Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1974/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: təmir-tikinti işlərinin qüsurlu icra edilməsi nəticəsində zərərin ödənilməsi tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) vəkili Nümayəndə iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 mart 2020-ci il tarixli, 2(103)5279/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 üzərində İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının təqdim etdiyi “xxxx” MMC-nin 17 dekabr 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanına dəymiş maddi ziyanın məbləği 10843,30 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarş ı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15343,30 manat məbləğində ziyanın və 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını, Cavabdeh əməlində dələduzluq cinayətinin əlamətləri olduğundan cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus Bak şəhəri, ünvan 1 ünvanda yerləşən yaşayış evinin dizaynı və təmiri ilə bağlı cavabdehlə şifahi müqavilə bağlamış, dizayn işlərinə görə cavabdehə 5000 manat məbləğində pul ödəmiş, təmir işlərinə görə isə cavabdehin istəyi ilə sonuncunun işçilərinə suvaq işləri üçün 26000 manat məbləğində xidmət haqqı, isti döşəməyə görə xidmət və material qiyməti olaraq 1200 0 manat məbləğində pul vəsaiti ödəmişdir. Bundan əlavə, 20000 manat məbləğində vəsait sərf edərək isti döşəmənin üstünü betonlatmış, laminat və kafel döşətdirmiş, plintus vurdurmuşdur. Lakin divarlar əyri-üyrü suvanmış, isti döşəmə düzgün işləmədiyindən istilik verməmiş, otaqlar isinməmişdir. Buna görə də, həmin nasazlıqları da aradan qaldırmaq üçün 1500 manat məbləğində vəsait sərf edərək, yeni usta çağırmış və nasazlıqların bir hissəsini aradan qaldıra bilmişdir. Ümumilikdə, işlərin qüsurlu görülməsi nəticəsində ona 15343,30 manat məbləğində ziyan dəymişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10000 manat məbləğində pul vəsaitinin və qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul un, ümumilikdə 10030 manat məbləğində pul vəsaitinin həmin tələb üzrə cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırmışdır ki, Cavabdeh təxminən 10 il müddətində dizayn işləri ilə məşğul olur. 2017-ci ilin iyul ayında tanışı XXX adlı şəxs ona zəng edərək İddiaçı adlı şəxsin ünvan 1 ünvanında özünə fərdi yaşayış evi tikdirmək istədiyini bildirmiş və evin layihəsini hazırlamağını xahiş etmişdir. O layihəni hazırlayıb İddiaçı təqdim etmişdir. Bu layihəyə görə İddiaçı tikintiyə başladıqdan sonra ona pul verəcəyini vəd etmişdir. Lakin bir müddət sonra İddiaçı evi özü tikmək qərarına gəlmişdir. Lakin evin tikintisi zamanı bir sıra qüsurlara yol verilmiş və bu səbəbdən XXX tərəfindən ona yenidən zəng edilmiş, İddiaçı evin layihəyə uyğun tikintisinə köməklik göstərilməsi xahiş olunmuşdur. Qüsurlu tikintinin sökülərək evin yenidən tikinti norma və qaydalara uyğun tikintisini İddiaçı təklif etmiş, lakin sonuncu cəmi 14000 manat məbləğində pul vəsaitinin olduğunu bildirmişdir. Bu məbləğ isə layihə üzrə evin tikintisinə kifayət etmirdi. Lakin bir müddət sonra İddiaçı yenidən zəng edərək pul əldə etdiyini və tikintinin layihəyə uyğun aparılmasına nəzarət etməyini, dizayn işlərində köməklik göstərməyini ondan xahiş etmiş, sonda 10000 manat məbləğində xidmət haqqı ödəyəcəyini vəd etmişdir. O, layihəni hazırlayaraq İddiaçı təqdim etmiş, həmin layihə əsasında ev tikilmişdir. Lakin sonuncu min bir bəhanə gətirərək ona vəd etdiyi xidmət haqqını ödəməmişdir. Daha sonra ona məlum olmuşdur ki, İddiaçı bir çox ustala rın da görülən işlərə görə xidmət haqlarını ödəməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2(005)1038/2020 nömrəli qətnaməsi ilə (hakim G.A.Əsədova) ilkin iddia ərizəsi təmin edilmiş, Cavabdeh 15343,30 manat məbləğində zərərin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçı şəxsə vurulmuş 15343,30 manat məbləğində maddi ziyan həm müvafiq ekspert rəyi ilə, həm də məhkəmə araşdırması zamanı iş materialları və şahid ifadəsi ilə öz təsdiqini tapmışdır. Buna görə, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və sonuncu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, onun təqsiri üzündən iddiaçı şəxsə vurulmuş və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmış maddi ziyanı iddiaçıya ödəməlidir. Qarşılıqlı iddiaya qiymət verən birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin tələb üzrə qeyd olunan pul məbləğinin tutulması üçün hər hansı əsas məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı Eldar oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2(005)-1038/2020 nömrəli qətnaməsinin ləğv, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 2(103)-5279/2020 nömrəli qətnaməsi ilə (hakim Z.A.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Ş.Talışinskidən və R.Ə.Eyvazovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2(005)-1038/2020 nömrəli qətnaməsi ilkin iddianın təmin olunması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilməklə, İddiaçı “15343,30 manat ziyan və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi” barədə ilkin iddia tələbinin rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq qeyd etmişdir ki, ilkin iddiaçının əvəzinin ödənilməsini tələb etdiyi xərclər mübahisəli fərdi yaşayış evinin döşəməsində, divarlarında, dam örtüyündə yaranmış qüsurlarla və düzgün görülməyən elektrik işləri ilə əlaqədardır. Onunla Cavabdeh arasındakı tapşırığın mahiyyəti isə evin layihəsinin hazırlanması, iç dizaynı və bu işlərin layihəyə uyğun aparılmasına nəzarətdən ibarətdir. Bu işin mübahisəsiz halıdır. Göründüyü kimi, İddiaçı qüsurlu görüldüyünü iddia etdiyi işlərə görə Cavabdehlik daşımamış və bu işlər özünün də bildirdiyi kimi ayrı-ayrı ustalar tərəfindən icra edilmişdir. Apellyasiya instansiyası məhkəməsi ilkin iddiaçının həmin ustaların Cavabdeh işçiləri olması barədə dəlilini də əsaslı h esab etməmişdir. Belə ki, bu fakt, iş materialları ilə təsdiqlənməmiş və İddiaçı də dediklərini mötəbər və kifayətedici sübutlarla dəstəkləyə bilməmişdir. Əksinə, işdə olan Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 yanvar 2020-ci il tarixli qərarının məzmunundan görünür ki, İddiaçı izahatında bildirmişdir ki, evə və anbara beton verilən zaman XXX adlı usta ilə aralarında gəldikləri razılaşmadan sonra tökülmüş betonda əyrilik olduğundan Cavabdeh bu barədə məlumat vermiş və usta XXXə 700 manat verəcəyi pul məbləğini kəsmişdir. XXXadlı şəxs elektrik işləri görmək üçün onun ünvanına gəlmiş və öz aralarında razılaşdıqdan sonra sonuncu işə başlamışdır. Ona evin ətrafına müşahidə kameraları quraşdıracağını bildirmiş və görəcəyi işin müqabilində nə qədər xərci çıxacağını soruşduqda XXX sonra öz aralarında razılaşacaqlarını söyləmişdir. Kamera quraşdırma işi yekunlaşdıqdan sonra XXX ona zəhmət haqqı olaraq 2000 manat verəcəyini söyləsə də, onunla razılaşmayaraq cəmi 800 manat vermişdir. Həmin ustalar onun evində kombi sistemi və isti döşəmə quraşdırmışlar. Həmin sistemin işləməsi zamanı elektrik sərfiyyatının bir müddət sonra çox olduğunu görərək hər iki kombini çıxartdıraraq daha ucuzu ilə əvəz etmişdir.... Cavabdeh dizayn işləri görəcəyi müqabilində ümumilikdə 1500 və 3400 manat vermişdir. Qeyd olunanların ilkin iddianın rədd olunması üçün kifayət etdiyini və prosessual qənaət prinsipini nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu hissədə digər dəlilləri üzrə əlavə araşdırmağa zərurət görməmişdir. Birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın rədd olunması barədə gəldiyi qənaətini əsaslı hesab edən apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bu hissədə razılaşmamış və göstərmişdir ki, sübutetmə yükü baxımından qarşılıqlı iddia üzrə bu halı sübuta yetirilməsi vəzifəsi həmin tələb üzrə iddiaçının üzərinə düşür, lakin Cavabdeh məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kasasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 2(103)-5279/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni, ilkin iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarına əlavə edilmiş cinayət işinin rədd materiallarında izahat verən ustaları, hazırki iş üzrə üçüncü şəxs qismində cəlb etməmiş, qətnaməsini əsaslandırarkən tərəflər arasında yaranan münasibətləri tapşırıq və podrat müqaviləsi kimi tövsif etmiş və MM-in 752.1 və 762.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, qanunvericiliyə əsasən podratçı sifariş üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olunsun. Ha zırki halda cavabdeh tərəfindən həyata keçirilən podrat müqaviləsi qüsurlarla icra olunmuş və bunun nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. İddiaçı iş üzrə təmiri həyata keçirən ustaları şəxsən tanımamış, həmin ustalar cavabdehin öz adamları, qohumları olmuş, onları məhz cavabdeh təmir üçün dəvət etmişdir. Cavabdeh dizayner olduğundan, o daim tikinti-təmir işləri aparan ustalar ilə əlaqədə olmuş, dizayn işlərini həyata keçirərkən həmin ustaları tanımış və daim onun gördüyü işlərə cəlb etmişdir. Bu xüsusat iş materiallarına əlavə olunmuş cinayət işinin başlanmasının rədd olunması barədə qərarda, eyni zamanda rədd materiallarında olan izahatlardan, ərizə və şikayətlərdən görünür. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məh kəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin vəkili Nümayəndə kasasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən ilkin iddia tələblərinin rədd edilməsi ilə yanaşı, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın rədd olunması hissəsində dəyişdirilmədən saxlanılsa da, qarşılıqlı iddia üzrə iddiaçı qətnamənin həmin hissəsini mübahisələndirməmişdir. Kassasiya şikayətinin ilkin iddia üzrə idd iaçı vermiş və iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bu səbəbdən hazırki kasasiya baxışının predmetini kasasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın rədd olunması hissəsində qanuniliyinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələ nməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanun la müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə dü zgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tələblərini sübut edə bilməmişdir. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdir ir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı podrat müqaviləsindən irəli gələrək görülmüş işlərin qüsurlu olmasına istinad edib, vurulmuş zərərin əvəzini tələb etsə də, işin faktiki hallarını araşdıran məhkəmələrə cavabdehlə razılaşdırılmış işlərin növü, həcmi, keyfiyyət, tərəflərin hüquq (vəzifələri) və mülki məsuliyyətləri ilə bağlı hər hansı mötəbər sübutu təqdim etməmişdir. Həmçinin iddiaçının təqdim etdiyi mütəxəssis rəyində göstərilən məbləğ yalnız iddiaçının evində görülməli olan əlavə işlərə əsasən hesablanmışdır. Həmin rəy təmirtikinti işlərinin qüsurlu o lmasına və ya keyfiyyətsiz görülməsinə görə məsuliyyətin məhz cavabdehin üzərində düşməsinin sübutu qismində qiymətləndirilə bilməz. Əksinə, apellyasiya məhkəməsi işdə olan Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 yanvar 2020-ci il tarixli qərarına istinad edərək göstərmişdir ki, İddiaçı özü polis orqanlarında verdiyi izahatda evə və anbara beton verilməsi ilə bağlı XXX adlı, elektrik işlərinin görülməsi ilə bağlı XXXadlı ustalarla razılaşmış, həmin ustalar onun evində kombi sistemi və isti döşəmə quraşdırmış, həmin sistemin işləməsi zamanı elektrik sərfiyyatının bir müddət sonra çox olduğunu görərək, hər iki kombini çıxartdıraraq daha ucuzu ilə əvəz etmiş, Cavabdeh dizayn işləri görəcəyi müqabilində ümumilikdə 1500 və 3400 manat vermişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iddia ilə iddiaçının evində təmir işlərini aparmış ustaların hər hansı hüquq və mənafelərinə toxunmur və bu səbəbdən onların üçüncü şəxs qismində cəlb olunmamaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı prosessual hüquq norması pozulmamışdır. Ustalar iş üzrə şahid qismində dindirilə bilərdilər o halda ki, tərəflər (onlardan hər hansı biri) onların dindirilməsi ilə əlaqədar məhkəməyə müraciət etsin. Lakin iddiaçının bununla bağlı apellyasiya instansiyası məhkəməsində vəsatət verməsi iş materiallarından müəyyən olunmur. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X1 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir.... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Kassasiya şi kayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassa siya instansiyası yeni sübut qəbul etmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əs aslı qətnamə qəbul edilmişdir. Hər iki kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 2(103)-5279/2020 nömrəli qətnaməsi ilkin iddianın rədd olunması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1974/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1974/2021
19.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver