləsi; 2. borcun 2018-ci ildə verildiyinə dair sübut kimi yalnız cavabdehin izahatı vardı.

46. Bu halda, borcun 2021-ci ildə verildiyi barədə gəlinən nəticə, sübutların kifayətliliyi baxımından düzgün qiymətləndirməyə əsaslanan nəticədir.

47. Nəzərə alınmalıdır ki, borc müqaviləsinin mövcudluğu borcun faktiki olaraq verildiyini təsdiq etmir. Çünki borc müqaviləsi konsensual müqavilədir. Bu müqavilə üçün xarakterik hal kreditorun borc vermə öhdəliyini n olmasıdır. Borcalanın borcu qaytarmaq öhdəliyi yalnız pulun ona verilməsindən sonra yaranır. Bu baxımdan borc müqaviləsi üzrə borcun tutulması barədə tələblərə baxılarkən borcalan, müqavilədə göstərilən borcun ona faktiki olaraq verilmədiyi əsası ilə iddiaya etiraz edə bilər. Lakin baxılan işdə borcalan borcun ona verilməsini mübahisələndirmir. Əksinə iddiaçıdan borcu aldığını təsdiq edir.

48. Kreditin müqavilədə müəyyən olunan qaydadan kənar şəraitdə verilməsinin borc alan şəxsin öhdəliyinə təsir etməsi müəyyən olunmur. Hətta belə bir vəziyyət olsa belə, bununla bağlı etiraz etmə borcalan şəxsə aiddir. Lakin borcalan bu cür etiraz irəli sürməyib.

49. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin uydurma borc müqaviləsinin bağlanılmasına dair dəlili ilə razılaşa raq qeyd etmişdir ki, müqavilədə şərtləşdirilmiş kifayət qədər yüksək bir məbləğ olan 96000 manatın məhz müqavilə şərtlərinə uyğun olaraq borcluya verilməsinin sübuta yetirilməməsi, 05 may 2021-ci il tarixli müqavilə münasibətinə istinad edilməklə qəbul edilən, icraya yönəldilən birinci instansiya məhkəməsinin qətnaməsi əsasında cavabdehin adına maraqlı şəxs ilə birgə nikahları dövründə qeydiyyata alınmış əmlaka tutmanın yönəldilməsi, həmin əmlakın hərracdan iddiaçı tərəfindən əldə edilməsi məhkəmə kollegiyasında iddiaçı və cavabdeh arasında 96000 manat pul tələbinə dair “mübahisənin” təşkil olunması, iddiaçı və cavabdeh arasında bağlanmış 05 may 2021-ci il tarixli müqavilənin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanan əqd olması qənaətini formalaşd ırır.

50. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin bu mövqeyini də ziddiyytəli hesab edir. Belə ki, borcun faktiki olaraq verilməməsi, müqavilənin əhəmiyyətsizliyinə və etibarslzlığına birbaşa səbəb deyildir. Müqavilədə nəzərdə tutulan kreditin borcalana faktiki olaraq verilməməsi, məhz bu əsasla iddianın rədd olunması üçün kifayət edən əsasdır.

51. Bundan başqa, borc müqaviləsinin etibarlılığını üçüncü şəxs qismində işə cəlb olunmuş Cavabdeh mübahisələndirib. Bununla bağlı qeyd olunmalıdır ki, ümumiyyətlə çıxarılmış qətnamənin A. Məhərrəmovanın hansı mənafelərinə toxunması dəqiqləşdirilməyib. Cavabdehnın apelyasiya şikayətindən göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsinin onun mənafelərinə toxunmasını belə izah edib ki, cavabdehlə birgə nikah dövründə - 201 8-ci ilin dekabr ayında Ağdaş şəhəri H.Əliyev prospekti 82-də yerləşən “Eleqant” mağazasını əldə etmişlər. Cavabdeh birgə nikahda əldə olunmuş əmlakın bölünməsinə dair ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət edəcəyini biləndən sonra uydurma borc müqaviləsi bağlamaqla iddiaçı ilə birgə nikah dövründə əldə etdikləri əmlakdan ona çatası payını kompensasiya etmək istəmişdir.

52. Göründüyü kimi Cavabdehnın qeyd etdiyi mağaza 2018-ci ildə alınmışdır. Lakin birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borc cavabdehə 05 may 2021-ci il tarixdə, yəni əmlak əldə ediləndən üç il sonra verilmişdir.

53. Baxılan iş üzrə “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelər xüsusi olaraq nəzərə alınmalıdır.

54. Həmin qərarda göstərilir ki: 3.17. Məhkəmə təcrübəsində ər-arvadın ümumi əmlakdakı paylarına süni təsir etmək üçün uydurma borc müqaviləsinin bağlanması, bununla bağlı məhkəmədə qaldırılmış iddianın və ya iddiaçının əsaslandığı faktların etiraf edilməsi hallarına rast gəlinir. Belə mübahisələrə baxılarkən ər-arvadın hüquq və vəzifələrinə dair məsələ onların hüquqlarının pozulması ilə nəticələnə bilərsə, məhkəmə Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə əsasən həmin şəxsləri müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işdə iştirak etməyə cəlb edə bilər. 3.18. Qeyd olunan işlər üzrə cavabdeh olan ər (arvad) tərəfindən iddia və ya iddiaçının tələblərini əsaslandırdığı faktlar etiraf edildikdə, habelə kreditorla (kreditorlarla) borcalan arasında barışıq sazişi bağlandıqda məhkəmələr Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsinin və tərəflərin barışıq sazişinin qanuna zidd olub-olmadığına, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmadığına, yaxud Mülki Prosessual Məcəllənin 106.4-cü maddəsinə əsasən faktın işin hallarının gizlədilməsi məqsədi ilə etiraf olunmasına xüsusi diqqət yetirməlidirlər. Bu cür halların mövcudluğu müəyyən edilərsə, belə hərəkətlər qəbul olunmamaqla, mübahisəyə mahiyyəti üzrə baxılması davam etdirilməli və ya həmin faktlar ümumi qaydada sübut edilməlidir. 3.19. Nəzərə alınmalıdır ki, qeyd olunan mübahisələr üz rə iddianın predmeti borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı olduğundan, alınmış vəsaitin ailənin ümumi ehtiyaclarına sərf edilib-edilməməsi üzrə araşdırmanın aparılması tələb olunmur. Bu baxımdan həmin iş üzrə qəbul edilmiş məhkəmə aktında bununla bağlı hal müəyyən edilməməlidir, edildiyi halda isə ər-arvad arasında ümumi əmlak bölgüsünə dair mübahisələrdə hər hansı preyudisial əhəmiyyətə malik olmadığı nəzərə alınmalıdır.

55. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi, Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarda ifadə olunmuş hüquqi mövqelərə uyğun əsaslandırlmamışdır.

56. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəm ələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). 57.

44. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müz akirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

58. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1221/2023 nömrəli, 26 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar