Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1776/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh2 və Cavabdeh1 İddia tələbi: öhdəliyin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi (Açar sözlər: işəgötürənin tələbləri üzrə iddia müddəti, iddianın etirafı və faktın etirafı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və iddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyas ının 12 iyul 2019-cu il tarixli, 2(103)9091/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 iyun 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: İddiaçı (bundan sonra – iddiaçı və ya MMC) ilə Cavabdeh2 (bundan sonra – birinci cavabdeh və ya Cavabdeh2) arasında 01.10.2010-cu il tarixdə əmək müqaviləsi bağlanmış, sonuncu ticarət nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin şərtlərinə görə, işçi müştərilərlə bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq MMCdən aldığı və müştərilərə satdiği malların pulunu müştərilərdən yığmalı və həmin gün MMC-nin xəzinədarlığına ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında eyni tarixdə “Tam maddi məsuliyyət haqqında” müqavilə də bağlanmışdır. Müqaviləyə görə, Cavabdeh2 ona həvalə edilmiş maddi (malların) və natural vəsaitlərin (pul) qeydiyyata alınmasını, qorunmasını, saxlanmasını təmin etmək üçün ticarət obyektlərinə satılmış mallarına satışından toplanması ona həvalə edilmiş şirkətin maddi vəsaitinə (pul) cavabdeh olmaq, maddi vəsaitlərə ciddi yanaşmaq və maddi zərərin vurulmasının qarşısını almaq üzrə tam maddi məsuliyyəti öz öhdəsinə götürür. Şirkət isə işçinin günahı üzündən müəssisəyə maddi zərər vurularsa, zərərin miqdarını müəyyənləşdirir və dəyərin ödənilməsini mövcud qanunvericiliyə uyğun surətdə həll edir. İddiaçı cavabdehlər arasında imzalanmış 09.09.2011-ci il tarixli müqavilə ilə birinci cavabdehin atası, iş üzrə digər cavabdeh olan Cavabdeh1 oğlunun MMC qarşısında “Tam maddi məsuliyyət haqqında m üqavilə” üzrə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. Birinci cavabdeh 02.04.2012-ci il tarixdə öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərdən öhdəliklərin icra edilməməsi səbəbindən iddiaçıya dəymiş zərərin əvəzi olaraq cəmi 2.285,22 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 əmək funksiyalarını lazımi qaydada yerinə yetirməyərək, satışdan əldə olunan pul vəsaitlərini satış nöqtələrindən toplayıb xəzinədarlığ a ödəməməsi nəticəsində MMC-yə 1.726,5 manat məbləğində ziyan dəymişdir. Məbləğin ödənilməsini cavabdehlərdən tələb edilsə də ziyan ödənilməmişdir. Həmçinin MMC həmin pul məbləğindən faydalana bilmədiyi üçün illik 5 % tətbiq edilməklə əlavə olaraq cəmi 558.72 manat məbləğində pul da, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İşə baxılarkən cavabdehlər iddia müddətinin tətbiq olunaraq iddia tələbinin rədd edilməsi barədə yazılı ərizə təqdim etmişlər. MMC-nin təqdim etdiyi 31 mart və 08 may 2017-ci il tarixli kassa mədaxil orderlərində MMC-nin kassasına hər dəfə 50 manat olmaqla, cəmi 100 manat məbləğində pul mədaxil edildiyi qeyd olunmuşdur. MMC həmin məbləğlərin Cavabdeh2 tərəfindən edildiyini bildirmişdir. Cavabdeh2 22.02.2019-cu il tarixdə məhkəməyə təqdim etdiyi yazılı ərizəsində tələb olunan borc məbləğinin bir hissəsinin ona aid olmadığını, qalan 489,47 manat pulu isə özünün ödəyəcəyini bildirmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Z.Hacıyev) 04 mart 2019-cu il tarixli, 2(008)-891/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının tələbi üzrə iddia müddətinin ötürülməsi qənaətinə gələrək iddianı rədd etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 12 iyul 2019-cu il tarixli, 2(103)-9091/2019 nömrəli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və E.Şamayev) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanı lmışdır. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, MMC tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edə biləcək mötəbər sübutlar təqim etməmişdir. Belə olan halda müzakirə edilən iddia tələbi əsaslı hesab edilə bilməz. Bu baxımdan birinci instansiya məhkəməsi 1.726,5 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbini təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə, həmçinin qeyd etmişdir ki, birinci cavabdehlə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə 02.04.2012-ci il tarixdən xitam verilmişdir. MMC-nin bildirdiyinə görə, iddia ərizəsi ilə tutulması tələb edilən ziyan həmin tarixdə artıq mövcud idi. Belə olan halda iddia müddətinin axımı elə həmin tarixdə başlamış və 02.04.2013-cü il tarixdə bitmişdir. MMC hazırkı iddia ilə 23.10.2018-ci il tarixdə bi rinci instansiya məhkəməsinə müraciət etmişdir. 2017-ci ildə edilmiş yuxarıda qeyd edilən ödənişlər ötürülmüş iddia müddətini bərpa etməmişdir. Həmçinin, iddiaçı hazırkı iddia ərizəsini sonuncu ödənişdən (08.05.2017-ci il) də 1 ildən artıq müddət keçdikdən sonra, 23.10.2018-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci cavabdehin işə birinci instansiya məhkəməsində baxılan zaman verdiyi izahatında iddianı qismən – 489,47 manat hissədə qəbul etməsi və məhkəmənin buna əhəmiyyət verməməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyə görə bu etiraf məhkəmə qaydasında qəbul edilə bilməz. Belə ki, məhkəmə iclas protokolu Cavabdeh2 tərəfindən imzalanmamış, onun tərəfindən iddianın qismən etiraf edilməsi bar ədə ərizə verilməmişdir. Digər tərəfdən tələb üzrə iddia müddəti ötürüldüyü və bu hal özü-özlüyündə tələbin təmin edilməsini istisna etdiyi üçün cavabdehin iddianı qismən etiraf etməsi qəbul edildiyi halda da, etiraf nəzərə alına bilməz. Məhkəmə hesab etmişdir ki 1.726,5 manat məbləğində pulun tutulması tələbi təmin edilmədiyindən, iddia qalan hissədə də təmin oluna bilməz. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işdə olan sənədlər i və sübutları araşdırmadan, onlara əsaslanmadan, öz şəxsi mülahizələrinə və subyektiv mövqeyinə əsaslanmaqla, mülki işi tam, obyektiv araşdırmadan, qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə Mülki Məcəllənin 373 və 551-ci maddələrini tətbiq etməli olduğu halda Əmək Məcəlləsinin 296-cı maddəsini tətbiq etmiş, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə cavabdeh tərəfin iddia tələbində qeyd olunan 1726.50 manat pulu MMC-dən mal olaraq qəbul etdiyini və həmin məbləği MMC-yə ödəmədiyini, 1237.03 manatı mal kimi mağazaya verdiyini, 489.47 manatı özünün ödəyəcəyini etiraf etməsinə əhəmiyyət verməmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin əsaslı o lduğunu bildirərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin əsaslı olduğunu bildirərək, onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə ə sasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətb iq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya insta nsiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Maddə
191. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyır. Maddə
199. İşçi qanuna zidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Maddə
296. İşəgötürən işçi tərəfindən ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində işçiyə qarşı iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 372.1. Başqa şəxsdən hər han sı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. MPM Maddə 106.3 Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 191 (çıxarış) Cavabdehin iddianı etiraf etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Cavabdehin iddianı etiraf etməsi nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə birinci cavabdehin iddiaçının işçisi olduğu və tələb olunan pul məbləğinin işçinin əmək funksiyalarını lazımınca yerinə yetirməməsindən irəli gəldiyi mübahisə olunmayan hallardır. Tərəflər arasındakı mübahisə mülki hüquq münasibətlərindən deyil, əmək hüquq münasibətlərindən yaranmışdır. İşəgötürənlə işçi arasında əmək münasibətlərini tənzimləyən və şərt ləri məhz əmək qanunverciliyi ilə nəzərdə tutulan tam maddi məsuliyyət haqqında müqavilənin bağlanması həmin münasibətlərin məzmununu dəyişdirmir. Bu mənada apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 373.4-cü maddəsinə əsasən iddiaçının tələbinə işəgötürənin işçi tərəfindən ona maddi ziyan vurulması tələbləri üzrə əmək qanunvericilyi ilə müəyyən edilən 1 illik xüsusi iddia müddətini tətbiq etməklə qanuni nəticəyə gəlmişdir. Eyni zamanda hazırkı məsələ iddia müddətinin tətbiqi ilə bağlı olduğundan Mülki Məcəllənin müddətin keçməsinə görə öhdəliyə xitam verilməsi qaydalarını tənzimləyən 551-ci maddəsinin mübahisəyə tətbiq olunmasına əsas olmamışdır. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik iddia müddətinin tətbiq edilməsi barədə məsələni öhdəliyə xitam verilməsindən asılı etməmiş dir. Əksinə iddia müddəti institunun təyinatı ondan ibarətdir ki, qanunverici başqa şəxsdən hər hansı hərəkəti etməyi və ya etməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Belə müddət keçdiyi və mübahisə tərəfinin müddətin tətbiqini tələb etdiyi halda iddianın əsaslı olması iddianın rədd edilməsinə mane olmur. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia müddəti keçdikdən sonra cavabdehin borcu etiarf edən hərəkət etməsi iddia müddətinin tətbiqinə mane olmur. Belə ki, Mülki Məcəlləyə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, ic ra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz (maddə 380.1, 383). Göründüyü kimi şəxsin borcu etiraf etməsi hələ bitməmiş iddia müddətləri üzrə həmin müddətin axımını kəsir. Əgər belə hərəkət müəyyən olunmuş iddia müddəti ötürüldükdən sonra edilibsə, bu, ötürülmüş iddia müddətini təzələmir və ya bərpa etmir. Sadəcə olaraq borclu bu cür icra nəticəsində etdiyi ödənişi geri tələb edə bilməz. Məhkəmə baxışı zamanı birinci cavabdehin şifahi və yazılı izahatlarında iddiaçıya 489,47 manat borcunun olduğunu bildirməsi ilə bağlı qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik etirafla bağlı iki institut müəyyən etmişdir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. MPM, həmçinin yazılı ərizədə ifadə edilən iddianın etirafı üçün belə ərizənin nəticəsinin aydın surətdə şərh olunmasını tələb edir. Bu iki institut zahiri cəhətdən və ifadə baxımından oxşar olsa da, hüquqi nəticələrinə görə fərqlənir. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla əgər faktın etirafı əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edirsə, iddianın etirafı tələbin təmin olunması üçün əsasdır. Baxılan iş üzrə cavabdehlərin və ya onlardan birinin iddianı etiraf etməsi barədə, nəticəsi aydın surətdə şərh olunan yazılı ərizəsi mövcud deyildir. Eyni zamanda cavabdehlər iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə təqdim etmişlər. Mövcud vəziyyətdə cavabdehin iddia tələbinin əsaslandığı faktı qismən etiraf etməsi iddia müddətini tətbiq etməklə iddianı rədd etməyə mane olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 iyul 2019-cu il tarixli, 2(103)9091/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.