Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1643/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı Məmmədova Sayad Səfərəli qızının cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1092/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Məmmədova Sayad Səfərəli qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmən in binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 2015-ci ildə iddiaçı Məmmədova Sayad Səfərəli qızı ilə bacısı qızı Cavabdeh arasında borc münasibəti yaranmış və 2019-cu ilin sentyabr ayında İddiaçı şikayətlə Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək Cavabdeh verdiyi 36.000 ABŞ dolları məbləğində borcun 16.000 ABŞ dollarının onun tərəfindən qaytarılmamasını əsas göstərməklə həmin pul məbləğinin cavabdehdən alınaraq ona qaytarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin oktyabr ayında N qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2015-ci ildə bacısı qızı Cavabdeh 36.000 ABŞ dolları məbləğində borc verməsini, sonuncunun həmin borcun 20.000 ABŞ dolları məbləğində hissəsini qa ytararaq, qalan borc məbləğini indiyə kimi qaytarmamasını əsas göstərməklə cavabdehdən onun xeyrinə 16.000 ABŞ dollarının tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8939/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim: A.İ.İsmayılov) iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı apelyasiya şikayəti verərək şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1092/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə) apellyasiya şikay əti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8939/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti vermiş və şikayətini iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İş üzrə İddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verməklə təmin olunmasını xahiş etmişlər. Cavabdehin vəkil i isə şikayətlə razılaşmayaraq iddianın rədd edilməsinin qanuni olmasını əsas göstərməklə şikayətin rədd edilməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hə rəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsin in mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd olunmasını qanuni sayarkən iddiaçının 16.000 ABŞ dolları məbləğində borcun necə yaranmasını (həmin dövrdə 1 ABŞ dolları 1 manat 05 qəpik olmuşdur) və tələbinin əsaslı olmasını sübuta yetirə bilməməsini əsas göstərmişdir. Kollegiya hesab edir ki, məhkəmə həmin nəticəyə cavabdehin ziddiyyətli izahatları əsasında və sübutları düzgün qiymətləndirilmədən gəldiyindən qətnamə qanuni sayıla bilməz. İş materiallarından görünür ki, 2015-ci ildə tərəflər arasında borc münasibəti yaranmaqla işin həmin halı hər iki tərəfin izahatları ilə təsdiq olunur. İddiaçıya görə o, cavabdehə 36.000 ABŞ dolları məbləğində borc vermiş və sonuncu həmin borcun 20.000 ABŞ dolları məbləğində hissəsinin əvəzi kimi ona 40.000 manat (1 ABŞ dollarının manata münasibətdə məzənnəsi 1 manat 92 qəpik olanda) qaytarmış, borcun 16.000 ABŞ dolları məbləğində hissəsi isə ona cavabdeh tərəfindən qaytarılmamışdır. Cavabdeh isə iddiaçıdan cəmi 27.000 manat məbləğində borc almasını və həmin borcun əvəzi kimi iddiaçıya faizləri ilə birlikdə 40.000 manat qaytarmasını bildirməklə iddianı qəbul etməsə də, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatında cavabdehin iddiaçıdan 36.000 ABŞ dolları məbləğində borc almasını etiraf etmişdir. Göründüyü kimi iddiaçının hazırda göstərdikləri həm borcun hansı valyutada verilməsinə, həm də onun məbləğinə münasibətdə cavabdehin göstərdiklərindən fərqlidir. Cavabdeh aldığı 27.000 manat məbləğində borcun əvəzinə iddiaçıya 40.000 manat qaytarmasının səbəbini həmin borcu iddiaçıdan faizlə götürməsi ilə izah etmişdir. Lakin cavabdeh borcu hansı faizlə iddiaçıdan götürməsini göstərməmiş və 40.000 manatın faizlərlə hesablanması qaydasını məhkəməyə təqdim etməmişdir. İddiaçı isə cavabdehin onun bacısı qızı olmasını əsas göstərməklə borcu ona faizlə verməsini qəti inkar etmişdir. Apellyasiya instansiyası məhkəməsinə görə İddiaçının iddia etdiyi 36.000 ABŞ dollarının cavabdehə verilməsi zamanı 1 ABŞ dolları həmin dövrün rəsmi məzənnəsinə əsasən 1 manat 05 qəpik hesabı ilə cəmi 37.800 manat təşkil etmiş, cavabdeh tərəfindən isə iddiaçıya 40.000 manat qaytarılmışdır. Belə olduqda iddiaçı 16.000 ABŞ dolları məbləğində borcun haradan yaranmasını sübut edə bilməmişdir. Cavabdeh aldığı 27.000 manat məbləğində borcun müqabilində faizlərlə birlikdə iddiaçıya 40.000 manat qaytarmasını bildirdiyi halda, apellyasiya instansiyası məhkəməsi cavabdehin irəli sürdüyü dəlilə uyğun olmayan nəticəyə, yəni 1 ABŞ dollarının 1 manat 05 qəpiyə bərabər olmasına əsaslanaraq hesab etmişdir ki, iddia olunan 36.000 ABŞ dolları cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi tərəflərdən heç birinin göstərdiklərinə əsaslanmamaqla ziddiyyətlidir və cavabdeh tərəfindən iddiaçıya borcun qaytarılması nəticəsinə gəlmək üçün əsas vermir. İddiaçı tərəfindən cavabdehə borcun ABŞ dolları ilə verilməsi iddia olunduğundan, borcun manatla qaytarılması halında borcun məbləği həmin ərəfədə mövcud olan rəsmi məzənnəyə uyğun hesablanmaqla qaytarıla bilərdi. Belə olduqda, qaytarılan ərəfədə 40.000 manat təxminən 20.000 ABŞ dollarına bərabər olur və iddiaçının tələb etdiyi 16.000 ABŞ dolları həmin hesabdan yaranır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hər iki tərəfin irəli sürdüyü dəlillərə eyni obyektivliklə qiymət verməmiş, mübahisəli hüquq münasibətində mü əyyənliyin yaranmasını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən hallar və istinad olunan sübutlar cavabdehin iddiaçı qarşısında yerinə yetirilməmiş öhdəliyinin qalıb-qalmaması barədə qəti nəticəyə gəlmək üçün əsas vermədiyindən, eləcə də qətnamə tərəflərin qarşılıqlı münasibətinə və qanunun tələblərinə uyğun əsaslandırılmadığında n qətnamə qanuni sayıla bilməz. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı N qızının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1092/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1643/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1643/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver