Məhkəmə qərarları › İş №2(102)-178/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-178/2024

10.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-178/2024 10.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əldən çıxmış faydanın əvəzinin hesablanması, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2023-cü il tarixli, 2(107)403/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Re spublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İsmayıllı rayonu, Şəbiyan kəndində yerləşən 1,24 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Zahidov (Zaidov) Məcid Abış oğlunun və Zahidova (Zaidova) Çervon Nizaməddin qızının, həmin kənddə yerləşən 4,72 ha. torpaq sahəsi Zahidov (Zaidov) Mətləb Məcid oğlunun, X1, X6, X3, X2, X4, X7 ümumi birgə mülkiyyətindədir.

2. Qeyd olunan torpaq sahələri 2013-cü ildən Cavabdeh faktiki istifadəsinə verilmişdir.

3. İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı torpaq sahələrini hazırkı bazar qiymətinə uyğun olaraq 22350 manat, torpağı tam yararlı vəziyyətə gətirmək üçün 2000 manat olmaqla cəmi 24350 manatın və 30 manat dövlət rüsumunun alınaraq Cavabdeh verilməsi qət edilmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 mart 2022-ci il tarixli qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirməkdən ötrü təmin olunmuş tələbin 2000 manata aid hissəsində ləğv edilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki kollegiyasının 13 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 54165 manat məbləğində əldən çıxmış fayda, 13840 manat əldə edəcə yi məbləğ və ödədiyi 295 manat dövlət rüsumu olmaqla, cəmi 68300 manat pulun alınaraq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh 2013-cü ildə iddiaçının və ailə üzvlərinin İsmayıllı rayonu, Şəbiyan kəndi ərazisində yerləşən, cəmi 5,96 hektar kənd təsərrüfatı istehsalı təyinatlı torpaq sahəsini - hər hektarını illik 1200 manata olmaqla icarəyə götürərək, ona on illik icarə haqqı olan 12000 manat məbləğində pul vermişdir. Cavabdeh torpaq sahəsindən uzun illər istifadə etmişdir. 2021-ci ilin yayında növbəti ilin məhsul yığımından sonra, yəni torpağa əkmiş olduğu taxıl məhsulunu yığdıqdan sonra iddiaçı cavabdehdən torpağını boşaltmasını tələb etmiş, cavabdeh isə torpaq sahəsini boşaltmaq əvəzinə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, torpağı alğı-satqı yolu ilə alması, torpaq sahəsini münbitləşdirmək üçün xərc çəkməsi və digər uydurma faktlara əsasən 34030 manat pul tələb etmişdir. İddia üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Məhkəmə qətnaməsi çıxandan sonra da cavabdeh iddiaçıya məxsus torpaq sahəsini şumlatdıraraq taxıl məhsulu əkmiş və məhsulun yığılması vaxtını gözləmişdir. X17 İnkişaf Mərkəzinin 05 iyul 2021-ci il tarixli arayışına əsasən, cavabdeh ildə 9536 manat olmaqla, 2013-2021-ci illər ərzində isə 85824 manat pul qazanmışdır ki, bu da iddiaçı üçün əldən çıxmış faydadır. “X5” MMC-nin 03 fevral 2022-ci il tarixli rəyi ilə də iddiaçıya və ailə üzvlərinə məxsus olan, İsmayıllı rayonunun Şəbiyan kəndində iki ərazidə, 0,72 hektar və 5,24 hektar torpaq sahəsində fermer buğd a əkərsə, toxumla birlikdə şumaltına mineral gübrə tətbiq edərsə, payız və yaz yemləmə gübrəsini vaxtında verərsə, alaq otlarına, yabanı vələmirə, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərini vaxtında və düzgün apararsa, bu məhsulların yetişdirilməsinə çəkilən xərclər çıxıldıqdan sonra əldə edilən qazanc 238,4 sentner, yaxud 54165 manat təşkil edər. Həmin məbləğ iddiaçı üçün əldən çıxmış faydadır. Bundan əlavə, apellyasiya şikayəti verilən kimi, cavabdeh torpaq sahəsindən təkrar istifadə edərək, oranı şumlayaraq taxıl məhsulu əkmişdir. Bununla da cavabdeh ona təkrar maddi ziyan vurmuşdur. Həmin bir illik maddi ziyanın məbləği 13840 manat təşkil edir.

8. İddiaçının təqdim etdiyi “X5” MMC-nin 03 fevral 2022-ci il tarixli rəyinə əsasən İsmayıllı rayonu, Şəbiyan kəndində yerləşən 5,96 (1,24 + 4,72) hektar torpaq sahəsindən 2014-cü ildən – 2021-ci ilədək, yəni 8 il ərzində arpa və ya buğda əkiləcəyi təqdirdə, bütün aqrotexniki qulluq xərcləri çıxmaqla təxminən 238,4 sentner məhsul və ya 54165,00 manat əldə edilməsi müəyyən edilmişdir. Cari ildə qiymət artımı ilə əlaqədar olaraq taxıl bitkisinin 1 kiloqramının qiymətinin 0,60 manat olmasını nəzərə alaraq sözügedən ərazidəki torpaq sahələrində 2021-ci ildə təkrar əkilmiş taxıl məhsuluna görə 2022-ci ilin məhsul yığımı ərzində torpaq sahəsindən orta hesabla 238,4 sentner arpa və ya buğda əldə edilməsi və aqrotexniki qulluq xərcləri çıxarılmaqla indiki bazar qiyməti ilə təxminən 13840,00 manat təmiz əldə ediləcəyi müəyyən edilmişdir.

9. İsmayıllı Rayon Məhkəməsinin (hakim R.S.Şirinov) 14 dekabr 2022-ci il tarixli, 2(037 )-302/2022 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında hər hansı bir formada icarə müqaviləsi mövcud olmamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, Mətləb Zaidov ilə Cavabdeh arasında mübahisəli torpaq sahələrinin alqı-satqısı barədə razılaşma olmuş, Cavabdeh torpaq sahələrinin aralarında razılaşdırılmış dəyərini İddiaçı tam şəkildə ödəməklə həmin torpaq sahəsini satın almışdır. Həmin vaxt torpaq sahəsinin alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün lazım olan sənədlər tam hazır olmadığından tərəflər alğı-satqı müqaviləsinin sənədləri tam şəkildə hazır olduqdan sonra rəsmiləşdiriləcəyi barədə razılığa gəlmişlər. Bundan sonra, İddiaçı torpaq sahəsini Cavabd eh təhvil vermişdir. İddiaçı torpaq sahələrinin alqı-satqı müqaviləsini rəsmiləşdirməkdən imtina etdiyi üçün Cavabdeh İddiaçı qarşı iddia qaldırmış, məhkəmə aktları qəbul edilmişdir. Lakin İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində göstərilən məbləği ödəmədiyindən Cavabdeh İddiaçı və onun ailə üzvlərinə məxsus 5,96 hektar torpaq sahəsini qaytarmamışdır.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçı hər hansı bir məbləğdə gəlirdən məhrum olmuşsa belə, bu, onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməsi səbəbindən baş vermişdir. Bu səbəbdən iddia rədd edilməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 706.1, 706.3 və 1097.1-ci, “Torpaq icarəsi haqqında” Qanunun 11ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3- cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, İsmayıllı Rayon Məhkəməsinin (hakim R.S.Şirinov) 14 dekabr 2022-ci il tarixli, 2(037)-302/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi tərəfindən X8, X13, X10, X9, X11 və X14 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.

15. Apellyasiya icraatında təyin edilərək keçirilmiş məhkəmə-bioloji və məhkəməəmtəəşünaslıq ekspertizasının 30 may 2023-cü il tarixli rəyinə əsasən Şəki Apellyasiya Məhkəməsi 2(107)-403/2023 saylı mülki iş materialında olan (səhifə 21) Kənd Təsərrüfatı Nazirliyi X17 İnkişaf Mərkə zinin 06-A nömrəli, 05 iyul 2021-ci il tarixli arayışına əsasən Şəbiyan kənd sakini İddiaçı mülkiyyətində olan və ümumi sahəsi 5,96 hektar torpaq sahəsinə özünün iştirakı ilə baxış keçirilmişdir. Torpaq sahəsi iki yerdə (0,72 hektar və 5,24 hektar) yerləşir. Həmin torpaq sahəsində fermer buğda əkərsə, əkin zamanı reproduksiyalı toxumdan istifadə edərsə, toxumla birlikdə şum altına mineral gübrə tətbiq edərsə, payız və yaz yemləmə gübrəsini vaxtında verərsə, alaq otlarına, yabanı vələmirə, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərini vaxtında və düzgün apararsa hər hektardan 40 sentner və daha çox məhsul əldə edə bilər. 1 hektarın məhsuldarlığı 40 sentner olarsa, onda 5,96 hektar torpaq sahəsindən fermerin bir ildə götürdüyü məhsul 5,96 hektar x 40 sentner = 238,4 sentner olar. İş materialında olan məlumatlara və rəyin bioloji tədqiqat hissəsində göstərilənlərə əsasən 5,96 (1,24+4,72) hektar sahədən əldə ediləcək 238,4 (5,96 hektar x 40 sentner) sentner buğda məhsulunun 2013 – 2021-ci illərə olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 8344,00 (23,84 ton x 350 manat) manat müəyyən olunur. O cümlədən: - 1,24 hektar x 40 sentner = 4,96 ton x 350 manat = 1736,00 manat - 4,72 hektar x 40 sentner = 18,88 ton x 350 manat = 6608,00 manat. 2022-ci ilin məhsul yığımı mövsümünə təxminən 9536,00 (23,84 ton x 400 manat) manat müəyyən olunur. O cümlədən: - 1,24 hektar x 40 sentner = 4,96 ton x 400 manat = 1984,00 manat, - 4,72 hektar x 40 sentner = 18,88 ton x 400 manat = 7552,00 manat.

16. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2023 -cü il tarixli, 2(107)-403/2023 nömrəli qətnaməsi ilə (hakim M.A.Əsədlinin sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Mehdiyevdən və E.Ş.Hüseynovdan ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(037)-302/2022 nömrəli qətnaməsi iddianın təmin edilməyən 9536 manata aid hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia həmin hissədə təmin edilmiş, 9536 manat pulun və 41 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 50 manatının iddiaçıdan, 50 manatının isə cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

17. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsasl andırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli və Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 mart 2022-ci il tarixli qətnamələri Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahibin, yəni Cavabdeh mülkiyyətçidən, yəni İddiaçı əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsi üzrə tələbi barədə olmuşdur. Hazırki iddia tələbi isə Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçinin (İddiaçı) vicdanlı sahibdən (Cavabdeh) onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin əvəzinin ödənilməsi üzrə tələbi barədədir. Qeyd olunan maddələrdə göstərilən hüquqlar mülkiyyətçinin və vicdanlı sahibin bir-birindən asılı olmayan hüquqlarıdır və həmin hüquqlardan b irinin təmin olunması ilə bağlı qətnamənin icra olunmaması digər hüququn təmin olunmasını istisna edə bilməz.

18. İddiaçının apellyasiya şikayətinin digər hissələrinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin satılmış olub-olmaması və ya həmin torpaq sahəsini yararlı hala salmağa ehtiyac olub-olmaması kimi məsələlər Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələbinə əsasən hazırki işin predmeti deyildir. Belə ki, həmin məsələlər İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli və Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 mart 2022-ci il tarixli nömrəli qətnamələrində araşdırılmış və yekun qərar qəbul olunmuşdur. Sonuncu qətnamə Ali Məhkəmənin Mülki kollegiyasının 13 sentyabr 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanıl maqla, qüvvədədir.

19. Apellyasiya kollegiyası hesab etmişdir ki, Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi (İddiaçı) vicdanlı sahibdən (Cavabdeh) onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin əvəzinin ödənilməsini tələb etmək hüququna sahibdir. Göründüyü kimi, bu hüquq vicdanlı sahibin əmlaka sahib olduğu bütün müddət üçün deyil, onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan sonrakı müddət üçün nəzərdə tutulmuşdur. O cümlədən, qanun mülkiyyətçinin əldən çıxmış faydanı deyil, vicdanlı sahibin götürməli olduğu gəlirlərin əvəzinin ödənilməsini tələb etmək hüququnu nəzərdə tutmuşdur.

20. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh mübahisəli torpaq sahələrinə münasibətdə vicdanlı sahib olması da məhkəmə qətnamələri ilə müəyyən edilmiş və Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələbinə əsasən hazırki iş üzrə araşdırılmamışdır. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-212/2021 nömrəli işi üzrə iddia ərizəsi məhkəməyə 09 fevral 2021-ci ildə verilmişdir. Deməli, Cavabdeh torpağa sahibliyinin qanunsuz olduğunu həmin vaxt artıq bilirdi. Həmin vaxta qədər konkret hansı anda Cavabdeh əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi məlum olmadığından həmin iddianın verilməsi vicdanlı sahibin onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi vaxt olaraq götürülməlidir. Hazırki iş üzrə iddiaçının yalnız Cavabdeh torpaqdan götürdüyü məhsulun dəyərini tələb etmək hüququ olduğundan və əkin-biçin 2021-2022-ci illəri əhatə etdiyindən hazırki iş üzrə konkret ay və gün t arixləri deyil, məhsul yığımı vaxtı önəm kəsb edir.

21. İş üzrə keçirilmiş ekspertiza rəyinə istinad edən apellyasiya məhkəməsi hesab etmişdir ki, 2022-ci il məhsul yığımı mövsümünə mübahisəli torpaq sahələrindən ümumilikdə 9536 manat gəlir götürülə bilərdi.

22. Yuxarıda əsaslandırılmış hallar əsasında apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı yalnız həmin 9536 manat məbləğində pulu Cavabdeh tələb etməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

23. Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2023-cü il tarixli, 2(107)-403/2023 nömrəli qətnaməsinin ləğv olunması və iddianın tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 21.2, 157.5, 157.6, 1091.1, 1091.2, 1092.1, 1096.1, 1096.2, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 77.1, 82.3, 87.1, 87.2, 88, 97.1, 106.1-ci maddələrinin tələbləri pozulmuşdur.

25. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, cavabdeh torpaq sahəsinə qanuni əsasla sahiblik etmişdir. Cavabdeh torpaq sahəsinin vicdanlı sahibidir və iddiaçı ona dəymiş ziyanı tam ödəmədiyi halda, vicdanlı sahib olaraq qalır. Cavabdeh İddiaçı qarşı heç bir mülki hüquq pozuntusu törətməmiş və onun qarşısında mülki hüquq məsuliyyəti daşımır.

26. Bundan əlavə, Cavabdeh 2022-ci ilin məhsul yığımı mövsümünə mübahisəli torpaq sahəsindən ümumilikdə 9536 manat gəlir götürməsi haqqında olan hesablama düzgün deyil və məhkəmə burda birtərəfl i və qərəzli mövqe sərgiləmişdir. İsmayıllı rayon Statistika İdarəsi tərəfindən verilmiş arayışdan aydın olur ki, İsmayıllı rayonu üzrə buğdanın bir hektarından orta məhsuldarlıq 2022-ci ildə 35,8 sentner, 2023-ci ildə isə 30,5 sentner olmuşdur. Məhkəmə isə orta olaraq 40 sentner götürmüşdür. Bundan əlavə, məhkəmə hesablama aparan zaman yenə də iddiaçının marağına uyğun olaraq bir kiloqram taxılın qiymətini 40 qəpik götürmüş, amma Şahdar firmasının (İsmayıllı Mərkəzi Bazarı) arayışından göründüyü kimi buğdanın orta bazar qiyməti 0,27 – 0,28 qəpik olmuşdur. Məhkəmə gəlir hesablayan zaman, həmin gəlirin əldə edilməsi üçün çəkilmiş xərci hesaba almamış və həmin xərci ümumi gəlirdən çıxmamışdır.

27. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

28. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

29. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia qismən təmin olunsa da, iddiaçının kassasiya şikayəti hazırda baxış predmeti deyildir (iddiaçının verdiyi kassasiya şikayəti geri qaytarılmışdır). Bu səbəbdən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin cavabdehin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməl i olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

32. Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübu t etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 102.3-cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hes ab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 33. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məh kəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisələndirilən hissədə maddi hüquq norması düzgün tətbiq edilsə də, cavabdehdən tutulmalı olan məbləği müəyyən edərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

35. İlk olaraq məhkəmə kollegiyası cavabdehin torpaq sahəsinin mübahisələndirilən dövr (2022-ci ilin məhsul yığımı mövsümü) ərzində də vicdanlı sahib olması və bu səbəbdən iddianın tam rədd edilməli olmasına dair kassasiya şikayətinin dəlili ilə razılaşmır.

36. Belə ki, apellyasiya məhkəməsi əsaslı olaraq mübahisəyə Mülki Məcəllənin 157.5-ci maddəsini tətbiq edərək hesab etmişdir ki, Cavabdeh əvvəlki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, artıq torpağa sahibliyinin qanunsuz olduğunu bilmiş və sonrakı məhsul yığımı mövsümündə (2022-ci ildə) torpaq sahəsindən aldığı gəliri iddiaçıya qaytarmalıdır.

37. Bununla belə, qeyd olunmalıdır ki, məhkəmə cavabdehdən tutulmalı olan məbləği müəyyən edərkən iş üzrə verilmiş 30 may 2023-cü il tarixli ekspert rəyinə istinad etmişdir.

38. İş materiallarından müəyyən olunur ki, məhkəmə-bioloji ekspertizanın keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Pərvanə Rüstəmova 27 aprel 2023-cü il tarixdə vəsatət verərək, İsmayıllı rayonu, Şəbiyan kəndi ərazisində yerləşən 1,24 ha və 4,72 ha torpaq sahələrində ayrı-ayrılıqda taxıl məhsulunun əkilməsinin, yetişdirilməsinin mümkün olub-olmam ası, əgər mümkündürsə 2013-2021-ci illərdə və 2022-ci ilin məhsul yığımı mövsümündə həmin torpaq sahələrindən ayrı-ayrılıqda hansı çəkidə məhsulun əldə edilməsi mümkün olması və həmin illər üzrə hansı aqrotexniki qulluqlar göstərilməli olması barədə aqronom (və ya mütəxəssis) rəyinin verilməsini xahiş etmişdir.

39. Həmin vəsatətə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin İsmayıllı rayon X20 Mərkəzinə müraciət olunmuş və Mərkəzin 01 iyun 2023-cü il tarixli rəyi məhkəməyə təqdim olunmuşdur. (cild 1, i.v. 165)

40. Qeyd olunan rəydə digər məsələlərlə yanaşı İsmayıllı rayonu üzrə buğda və arpanın, eləcə də orta məhsuldarlığın 2013-2022-ci illər üzrə əks etdirən cədvəl verilmiş, əlavə olaraq qeyd olunmuşdur ki, Şəbiyan kəndin in də daxil olduğu Keyvəndi İnzibati Ərazi Dairəsi üzrə məhsuldarlıq hər zaman rayon səviyyəsindən 3-5 sentner aşağı olmuşdur. Həmçinin rəydə torpaq sahələrində taxıl bitkisinin əkilib-bencərilməsi və məhsul əldə olunması üçün görülməli olan aqrotexniki təbirlərin siyahısı təqdim olunmuşdur.

41. Lakin, iş materiallarında olan, apellyasiya məhkəməsinin istinad etdiyi ekspert rəyinin məzmunundan görünür ki, ekspert öz vəsatətinin icrasını gözləməmiş, ekspert rəyini verərkən İsmayıllı rayon X20 Mərkəzinin 01 iyun 2023-cü il tarixli mütəxəssis rəyini nəzərə almamış, iş materiallarına əlavə olunan, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi X17 İnkişaf Mərkəzinin arayışına istinad etmişdir.

42. Ekspert rəyini mötəbər sübut qismində qiymətləndirən apellyasiya məhkəməsi nəzərə almamı şdır ki, iddiaçının təqdim etdiyi qeyd olunan arayış 05 iyul 2021-ci ildə verilməklə, həmin arayışda əks olunan məlumatların 2022-ci il üçün mötəbərliyi əlavə qiymətləndirilməlidir. Xüsusən qeyd olunmalıdır ki, eyni təşkilat tərəfindən verilən arayışlardakı məlumatlar bir birindən kəskin fərqlənir: iddiaçının verdiyi arayışda mübahisəli torpaq sahəsinin 1 hektarında orta məhsuldarlığın 40 sentner olması qeyd olunduğu halda, məhkəmənin sorğusuna əsasən verilmiş rəydə rayon üzrə 2013-2022-ci illərdə taxılın orta məhsuldarlığın 27,1-35,8 sentner, Şəbiyən kəndində isə həmin rəqəmlərdən 3-5 sentner aşağı olması göstərilmişdir.

43. Bundan əlavə, nəzərə alınmalıdır ki, mübahisəli torpaq sahəsində 2022-ci ildə əldə olunmuş məhsulun dəyəri hesablansa da, iş materiallarında taxılın bu ildəki dəyəri barədə məlumatlar əlavə olunmamışdır.

44. Həmçinin qeyd olunmalıdır ki, ekspert rəyində torpaq sahəsindən götürülən gəlirin dəyəri hesablanarkən yalnız 1 hektar torpaq sahəsinin məhsuldarlığı və 2021-ci il üçün buğdanın bazar dəyəri nəzərə alınmış, taxılın əkilib-becərilməsi və yığılması üçün sərf olunan xərclər hesaba alınmamışdır.

45. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iş materiallarında (cild 1, i.v. 190-191) olan, Cavabdeh adına verilmiş "xxxx" MMC-nin arayışına əsasən 09 avqust 2023-cı ildə əkinçilik üzrə buğdanın bazar satış qiyməti 0,30 manat qiymətindədir. İsmayıllı rayonu, Keyvəndi bələdiyyəsinin 02 avqust 2023-cü il tarixli arayışına əsasən 2023-cü ilin taxıl biçində ərazidə, o cümlədən Cavabdeh əkin sahələrində orta məhsuldarlıq buğdada 20-22 sentner, arpada 25-28 sentner olmuşdur.

46. Həmin arayışların cavabdeh tərəfindən məhkəməyə təqdim etməsi və bununla bağlı müzakirələr məhkəmə iclas protokolunda qeyd olunmasa da, görünür ki, cavabdeh bu sənədlərlə ekspertin gəldiyi nəticəni mübahisələndirmişdir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 97.1, 101.7, 103.1-ci maddələrinin mənasına görə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq edilməli və işə əlavə edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməlidir.

48. Apellyasiya instansiyası məhkəməsi isə Mülki Prosessual Məcəlləsinin 218.1 və 392.1.5-ci maddələrinin tələblərini pozmaq la, ekspert rəyində göstərilən nəticələrin işdə olan digər sübutlara uyğunluğunu araşdırmamış, onun mötəbərliyinə, o cümlədən cavabdehin ekspert rəyinə qarşı dəlillərinə hüquqi qiymət verməmiş, yalnız rəyin nəticə hissəsinə istinad etməklə müvafiq qətnamə qəbul etmişdir.

49. Bundan əlavə, qeyd olunmalıdır ki, mübahisəli torpaq sahəsinin 4,72 ha. hissəsi İddiaçı və onun ailə üzvləri olan, hazırki iş üzrə üçüncü şəxs qismində cəlb olunmuş X1, X6, X3, X2, X4, X7 ümumi birgə mülkiyyətində olsa da, digər 1,24 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Zaidov (Zahidov) Məcid Abış oğlunun və Zaidova (Zahidova) Çervon Nizaməddin qızının mülkiyyətindədir.

50. Apellyasiya instansiyası məhkəməsi isə hazırki iş üzrə iddiaçının torpağın mülkiyyətçiləri olan Zaidov (Zahidov) Məcid Abış oğlu və Zaidova (Zahidova) Çervon Nizaməddin qızı ilə münasibətlərini, sonuncuların hüquqlarının iddiaçıya keçibkeçməməsini, həmin hüquqların başqa şəxslərə də keçməsi ehtimalını (misal üçün vərəsəlik qaydasında) araşdırmamış və son nəticədə iddiaçının 1,24 ha torpaq sahəsindən 2022-ci ildə əldə olunan gəlirlərin də qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb etmək hüququna malik olub-olmaması məsələsinə hüquqi qiymət verməmişdir.

51. Halbuki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında izah olunmuşdur ki, mülki mübahis ənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: ö z hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

52. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

53. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

54. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

55. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

56. Odur ki, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

57. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, əlavə mütəxəssis rəyinin alınması və (və ya) məhkəmə ekspertizasının keçirilməsi məsələlərini tərəflərlə müzakirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

58. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya ş ikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2023-cü il tarixli, 2(107)-403/2023 nömrəli qətnaməsi iddianın təmin olunan və məhkəmə xərclərinin tutulması hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar