Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1996/2020 19.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-11907/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim B.N.Qasımov, iş № 2(007)-2206/2019) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tə ləbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.Ş.Talışinski, Z.Ə.Əliyev və R.Ə.Eyvazov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilib Cavabdeh tutulan alimentin miqdarı artırılmaqla bir uşaq üçün 100 manat məbləğində müəyyən olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. İşin halları: Tərəflərin rəsmi nikahdan bir uşaqları olmuş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün Cavabdeh Nın xeyrinə hər ay 47 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Salyan rayon məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək Cavabdeh tutulan alimentin miqdarı 136 manat məbləğində müəyyən olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilərək Cavabdeh tutulan alimentin miqdarı 70 manat məbləğində müəyyən olunmuşdur. 2019-cu ilin may ayında İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşağın beyin iflici və gözdən əlil olmaqla onun müalicəsi üçün hər ay 500-600 manat məbləğində vəsait xərcləməsini və belə vəziyyətdə cavabdehin maddi köməyinə ehtiyacının olmasını əsas göstərməklə alimentin miq darının 200 manata qədər artırılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək özünün 1-ci qrup əlil olmaqla kənar şəxsin köməyinə ehtiyacının olmasını və bundan başqa ikinci dəfə ailə qurmaqla həmin nikahdan iki uşağının olmasını, aldığı pensiyanın məbləğinin cəmi 243,95 manat təşkil etməsini və belə vəziyyətdə ondan tutulan alimentin miqdarının artırılmasının qanunsuz olmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəy yən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi cavabdehdən tutulan alimentin miqdarını 70 manatdan 100 manata qədər artırarkən qət olunmuş alimentin miqdarının uşağın artmaqda olan madd i tələbatının ödənilməməsini və tutulan alimentin Respublikada uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumumdan aşağı olmasını əsas göstərmişdir. İşdən görünür ki, uşağın sağlamlıq imkanları məhdud olmaqla hər iki gözünün görmə itiliyi zəifdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etdiyi yuxarıda göstərilən halları iddiaçını n ailə vəziyyətində baş vermiş dəyişiklik kimi qiymətləndirərək iddianı qismən əsaslı saymışdır. Uşağın saxlanılması üçün tutulan alimentin miqdarı onun ehtiyacının ödənilməsi üçün aşkar kifayət etmədiyindən, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın rədd olunması üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1996/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1996/2020
19.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver