Məhkəmə qərarları › İş №2(102)-1756/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1756/2019

07.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1756/2019 07.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1nun və vəkili Atakişiyev Gürsel Firəddin oğlunun, cavabdeh x2 və vəkili Kərimov Siracəddin Allahverdi oğlunun iştirakı ilə, iddiaçı x1nun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli, 2(004)2938/2018 saylı qətnaməsi ilə (hakim T.Axundov) iddiaçı x1nun cavabdeh x2, müstəqil tələb irəli sürm əyən üçüncü şəxs 53 saylı Notariat Kontoru qarşı x3-nin əvvəllər x1nun mülkiyyətində olmuş səhmlərinin cavabdeh x2 mülkiyyətinə keçməsini müəyyən edən 27 mart 2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin səhmlər üzərində mülkiyyət hüququnun bərpa edilməsi barədə iddiası təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10515/2018 saylı, 09 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Qurbanov, E.Nəbiyev və A.İmanov) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2938/2018 saylı, 09 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı x1 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10515/2018 saylı, 09 oktyabr 2018-ci il t arixli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdeh x2 qarşı səhmlərin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və səhmlər üzərində mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək x3-nin əvvələr x1nun mülkiyyətində olmuş səhmlərinin cavabdeh x2 mülkiyyətinə keçməsini müəyyən edən 27 mart 2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin səhmlər üzərində mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, x1 x3-nin təsisçisi, bütün (146270 manat dəyərində olan 73135 ədəd) səhmlərinin mülkiyyətçisi, Cəmiyyətin idarə heyətinin sədri olmuş və Cəmiyyəti Dövlət Əmlak Komitəsinin 27 oktyabr 1997-ci il tarixli 214 saylı sərəncamı ilə təsdiq olunmuş Özəlləşdirmə planına (emissiya prospekti) əsasən özəlləşdirmişdir. Onun x4 borcu olduğuna görə həmin borcun təminatı olaraq x4 qohumu x5 29 noyabr 2012-ci il tarixdə x3-nin ona məxsus olan səhmlərinə dair sərəncam vermə hüququnu nəzərdə tutan 1 (bir) illik etibarnamə vermişdir. Lakin həmin tarixdən 1 il keçməmiş həmin borcu x4 qaytarmışdır. Bu yaxınlarda ona məlum olmuşdur ki, Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrində x3-nin rəhbəri kimi o yox, x6 göstərilmişdir. Daha sonra Milli Depozit Mərkəzinə sorğu verərək öyrənmişdir ki, Cəmiyyətin əvvəllər ona məxsus olan səhmləri 27 mart 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Belə ki, Bakı şəhəri 53 №-li Notariat Konturunun notariusu x7 tər əfindən təsdiq olunmuş 27 mart 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən x5 29 noyabr 2012-ci il tarixli etibarnamə əsasında onun adından x3nin nizamnamə kapitalında ona məxsus olan 146270 manat dəyərində olan 73135 ədəd adi adlı səhmləri tam olaraq x2 1000 manata satmışdır. x2 isə öz növbəsində onu vəzifədən azad edərək x6nu direktor vəzifəsinə təyin etmişdir. Etibarnamə verdiyi x5 isə bildirir ki, həmin etibarnamə qüvvədə olduğu müddət ərzində o səhmlərin alqı-satqısı ilə bağlı heç bir sənəd imzalamamış, səhmlərin satılması ilə bağlı ona heç bir pul vəsaiti təqdim edilməmiş, eləcə də, qeyd olunan müqavilədə göstərilmiş vəsaitin onun tərəfdən qəbul edilməsi ilə əlaqədar heç bir qəbz imzalamamışdır. Müqavilənin imzalandığı 2013-cü il tarixdə deyil, yalnız 2015-ci ildə dayısı - x4 o na zəng edib tapşırmışdır ki, gedib Bakı şəhəri 53 №-li Notariat Konturunda x3 ilə bağlı müəyyən sənədlərə qol çəksin. O da orta təhsilli olduğu üçün, həmin sənədləri başa düşmədən, oxumadan imzalamışdır. Bu isə o deməkdir ki, müqavilə bağlanarkən saxtakarlığa yol verilmişdir. x5 sadəcə 2015-ci ildə həmin etibarnamə ilə bağlı müəyyən sənədləri imzalamışdır ki, bu isə müqavilənin imzalandığı tarixlə uyğun gəlmir. Həmçinin bildirmək istəyir ki, bağlanmış alqı-satqı müqaviləsindən açıq-aşkar görünür ki, əqd ona münasibətdə son dərəcə əlverişsiz şərtlərlə bağlanmışdır. Belə ki, müqavilənin özündə də qeyd edildiyi kimi səhmlərin nominal dəyəri 146270 manat olduğu halda (real dəyəri bundan bir neçə dəfə çoxdur), həmin səhmlər nominal dəyərindən belə qat-qat aşağı qiymətə - cəmi 1000 (min) manata x2 satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2, 347, 337.1 337.2, 337.3 və 337.4-cü maddələrinə əsasən hesab edir ki, x3-nin əvvəllər onun mülkiyyətində olmuş səhmlərinin cavabdeh x2 mülkiyyətinə keçməsini müəyyən edən 27 mart 2013-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin səhmlər üzərində Mülkiyyət hüququ bərpa edilməlidir İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)10515/2018 saylı, 09 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə qəra r qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x1 və vəkili Atakişiyev Gürsel Firəddin oğlu oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdeh x2 və vəkili Kərimov Siracəddin Allahverdi oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, tərəfləri və vəkillərini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilm ədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. İddiaçı əqdin iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərtin pozulduğunu iddia edir. Belə ki, o, bildirir ki, mübahisələndirilən müqavilə onun iradə ifadəsinə uyğun bağlanılmamışdır. Bu əsaslarla əqdin mübahisələndirilməsi Mülki Məcəllənin 337.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən alqı-satqı müqavil əsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması qənaətinə gəlmək üçün əsaslar yoxdur. Çünki iddiaçı istinad etdiyi halların təsdiqi barədə mötəbər sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Müqavilənin 2013-cü ildə deyil, 2015-2016-cı illərdə rəsmiləşdirilməsi ilə bağlı hallar tam əsassızdır. Belə ki, iş materiallarına mübahisələndirilən alqı-satqı müqaviləsinə aid notariat işi və onun qeydiyyata alındığı reyestr kitabının surəti əlavə olunmuşdur (i/v 75-104). Bundan başqa həmin alqı-satqı müqaviləsi “Elektron notariat avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində” qeydə alınmış və bununla bağlı müvafiq çıxarış iş materiallarına əlavə edilmişdir (i/v 121-122). İddiaç ının istinad etdiyi hallara dair kollegiya qeyd edir ki, onun adından x5nun adına verilmiş 29 noyabr 2012-ci il tarixli etibarnamədə səhmlərin girova qoyulması deyil, məhz onların satılması, pulun alınması və üzərində sərəncam verilməsi ilə bağlı səlahiyyətlər göstərilmişdir. Həmçinin alqı-satqı müqaviləsinin bağlanılması üçün iddiaçının arvadının adından razılıq ərizəsi verilmiş və həmin ərizədə də səhmlərin girov qoyulmasına deyil, satılmasına razılıq verilməsi göstərilmişdir. Səhmlərin qiyməti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 398.1-ci maddəsinin tələblərinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Göründüyü kimi qanunverici müqavilə tərəflərinin müqavilə azadlığı prinsipinə uyğun olaraq alqı-satqı müqaviləsin in bağlanması zamanı müqavilənin mühüm şərti olan qiyməti də könüllü surətdə razılaşdırmalarını müəyyən etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının həmin dəlilləri də əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən müqavilənin iddiaçının iradəsinə zidd olması qənaətinə gəlinməsi üçün heç bir əsas yoxdur. Belə ki, iddiaçının adından verilmiş etibarnamədə səhmləri satmaq səlahiyyətinin x5 etibar edilməsi xüsusi olaraq göstərilmiş və x5 də x1 iradə ifadəsinə uyğun olaraq həmin müqaviləni imzalamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yazılı qaydada tərtib olunmuş və notariat qaydasında təsdiq olunmuş etibarnamə mövcud olduğu halda, eyni zamanda təmsilçinin həmin etibarnamədə göstərilən səlahiyyətlər çərç ivəsində hərəkət etdiyi halda təmsil edilənin bağlanmış əqdin onun iradəsinə zidd olmasına istinad etməsi özü-özlüyündə əsassızdır. Belə ki, Mülki Məcəllənin 359.1-ci maddəsinin tələblərinə görə əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 359.4-cü maddəsinə görə xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsi ilə bağlanmasına yol verilmir. Həmin Məcəllənin 360.1-ci maddəsinə görə əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin), başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Həmin Məcəllənin 360.2-ci maddəsinə görə təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 362.1-ci maddəsində isə təsbit olunmuşdur ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Qeyd olunan maddələrdən görünür ki, əqdin təmsilçi vasitəsi ilə bağlanması üçün təmsil edilənin adından təmsilçinin adına etibarnamə verilməli və etibarnamədə təmsilçinin həmin əqdi bağlamaq səlahiyyətləri göstərilməlidir. Etibarnamə qüvvədə olduğu vaxt təmsilçinin ona verilmiş səlahiyyətlər çərçivəsində bağladığı əqdlər isə təmsil edilənin iradə ifadəsini əks etdirir, onun üçün mülki hüquq və vəzifələr yaradır. Çünki əqdin bağlanması ilə bağlı təmsil edilənin iradə ifadəsi etibarnamə veriləndə bildirilmişdir. Kollegiya qeyd edir ki, əks yanaşma Mülki Məcəllənin 359-366-cı maddələrində nəzərdə tutulmuş əqdlərdə təmsilçilik və etibarnamə institutunu əhəmiyyətsiz edir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri müddətin ötürülməsi əsası ilə də rədd edilməlidir. Belə ki, mübahisələndirilən alqı-satqı müqaviləsi 27 mart 2013-cü il tarixdə bağlanılmış və iddiaçı da həmin müqavilənin bağlanılmasından ən geci 2016-cı ilin ortalarında məlumatlı olmuşdur (çünki iddiaçı bildirir ki, alqı-satqı barədə məlumatı Məhəmməd Əkbərovun ölümündən 6-7 ay əvvəl əldə etmiş və həmin şəxs 2017-ci ilin yanvar ayında vəfat etmişdir). Hazırkı iş üzrə iddia ərizəsi isə 2018-ci ilin fevral ayında verilmişdir. Halbuki Mülki Məcəllənin 354.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya həd əyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi tələbləri Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilən etibarsız əqdlər üzrə müddətlər ötürülməklə verildiyinə görə də rədd edilməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanı lmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar