Məhkəmə qərarları › İş №2(102)-1602/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1602/2022

27.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1602/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi 27.04.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2869/2021 nömrəli 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 27 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra - iddiaçı) məxsus “Nissan Sunny” markalı, **-CB-*** dövlət qeydiyyatlı nişanlı avtomobillə Cavabdeh (bundan sonra - cavabdeh) etibarnamə əsasında idarə etdiyi “Foton Forland” yük markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobil 24 oktyabr 2017-ci il tarixdə toqquşmuşdur.

2. Abşeron Rayon Məhkəməsinin 5 yanvar 2018-ci il tarixli inzibati xəta haqqında qərarı ilə cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş, ona 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilmişdir.

3. İddiaçı zərərin əvəzinin ödənilməsinə dair aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instan siya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “Nissan Sunny” markalı, **-CB-*** nömrə nişanlı avtomaşına vurulan ziyanın əvəzində 16724,50 manat maddi zərər, 10000 manat mənəvi zərər, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 26.754 manat 50 qəpik pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, toqquşma nəticəsində ona bədən xəsarətləri yetirilmiş, həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olmuşdur. İddiaçı iddia ərizəsinə yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanla bağlı qüsur aktı və digər sənədləri əlavə e dərək, cavabdehin təqsiri nəticəsində ona 16724 (on altı min yeddi yüz iyirmi dörd) manat 50 (əlli qəpik) məbləğində birbaşa maddi zərər vurulduğunu qeyd etmişdir.

6. İddia ərizəsinə məhkəmədə baxılan müddət ərzində avtomobilinin əzilməsi nəticəsində dəymiş maddi zərərlə bağlı “Qala” sığorta şirkəti tərəfindən iddiaçıya 5000 manat pul ödənildiyindən iddiaçı iddia tələbinin 5000 manat məbləğində azaldılaraq cavabdehdən onun xeyrinə ümumilikdə 21.754 manat 50 qəpik pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Abşeron Rayon Məhkəməsinin (hakim Ş.H.Nəcəfova) 5 aprel 2018-ci il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2018-ci il tarixli ekspert rəyi ilə “Nissan Sunny” markalı **CB-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərin məbləği 14402 manat müəyyən edilmişdir.

8. Abşeron Rayon Məhkəməsinin (hakim Ş.H.Nəcəfova) 14 iyun 2018-ci il tarixli, 2(012)-1552/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən “Nissan Sunny” markalı, **-CB-*** DQN dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərə və əlavə xərcə görə 9776,5 manat məbləğində maddi ziyan, 200 manat mənəvi ziyan və məhkəmədə iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun yarısı -15 manat-cəmi 9991,5 manat vəsaitin iddiaçının xeyrinə tutulması qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36.3 və 37-ci maddələrinin tələblərini pozmuş, başqa şəxsə zərər vurması ilə nəticələnən yol hərəkəti qay dalarının təqsirli şəkildə pozulmasına yol vermişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097 və 1108.1-ci maddələrinə istinad edərək, avtomaşına dəymiş zərərə görə cavabdehdən 9776,5 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddia tələbinin dəymiş mənəvi zərərə görə 10000 (on min) manatın cavabdehdən tutulması hissəsi üzrə qeyd etmişdir ki, cavabdeh tərəfindən vurulmuş zərərin nəticəsində psixoloji əzab və mənəvi sarsıntı keçirməsi ilə bağlı dəlilləri əsaslı olsa da, tələb olunan mənəvi zərər məbləği həddən artıq yüksəkdir. Məhkəmə işin hallarını, hüquq pozuntusunun tanındığını və buna görə müəyyən edilən kompensasiyanın məbləğini, həmçinin iddiaçının müalicə xərclə ri barədə hər hansı sənəd təqdim etməməsini nəzərə alaraq, iddiaçıya mənəvi ziyana görə 200 manat həddində pulun tutulmasını ədalətli və ağlabatan hesab etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər L.M.Məmmədova (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və T.O.Quliyev) 2(105)2869/2021 saylı mülki iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya şikayətində cavabdeh qətnamənin zərərin məbləği hissəsi ilə razı olmadığını bildirmiş, lakin buna dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Cavabde hin dəlillərinə isə qətnamədə araşdırılaraq hüquqi qiymət verilmişdir. Belə ki, cavabdeh dəymiş ziyanın məbləğini mübahisələndirsə də buna dair hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Ziyanın məbləği isə iş üzrə keçirilmiş ekspert rəyi ilə müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 10.05.2018-ci il tarixli rəyinin əsassız olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da hazırkı iş üzrə qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert r əyi sübut kimi qəbul edilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

13. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Məhkəmə Ekspertiza Mərkəzinin 15 may 2018-ci il tarixli ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksək olması əsası izah edilməmişdir. Belə ki, əvvəlki qiymətləndirmədə nə avtomaşının amortizasiyası, nə də ki real bazar qiyməti nəzərə alınmamışdır. Kassator qeyd edir ki, məhkəmə proseslərində iştirak etmədiyindən bu barədə müvafiq sübutlar təqdim etmək və vəsatətlər vermək imkanından məhrum olmuşdur. Kassator he sab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

16. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

18. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya dig ər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olm ayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halla rı araşdırması kimi qiymətləndirilməməlidir.

24. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Baxılan işin yuxarıda qeyd edilən hallarından görünür ki, cavabdehin təqsiri ucbatından baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə zərər dəymiş, cavabdeh törətdiyi əmələ görə inzibati məsuliyyətə cəlb olunmuş, məhkəmə tərəfindən həmin zərərin məbləği iş üzrə keçirilmiş ekspert rəyi ilə müəyyən edilmişdir.

27. Kassasiya şikayətinin iş üzrə verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2018-ci il tarixli ekspert rəyinin əsassız olması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın (qiymətləndirmənin) təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.

28. Kassator məhkəmə iclasında iştirak edə bilmədiyinə görə sübut və vəsatət vermək hüququndan məhrum olduğunu qeyd etsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2021-ci il tarixli məhkəmə iclasının protokolu ilə müəyyən edilir ki, cavabdeh təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi barədə vəsatət vermiş, cavabdehin iştirakı ilə keçirilən iclasda məhkəmə tərəfindən vəsatətə münasibət bildirilmiş, vəsatət təmin edilməmişdir.

29. Məhkəmə kollegiyası kassasiya şikayətinin işə baxılarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

30. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış v ə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2869/2021 nömrəli mülki iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar