Məhkəmə qərarları › İş №2(102)-1935/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1935/2020

03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1935/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, iddiaçı “xxxx” QSC-nin cavabdehlər ƏlCavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(104)-3645/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili xxx tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali M əhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 034R********** saylı kredit razılaşması üzrə 7122,17 ABŞ dolları əsas kredit borcu, 2988,54 ABŞ dolları faiz borcu və 7523,31 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 17634,02 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin (hakim N.Ş.Paşayev) xx xxxx 2019-cu il tarixli, 2(076)-2050/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 034R********** sayl ı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 7122,17 ABŞ dolları əsas kredit borcu, 2988,54 ABŞ dolları faiz borcu və 70 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 10180,71 ABŞ dollarının ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə alınıb iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehlərə aid edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 30 manat məbləğində pulun alınıb iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məhkəmə xərcinin alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər A.V.Bayramov sədrlik edən və məruzəçi, L.S.Süleymanov və F.Ə.Mehtiyev) xx xxxxxxxx 2019-cu il tarixli, 2(104)-3645/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(076)2050/2019 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili xxx kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(104)-3645/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Məhkəmə tərəfindən qət olunmuş əsas borc və kreditdən istifadəyə görə hesablanmış faiz borcu şişirdilmiş və düzgün hesablanmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehlər, habelə tərəflərin vəkilləri gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyas ı məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hü ququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız əsas və faiz borcunun müəyyən edilməsi hissəsində mübahisələndirmiş, iddiaçı qətnamələri iddianın təmin edilməyən hissəsində, habelə digər cavabdehlər kassasiya şikayəti verməmişlər. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin yalnız əsas və faiz borcunun müəyyən edilməsi hissəsində qanuniliyinin yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına əsasən “xxxx” QSC və Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli, 06L000000522 saylı uzunmüddətli kredit müqaviləsinə əsa sən cavabdehə 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 xx xxxx 2015-ci il tarixli, 034R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq dərəcəsi 2,1667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 krediti qəbul etmiş, lakin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. “xxxx” QSC cavabdehlərin kredit müqaviləsi üzrə 7122,17 ABŞ dolları əsas, 2988,54 ABŞ dolları faiz, 7523,31 ABŞ dolları cərimə üzrə borclarının olduğunu iddia edərək, tələbinin sübutu qismində xx xxxx 2018-ci il tarixli maliyyə arayışını məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə məhkəmə-mühasibatlıq ekspertiza sı təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2019-cu il tarixli, 26554 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 xx xxxx 2015-ci il tarixli, 034R********** saylı kredit razlaşması üzrə xx xxx 2018-ci il tarixə banka 7122,17 ABŞ dolları əsas, 2988,54 ABŞ dolları faiz borcu, xx xxxx 2018-ci il tarixə (iddia tələbi ilə məhkəməyə müraciət edildiyi tarixə) 7122,17 ABŞ dolları əsas, 3086,27 ABŞ dolları faiz borcu vardır. Borcun düzgün hesablanmamasına dair apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mülki işin materiallarında olan ekspert rəyi, hesabdan çıxarış, ödəniş cədvəli və maliyyə arayışına əsasən borc məbləği birinci instansiya məhkəməsi tərəfindən düzgün müəy yənləşdirilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kredit müqaviləsi üzrə ödənişlər ilk olaraq cərimə və faiz borcuna, daha sonra isə əsas borc hesabına silinmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyin lazımi qaydada icra etməmiş, ödənişlərin ödənilməsi qaydasını pozmuş, qrafikə uyğun ödənişləri aparmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin banka olan borc məbləğinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyinə əsasən, cavabdehin banka 7122,17 ABŞ dolları əsas kredit borcu, 2988,54 ABŞ dolları faiz borcunun qaldığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, ekspert rəyi əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən ekspert qarşısında qoyulmuş suallara əsaslandırılmış cavablar ver ilmiş, ekspert rəyi kifayət qədər tam və aydındır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin banka olan borcunu müəyyən edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onu n iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb e də bilər (maddə 443.5). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.... Kreditor kredit müqa viləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Yuxarıda qeyd olunduğu kimi, “xxxx” QSC və Cavabdeh1 arasında xx xxxx 2015-ci il tarixli, 034R********** saylı kredit razılaşması 24 ay müddətinə, yəni xx xxxx 2017-ci il tarixədək bağlanılmışdır. Lakin iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərinin icra etməməsini əsas götürərək borcu xx xxx 2018-ci il tarixədək, yəni kredit müqaviləsinin müddəti bitdiyi tarixdən sonrakı müddət üçün də hesablamış, birinci instansiya məhkəməsi iş üzrə məhkəmə -mühasibatlıq ekspertizası təyin etsə də, ekspert rəyində borc həmin tarixədək müəyyən olunmuş və iddianı qismən təmin edən birinci instansiya məhkəməsi, habelə apellyasiya şikayətini təmin etməyən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan Qərarda irəli sürülmüş mövqeyi nəzərə almamışlar. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formala şdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların dü zgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qənaətə gələrkən maddi və prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 və vəkili xxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(104)-3645/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Elşad Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar