Məhkəmə qərarları › İş №2(102)-1736/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1736/2019

28.02.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1736/2019 28.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1736/2019 Bakı şəhəri 28 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator Cavabdeh iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(011)-5155/20 18, hakim L.O.Talıbova) İddiaçı iddiası təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 aprel 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmış, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən 20.12.2008-ci il təvəllüdlü X2 və X1yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-10913/2018, hakimlər X.Ə.Sarıyev, M.A.Məmmədov və E.E.Nağıyeva) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli qətnaməsi “alimentin sabit pul məbləğində artırılması” hissəsində ləğv edilərək, həmin hissə də iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, 20.12.2008-ci il təvəllüdlü X2 və X1yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancının 1/3 hissəsi və hər ay hər uşağa görə 71 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qətnamə qalan hissələrdə- Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 aprel 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılması, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq alimentin tutulması hissələrində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 aprel 2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 12 iyul 2007-ci il tarixdə bağlanmış nikah pozulmuş, 20.12.2008-ci il təvəllüdlü X2 və X1 İddiaçı yanında saxlanılmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancının 1/3 hissəsi miqdarında və hər uşağa görə 45,5 manat olmaqla iki uşağa görə əlavə olaraq 91 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı 05.09.2017-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hər uşağın saxlanılması üçün 154 manat olmaqla, hər ay cəmi 308 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə istinad etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi qanunvericiliyin tələblərinə düzgün istinad etməmiş, qanunsuz, əsassız, qeyri-obyektiv, iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam və hərtərəfli araşdırmadan qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə kassatorun yeganə gəlir yerinin işlədiyi təşkilat olduğunu, ikinci nikahından iki övladı olmasını, iddiaçının iki iş yerində işləməklə yüksək gəlirinin olmasını nəzərə almamışdır. İddiaçı tərəfindən kassasiya şikayətinə yazılı etiraz verilmişdir. Məhkəmə kollegiyasının iclasında kassator vəkilsiz iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilən iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılması təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsi ilə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad etmənin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə istənilən tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76-cı maddəsi ilə uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ali ment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2018-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 154 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd edildiyi kimi məhkəmə qətnaməsi ilə cavabdehdən Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə uyğun olaraq həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının 1/3 hissəsi kimi aliment tutulması müəyyən eidilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, aliment müəyyən edildikdən sonra uşaqların tələbatları çoxalmış və respublikada uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumu artmışdır. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdehin aylıq əmək haqqı hazırda 500 manat təşkil etdiyindən onun 1/3 hissəsi 166 manat iki üşağın hər biri üçün 83 manat təşkil edir. Belə olan halda alimentin məbləği 2018-ci il uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumundan aşağı məbləğ olacaq. Bu halda kollegiya belə qənaətə gəlmişdir ki, cavabdehin aylıq əmək haqqından iki uşaq üçün 1/3 hissəsi, həmçinin hər uşaq üçün 71 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbayc an Respublikasının Ailə Məcəlləsinin 76, 78, 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında göstərildiyi kimi nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə aliment tutulmasının əsaslarını müəyyən edən ailə qanunvericliyinin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normalar ı düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən Gündüz Quliyev Hakimlər Əsəd Mirzəliyev Tatyana Qoldman

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar