Məhkəmə qərarları › İş №2(102)-1702/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1702/2019

01.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1702/2019 01.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 18 sentyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ucar rayon Məhkəməsinin 13 iyul 2018-cı il tarixli qətnaməsi ilə (hakim H.Xəlilov) İddiaçı Cavabdeh qarşı borc tələbinə dair i ddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Şükürov, hakimlər M.Hüseynov və R.Əliyev) Ucar rayon Məhkəməsinin 13 iyul 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 18 sentyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qə rar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı borcun məcburi qaydada alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun cavabdehə qarşı borcun məcburi qaydada alınması tələbinə dair iddia müddətinin tərəfindən üzrlü səbəbdən buraxılmış hesab edilməsi, ünvan 1 ünvanda yaşayan cavabdehdən 146900 manat borcun və dövlət rüsumu hesabına ödəmiş olduğu 30 manat pulun, cəmi 146930 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə tərəflər arasında 07 mart 2013-cü ildə notarial qaydada təsdiq edilmiş borc (kredit) müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə iddiaçı 05 may 2013-cü ildə qaytarmaq şərti ilə cavabdehə 150.000 manat pul borc vermiş, sonuncu məbləği vaxtında qayta rmağı öhdəsinə götürmüşdür. İddiaçı Ucar rayonu məhkəməsinin 29 yanvar 2014-cü il tarixli hökmü ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökm Şirvan Apellyasiya Məhkəməsinin 28 yanvar 2015-ci il tarixli qərarı ilə dəyişdirilərək iddiaçıya 3 il 11 ay 3 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhər Xətai rayonu məhkəməsinin 04 may 2017-ci il tarixli qərarı ilə iddiaçının məntəqə tipli cəzaçəkmə müəssəsinə keçirilməsi qərara alınmışdır. İddiaçı bildirir ki, 07.03.2013-cü il tarixli müqavilə ilə cavabdehə 150.000 manat borc pul vermişdir. Cavabdeh ondan aldığı puldan 3100 manat pul qaytarmışdır lakin cavabdeh pulun 146900 manat məbləği könüllü qaytarmaqdan imtina edir. Azadlıqdan məhrumetmə cəzasına məhkum ed ildiyindən iddia müddətini üzürlü səbəbdən buraxmışdır. İddiaçı qeyd edilən əsasa görə hesab edir ki, iddia müddəti tərəfindən üzürlü səbəbdən buraxıldığından mübahisəyə iddia müddəti tətbiq edilməməlidir. Cavabdeh bildirir ki, iddiaçıdan 04 may 2010-cu ildə aylıq 10%-lə 20.000 manat məbləğində pul borc almışdır. Həmin borca görə 10.000 manat pul ödəmiş, lakin maddi imkanı olmadığına görə sonradan faizləri ödəyə bilməmişdir. 07 mart 2013-cü il tarixli müqavilədə göstərilən 150.000 manat məbləğ 2010-cu ildə, bağladığı borc müqaviləsinə görə iddiaçının hesabladığı faizlərdir. Cavabdeh hesab edir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Ona görə də mübahisəyə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilə n qaydada həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı iddia müddətini ötürmüşdür və iddia müddətinin ötürülməsinin üzürlü sayılması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır. İşin mübahisə edilməyən hallarından göründüyü kimi hazırkı iş üzrə mübahisə müqavilə tələblərindən doğan mübahisədir. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə mübahisəyə müqavilə tələblərindən doğan münasibətləri nizama salan maddi hüquq normasını düzgün tətbiq etsə də iddia müddətinin axımının başlandığı günü düzgün müəyyən etməmiş və qeyd edilən halın müəyyən edilməsi üçün hər hansı bir araşdırma aparmamışdır. Belə ki, iddiaçı verdiyi iddia ərizəsində və qətnamədən verdiyi apellyasiya şikayətində cavabdehin ona 150.000 manat puldan 3100 manat pulu qaytardığını, bu pulun 100 manatını o, həbsdə olduğu vaxt cavabdeh tərəfindən qızına verildiyini göstərmişdir. Azərbaycan Respublikası MM-nin 380-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddənin məzmunundan göründüyü kimi iddiaçının irəli sürdüyü dəlilləri araşdırmadan iddia müddətinin axımının başlandığı günü müəyyən etmək mümkün deyildir. Belə ki, cavabdeh tərəfindən borcun bir hissəsinin qaytarıldığı barədə iddiaçının dəlilləri təsdiq edildiyi halda iddia müddətinin axımı 05 may 2013-cü ildən deyil, cavabdeh tərəfindən sonuncu dəfə öhdəliklərin icra edildiyi tarixdən başlamalıdır. Göründüyü kimi hazırkı işdə iddia müddətinin tətbiqi baxımından 3100 manat pulun cavabdeh tərəfindən iddiaçıya qaytarılıb-qaytarılmaması, qaytarılması təsdiq edildiyi halda, məhz nə vaxt qaytarılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, qeyd edilən hallar müəyyən edilmədən məhkəmə tərəfindən mübahisəyə iddia müddətinin tətbiq edilməsi qanuni və əsaslı sayıla bilməz. Beləliklə işin göstərilən halları onu təsbit edir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar