Məhkəmə qərarları › İş №2(102)-1810/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1810/2022

25.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1810/2022 25.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçının Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: suaxma nəticəsində vurulmuş zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçının Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9697/2021 nömrəli mülki iş üzrə 23 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 25 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən ünvan 1 ünvanında yerləşən 50 saylı mənzil İddiaçının (bundan sonra - iddiaçı) mülkiyyətində olmuş, həmin ünvanda 50 saylı mənzilin üzərində yerləşən 52 saylı mənzil isə Cavabdeh (bundan sonra - cavabdeh) mülkiyyətindədir.

2. Cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su sızması hadisəsi baş vermiş və bunun nəticəsində iddiaçıya zərər dəymişdir.

3. İddiaçıya məxsus olmuş mənzil 7 aprel 2021-ci ildə X1 (bundan sonra - üçüncü şəxs) satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə (iddiaçının əsl iddiaçı ilə əvəz edilmiş və iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə mür aciət edərək, cavabdeh tərəfindən mənzilə dəymiş ziyanla bağlı 6547 manat və mənzildə olan əşyalara (7 ədəd çilçıraq, 2 ədəd xalça, evdə olan bütün elektrik naqilləri, 1 ədəd soyuducu) dəymiş ziyanla bağlı 7000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 dekabr 2017-ci il tarixdə cavabdeh təzə aldığı 5 otaqlı mənzili təmir edərkən, otaqların arasını açmış, ana divar barını sökmüş, bu zaman onun əla təmirli otaqlarının tavanı çat-çat olub tökülmüş, 5 otağın hamısının istilik boruları kəsilmiş, cavabdeh kəsilmiş boruların ağzını bağlamadan rayona getdiyindən istilik sistemi qoşularkən 1 ay ərzində su onun evinə axmış, yığılmış su qəflətən açılmış, iddiaçının otaqlarını su basmışdır. C avabdehlə zərər vurulmuş mənzilə düşmüş və cavabdeh özü də görmüşdür ki, hər yerdən su axır və onun mənzili ilə yanaşı əmlakına da ziyan dəymişdir. İddiaçı hesab edir ki, su axıntısı olmasa idi mənzili daha yüksək qiymətə sata bilərdi, ziyan nəticəsində mənzilin dəyəri aşağı düşmüşdür.

6. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, sözügedən mənzilə ilk dəfə 2012-ci ildə zərər dəymişdir, o zaman isə həmin binada yaşamayıb. Son 2 ildə 52 saylı mənzilə köçmüş, mənzilə köçdükdən sonra təmirə başlamış, həmin dövrdə aşağı mənzilə onun mənzilindən su axması olmuşdur, bu hadisə 2018-ci il yay aylarında baş vermişdir, bu barədə iddiaçı ona məlumat vermişdir, o da iddiaçının mənzilinə baxmışdır, həqiqətən də mənzilə su sızmasının şahidi olmuş, bundan sonra iddiaçıya bildirmişdir ki, bu hadisə ustaların səhlənkarlığından yaranmış xəta nəticəsində baş vermişdir, ona dəymiş zərərə görə 500 manat ödəyə bilər. Həmçinin onun mənzilini sığorta etdirməklə də dəymiş zərərin ödənilməsinə təminat verər, hətta özünün də mənzilinin sığortalı olduğunu iddiaçıya bildirmişdir. Bundan başqa bir dəfə də gecə vaxtı belə bir su sızma hadisəsi olmuşdur, iddiaçının mənzilinə baxmaq üçün onun mənzilinə getmiş, görmüşdür ki, su yalnız 2 otağa-yataq otağı və uşaq otağına keçmişdir, mənzilin divar üzlüklərinin saraldığını görmüş və iddiaçıya bildirmişdir ki, narahat olmasın, özündə olan üzlüklərdən ona da verəcək. Bu məqsədlə evə daxil olduqda isə evdə kirayəçilərin olduğunu görmüş, bu zaman iddiaçı tərəf evə gəlmiş, ondan nə səbəblə onun mənzilində olduğunu soruşmuş, daha sonra isə onu dinləm ədən 34-cü Polis Bölməsinə müraciət edərək onun mənzilinə zorla girdiyini bildirmişdir, nəticədə polis bölməsinin əməkdaşları gəlmiş və mübahisə yaranmaması üçün cavabdeh mənzildən çıxıb getmişdir. Cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

7. İş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir.

8. Məhkəmə Ekspertizası Mərkəzinin 27.11.2020-ci il tarixli, 10/1911 nömrəli ekspert rəyi ilə mənzilin divarında qüsurların olduğunu nəzərə alaraq, həmin su sızması faktı müəyyən olunmuş, lakin 52 saylı mənzilin qapısı bağlı olduğundan sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamış, lakin iş materiallarında olan 89 saylı MKİS tərəfindən tərtib olunmuş 07.01.2020-ci il tarixli akt üzrə məlumatların, eləcə də divardakı su sızma izlərini nəzərə alaraq mübahisəli 50 saylı mənzilə 52 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunmuş, tədqiq olunan 50 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 6547 manat məbləğində müəyyən edilmişdir.

9. Həmin Mərkəzinin 23.04.2021-ci il tarixli 9/959 nömrəli ekspert rəyi ilə iddia ərizəsində qeyd edilən və ekspert baxışına təqdim edilən hal-hazırda istifadəyə yararsız vəziyyətdə olan əşyaların zədələnməmişdən əvvəl istifadədə olması nəzərə alınmaqla, təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1210 manat müəyyən olunmuşdur.

10. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-153/2021 saylı iş üzrə 2 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.İ.Əliyev) iddia qismən təmin edilmiş, mənzilə vurulmuş maddi ziyana görə 6547 (altı min beş yüz qırx yeddi) manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, zərər mənzilin divar, tavan, elektrik xətti və döşəmə hissələrinə aiddir, həmin hissənin təmir-bərpa xərcləri 6547,0 manat təşkil edir, mübahisəli mənzilə su sızma hadisəsi cavabdehin hüquqazidd əməli ilə birbaşa səbəbli əlaqəlidir. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Cavabdehin “mübahisəli mənzil satılmaqla iddiaçının həmin mənzilə olan mülkiyyət hüq uqu itirildiyindən ona dəymiş zərər də aradan qalxmışdır” barədə dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mülki hüquq pozuntusunun baş verdiyi anda əmlak iddiaçıya məxsus olmuş, bu da onun qanunla müdafiə edilən şəxs kimi mülkiyyət hüququ məcmusunda, əmlaka dəymiş zərərin əvəzinin ödənilməsi hüququnu da özündə ehtiva edir və bu hüququn realizəsi qanunla nəzərdə tutulmuş mülki hüquq pozuntusu üçün məsuliyyət əsasları ilə bilavasitə bağlıdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə cavabdehin təqsirli əməli, əmlaka vurulmuş zərərin əvəzinin tələb edilməsinə əsas yaratmaqla, həmin zərərin də zərərə vuran tərəfindən tam həcmdə ödənilməsini şərtləndirir.

12. Məhkəmə iddia tələbinin “mənzildə olan əşyalara dəymiş zərərin ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, bu hal iddiaçının sübutetmə yükü ilə bağlıdır və o, bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin iddiaçı tərəfindən iş materiallarına belə sübutlar əlavə edilməmiş, həmçinin belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 21.1, 21.2, 170.2, 191.3, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya icraatı zamanı ünvan 1 ünvanında yerləşən 50 saylı mənzilin yeni mülkiyyətçisi X2 müstəqil tələb i rəli sürməyən üçüncü şəxs qismində icraata cəlb olunmuşdur.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-9697/2021 saylı mülki iş üzrə 23 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və F.Ş.Talışinski) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

17. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işdə olan sübutlar suyun məhz cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə axması qənaətinə gəlməyə kifayət qədər əsas verir. İşdə olan və ekspertiza rəyinə əlavə edilmiş fotoşəkillərdən də su sızma halının mövcudluğu aşkar görünür. Məhkə mə kollegiyası qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində su sızma nəticəsində ziyanın şişirdilməsini göstərsə də, etirazının əsası kimi istinad etdiyi həmin halları əsaslandıra və sübut edə bilməmişdir. Belə ki, cavabdehin bildirdikləri işdə olan sübutlarla tam təkzib olunur.

18. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, delikt hadisəsi mənzilin məhz iddiaçının mülkiyyətində olan dövrdə baş vermişdir, eləcə də mənzil hazırkı iddianın qaldırıldığı və işə birinci instansiya məhkəməsində baxıldığı dövrdə də iddiaçının mülkiyyətində olmuş, yalnız 07.04.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə üçüncü şəxsə satılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının hazırkı iddianı irəli sürməkdə tələb (subyektiv) hüququ mövcuddur və mənzilin sonradan üçüncü şəxsə satılması faktı vəziyyəti dəyişdirmir, çünki mülki hüquq pozuntusu ilə bağlı tələb hüququnun sahibi kimi hüquq pozanın təqsirli hüquqazidd hərəkətləri nəticəsində birbaşa ziyan çəkmiş şəxs çıxış edir ki, hazırkı işdə bu haqqın sahibinin, yəni ziyan dəymiş tərəfin iddiaçı olduğu aşkardır. Həmçinin qeyd edilmişdir ki, mənzilin yeni mülkiyyətçisi də hazırkı iş üzrə tələb hüququnun ona məxsus olması ilə bağlı mübahisə etmir.

19. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 386.1, 1096.2, 1097.1-ci maddələrinə və Mənzil Məcəlləsinin 15 və 29.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yen idən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Şikayət onunla əsaslandırılmışdır ki, mülki işə baxılması barədə ona lazımı qaydada məlumat verilmədiyindən məhkəmə tərəfindən çəkişmə prinsipi pozulmuşdur və lazım olan sübutları apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə tərəfindən ekspert rəyinə istinad edilmişdir, lakin ekspert rəyi qərəzli və şübhəli 89 saylı MKİS tərəfindən tərtib olunmuş 07.01.2020-ci il tarixli aktın məlumatlarına əsaslanır. Həmin ekspert rəyində mənzilin qapısının bağlı olduğu və bu səbəbdən sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmadığı qeyd edilmişdir. Bu da ekspert rəyinin natamam aparılaraq, 52 saylı m ənzildən 50 saylı mənzilə suyun sızmasını şübhə altına alır.

22. Kassator kassasiya şikayətinin dəlillərinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.2-ci maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsi) 15-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 9.1, 14.1, 88, 102.3-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Kassasiya şikayəti üzrə işə məhkəmə iclasında baxılmasına dair vəsatət

24. Cavabdehin vəkili və nümayəndəsi Vəkil3 vəsatət verərək, kassasiya şikayətinə məhkəmə iclasında baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyası tərəfindən işə məhkəmə iclas ında baxılmasını zəruri edən Mülki Prosessual Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla mü dafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mənzil Məcəlləsi

31. Maddə

15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata k eçirilməlidir.

32. Maddə 29.4. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Mülki Prosessual Məcəllə

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 407.2 Kassasiya şi kayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallar ını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

43. Kassasiya şikayətinin iş üzrə verilmiş ekspert rəyinin əsassız olması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şik ayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə belə hal müəyyən edilmir.

44. Çəkişmə prinsipinin pozulması barədə kassasiya şikayətinin dəlili də əsassızdır. Belə ki, həm cavabdehin mobil telefon nömrəsinə, həm də cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 mobil telefon nömrələrinə məhkəmə iclasları barədə SMS bildirişlər göndərilmişdir. Mülki Prosessual Məcəllənin 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS ilə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir.

45. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qət naməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9697/2021 nömrəli mülki iş üzrə 23 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar