Məhkəmə qərarları › İş №2(102)-1798/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1798/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1798/2023 08.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6793/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 109804-910361/1 saylı kredit müqaviləsinə əsasən, Bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 16.5% faiz dərəcəsi ilə 16000 manat məbləğində kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13755,89 manat əsas, 4203,99 manat faiz borcu olmaqla, cəmi 17959,88 manat borcun və 144,28 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı işin faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışd ır ki, borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, Banka olan borcunu ödəməmişdir.

4. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(007)-1753/2022 nömrəli, 08 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia təmin edilmişdir.

5. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməmiş, krediti və ona hesablanmış faizləri ödəməmiş, bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 739.1-ci maddəsinin tələblərini pozmuşdur.

6. Məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə üzrə Bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən kredit müqaviləsi üzrə borcun həcmi tam dəqiqləşdirilməmiş, iddiaçı tərəfindən kredit müqaviləsinin tələblərindən kənara çıxaraq, əsassız əlavə faiz hesablanmış, bununla da faizlər şişirdilmişdir. Məhkəmə isə bu halları ətraflı araşdırmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişd ir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6793/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), R.Həsənov və M.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Cavabdeh borc məbləğlərinin düzgün hesablanmadığını, əsassız əlavə faiz hesablandığını bildirsə də, məhkəməyə bu halı təsdiq edəcək hər hansı mötəbər sübut təqdim etməmişdir.

11. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 385.1, 38 6.1, 421.2, 424.2, 443.1, 739-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

13. Kassasiya şikayəti əsasən apellyasiya şikayətinə uyğun əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, apellyasiya məhkəməsi cavabdehin hüquqlarının pozulubpozulmadığını, iddiaçı tərəfindən borcun düzgün hesablanıb-hesablanmadığını aydınlaşdırmadan, sübutlara hüquqi qiymət vermədən, cavabdehin hüquqlarının müdafiəsi üçün şərait yaratmadan düzgün olmayan nəticəyə gəlmiş, bununla da, MPM-in 88, 89-cu maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

15. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

17. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehd ir.

18. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

22. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

24. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

25. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamən in yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya ins tansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

30. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üç ün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6793/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar