Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1676/2025 02.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “X8 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc müqaviləsi, öhdəliyin icra edilməməsi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı “X8 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-106/2025 nömrəli 21 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə 02 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “X8 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə (bundan sonra “iddiaçı” və ya “Bank”) X1 arasında bağlanmış 30 aprel 2013-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləyə əsasən sonuncuya 5 il müddətinə 7500 manat məbləğində kredit xətti açılmışdır.
2. X1 10 may 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Cavabdeh X1nun qızıdır.
3. Bank 19 may 2023-cü il tarixli məktubla Cavabdeh borcun ödənilməsini tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. 4. 26 may 2023-cü il tarixli maliyyə a rayışına əsasən, X1nun Banka 7184,30 manat əsas, 812,12 manat faiz, 2071,71 manat cərimə, 2,50 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu olmaqla, cəmi 10070,63 manat borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 aprel 2013-cü tarixli kredit müqaviləsi üzrə vərəsə Cavabdeh (bundan sonra “cavabdeh”) 7184,30 manat əsas, 812,12 manat faiz, 2071,71 manat cərimə, 2,50 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc olmaqla, cəmi 10070,63 manat borcun və dövlət büdcəsinə köçürülmüş 120,21 manat dövlət rüsumunun Bankın хeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbini belə əsaslandırılmışdır ki, Bank müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan X1 kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Banka daxil olmuş xx.xx.2022-ci tarixli, e-2(005)- 4848/2022 nömrəli məhkəmə qərardadından məlum olmuşdur ki, X1 10 may 2022-ci il tarixində vəfat etmişdir. ünvan ünvanlanan vəkil sorğusuna cavab olaraq Banka təqdim edilmiş 18 noyabr 2022-ci il tarixli reyestr 2V-376 nömrə ilə qeydiyyatı olan V-128/2022 saylı və 18 noyabr 2022-ci il tarixli reyestr 2V-377 nömrə ilə qeydiyyatı olan V-128/2022 saylı vərəsəlik işində olan qanun üzrə vərəsə lik hüququ haqqında şəhadətnamələrdən müəyyən olunmuşdur ki, Cavabdeh 10 may 2022-ci il tarixində vəfat etmiş X1nun yegana vərəsəsidir və o, miras əmlakdan tam hissədə pay almalıdır. Cavabdeh 18 yaşının 2024-cü il mart ayında tamam olması ilə əlaqədar V128/2022 saylı vərəsəlik işi üzrə müvafiq sənədləri onun əvəzinə qanuni nümayəndəsi və qəyyumu hesab olunan anası X2 imzalamışdır.
7. İddiaçı tələbinin hüququi əsası kimi Mülki Məcəllənin 385.1, 442, 445.1, 448.1, 739, 1306.1, 1306.2, 1309 və 1313-cü maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının iddianın əsası olaraq məhkəməyə təqdim etdiyi tərəflər arasında bağlanmış 30 aprel 2013-cü il tarixli müqaviləyə əsasən bank 5 il müddətinə 7500 manat məbləğində kredit kar tı limiti açır (kredit xətt), kart/əlavə kart sahibi işə həmin kredit limitini (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyon və həmçinin nəzərdə tutulmuş digər ödənişləri bu müqavilədə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı öhdəsinə götürür”. İddiaçının məhkəməyə təqdim etdiyi Bankla mərhum X1nun aralarında 30 aprel 2013-cü il tarixdə bağlanmış müqavilədən görünür ki, müqavilə 5 il müddətinə bağlanmış, müqavilə əsasında kredit alana kredit xətti açmaqla təqdim edilməsi nəzərdə tutulmuş 7500 manat vəsaitin nə vaxt, hansı tarixdə verilməsi, verilən tarixdən əsas və faiz borcundan hansı məbləğlərdə ödənişlər edilməsi hallarını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməsə də, tərəflər arasında bağlanmış müqavilə 5 il müddətinə bağlanmas ı və həmin müqavilənin müddəti bitdiyi gündən iddiaçının kredit alanın üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi səbəbindən iddiaçı Mülki Məcəllənin 373.2-ci maddənin tələblərinə uyğun olaraq üç il ərzində, yəni 30 aprel 2021-ci ilədək kredit alandan borcunu tələb edə bilərdi.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, e-2(011)5090/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X5 arasında xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilədən də göründüyü kimi 5 illik müddətinə 7500 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Belə olan halda, iddiaçı üçün iddia müddətinin axımı da həmin vaxtdan başlamışdır. İddiaçı M ülki Məcəllənin 373.2-ci maddəsinin tələblərinə uyğun olaraq 3 il ərzində yəni xx.xx.2021-ci il tarixədək kredit alandan borcunu tələb edə bilərdi. Lakin iş materiallarından görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də iddiaçı mövcud tələblə məhkəməyə müraciət edənədək göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
11. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş müqavilə tələbləri üzrə iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdeh də iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia rədd edilməlidir.
12. Birinci instansiya məhkəməsi Mülki Məc əlləsinin 72.1, 373.2, 374.1, 375.2, 376, 1133.1, 1151.1, 1243.2, 1243.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin borclunun vərəsəsi olmasın ı və mübahisələndirilən kredit müqaviləsi üzrə ödənişlər barədə məlumatsız ola bilməsini nəzərə almamışdır. Cavabdeh ərizə ilə müraciət edib iddia müddətinin tətbiqini istəmişdir. Lakin məhkəmə bu ərizədə göstərilən halların həqiqiliyini araşdırmamış, ərizəyə münasibətdə Bankın mövqeyini aydınlaşdırmamışdır. Bununla yanaşı, cavabdehin verdiyi ərizə elektron məhkəmə sistemində olmamışdır. Məhkəmənin mövgeyi ilə bağlı prosessual qanunvericiliyin tələbləri Banka münasibətdə gözlənilsəydi, o zaman məhkəməyə məlum olardı ki, kredit müddətinin və iddia müddətinin bitməsinə baxmayaraq borclu X1 kart kreditindən istifadə etmiş və kredit borcu üzrə mütəmadi ardıcıl odənişlər (mədaxillər) həyata keçirmişdir. Məhkəmənin bu hissədə araşdırması tam dolğun və hərtərəfli olması, işin bütün hallarına obye ktiv yanaşması olduğu təqdirdə cavabdehdən və habelə məhkəmə tapşırığı əsasında Bankdan kredit kartının istifadəsi hissəsi araşdırılmalı idi. Belə ki, kart krediti barədə hesabdan çıxarışdan göründüyü kimi, müqavilə üzrə icra müddəti xx.xx.2018-ci il tarixdə, iddia müddəti isə xx.xx.2021-ci il tarixdə bitməsinə baxmayaraq borclu X1 xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək kart krediti limitindən kifayət qədər aktiv istifadə etmişdir. Lakin məhkəmə cavabdehin ərizəsinə kartın istifadəsi ilə bağlı məqamları aydınlaşdırmamış və nəticədə yalnış nəticəyə qəlmişdir. Beləliklə də, borclunun kart hesabından çıxarışından da göründüyü kimi, borclu kredit müddətinin bitməsinə baxmayaraq ardıcıl odənişlərini həyata keçirmiş, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etmişdi r. Belə olan təqdirdə iddia müddətinin axımı kəsilmişdir. Lakin göründüyü kimi bu hissədə məhkəmə tərəfindən müvafiq araşdırma aparılmamışdır. Cavabdehin borcla bağlı Banka müraciət etməsini, Bank əməkdaşının borcunun olmaması bağlı verdiyi izahı ilə bağlı sübut edən dəlil məhkəməyə təqdim edilməməsinə və məhkəmənin də bu halla bağlı sübut təqdim etməsini cavabdehdən tələb etməməsinə baxmayaraq, məhkəmə bunun işin faktiki halı kimi qiymətləndirmişdir. Qanunvericiliyin tələblərinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Görundüyü kimi cavabdehin ərizəsinə baxan məhkəmə, ərizədə göstərilənləri sübut etmək vəzifəsindən cavabdehi azad etmişdir. Halbuki, yalnız hamıya bəlli olan hallar və ya faktla r mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Banka isə cavabdehin ərizəsində göstərilənləri təqzib etmək üçün şərait yaradılmamışdır.
15. Cavabdeh apellyasiya şikayətinə etiraz vermişdir. Etiraz onunla əsaslandırlıb ki, iddiaçı tərəfindən qanunvericiliyin normalarının tələblərinə zidd olaraq apellyasiya şikayətinə əlavə edərək, məhkəmə kollegiyasına təqdim etdiyi tarixi, qeydiyyat nömrəsi qeyd edilməmiş 30 aprel 2013-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi üzrə bank hesabına mədaxil cədvəli iş üzrə sübut olaraq qəbul edilərək araşdırıla bilməz. Çünki həmin sənəd hazırki iddia tələbi ilə tam uyğunsuzluq təşkil edir. Belə ki, həmin cədvəldə mərhum X1ə 30 aprel 2013-cü il tarixdə 7500 manat kredit verilməsi və vəfat edən günə onun banka hər ay ödənişlər etməsi müəyyən edildiyi halda, onun vəfat edən günə 7184 manat borcun qalmasını təsdiq edən hallar öz əksini tapmamış, hətta 10 may 2022- ci il tarixdə vəfat etmiş X1 tərəfindən bank hesabına 02 sentyabr 2022-ci il, 03 sentyabr 2022-ci il, 04 sentyabr 2022-ci il, 05 sentyabr 2022-ci il və 01 oktyabr 2022-ci il tarixlərdə müxtəlif məbləğlərdə ödənişlər etməsinə dair məlumatlar əks etdirilməsi həmin sənədin həqiqətə uyğun olmaması, saxta olmasın dəlalət edir. Buna görə də birinci instansiya məhkəməsinin iddiaçının mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyünü əsas gətirməklə iddianın təmin edilməməsinə dair gəldiyi nəticə əsaslı hesab edilməlidir.
16. Apellyasiya instansiyası məhkəməs i iş üzrə kompleks məhkəmə-mühasibatlıq və məhkəmə-kompüter-texniki ekspertizası təyin etmişdir.
17. Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2024-cü il tarixli, 5/802-9/5534 nömrəli rəyinə əsasən, ekspertiza qarşısında qoyulmuş suallar "xxxx" MMC-nin Təhlükəsizlik departamentinin direktoru vəzifəsində çalışan X4 tərəfindən 13 sentyabr 2024-cü il tarixli, 34/079 nömrəli rəydə cavablandırılmışdır (əlavə olunur). Ekspertin vəsatətinə cavab olaraq hər hansı sənəd təqdim edilmədiyi üçün mühasibatlıq ekspertizasını aparılması isə mümkün olmamışdır. 18. "xxxx" MMC-nin təhlükəsizlik departamentinin direktoru X4 tərəfindən verilmiş rəyin nəticə hissəsində qeyd olunmuşdur: X1in istifadəsindəki “X8 Azərbaycan” QSC-nin məhsulu olan ödəniş kartı ilə sonuncu dəfə əməliyyat 26 aprel 2022-ci il tarixdə olub; - 09 may 2022-ci il tarixdə MilliÖN ödəmə terminalı vasitəsilə kart hesabına 785 manat pul vəsaiti qoyulub; - X1ın istifadəsindəki “X8 Azərbaycan” QSC-nin məhsulu olan ödəniş kartının istifadə müddəti bitdikdən sonra kartdan istifadə halı müəyyən olunmayıb.
19. Apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC-nin təhlükəsizlik departamentinin direktoru X3 verdiyi rəylə bağlı dindirmişdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-106/2025 nömrəli 21 yanvar 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev, Məhəmməd Rüstəmli)
21. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiq barədə ərizənin cavabdeh tərəfindən elektron məhkəmə informasiya sisteminə yerləşdirilməməsi barədə iddiaçının apellyasiya şikayətinin dəlili üzrə qeyd etmişdir ki, iddia müddətinin tətbiqi barədə ərizə 31 iyul 2023-cü il tarixdə elektron kabinetə yerləşdirilmiş, 01 avqust 2023-cü il tarixdə məhkəmənin hazırlıq iclası keçirilərək məhkəmə baxışı iclası 15 avqust 2023-cü il tarixə təyin edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının 01 avqust 2023-cü il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclasının iştirakı olmadan keçirilməsi ilə bağlı ərizəsini nəzərə almışdır. Bundan sonra iddiaçı yenidən ərizə ilə müraciət edərək 15 avqust 2023cü il tarixə təyin olunmuş məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibət bildirməyə imkanı olduğu halda bu imkandan istifadə etməmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən halla bağlı hər hansı bir prosessual pozuntuya yol verilməmişdir.
22. Birinci instansiya məhkəməsinin cavabdehdən və habelə məhkəmə tapşırığı əsasında Bankdan kredit kartının istifadəsi hissəsini araşdırmalı olması, kart krediti barədə hesabdan çıxarışa əsasən müqavilə üzrə icra müddətinin xx.xx.2018-ci il tarixdə, iddia müddətinin isə xx.xx.2021-ci il tarixdə bitməsinə baxmayaraq borclu X1nun xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək kart krediti limitindən kifayət qədər aktiv istifadə etməsinin aydınlaşdırmaması barədə apellyasiya şikayətini dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, iddia müddətinin tətbiqi barədə ərizə el ektron kabinetə yerləşdirildiyi halda ərizəyə etiraz və etirazı əsaslandıran sübutları təqdim etmək iddiaçının hüququ olmuş, bu, məhkəmənin vəzifəsi hesab edilə bilməz. İddiaçı isə bu hüququndan istifadə etməmiş, həmin sübutları yalnız apellyasiya şikayətinə əlavə etmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, müqavilə üzrə öhdəliklərin icra müddəti 30 aprel 2018-ci il tarixdə başa çatdığından bu müqavilə üzrə iddia müddəti 30 aprel 2021-ci il tarixdə bitmişdir. Bu hal işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyi üçün bu xüsusat işin mübahisələndirilməyən halı hesab edilir.
24. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə tərəflər arasında müqavilə münasibətlərinin davam etdirilməsi üçün həmin müqaviləyə əlavə və ya dəyişiklik olunmalı və ya yeni m üqavilə bağlanmalı idi. Tərəflər arasında bağlanmış müqavilə yazılı formada olduğu üçün əlavə və dəyişikliklərin də yazılı formada bağlanması qanunvericiliyin tələbidir. (MM, 423.1). Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Lakin tərəflər arasında belə bir razılaşma mövcud deyildir. İddiaçı tərəfindən mübahisələnidirilən hal borclu X1 tərəfindən xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək kreditdən istifadə olunması, kart vasitəsilə ödənişlər aparılmasıdır.
25. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, "xxxx" MMC-nin təhlükəsizlik departamentinin direktoru X4 tərəfindən verilmiş rəyin təsviri hissəsində bunlar qeyd edilib: “xx.xx.2018-ci il tarixində X6 çağrı mərkəzinə zəng etmiş və onun istifadəsində olan ödəniş kartının müddətinin bitdiyini və hər hansı əməliyyat edə bilmədiyini bildirmişdir. Buna cavab olaraq bank çağrı mərkəzinin əməkdaşı tərəfindən X1a ödəniş kartının yenilənməsi təklif olunmuş və X1 bu təklifə müsbət cavab vermişdir. Qarşı tərəfin razılığı əsasında X1a yeni kart hazırlanmış (öncəki kart ilə eyni nömrəli) və X1ə “XXXX” çatdırma şirkəti ilə 13 iyun 2018-ci il tarixində təhvil verilmişdir. Bu kartdan dəfələrlə ödənişin həyata keçirilməsi bank tərəfindən təqdim edilmiş məlumatlar əsasında təsdiq edilmişdir. Dinlədiyim digər səs yazısına əsasən 10 avqust 2021-ci il tarixində bankın çağrı mərkəzindən X1a zəng edilmiş və mövcud kartının bankın yeni məhsullarından olan təmassız kart ilə əvəz o lunması təklifi verilmiş və X1 buna müsbət cavab vermişdir. Bank yeni, təmassız kart (öncəki kart ilə eyni nömrəli) hazırlamış və X1a təhvil götürməsi üçün 28 may filialına göndərilmişdir. Bu kart X1 tərəfindən götürülməmiş və 29 aprel 2022-ci il tarixində ləğv edilmişdir. Bank tərəfindən təqdim edilmiş əməliyyat tarixçəsinə əsasən X1ın istifadəsində olan kartla ödənişin (alış veriş) sonuncu dəfə 26 aprel 2022-ci il tarixində həyata keçirildiyi müəyyən olunmuşdur. Tədqiqat zamanı qeyd olunan kartın X1a XXXX” çatdırma xidməti tərəfindən təhvil verilməsi barədə sübut ancaq həmin şirkət tərəfindən təqdim edilən təhvil verilmə əməliyyatlarının siyahısı idi ki, həmin siyahıda da X1ın kartı təhvil götürməsini təsdiqləyən imzası yox idi.”.
26. Apellyasiya instansiyası məhkəməsi mütəxəssis rəyinə əsasən belə nəticəyə gəlmişdir ki, 30 aprel 2013-cü il tarixli müqavilə əsasında X1ə təhvil verilmiş kartın istifadə müddəti 30 aprel 2018-ci il tarixdə başa çatmış və bu müddətdən sonra kartdan istifadə halı müəyyən olunmamışdır (rəyin nəticəvi hissəsinin 3-cü bəndi). Müqavilə münasibətlərinin davam etdirilməsi qənaətinə gəlinməsi üçün yuxarıda qeyd olunduğu kimi hər hansı bir müqavilə (uzadılma, əlavə və s.) mövcud deyildir. Bank tərəfindən hazırlanmış yeni kart üzrə tərəflərin öhdəlik münasibətlərinin yaranması üçün ən azı həmin kartın X1ə təhvil verilməsini təsdiq edən sübut olmalı idi. Lakin rəylə sübut olunmuşdur ki, yeni kartın X1ə “XXXX” çatdırma şirkəti ilə təhvil verilməsi sübuta yetirilmir, yenidən hazırlanmış təmassız kart (öncəki kart ilə eyni nömrəli) X1ə təhvil götürməsi ü çün 28 may filialına göndərilsə də, götürülmədiyindən 29 aprel 2022-ci il tarixində ləğv edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, müqavilə münasibətlərinin davam etdirilməsi qənaətinə gəlinməsi üçün yuxarıda qeyd olunduğu kimi hər hansı bir müqavilə (uzadılma, əlavə və s.) mövcud deyildir. Bank tərəfindən hazırlanmış yeni kart üzrə tərəflərin öhdəlik münasibətlərinin yaranması üçün ən azı həmin kartın X1a təhvil verilməsini təsdiq edən sübut olmalı idi.
28. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, iddaçı apellyasiya şikayətində kartdan mərhum tərəfindən istifadə olunmasına istinad etsə də, apellyasiya baxışında araşdırmanın davam etdirildiyi uzun müddət ərzində kartdan X1 tərəfindən istifadə edilməsini təsdiq edən hər hansı bir sü but (videogörüntü) məhkəməyə təqdim olunmamışdır. Buna görə də kartdan müqavilə müddəti bitdikdən sonra istifadə olunmasının məhz son zamanlar məhkəmə təcrübəsində geniş istifadə olunan, Konstitusiya Məhkəməsinin bəzi qərarlarında vurğulanan mövqeyə uyğun olaraq “şəxsin sonrakı davranışları ilə müqavilə şərtlərini qəbul etməsi, əqdin bəyənilməsi” kimi qiymətləndiriliməsi də mümkün deyildir.
29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 372.1, 372.1, 373.2, 375.1, 375.2, 377.1, 377.2, 378, 380.1, 380.2, 421.1, 423.1, 442, 739.1, 739.2, 1133.1, 1151.1, 1243.2, 1243.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qəra r çıxarılmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti Mülki Məcəllənin 5.3, 16.1, 377.1, 1309-cu, MPM-in 88 və 217-ci maddələrinə istinad edilməklə onunla əsaslandırlmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiqi barədə cavabdehlərin ərizəsini nəzərə alaraq, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla, maddi hüquq normasının tələblərinə formal yanaşmışmışdır. Hazırkı işdə, iddia müddətinin axımının kəsilməsi üzrə iddiaçının təqdim etdiyi sübutları kifayət hesab etməyən məhkəmə əlavə sübutetmə vəzifəsini də iddiaçının üzərinə qoymaqla, sübutetmə yükünün düzgün bölüşdürülməsini təmin etməmişdir. Bundan əlavə, iddianın təmin edilməməsinin digər əsası kimi, apellyasiya instansiyası məhkəməs i qeyd etmişdir ki, “Müqavilə üzrə öhdəliklərin icra müddəti 30 aprel 2018-ci il tarixdə başa çatdığından bu müqavilə üzrə iddia müddəti isə 30 aprel 2021-ci il tarixdə bitmişdir. Tərəflər arasında müqavilə münasibətlərinin davam etdirilməsi üçün həmin müqaviləyə əlavə və ya dəyişiklik olunmalı və ya yeni müqavilə bağlanmalı idi. Tərəflər arasında bağlanmış müqavilə yazılı formada olduğu üçün əlavə və dəyişikliklərin də yazılı formada bağlanması qanunvericiliyin tələbidir.” Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqinə belə formal yanaşılması əsaslı hesab edilə bilməz. İşə baxan məhkəmə tam hüquqlu məhkəmə kimi, bank tərəfindən təqdim edilən sübutlara düzgün qiymət verməməklə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin sübutlarla təsdiq olunmuşdur ki, cavabdeh vərəsələr tərəfindən miras əmlak xx.xx.2022-ci il tarixdə qəbul edilmiş və həmin şəxslər bu barədə kreditoru məlumatlandırmamışlar. Bu səbəbdən də, vərəsələr müəyyən edilmədən iddiaçı - kreditorun ölənin borclarının cavabdeh vərəsələrdən tutulmasına dair iddia qaldırmaq imkanından məhrum olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
368. Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Maddə 369.1. İllərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır. Yarım illə mü əyyənləşdirilmiş müddətə aylarla hesablanan müddətlər üçün qaydalar tətbiq edilir. Həm də yarım il altı ay bərabər sayılır, yarım il isə ilin əvvəlindən hesablanmağa başlanır. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi əri zə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə
378. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən baş lanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarı İddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların to planmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarı Məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyə tlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqd irdə yarana bilən ədalətsizliyin qarşısını alır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Pl enumunun 2013-cü il 3 iyun tarixli Qərarı İşin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkə məsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və pr osessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları da müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Apellyasiya məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
38. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, borcun qaytarılması barədədir.
39. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, tərəflər borc alanla Bak arasında bağlanmış 30 aprel 2013-cü il tarixli “bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə”dən irəli gələn tələb üzrə iddia müddət keçmişdir.
40. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddia mü ddətinin ötürülməsi müəyyən edildiyi üçün iddia müddətini nizama salan Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tətbiqi işin hallarına uyğun olmuşdur. Tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş halları ilə uyğun gəlir.
41. Məhkəmə kollegiyası iddia tələbi üzrə apellyasiya instansiyası məhkəməsinin hüquqi dəyərləndirməsi və tətbiq etdiyi maddi və prosessual hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbi, iddia müddətinin axımının başlanması, bitməsi, müddətin kəsilməməsi ilə bağlı məsələlərə tam aydınlıq gətirmişdir.
42. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edil məsinə dair” 3 iyun 2013-cü il Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.
43. Məhkəmə kollegiyası Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyi baxımından apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, iddia müddətinin keçməsi əsası ilə iddianı rədd edən apellyasiya instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı nəticəyə gəlmişdir.
44. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqla rının pozulmasına gətirib çıxarardı (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 27 dekabr 2001ci il tarixli Qərarı).
45. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər iddia müddətinin kəsilməsinə görə həmin müddətin ötməməsi barədədir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi iddia müddətinin ötməməsi barədə iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət vermiş, bu məqsədlə mütəxəssis rəyi almış, rəyi verən mütəxəssisi dindirmiş, iddiaçının bununla bağlı sübut təqdim etməməsini göstərərək işdəki mövcud sübutlar əsasında iddia müddətinin ötürülməsi nəticəsinə gəlmişdir.
46. İddia müddətinin ötürülmə(mə)si barədə sübutetmə yükünün düzgün bölüşdürülməməsi barədə k assasiya şikayətinin dəlilləri də əsassızdır.
47. İddia müddətinin ötməsini cavabdeh müqavilənin 2013-cü ildə bağlanması, müqavilə üzrə öhdəliyin 5 il müəyyən edilməsi, bu müddətin 2018-ci ilin müvafiq ay və günündə bitməsi, 3 illik iddia müddəti nəzərə alınmaqla hazırki iddianın müddət keçəndən sonra – 2023-cü ildə verilməsini bildirməklə əsaslandırmışdır.
48. Mülki Məcəllənin müddətlərin başlanması və qurtarmasını müəyyən edən 368 və 369.1-ci maddələrinə uyğun olaraq müddətin təqvim tarixindən götürülməklə keçməsi qanuni prezumpsiya baxımından, cavabdehin dəlillərinin əsassız olmamasını göstərmişdir. Çünki müqavilənin bağlanması və onun qüvvədə olma tarixini hesablamaqla apellyasiya instansiyası məhkəməsi müəyyən edib ki, 3 illik iddia müddəti 30 aprel 2021-ci il tarixində bitməli idi. İ ddiaçı isə hazırki iddia ərizəsi ilə 2023-cü ildə məhkəməyə müraciət etmişdir. Yəni qanuni prezumpsiyaya görə müddətin keçməsi mübahisə doğurmur və cavabdehin bu barədə ərizə verməsi ilə onun müddətin ötürülməsi barədə sübut etmə vəzifəsi burada bitir.
49. Bundan sonra isə sübutetmə vəzifəsi dəyişir, prezumpsiyanın əksini, yəni müddətin ötürülməməsini, müddətin kəsilməsini (dayanmasını), yəni müddətinin axımının nə vaxtdan başlamalı olmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
50. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, on un təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur.
51. Həmçinin nəzərə alınmalıdır ki, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır, yəni təkzib edilə bilər. Bunun üçün ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər.
52. Bundan əlavə, iddia müddətinin kəsilməsinə yönələn hərəkət həmin müddətin daxilində olmalıdır. Başqa sözlə, iddia müddəti mövcud olmalıdır ki, müəyyən hərəkətlərlə onun kəsilməsi də mümkün olsun. Qeyd edildiyi kimi iddiaçı tərəf hazırki işin halları baxımından prezumpsiyanı aradan qaldıran – müddətin kəsilməsinə dair hər hansı sübut təqdim etməmişdir.
53. Məhkəmə kollegiyası izah edir ki, qanuni prezumpsiyaya söykənərək iddia müddətinin ötməsi barədə ərizə ver ilməsi cavabdehin üzərində düşdüyü halda, onun ötürülməməsini sübut etmək vəzifəsi də iddiaçının üzərində düşür. 54.Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: iddiaçı “X8 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-106/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.