Məhkəmə qərarları › İş №2(102)-1911/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1911/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1911/2025 24.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun vərəsədən tutulması, iddia müddətinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun vərəsədən tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2373/2025 nömrəli 21 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiy a şikayətinə 24 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə Quliyev Heydər Qəzənfər oğluna 60 ay müddətinə 10000 manat məbləğində kredit xətti açmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş, Quliyev Heydər Qəzənfər oğlu kredit xəttindən istifadə etmiş, xx.xx.2014-cü il tarixində vəfat etmişdir. Onun vəfatından sonra vərəsəlik işi açılmış, miras əmlak Cavabdeh tərəfindən qəbul edilmiş və ona xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

2. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(002)4008/2015 nömrəli məhkəmə əmri ilə "xxxx" QSC-nin Quliyev Heydər Qəzənfər oğluna qarşı borcun tutulması tələbinə dair ərizəsi üzrə Quliyev Heydər Qəzənfər oğlundan 9.775,75 manat əsas borc, 874,99 manat faiz borcu, 2.018,85 manat cərimə borcu, 236,56 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 2,50 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xidməti xərcləri, cəmi 12.908,65 manat borcun, həmçinin ərizə üçün dövlət büdcəsinə köçürülmüş 20,40 manat dövlət rüsumunun tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi əmr edilmişdir.

3. Vərəsənin əldə etdiyi əmlaklar toplusuna ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisədən ½ hissədə irs, “Kamaz 6520 yük” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ½ hissədə irs, “X8” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi nə olan xx.xx.2013-cü il tarixli daxili lizing müqaviləsinə və "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli 35372 nömrəli məktubuna əsasən avtomobildəki hüquqdan ½ hissədə irs aiddir.

4. Quliyev Heydər Qəzənfər oğlunun vərəsəsi Cavabdeh xx.xx.2015-cü il tarixli etiraz ərizəsi ilə müraciət edərək məhkəmə əmrinin ləğv edilməsini və mülki işin iddia icraatı qaydasında onun iştirakı ilə davam etdirilməsini xahiş etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(002)-4008/2015 nömrəli qərardadı ilə ərizə təmin edilərək, sözügedən məhkəmə əmri ləğv edilmiş və mülk iş üzrə hazırlıq iclası təyin edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(002)4008/2015 nömrəli qərardadı ilə “X9 Azərbaycan” QSC-nin Quliyev Heydər Qəzənfər oğluna qarşı borcun tut ulması tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır.

5. Daha sonra "xxxx" QSC xx.xx.2015-ci il tarixli ərizə ilə müraciət edərək 2(002)-4008/2015 nömrəli mülki iş üzrə icraatın təzələnməsini xahiş etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(002)4008/2015 nömrəli qərardadı ilə ərizə təmin edilməmiş və iddiaçıya izah edilmişdir ki, o, mülki işin materiallarındakı sənədləri geri götürərək yenidən məhkəmədə iddia qaldırmaq hüququna malikdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" QSC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsə Cavabdeh əsas məbləğ üzrə borc-9.775,75 manat, hesablanmış və ödənilməmiş faiz borcu 874,9 9 manat, cərimə borcu 2.018,85 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 236,56 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 2,50 manat, cəmi 12.908,65 manat məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 128,72 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin хeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixdə iddiaçı və Quliyev Heydər Qəzənfər oğlu arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Quliyev Heydər Qəzənfər oğluna istehlak istiqamətli 10000 manat məbləğində, 5 il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”-a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. AR DİN BPQMİ-nin MAPS Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından məlum olmuşdur ki, Quliyev Heydər Qəzənfər oğlu vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, ünvan 2 ünvanlanan vəkil sorğusuna cavab olaraq Banka təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 1321 saylı məktubundan müəyyən olunmuşdur ki, vərəsəlik işi açılmış və onun vərəsəsi – arvadı Cavabdehdır. O, mirası qəbul etmiş vərəsədir. Vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsə Cavabdeh r əhmətə getmiş Quliyev Heydər Qəzənfər oğlunun banka olan borcu barədə məlumatlı olmuşdur. Lakin üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Quliyev Heydər Qəzənfər oğlunun vərəsəsi(ləri) Cavabdeh tərəfindən Bank ilə Quliyev Heydər Qəzənfər oğlu arasında imzalanmış qarışıq müqavilə üzrə Bank qarşısında olan öhdəliklərini lazımıca icra edilməmişdir. “X9 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalanın vərəsəsi Cavabdeh kredit müqaviləsi üzrə tam ödəməyə borclu olduğu halda, müqavilə şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmiş dir.

8. Məhkəmə iclasında "xxxx" QSC-nin nümayəndəsi bildirmişdir ki, vərəsəlikdən məlumatları olmamışdır. Kreditoru məlumatlandırmalıdırlar. Vərəsəliyi 2022-ci il tarixdə sorğu edilərək öyrənmişdirlər.

9. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərərək iddianın rədd olunmasını xahiş etmişdir.

10. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2(002)286/2025 nömrəli qətnaməsi ilə (hakim Q.M.Əbilov) iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, vərəsə Cavabdeh tərəfindən mərhum Quliyev Heydər Qəzənfər oğlundan qalmış miras qəbul edilməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəlikləri icra edilməmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır.

12. Məhkəmə cavabdehin iddia müddətinin keçməsi ilə əlaqədar ərizəsinə münasibətdə qeyd etmişdir ki, 2015-ci il üzrə yuxarıda qeyd edilən məhkəmə prosesləri keçirilmiş və iddia baxılmamış saxlanılmışdır. Tərəflər də həmin qərardaddan məlumatlı olmuşlar. Həmin qərardaddan iddiaçı şikayət verməmişdir. İddiaçı həmçinin həmin qərardadın alınma tarixindən xx.xx.2015-ci il tarixindən 10 il keçməsinə baxmayaraq yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

13. Kredit müqaviləsi üzrə son ödəniş - xx.xx.2014-cü il tarixindən ərizə məhkəməyə daxil olduğu xx.xx.2015-ci il tarixinədək 1 il 2 ay keçmiş, iddianın baxılmamış saxlanılmasının təzələnilməməsi barədə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4008/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadından (1 il 9 ayadək) 2017-ci ilin sentyabr ayınadək iddia müddətinin axımı davam etmişdir. Lakin bu müddət ərzində iddiaçı tərəfindən müvafiq iddia ilə bağlı tədbirlər görülməmişdir.

14. Həmçinin məhkəmə qeyd etmişdir ki, ola bilər ki, iddiaçının vərəsəlik şəhadətnamələrindən xəbəri olmamışdır. Bununla belə, iddiaçı mirasın faktiki qəbulu ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bu isə ona dəlalət edir ki, həmin kredit müqaviləsinə münasibətdə iddiaçı bank laqeyd yanaşmışdır.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.1, 372.1, 373.2, 375.2, 376, 381.1, 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2 dz 1309-cu maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarı na, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Cavabdeh mirası qəbul etmiş vərəsədir. Vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi, vərəsəlik hüququ haqqında şəhadətnamə Quliyev Heydər Qəzənfər oğlunun ölümündən 3 il 1 ay 8 gün sonra verilmişdir ki, burada da müddətin axımı dayanmışdır. Bundan sonra, Bank tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verildiyi müəyyən edildikdən sonra sorğu göndərilmiş lakin sorğuya cavab verilməmişdir. Daha sonra vəkil sorğusu ünvan 2 göndərilmiş və Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən sorğuya cavab xx.xx.2022-ci il tarixində banka daxil olmuşdur. Beləliklə, Banka xx.xx.2022-ci il tarixində məlum olmuşdur ki, Quliyev Heydər Qəzənfər oğlunun vərəsəsi - Cavabdehdır. Bundan sonra Bank tərəfindən pros essual qaydalara riayət olunmaqla tərəflərə pretenziya məktubu göndərilmiş və daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vərəsə Cavabdeh miras əmlakdan tam hissədə pay almışdır. Cavabdeh miras əmlakını tam həcmdə qəbul edərək, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, cavabdeh miras əmlakını tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür. Vərəsəlik işi xx.xx.2017-ci il tarixdə açılsa da, vərəsə mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat vermək öhdəliyini icra etmədiyindən Bankın borcalanın vəfat etməsi və onun vərəsə(lər)inin olması ilə bağlı məlumatının olması mümkünsüz idi. Qeyd olunanlardan göründüyü kimi, Bank hərəkətsiz qalmamış, vərəsə (lər)in müəyyən edilməsi üçün lazımi tədbirlər görmüş, lakin vərəsələr barədə məlumatı xx.xx.2022-ci il tarixdə əldə etmişdir. Vərəsələr müəyyən olunmadan Bank tərəfindən iddia ərizəsinin verilməsi qeyri-mümkün olduğundan, iddia müddətinin ötürülmədiyini hesab edirlər. Əgər məhkəmə iddia müddətinin tətbiqini həyata keçirərsə, vərəsələr barədə məlumat əldə edilən tarixdən, yəni xx.xx.2022-ci il tarixdən ümumi iddia müddəti olan 10 illik müddətlə hesablanmalıdır. Belə olduğu halda isə nəticə etibarilə Bankın iddia müddətinin ötmədiyi öz təsdiqini tapır. İş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2014-cü il tarixdə ölmüş Quliyev Heydər Qəzənfər oğlunun sağ qalmış arvadı - Cavabdeh qanunvericiliyin tələbi pozularaq məhz 3 il 1 ay 8 gün sonra miras əmlakını qəbul etmişdir. Həmin keçən müddət ərzində də iddia müddətinin axımı dayanmalı və yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra nəzərə alınmalı idi.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2373/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X3) apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(002)-286/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

19. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə Quliyev Heydər Qəzənfər oğluna 60 ay müddətinə 10000 manat məbləğində kredit xətti açmışd ır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş, Quliyev Heydər Qəzənfər oğlu kredit xəttindən istifadə etmiş, xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra vərəsəlik işi açılmış, miras əmlak cavabdeh tərəfindən qəbul edilmiş, lakin sözügedən müqavilə üzrə borcalanın öhdəlikləri cavabdeh tərəfindən icra edilməmişdir. Bununla belə, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən iddia mülki qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddəti ötürülməklə verildiyindən təmin edilə bilməz. Belə ki, "xxxx" QSC-nin Quliyev Heydər Qəzənfər oğluna qarşı hazırkı iş üzrə tələb olunan məbləğdə borcun tutulması tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli nömrəli məhkə mə əmri Quliyev Heydər Qəzənfər oğlunun vərəsəsi – hazırkı iş üzrə cavabdehin etirazı əsasında həmin məhkəmənin xx.xx.2015-ci il tarixli qərardadı ilə ləğv edilmişdir. X4 Qəzənfər oğlunun hüquqi varisi – hazırkı iş üzrə cavabdehin etirazla məhkəməyə müraciət etdiyi göstərilmiş, iddiaçı “X9 Azərbaycan” QSC bu qərardaddan məlumatlı olmuş, daha sonra iddianın baxılmamış saxlanılması haqqında məhkəmənin xx.xx.2015-ci il tarixli qərardadının ləğv edilərək işə mahiyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmiş, lakin onun xahişi təmin edilməmişdir.

20. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

21. Göründüyü kimi, iddiaçı artıq həmin vaxt iddiaçının vərəsəsi olduğundan məlumatlı olmuş, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edildikdən sonra məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İddiaçının bu illər ərzində vəfat etmiş borclunun vərəsələri və miras əmlak barədə aidiyyəti qurumlardan rəsmi məlumat əldə etmək imkanı da olmuş, bunu yalnız 2022-ci ildə etmişdir.

22. Məhkəmə onu da qeyd etmişdir ki, iddia müddətinin başlanma anı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə nəzərdə tutulmuş 60 ay müddət bitdikdən sonra, yəni xx.xx.2018-ci il tarixdən sonra nəzərə alındığı təqdirdə də, iddiaçı tərəfindən mülki qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür. Mülki qanunvericiliyin tələblərinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Kassasiya şikayətinin və ona etirazın dəli lləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi, Quliyev Heydər Qəzənfər oğlunun vəfat etməsi, sonradan onun arvadı tərəfindən miras əmlakın qəbuluna dair vərəsəlik şəhadətnamələrinin alınması faktları iddiaçıdan gizlədilmiş, bu barədə iddiaçıya məlumat verilməmiş, iddiaçı həmin məlumatı Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixində banka daxil olmuş məktubdan əldə etmişdir. Hazırkı işdə apellyasiya məhkəməsi - kredit müqaviləsi üzrə borclu Quliyev Heydər Qəzənfər oğlunun xx.xx.2014-cü il tarixdə vəfat et məsinə; - xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən hazırkı iş üzrə Cavabdeh ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisədəki ½ hissədə irs almasına; - xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, “Kamaz 6520 yük” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ½ hissədə irs almasına; - xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən “X8” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə olan xx.xx.2013-cü il tarixli daxili lizing müqaviləsinə və "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli 35372 nömrəli məktubuna əsasən avtomobildəki hüquqdan ½ hissədə irs almasına istinad etməklə kifayətlənmişdir. Lakin məhkəmə həmin faktlar bar ədə Cavabdeh tərəfindən Mülki Məcəllənin 1309-cu maddəsi ilə üzərinə qoyulmuş öhdəliyin yerinə yetirilmədiyinə, mirasın açılması barədə miras qoyanın kreditoruna (hazırkı halda iddiaçıya) məlumat verilmədiyinə əhəmiyyət verməmiş, iddia müddətini də elə tərzdə hesablamışdır ki, guya, həmin faktlar iddiaçıya da həmin tarixlərdə məlum olmalı idi və iddiaçı qaldıracağı iddia üzrə cavabdehlərin subyekt tərkibini və hər bir konkret cavabdehə qarşı hansı həcmdə tələb irəli sürəcəyini müəyyən etmədən də məhkəməyə müraciət edə bilərdi.

25. Quliyev Heydər Qəzənfər oğlunun ölümündən keçən uzun müddət ərzində cavabdeh tərəfindən Mülki Məcəllənin 1309-cu maddəsi ilə üzərinə qoyulmuş öhdəlik yerinə yetirilməmiş, mirasın açılması barədə miras qoyanın kreditoruna (hazırkı halda iddiaçıya) məlumat verilməm işdir ki, bu da həm Mülki Məcəllənin istinad edilən 1309-cu, həm də 5.3-cü və 16.1-ci maddələrinin tələblərinin pozulmasıdır. Halbuki Mülki Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. İstinad edilən həmin maddi normanın tələblərindən də göründüyü kimi, qanunverici vərəsələrin üzərinə imperativ qaydada mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat vermək vəzifəsi müəyyən etmişdir.

26. Apellyasiya məhkəməsinin hazırda şikayət verilən qətnaməsində isə iddia müddətinin tətbiqi ilə iddianın rədd olunması belə əsaslandırılır ki: - “...“X9 Azərbaycan” QSC-nin Quliyev Heydər Qəzənfər oğluna qarşı hazırkı iş üzrə tələb olunan məbləğdə borcun tutulması tələbi nə dair ərizəsi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli nömrəli məhkəmə əmri Quliyev Heydər Qəzənfər oğlunun vərəsəsi– hazırkı iş üzrə cavabdehin etirazı əsasında həmin məhkəmənin xx.xx.2015-ci il tarixli qərardadı ilə ləğv edilmişdir. X4 Qəzənfər oğlunun hüquqi varisi hazırkı iş üzrə cavabdehin etirazla məhkəməyə müraciət etdiyi göstərilmiş, iddiaçı “X9 Azərbaycan” QSC bu qərardaddan məlumatlı olmuş, daha sonra iddianın baxılmamış saxlanılması haqqında məhkəmənin xx.xx.2015-ci il tarixli qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmiş, lakin onun xahişi təmin edilməmişdir. Yuxarıda istinad olunan mülki qanunvericiliyin normalarına əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Göründüyü kimi, iddiaçı artıq həmin vaxt iddiaçının vərəsəsi olduğundan məlumatlı olmuş, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edildikdən sonra məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Lakin apellyasiya məhkəməsi nəzərə almamışdır ki, borclunun vəfat etməsi faktı onun sağlığında kreditor qarşısında yaranmış öhdəliklərinin vərəsələrin üzərinə qoyulması üçün hələ əsas yaratmır. Mülki Məcəllənin 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Belə olan halda, iddiaçı Mülki Məcəllənin 1306.1-ci maddəsinə istinad edərək, vərəsələrə qarşı yalnız o halda iddia qaldırmaq iqtidarında olur ki, vərəsələr bu barədə kreditora məlumat vermiş olsun. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

27. Konstitusiya Məhkəməsinin bir sıra Qərarlarında hüquqi mövqe ondan ibarət olmuşdur ki mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur.

28. Kreditor qaldıracağı iddia üzrə mümkün cavabdehlərin subyekt tərkibini (pay almış vərəsələrin sayına görə) və konkret vərəsəyə qarşı hansı həcmdə tələb irəli sürəcəyini (vərəsələrin miras əmlakdan aldığı paya mütənasib olaraq) bilmədiyi təqdirdə həmin iddianın qaldırılmasının mümkün olmadığını sübut etməyə ehtiyac yoxdur. Hazırkı işdə cavabdeh olan Cavabdeh isə xx.xx.2014-cü il tarixdə vəfat etmiş ərinin əmlakını qəbul etməsini xx.xx.2017-ci il tarixə, yəni 3 il 1 ay 8 gün ləngitməklə, miras əmlakından kreditorun (hazırkı halda İddiaçı bankın) təmin olunmasına, yəni Bank tərəfindən ona qarşı iddi a qaldırılmasına süni maneə yaratmış, apellyasiya məhkəməsi isə cavabdehin bu hərəkətlərinə Mülki Məcəllənin 5.3 və 16.1-ci maddələri baxımından qiymət vermədən iddianın rədd olunmasına dair qətnaməni qüvvədə saxlamışdır.

29. Sübut etməyə ehtiyac yoxdur ki, əgər Cavabdeh tərəfindən mərhum ərindən qalmış miras əmlakın qəbulunu 3 il 1 ay 8 gün ləngitməsi faktına istinadən iddia müddətinin tətbiq edilməsi, iddiaçı bankı Mülki Məcəllənin 1151.1- ci və 1306.1-ci maddəsi ilə təsdiq edilmiş hüquqdan məhrum etməyə yönəldiyini təsdiq etməklə, həmin məcəllənin 5.3, 16.1-ci, Konstitusiyanın 24-cü maddəsinin İİİ hissəsinin və 80-ci maddəsinin tətbiqinə əsas yaratmış olur. Maddi hüquq normalarının düzgün tətbiqi əslində iddia müddətinin ötürülmədiyini və bu səbəbdən də vəfat etmiş borclunun kreditorlarının tələbləri üzrə mirası qəbul etmiş cavabdehə qarşı qaldırılmış iddianın təmin olunması ilə nəticələnməli idi. 30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələri nin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Lakin nəzərə alınmalıdır ki, vərəsələr miras əmlak ilə bağlı sərəncam hüququnu bir çox hallarda mirasın açıldığı andan həyata keçirə bilmirlər. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şə ksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Göründüyü kimi, qanunverici vərəsələrə miras açıldığı gündən üç ay ərzində mirası qəbul etmək imkanı vermiş və bu müddətin altı aya qədər uzadılmasını istisna etməmişdir. Bu baxımdan vərəsələr, bir qayda olaraq, miras açıldığı gündən altı ay ərzində əmlaka dair sərəncam vermək hüququna malik olmadığından, miras qoyanın kreditorları qarşısında öhdəliklərinin icrasını həyata keçirə bilmirlər. Qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası ilə bağlı tələb irəli sürülərkən mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. b)

31. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə

372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

33. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

34. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

35. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barə də ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

36. Maddə

376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir.

37. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

38. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

39. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

40. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axım ı ümumi qaydada davam edir.

41. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

42. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

43. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

44. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır.

45. Maddə 739.1. Borc mü qaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

46. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

47. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. “Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı” 48. “...kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz t ələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlil lərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələri tərəfindən baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 88-ci maddəsinin tələblərinə uyğun tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər öz təsdiqini tapmadığından apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

62. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

63. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın qismən təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tər əfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2373/2025 nömrəli iş üzrə 21 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar